Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2745/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-dən (Cavabdeh MMC-dən) 12749,99 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 128,25 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki tələbə iddia icraatı qaydasında baxıla bilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti tərəfindən etibarsız hesab edilmiş hərraca çəkilmiş xərcin tələb edilməsi ilə bağlıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 74.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Həmin Qanunun 74.2-ci maddəsinə əsasən bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə, ipoteka saxlayanın tələbi tam həcmdə təmin edilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1 ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2 bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4-cü maddəsinə əsasən bu Qanunun 47.2.1-47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. “İcra haqqında” Qanunun qeyd olunan müddəalarından müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. “İcra haqqında” Qanunun müddəalarından müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun müddəalarından isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra müəyyən olunan qaydada bölüşdürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir. Eyni zamanda, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, bu məsələ yalnız Mülki Məcəllənin 319.5-ci maddəsində göstərilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri, habelə hərracın qalibinin əldə etdiyi əmlakla bağlı digər xərclər (vergilər və s.) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir. Eyni zamanda, ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 43.7 və 43.7-1-ci maddələrinə əsasən ipoteka predmetini əldə etdiyi zaman çəkdiyi xərclər də həmin xərclərə aiddir. Belə ki, həmin xərclər bilavasitə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərdir. “İcra haqqında” Qanunun 47.2-ci maddəsindən isə müəyyən edilir ki, bu xərclərin müəyyən edilərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi, habelə ipoteka predmetini ipoteka saxlayan əldə etdiyi zaman nəzərə alınması icra məmurunun səlahiyyətinə aiddir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti tərəfindən etibarsız hesab edilmiş hərraca çəkilmiş xərcin tələb edilməsi ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsasları mövcud deyil, MPM-nin 261.0.1-ci maddəsinin tələbləri baxımından iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfə, etibarız hesab edilmiş hərracla bağlı çəkilmiş xərcin ödənilməsi ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ izah edilməlidir. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. ********** nömrəli qəbzə əsasən ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat 25 (iyirmi beş) qəpik məbləğində dövlət rüsumu "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2745/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2745/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver