Məhkəmə qərarları › İş №e-2-2(113)-274/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-274/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-274/2022 07.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdehnə qarşı alqı – satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 21027,70 manat məbləğində pul vəsaitinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat məbləğindəki pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh MMC arasındakı qarşlıqlı razılaşamaya əsasən tikinti materiallarının satışı ilə bağlı mütəmadi işgüzar əməkdaşlıq edilmiş, cavabdehə göndərilmiş tikinti materiallarının dəyərinin bir qismi ödənilməmişdir. Hazırda Cavabdeh MMC-nin cəmiyyətə 21027,70 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, tərəflər arasında bağlanmış 03 may 2016-cı il tarixli alqı – satqı müqaviləsinə əsasən "xxxx" MMC müqaviləyə əlavələrdə göstərilən malları Cavabdeh MMC-yə satmağı, sonuncu isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş, 21027,70 manat məbləğində borcu yaranmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, müqavilədə malların təhvil – təslim aktlarına əsasən təhvil verilməsi nəzərdə tutulsa da, həmin aktlar tərtib olunmamışdır. Cavabdeh MMC-də rəhbərlik dəyişildiyindən sonra daxili audit keçirilmiş və müəyyən edilmişdir ki, mallar yalnız sənəd üzərində mövcuddur. Elektron qaimələrə dair etirazın bildirilib-bildirilməməsi ilə bağlı məlumatı yoxdur, ola bilsin ki, etiraz edilməmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - 03.05.2016-ci il tarixli, HA 001/0516 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malı satmağı, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilənspesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan almağı və malın müqabilində satııya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. - EAAQ seriyalı, 533084 saylı 18.02.2019-cu il tarixli elektron qaiməyə əsasən 3041,38 manat dəyərində, EAAS seriyalı, 865185 saylı 10.04.2019-cu il tarixli elektron qaiməyə əsasən 2841,44 manat dəyərində, EAAX seriyalı, 287591 saylı 17.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 1646,10 manat dəyərində, EAAX seriyalı, 287418 saylı 17.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 7782,10 manat dəyərində, EAAX seriyalı, 287624 saylı 17.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 365,80 manat dəyərində, EAAZ seriyalı, 863054 saylı 15.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 5246,28 manat dəyərində, EBAA seriyalı, 289250 saylı 24.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 3374,80 manat dəyərində, EBAA seriyalı, 967940 saylı, 09.10.2019-cu il tarixli elektron qaiməyə əsasən 1770 manat dəyərində, EBAB seriyalı, 327090 saylı, 17.10.2019-cu il tarixli elektron qaiməyə əsasən 2362,36 manat dəyərində, EBAF seriyalı, 907206 saylı, 05.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 2742,32 manat dəyərində, EBAG seriyalı, 645050 seriyalı, 20.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 182,90 manat dəyərində, EBAH seriyalı, 440234 saylı, 10.03.2020-ci il tarixli elektron qaiməyə əsasən 619,50 manat dəyərində, EBAJ seriyalı, 295079 saylı 28.04.2020-ci il tarixli elektron qaiməyə əsasən 1060,82 manat dəyərində mal Cavabdeh MMC-yə verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Cavabdeh iddiaya etirazını təhvil – təslim aktlarının tərtib olunmaması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusat iddianın rədd edilməsi üçün əsas ola bilməz. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yuxarıda qeyd olunan elektron qaimələr və elektron vergi hesab-fakturaları göndərilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş vəsaitin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı alqı – satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası təmin edilsin. 21027,60 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İlkin mediasiya sessiyası ilə bağlı ödənilmiş vəsaitin əvəzi qisminndə 200 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar