Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2739/2022 06.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliyi icra edilməməsi ilə bağlı yaranmış pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliyi icra edilməməsi ilə bağlı yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən (VÖEN: **********) 08 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş malların dəyəri kimi ƏDV daxil 7000 manat pulun, 17 iyul 2021-ci il tarixli razılaşma əsasında ödənilməli olan 14000 manat məbləğində pulun, ümumilikdə 21000 (iyirmi bir min) manat və mediasiya xərci kimi ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC (VÖEN: **********) arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri (ƏDV daxil) 7000 (yeddi min) manat olan mallar cavabdeh MMC-yə təhvil verilmişdir. Müqavilə və ona əlavə sənədlər ərizəyə əlavə edilir. Cavabdeh MMC iddiaçı ilə bağlanmış 08 yanvar 2021 tarixli müqavilənin 2.2-ci maddəsinin tələbini pozaraq, təhvil aldığı malların dəyərini 3 (üç) iş günü ərzində satıcıya ödəməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, bir nəticə əldə edilməmişdir. Bundan əlavə tərəflər arasında 17 iyul 2021-ci il tarixdə razılaşma bağlanmışdır, bu razılaşma tərəflər arasında daha əvvəldən bağlanmış 09 dekabr 2020-ci il tarixli İ-09/20 saylı müqaviləni qüvvədən salmış və cavabdehin sonuncu müqavilə üzrə öhdəliklərini icra etmədiyini, razılaşdırılmış xidmətləri sifarişçi olan iddiaçıya göstərmədiyini təsdiq etmişdir. Buna müvafiq olaraq sözügedən razılaşma əsasında cavabdeh iddiaçıya xx.xx.2021 tarixində 5000 manat, xx.xx.2021 tarixində 5000 manat və xx.xx.2021 tarixində 4000 manat olmaqla, ümumilikdə 14000 (on dörd min) manat pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu məbləği də iddiaçıya bugünə qədər ödəməmişdir. Yuxarıda göstərilən pul vəsaitini ödəmədiyindən cavabdehə ilkin olaraq, xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş və yekunda 21000 (iyirmi bir min) manat məbləğində pulu 3 (üç) iş günü ərzində iddiaçıya ödəməsi xahiş edilmişdir. Bildiriş cavabdehin qanuni təmsilçisi (direktor) olan Qabil Məmmədov tərəfindən xx.xx.2022 tarixində əldə edilmiş, lakin həmin vaxtdan 3 iş gündən artıq müddət keçsə də ödənilməsi xahiş edilən məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Cavabdeh mübahisənin məhkəmədən kənar qaydada (mediasiya) həlli üçün maraqlı olmamış, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Daha sonra iddia ərizəsi və qoşma sənədlər xx.xx.2022 tarixində cavabdehin ünvanına göndərilmiş, yenə də 04 aprel 2022-ci il tarixdə qanuni təmsilçi (direktor) Qabil Məmmədov tərəfindən sənədlər qəbul edilmişdir. Bundan əlavə iddia ərizəsi elektron formada, müvafiq icra hakimiyyəti orqanında (AR Dövlət Vergi Xidmətinin) cavabdehə məxsus olan kabinet vasitəsilə ona göndərilmişdir. Bunu təsdiq edən sənədlər də ərizəyə əlavə olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiklərini, məhkəmə iclasının iştirakı olmadan keçirilib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh arasında 08 yanvar 2021-ci il tarixdə bağlanmış müqaviləsinə əsasən Satıcı (İddiaçı) qiymətlərin raşılaşma protokolunda əks olunan malları Alıcıya satmaqla onun mülkiyyətinə verməyi, Alıcı isə bu malların haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini təşkil edir. Mallar Alıcının mülkiyyətinə ödəniş olunduqdan sonra 5 iş günü ərzində Satıcı tərəfindən təhvil verilir. xx.xx.2021-ci il tarixli X1 görünür ki, satıcı (İddiaçı), slıcı Cavabdeh MMC olmaqla vahidləri, qiyməti göstərilməklə texniki malların ƏDV daxil dəyərinin 7000 manat olması barədə razılaşma protokolunu təsdiq etmişlər. EBAV seiyalı 864272 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 7000 manat vəsaitin ödənilməsi üçün qaimə İddiaçı MMC tərəfindən təqdim edilmişdir və e-qaimənin qəbulundan imtina olunmamışdır. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (scraçı) arasında bağlanmış xx.xx.2020-ci tarixli, i-09/20 saylı müqaviləyə əlavə olan 17 iyul 2021-ci il tarixli Razılaşmadan görünür ki, tərəflər icraçı tərəfindən bu razılaşmada göstərilən 14000 manat məbləğində vəsaitin sifarişçiyə qrafik əsasında xx.xx.2021-ci il tarixədək geri ödənilməsi barədə razılaşmışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya təhvil verilmiş mallar üzrə borcu yaranmışdır. Eyni zamanda tərəflər arasında 14000 manat vəsaitin iddiaçıya cavabdeh tərəfindən geri qaytarılması barədə razılşma olmuşdur. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qimən təmin edildiyindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC -dən 08 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 7000 manat, 17 iyul 2021-ci il tarixli razılaşma əsasında ödənilməli olan 14000 manat, ümumilikdə 21000 (iyirmi bir min) manat və mediasiya xərci kimi ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 08 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 7000 manat, 17 iyul 2021-ci il tarixli razılaşma əsasında 14000 manat, ümumilikdə 21000 (iyirmi bir min) manat və mediasiya xərci kimi ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2739/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2739/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver