Məhkəmə qərarları › İş №e-2-2(113)-275/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-275/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-275/2020 24.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçının qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı “İddiaçı” Mədəni İrsi və X2 İctimai Birliyinin cavabdeh “xxxx” QSC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “İddiaçı” Mədəni İrsi və X2 İctimai Birliyi cavabdeh “xxxx” QSC-yə qarşıməhkəmədə iddia qaldıraraq, “İddiaçı” Mədəni İrsi və X2 İctimai Birliyininhuququnu bərpa etmək üçün çəkilmiş xərclərə və əldən çıxmış faydaya görə 100.000 manat və işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə 150.000 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” QSC-dən tutulub iddiaçıya odənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” Mədəni İrsi və X2” İctimai Birliyinin cavabdeh “xxxx” MMC-yə, üçüncü şəxs “xxxx” QSC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanında yerləşən 3030 inventar sırası ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş, 1926-cı ildə inşa olunmuş “Elektrik dəmiryol vağzalının binası” tarixi-memarlıq abidəsinin üzərində quraşdırılmış mobil anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi, “xxxx” QSC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2011-cı il tarixli, 7/2011 saylı metropoliten tikililərində kənar təşkilatların radioelektron vasitələrinin yerləşdirilməsinə dair müqavilədə "Rabitə evinin yerüstü binalarında” hissəsinin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 2-2(103)-377/2015 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC və üçüncü şəxs "xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılaraq AR Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2-2(102)-120/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2015ci il tarixli, 2-2(103)-377/2015 saylı qətnaməsi dəyişdirmədən qüvvədə saxlanılmışdır. Cavabdeh “xxxx” MMC və üçüncü şəxs "xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci ildən “İddiaçı” Mədəni İrsi və X2” İctimai Birliyinin iddiası üzrə başlanmış məhkəmə prosesi 3 dəfə apellyasiya, 3 dəfə kassasiya instansiyalarda baxılaraq nəhayət 2016-cı ildə iddiaçının tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Bununla əlaqədar məhkəmə qərarı xx.xx.2017-ci il tarixdə məcburi icra olunmuşdur. Bütün məhkəmə prosesləri dövründə üçüncü şəxs “xxxx” QSC-nin nümayəndəsi cavabdeh "xxxx" MMC-ni müdafiə etdiyi halda, hal-hazırda cavabdeh "xxxx" MMC “İddiaçı" Mədəni İrsi və X2 İB-dən Azadlıq 22 ünvanında “xxxx" QSC ilə müqavilə əsasında digər “Azerfon” və “Bakcell" operatorlarının avadanlıqlarının sökülməsini tələb edir. Halbuki həmin avadanlıqlar Azadlıq 22 ünvanda yerləşən "Rabitə ev”nin damında “xxxx" QSC ilə müqavilə əsasında quraşdırılmışdır. Bu müqavilədən “xxxx” QSC büdcədən kənar gəlir əldə edir. Qeyd olunan məhkəmənin 2012ci ildən 2016-cı ilə qədər uzanmasının səbəbi “xxxx" MMC ilə "xxxx" QSC-nin birləşərək iddiaçıya qarşı etiraz və şikayətlər verərək guya iddiaçının abidəyə münasibətdə məhkəmədə iddia qaldırmaq hüququnun olmamasına istinad etmələridir. İndi isə “xxxx” MMC “xxxx" QSC-nin büdcədənkənar davamlı gəlir əldə etdiyi “Azerfon” və “Bakcell" operatorlarının Azadlıq 22 ünvanında yerləşən anten və ona aid avadanlıqların sökülməsini tələb edir. Uzunmüddətli məhkəmə proseslərinə görə “İddiaçı" Mədəni İrsi və X2" İB hazırladığı “Qarşılıqlı atalar sözü” 32 cildlik kitabını 2012-ci ildən hal-hazıra kimi sona çatdıra bilməmiş, hazır cildləri isə çapa verməmişdir. Bununla da İB-nin nizamnaməsinin 111 bəndinin 7-ci yarımbəndində nəzərdə tutulmuş, qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmişdir. Buna görə də İB-yə maddi və mənəvi ziyan vurulmuşdur. “xxxx" QSC-nin şikayətlərinin əsas dəlili ondan ibarət olmuşdur ki, 2012-ci ildən 2016-cı ilə qədər məhkəmələr tərəfindən baxılan sözügedən iddia ilə bağlı guya "İddiaçı" Mədəni İrsi və X2 İB-nin abidəyə münasibətdə məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. AR Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadı ilə “İddiaçı” Mədəni irsi və X2 İB-nin subyektiv hüququ olmasına aşağıdakı kimi şərh vermişdir: “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə gorə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mövqe baxımından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İddiaçı” Mədəni İrsi və X2” İctimai Birliyinin mübahisəli iş üzrə məhkəmə müraciət etmək hüququnun olması ilə bağlı ilk növbədə, Azərbaycan Respublikası MPM-in “müdafiə üçün məhkəməyə müraciət etmək hüququ” adlı 4-cü, “Məhkəmədə mülki işə başlama” adlı 5-ci və “Başqa şəxslərin hüquqlarını və dövlət mənafeyini müdafiə etmək üçün məhkəməyə müraciət etmə” adlı 59-cu maddələrinin, Azərbaycan Respublikası MM-in 47.2 və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddələrinin, “İddiaçı” Mədəni İrsi və X2” İctimai Birliyinin nizamnaməsi və sahəvi qanunvericilik aktlarının tələbləri nəzərə alınmalıdır. Beləliklə, “İddiaçı” Mədəni irsi və X2 İB-nin cavabdeh “xxxx” MMC və üçüncü şəxs "xxxx" QSC-yə qarşı iddiası ilə 2012-ci ildən başlayan məhkəmə prosesi xx.xx.2016-cı il tarixdə İB-nin qələbəsi ilə başa çatmışdır. Uzunmüddətli məhkəmə prosesləri dövründə üçüncü şəxs "xxxx" QSC-nin “İddiaçı” Mədəni irsi və X2 İB-nin ictimai təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatları yayması, haqsız rəqabət üsul və vasitələrindən istifadə etməsi (ictimai, təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində İB-nin işgüzar nüfuzuna qəsd edilərək iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron işə əlavə edilmiş məhkəmə aktlarına əsasən müəyyən edilir ki, “İddiaçı” Mədəni İrsi və X2 İctimai Birliyi “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsinin üzərində qurulmuş mobil anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi, üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə “xxxx” MMC arasında bağlanmış x xxxxxx 2011-ci il tarixli müqavilənin “Rabitə evinin yerüstü binalarında Fider-anten sistemlərinin yerləşdirilməsi" hissəsinin etibarsız hesab edilməsi və binaya dəymiş ziyanın MMC-dən tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia qismən təmin edilmiş, cavabdehə məxsus olan anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi qət edilmiş, “xxxx” QSC ilə “xxxx” MMC arasında bağlanmış müqavilə “Rabitə evinin yerüstü binalarında Fider-anten sistemlərinin yerləşdirilməsi” hissəsində etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsininİnzibati-lqtisadi Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarı ilə cavabdeh “xxxx” MMC-nin və üçüncü şəxs Səlimov Nəcib Zöhrəbəy oğlunun kassasiya şikayəti tam, “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2015-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş vəBakı şəhəri, Azadlıq 22 ünvanında yerləşən, memarlıq abidəsi olan “Elektrik dəmiryol vağzalının binası” üzərindən cavabdehə məxsus anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi, “xxxx” QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 7/2011 saylı müqavilənin cavabdeh tərəfindən “Rabitə evinin” yerüstü binalarında Fider-anten sistemlərinin yerləşdirilməsinə dair hissədə etibarsız hesab edilməsi, iddianın “memarlıq abidəsinə dəymiş ziyanın cavabdehdən dövlət büdcəsinə tutulması” hissəsində rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaitinin cavabdehdən dövlət büdcəsinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsininİnzibati-İqtisadiKollegiyasının xx xxxx 2016-cı il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə “xxxx” MMC tərəfindən verilmiş əlavə kassasiya şikayəti əsassız hesab edilərək Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır. Hazırda iddiaçı “İddiaçı” Mədəni irsi və X2 İctimai Birliyi“xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası üzrə yuxarıda göstərilən məhkəmə mübahisəsinin 5 il davam etdiyini, həmin işə baxılarkən işdə üçüncü şəxs qismində iştirak etmiş “xxxx” QSC-nin “xxxx” MMC-nin mövqeyini müdafiə etdiyini və məhkəmə aktlarından bir neçə dəfə apellyasiya və kassasiya şikayətləri verməklə məhkəmə prosesini uzatdığını, eyni zamanda məhkəmə araşdırılması gedişində ictimai təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yaydığını, haqsız rəqabət üsul və vasitələrindən istifadə etdiyini göstərərək hüququnu bərpa etmək üçün çəkdiyi xərclərə, əldən çıxmış faydaya görə 100.000 və işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə 150.000 manat məbləğində pul vəsaitinin “xxxx” QSC-dən tutulmasını tələb edir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının qanuni təmsilçisinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya vurulmuş maddi zərərə görə (hüququn bərpası ilə bağlı xərclərə və əldən çıxmış faydaya görə) pulun vəsaitinin tutulması tələbinə dair hissədə hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri təşkil edir. Həmin maddələrə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, maddi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, sonuncuya real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda iddiaçının hüquqlarının pozulması ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İş materiallarından isə görünür ki, iddiaçı “İddiaçı” Mədəni İrsi və X2 İctimai Birliyi cavabdeh “xxxx” QSC tərəfindən onun qanunla qorunan hüquqlarının pozulmasını yuxarıda göstərilən məhkəmə mübahisəsi gedişində “xxxx” QSC-nin “xxxx” MMC-nin mövqeyini müdafiə etməsi və məhkəmə aktlarından bir neçə dəfə apellyasiya və kassasiya şikayətləri verməklə məhkəmə prosesini uzatması, eləcə də həmin məhkəmə prosesi gedişində cavabdeh “xxxx” QSC tərəfindən iddiaçının ictimai təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə edilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstisusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 47.2. İşdə iştirak edən şəxslər məhkəmə qərarlarından şikayət etmək hüququna malikdirlər. Göstərilən normaların məzmunundan da göründüyü kimi şəxsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi hüququ dövlətlərin həyata keçirilməsinə təminat verdiyi insan hüquqlarından biridir. İşdə iştirak edən şəxsin məhkəmə aktlarını mübahisələndirmək hüququ isə həmin hüququn həyata keçirilməsinin ən vacib vasitələrindən biri qismində çıxış edir. Bu baxımdan məhkəmə aktlarını mübahisələndirmək hüququnun məhdudlaşdırılması, o cümlədən işdə iştirak edən şəxsin üzərinə məhkəmə aktlarını mübahisələndirməyə görə məsuliyyətin qoyulması Azərbaycan Respublikası Konstisusiyasının 60-cı maddəsinin və İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh “xxxx” QSC-nin iştirak etdiyi məhkəmə mübahisəsi gedişində öz mövqeyini müdafiə etmək üçün ona qanunla verilmiş prosessual vasitələrdən istifadə edərək məhkəmə aktından şikayət verməsi iddiaçının hüquqlarını pozan hüquqazidd əməl kimi qiymətləndirilə bilməz və həmin əmələ görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Sözügedən məhkəmə prosesi gedişində cavabdeh tərəfindən iddiaçının ictimai təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə edilməsi barədə iddiaçının dəlilləri ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı nə iddia ərizəsində, nə məhkəmə araşdırması gedişində cavabdehin konkret hansı yanlış məlumatları yayması və hansı haqsız rəqabət üsul və vasitələrindən istifadə etməsini dəqiqləşdirməmiş, eləcə də istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı işdə məhkəmə araşdırması zamanı cavabdehin əməli nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri sayır ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması ehtimal edilsə belə, iddiaçı hüququnun pozulması nəticəsində ona real zərər və əldən çıxmış fayda formasında maddi zərər dəyməsini, eləcə də ona dəymiş zərərin məbləğini təsdiq edən sübutları da məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə prosesi gedişində sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia əsassız olmaqla rədd edilməlidir. İddianın işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” QSC-dən tutulub iddiaçıya odənilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və X1 haqqında Konvensiya»nın 41-ci maddəsinə və X3 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X1 haqqında Konvensiya»nın müddəaları və X3 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 3-cü bəndinə görə isə mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Belə olan halda iddiaçı “İddiaçı” Mədəni irsi və X2 İctimai Birliyinin hüquqi şəxs olmaqla mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “İddiaçı” Mədəni İrsi və X2 İctimai Birliyinin cavabdeh “xxxx” QSC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar