Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2745/2020 26.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Anonim Şirkətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Anonim Şirkəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 70091,55 manat (yetmiş min doxsan bir manat 55 qəpik) əsas borc, müqavilə üzrə hesablanmış 7000 (yeddi min) manat faiz, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 18 (on səkkiz) manat notarius xərcləri olmaqla, ümumilikdə 77139,55 manat (yetmiş yeddi min yüz otuz doqquz manat əlli beş qəpik) məbləğində pulun tutularaq iddiaçı “ ve X5 və Ticaret” Anonim Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh ASC arasında xx xxxxxx 2018-ci il tarixli, BM-0903/18 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən nümayəndək tərəfindən Cavabdeh ASC-nin xüsusi texnikalarına iddiaçının servis məkəzində servis xidmətləri göstərilmiş və eyni zamanda ehtiyat hissələri satılmışdır. Göstərilmiş xidmətlərin və satılmış ehtiyat hissələrinin ümumi dəyəri ƏDV daxil 70091,55 manat (yetmiş min doxsan bir manat əlli beş qəpik) təşkil etmişdir. Qeyd edilən işlərin və satılmış malların elektron qaimələri ödənilmək üçün Cavabdeh ASC-yə elektron qaydada göndərilmiş və cavabdeh tərəfindən elktron qaydada qəbul edilmişdir.Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi/alıcı tərəfindən ödənişin müvafiq elektron qaimə və hesab faktura təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində icraçının müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən dəfələrlə edilmiş şifahi xəbərdarlığa və ödəniş müddətindən 463 gün keçməsinə baxmayaraq, Cavabdeh ASC tərəfindən qeyd edilən borc məbləği ödənilməmişdir. Bundan əlavə, cavabdehə məxsus təmir olunan texnikalar təhvil alınmamış və iddiaçının təmir servisində durmaqdadır. Cavabdehə aşağıda qeyd olunan elektron qaimələr əsasında ehtiyat hissələrinin satışı və servis xədmətlərinin göstərilməsi həyata keçirilmiş və cavabdeh tərəfindən elektron qaydada qəbul edilmişdir: (ƏDV daxil) EAAU seriyalı, 445332 nömrəli, xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 49560,01 AZN, EAAU seriyalı, 456845 nömrəli, xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 14679,21 AZN, EAAU seriyalı, 527287 nömrəli, xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 5458,68 AZN, EAAX seriyalı, 010969 nömrəli, xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 333,62 AZN. Beləliklə, qeyd olunan elektron qaiməfakturalar üzrə “xxxx” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh ASC-yə ümumilikdə ƏDV daxil 70091,55 manat (yetmiş min doxsan bir manat əlli beş qəpik) məbləğində ehtiyat hissələri verilmiş, eyni zamanda texniki xidmət göstərilmişdir. Cavabdeh təşkilata dəfələrlə borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmiş, xx xxxxxx 2020-ci il tarixdə rəsmi olaraq “borcun ödənilməsi ilə bağlı” pretenziya məktubu təqdim edilsə də, borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 6.1-ci maddəsinə əsasən sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyyat hissələrin dəyərini vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir (lakin müqavilənin 10% dən artıq olmamaq şərti ilə). Qeyd edildiyi kimi, cavabdeh borc məbləğini 463 (dörd yüz altmış üç) gün gecikdirmişdir. Beləliklə, cavabdehin gecikmə faizi müqavilə məbləğinin 10% dən çox olduğuna görə hazırkı hesablanmış cərimə məbləği müqavilənin 10%-ni təşkil edir və 7000 (yeddi min) manat müəyyənləşdirilir. İşin hallarından göründüyü kimi, Cavabdeh ASC iddiaçıya olan borcunu ödəməməklə üzərinə götürdüyü öhdəliyin tələblərini dəfələrlə pozmaqla iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı tərəfdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilmiş və ərizədə göstərilmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 6.1-ci maddəsinə əsasən sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyyat hissələrinin dəyərini vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir (lakin müqavilənin 10% dən artıq olmamaq şərti ilə). Lakin iddia ərizəsinin “xahiş edirəm” hissəsində səhvən cərimə əvəzinə gecikmə faizi kimi qeyd edilərək cavabdehdən faiz tutulması xahiş edilmişdir. Bununla əlaqədar olaraq iddia tələbinin dəiqləşdirilməsinə zərurət yaranmışdır. Beləliklə, qeyd edilən yanlışlığı nəzərə alaraq, Cavabdeh ASC-dən 70091,55 manat (yetmiş min doxsan bir manat əlli beş qəpik) əsas borc, müqavilə üzrə hesablanmış 7000 (yeddi min) manat cərimə, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 18 (on səkkiz) manat notarius xərcləri olmaqla, ümumilikdə 77139,55 manat (yetmiş yeddi min yüz otuz doqquz manat əlli beş qəpik) məbləğində pulun tutularaq iddiaçı “ ve X5 və Ticaret” Anonim Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini əsas borc hissəsində qəbul etdi və iddianın qismən təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - xx xxxxxx 2018-ci il tarixli BM-0903/18 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsindən görünür ki, icraçı sifarişçinin təsdiq etdiyi sifarişlər əsasında və ya bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 əsasən onun xüsusi texnikasına müvafiq texniki xidmət göstərməyi və eyni zamanda ehtiyyal hissələri ilə təmin etməyi, sifarişçi isə bu xidmət və malların haqqını müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür. -“ ve X5 və Ticaret” Anonim Şirkəti tərəfindən cavabdehə ünvanlanan xx.xx.2020-ci il tarixli pretenziya məktubunda deyilir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli BM-0903/18 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ASC-yə məxsus D8R markalı, 9EM06973 seriyalı, 2012-ci il buraxılışlı, 10-V- 091 dövlət qeydiyyat nişanlı buldozer, 320DL markalı, KGF01167 seriyalı, 2008-ci il buraxılışlı, 10-E-681 dövlət qeydiyyat nişanlı ekskavator, 345DL markalı, KFH00292 seriyalı, 2011-ci il buraxılışlı, 10-R-257 dövlət qeydiyyat nişanlı ekskavator tipli texnikalara texniki xidmətlər göstərilmiş, eyni zamanda ehtiyat hissələri ilə təmin edilmişdir. Göstərilmiş xidmətlərin və ehtiyat hissələrinin ümumi dəyəri 70 091,55 manat (yetmiş min doxsan bir manat əlli beş qəpik) təşkil etmişdir. Qeyd olunanlarla bağlı yaranmış 70 091,55 manat (yetmiş min doxsan bir manat əlli beş qəpik) məbləğində borcun 31 (otuz bir) avqust tarixinə kimi ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrnin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “ ve X5 və Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh ASC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Qeyd olunan müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif adda mallar satmış və xidmətlər göstərmiş, cavabdeh isə həmin malların və xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəlikləri yerinə yetirsə də, cavabdeh öhdəliyini yerinə yetirməyərək, təqdim edilmiş xidmətlərin və ehtiyat hissələrinin dəyərini iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan müqavilənin 1.3-cü bəndinə əsasən xidmətlər və mallar müvafiq qaydada qüsursuz «sifarişçı»ya təhvil verildiyi andan «icraçı» müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş hesab edilir; 2.2-ci bəndinə əsasən sifarişçi tərəfindən ödəniş xidmətlər göstərildikdən və mallar təhvil verildikdən sonra faktiki göstərilmiş xidmətlərə görə müvafiq təhvil-təslim aktının imzalanmasından, müvafiq elektron qaimə-faktura və hesab faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində icraçının müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödənilir; 6.1-ci bəndinə əsasən sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyyat hissələrinin dəyərini vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir (lakin müqavilənin 10% artıq olmamaq şərti ilə); 6.2-ci bəndinə əsasən icraçı bu müqavilə üzrə xidmətləri vaxtda həyata keçirmədiyi təqdirdə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir (lakin müqavilənin 10% artıq olmamaq şərti ilə). Məhkəmə qnunvericilik normalarını və müqavilə şərtlərini əsas götürməklə, tələbin 70091,55 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh yuxarıda göstərilən müqavilə üzrə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyindən, cavabdehin iddiaçıya 70091,55 manat məbləğində borcunun olması öz təsdiqini tapdığından 70091,55 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbində 7000 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin halları, müqavilə üzrə ödənilməli olan əsas borcun məbləğini nəzərə alaraq, hesab edir ki, dəbbə pulunun məbləği azaldılaraq 700 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatı cavabdehə, 2 manatı isə iddiaçıya aid edilməlidir. İddia ərizəsinə əlavə edilən bəzi sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 18 manat dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ASC-dən 70091,55 manat (yetmiş min doxsan bir manat əlli beş qəpik) əsas borc, müqavilə üzrə hesablanmış 700 (yeddi yüz) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 28 (iyirmi səkkiz) manat və 18 (on səkkiz) manat notarius xərcləri olmaqla, ümumilikdə 70837,55 manat (yetmiş min səkkiz yüz otuz yeddi manat əlli beş qəpik) məbləğində pul iddiaçı “ ve X5 və Ticaret” Anonim Şirkətinin xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 70091,55 manat (yetmiş min doxsan bir manat əlli beş qəpik) əsas borc, 700 (yeddi yüz) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 28 (iyirmi səkkiz) manat və 18 (on səkkiz) manat notarius xərcləri olmaqla, ümumilikdə 70837,55 manat (yetmiş min səkkiz yüz otuz yeddi manat əlli beş qəpik) məbləğində pul iddiaçı “ ve X5 və Ticaret” Anonim Şirkətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 2 (iki) manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2745/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2745/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver