Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2740/2022 08.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh "Anar Food” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 36044,63 manat məbləğindən pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 36044,63 manat məbləğindən pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 24 dekabr 2019-cu il tarixdə xx-xx/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin predmeti ondan ibarətdir ki, Ekspeditor (iddiaçı) cavabdehin sifarişinə əsasən, malın daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi (cavabdeh) isə həmin əməliyyatlar müqabilində Ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapır. Həmin müqavilənin 4-cü bəndinin 4.1-ci hissəsinə uyğun olaraq hesab-faktura təqdim olunduqdan sonra 5 təqvim günü ərzində ödəniş iddiaçının hesablaşma hesabına və ya nağd qaydada ödənilməlidir. Muqavilə iddiaçı tərəfindən tam icra olunmusdur ve buna sübut olaraq tərəflər arasında imzalanmış təhvil-təslim aktı mövcuddur. Müqavilənin 5.3-cü maddəsinə əsasən “Ekspeditor tərəfindən ödənilən istənilən əlavə xərclər, o cümlədən sığorta haqları Sifarişçi tərəfindən ilkin qiymətə əlavə olaraq ödənilməlidir”. Xidmət haqqı 4160.00 AVRO, 2000,00 ABŞ dolları, 1840.00 manat, ümumilikdə Azərbaycan Respublikasının Milli Bankının bugünə olan məzənnəsinə əsasən 13672,73 manat təştkil etmişdir. Yaranmış borcla əlaqədar olaraq cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq bugünədək ödənilməmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən “Sifarişçi ödənişi 5 (beş) təqvim günü ərzində Ekspeditorun hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir” və müqavilənin 4.3-cü maddəsinə əsasən “Xidmət haqqının ödənilməsi bu Müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, Tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0.5%-i məbləğində peniya ödəyəcək. Gecikdirilmiş borcun 0.5% həcmi bugünə 22371.9 manat təşkil edir. Cavabdeh iddiaçıya 36044, 63 manat borcludur. Müqavilənin 2-ci maddəsinə əsasən “Ekspeditor, Sifarişçinin sifarişinə əsasən malın daşınması xidməti yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarisci isə həmin əməliyyatlar müqabilində Ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə göturur. Bunula da tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi tam, vaxtında və lazımi şəkildə icra etmiş, lakin cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş və etməməkdə davam edir. Cavabdeh, iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini tam icra etməməsi nəticəsində iddiaçının Konstitusion hüquqları pozulur, işgüzar mənafeyinə ziyan vurulur. Buna görə də iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməli, müqavilə üzrə icra edilməyən ödəliyinin məcburi qaydada icra edilməsi barədə cavabdehin üzərinə öndəlik qoyulmalı və cavabdeh tərəfindən iddiaçıya vurulan zərər tam şəkildə ödənilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixdə xx-xx/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsindən görünür ki, iddiaçı cavabdehin sifarişinə əsasən, malın daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, cavabdeh isə həmin əməliyyatlar müqabilində iddiaçıya xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020-ci il tarixli EBAF seriyalı 418980 saylı və xx.xx.2020-ci il tarixli EBAV seriyalı 512637 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 5298 manat və 2118,64 manat dəyərində daşıma xidməti göstərilmişdir. xx.xx.2020-ci il tarixli 526458 saylı, 04 avqust 2020-ci il tarixli 514 saylı və 515 saylı, 10 avqust 2020-ci il tarixli 533 və 534 saylı hesab-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 1500 manat, 2000 ABŞ dolları, 170 manat, 4160 Avro və 170 manat dəyərində daşıma xidməti göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli “Barışıq sazişinin bağlanması barədə” təklifdən görünür ki, cavabdeh iddiaçıya 13672,73 manat ümumi borcun altı ay müddətində hissə-hissə ödənilməsini təklif etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. Həmin Məcəllənin 861.2-ci maddəsinə əsasən ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 24 dekabr 2019-cu il tarixdə xx-xx/2019 saylı Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişinə əsasən, malın daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, cavabdeh isə həmin əməliyyatlar müqabilində iddiaçıya xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 1500 manat, 2000 ABŞ dolları, 170 manat, 4160 Avro və 170 manat olmaqla, Azərbaycan manatı məzənnəsi ilə ümumilikdə 13672,73 manat dəyərində daşıma xidməti göstərilmiş, lakin cavabdeh tərəfindən daşıma xidmətinin dəyəri iddiaçıya ödənilməmiş, habelə cavabdeh xx.xx.2021-ci il tarixli “Barışıq sazişinin bağlanması barədə” təkliflə iddiaçıya 13672,73 manat ümumi borcun altı ay müddətində hissə-hissə ödənilməsini təklif etsə də, borcu ödəməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, yükləri daşımış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, 24 dekabr 2019-cu il tarixdə xx-xx/2019 saylı Nəqliyyat- Ekspedisiya müqaviləsinə əsasən 13672,73 manat dəyərində daşınma haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 4.1-ci maddəsinə əsasən “Sifarişçi ödənişi 5 (beş) təqvim günü ərzində Ekspeditorun hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir” və müqavilənin 4.3-cü maddəsinə əsasən xidmət haqqının ödənilməsi bu Müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0.5%-i məbləğində peniya ödəyəcəkdir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 22371,9 manat dəbbə pulu məbləği yaranmış 13672,73 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 500 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 13672,73 manat əsas borc, 500 manat cərimə tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Anar Food” Məhdud Məsuliyyətli Cəmiyyətindən 13672,73 manat əsas borc, 500 manat cərimə tutularaq İddiaçı1nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2740/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2740/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver