Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2750/2021 05.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azerspace -1 telekommunikasiya peyki üzərindən Dalğa TV kanalının peyk yayımına görə 01.01.2019-31.10.2019-cu il dövrü üzrə 214.842,6 manat xidmət haqqı və 30 manat dövlət rüsumu məbləğlərinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) və Cavabdeh (VÖEN:**********) 30 mart 2018-ci il tarixli “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” müqavilə bağlamışlar. Müqaviləyə əsasən Azərbaycan Respublikasının “Azerspace-1” telekommunikasiya peykində K radiodiapazonunda zolağın eni 3,5 meqahers (Mhs) olan radiotezlik üzərindən Cavabdeh MMC-nin “TV” kanalının peyk yayımı İddiaçı ASC tərəfindən həyata keçirilmişdir. Müqavilə üzrə peyk yayımı 30.10.2019-cu ilədək davam etdirilmiş və cavabdehin 25.10.2019-cu il tarixli məktubu əsasında 01.11.2019-cu il tarixdən dayandırılmışdır. İddiaçı ASC adı çəkilən müqavilədən irəli gələn öhdəliklərini tam şəkildə icra etmişdir. Cavabdeh isə müqavilə üzrə “Dalğa TV” kanalının Azerspace-1 peyk yayımına görə 1 yanvar 2019-cu il tarixdən 31 oktyabr 2019-cu ilədək olan dövrü üçün hesablanmış xidmət haqlarını müqavilənin şərtlərinə əməl etməyərək ödəməmişdir. Beləliklə də, 01.01.2019- 31.10.2019-ci il dövrü (yəni 10 ay) üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə 214.842,6 manat məbləğində gecikdirilmiş pul öhdəlikləri yaranmışdır. Bu günədək Cavabdeh MMC həmin pul öhdəliyini icra etməmiş, borcunu ödəməmişdir. İddiaçı ASC-nin pul öhdəliklərini gecikdirən Cavabdeh MMC-yə şifahi və yazılı müraciətləri də nəticəsiz qalmışdır. 1 yanvar 2019-cu ildən 31 oktyabr 2019-cu ilədək olan dövr üzrə İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ümumilkdə 214.842,6 manat məbləğində aylıq invoys hesabları göndərilmişdir. Cavabdeh və iddiaçı ƏDV ödəyicisi olan hüquqi şəxslərdir. Müqavilə əsasında “Azerspace-1” peyk tutumuna görə aylıq hesablanan haqların ödənilməsinə dair iddiaçının elektron qaimələri vergi orqanının (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Milli Gəlirlər Departamenti) proqram təminatı olan X1 Sistemi (AVİS) vasitəsilə də cavabdehə təqdim edilmişdir (elektron qaimələrin kağız formatının notarial qaydada təsdiq olunmuş surətləri ərizəyə əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli qərarının 5-ci bəndinin tələbinə görə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış... şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən... malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə... (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-fakturalar təqdim edilir. Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiq edilmiş və 01.01.2019-31.10.2019-ci il dövrü üzrə tətbiq edilmiş “Elektron qaimə fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.3-cü bəndi tələb edir ki, mal (iş, xidmət) təqdim edilməsi məhz elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidir (sitat: “1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir”). Qaydaların 3.9-cu bəndinə müvafiq olaraq ƏDV ödəyicisi olan şəxs tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən X1 Sistemi (AVİS) vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəfindən 01.01.2019-31.10.2019-ci il dövrü üzrə təqdim olunmuş elektron qaimə-fakturalar üzrə cavabdeh tərəfindən hər hansı dəqiqləşdirmə və yaxud imtina əməliyyatı aparılmamışdır və bunun nəticəsi olaraq, 5 gündən sonra, xidmət haqların ödənilməsinə dair elektron hesab-fakturası AVİS-də avtomatik hazırlanaraq 01.01.2019-cu il tarixindən başlayaraq cavabdehə hər ay təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2009-cu il tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2017-ci il noyabr – 2019-cu il mart dövrü üzrə tətbiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 2.3-cü bəndinə görə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs malları (işləri, xidmətləri) alan şəxsə elektron hesab-fakturasını elektron formatda təqdim etməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən, “...alıcı olan şəxs vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi tərəfindən həyata keçirilir”. Qaydaların 4.1-1-ci bəndinin 2-ci cümləsinə görə, elektron vergi hesab-fakturasının tərtib edilməsi, ləğv edilməsi, dəqiqləşdirilməsi, əvəzləşdirilən elektron hesab-fakturaları barədə məlumatların sistemə daxil edilməsi üzrə əməliyyatların həyata keçirilməsi qaydaları Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Sözügedən inzibati reqlamentdə “Elektron vergi hesab-fakturaların ləğv edilməsi” qaydası qeyd edilmişdir: əgər e-VHF-nin ləğv edilməsi zərurəti yaranarsa, alıcı satıcıya müraciət edir və təqdim edilmiş VHF-nin ləğv edilməsini xahiş edir. Ləğvetmə əməliyyatı satıcı tərəfindən yerinə yetirilir. 01.01.2019-31.10.2019-ci il dövrü üzrə cavabdeh tərəf iddiaçıdan aldığı elektron vergi hesab-fakturaları üzrə hər hansı dəqiqləşdirmə və ya onun ləğvinə dair sorğu, bildiriş və ya tələblə iddiaçıya müraciət etməmişdir. Bu isə, öz növbəsində, cavabdehin Dalğa TV-nin peyk yayımına görə hər ay hesablanan haqların məbləğlərini qəbul etdiyini bir daha sübut edir. Bundan əlavə, Cavabdeh MMC tərəfindən İddiaçı ASCyə ünvanlanmış 25 oktyabr 2019-cu il tarixli məktuba əsasən, cavabdeh “maliyyə sıxıntıları yaşadığından ona göstərilən yayım xidmət haqlarını ödəməkdə çətinlik çəkdiyini bildirmiş və 01.11.2019-cu il tarixdən etibarən yayım xidmətinin dayandırılmasını” xahiş etmişdir. Beləliklə, cavabdeh özünün 25 oktyabr 2019-cu il tarixli məktubunda “TV” kanalı üçün İddiaçı ASC-nin Azerspace-1 peyk yayımı xidmətindən müqavilə üzrə istifadə etdiyini təsdiq etmiş və peyk yayımına görə xidmət haqlarını ödəyə bilmədiyini bildirmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən, aylıq haqq məbləğlərinin ödənilməsi İddiaçı ASC tərəfindən təqdim edilən hesab-faktura əsasında, həmin hesab-faktura müştəriyə təqdim edildikdən sonra 10 gün müddətində İddiaçı bank hesabına köçürmə yolu icra edilməlidir. Yuxarıda qeyd etdikləri kimi hesab-fakturalar AVİS üzərindən cavabdehə vaxtlı-vaxtında təqdim edilmişdir, lakin cavabdeh bilərəkdən ödəniş etmir. İddiaçı hesablanmış aylıq haqların cavabdeh tərəfindən könüllü ödənilməsi məqsədilə ona dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, cavabdeh özünün pul öhdəliklərini qəsdən icra etmir. Mübahisənin məhkəmədən kənar qaydada həll olunması məqsədilə cavabdehlə aparılan danışıqlar, eləcə də ödənişi könüllü köçürmək təklifi heç bir nəticə verməmişdir. Beləliklə, müqaviləyə əsasən borclu cavabdehin 01.01.2019- 31.10.2019-cu il dövrü üzrə kreditor iddiaçıya hazırda əsas borc olan 214842,6 manat məbləğində pul öhdəlikləri vardır Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC ilə Cavabdeh MMC (müştəri) arasında 30 mart 2018-ci il tarixdə “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən İddiaçı transponder tutumunu istifadə müddətinə müştərinin istifadəsində verir, müştəri isə istifadə müddətində həmin transponder tutumundan istifadə edir və xidmət haqqını İddiaçı vaxtlı-vaxtında tam ödəyir. 2.2-ci bəndinə əsasən müştərinin öz vəzifələrinə, öhdəliklərinə tam əməl edilməsi, o cümlədən aylıq xidmət haqqı məbləğlərini tam həcmdə və ödəniş cədvəli ilə müəyyən edilmiş ödəmə qrafikinə uyğun vaxtlı-vaxtında İddiaçı ödəməsi şərti ilə transponder tutumunu müştərinin istifadəsinə verilir. Xidmət haqqı məbləğinə əlavə dəyər vergisi müştəri tərəfindən ödənilir. 3.1-ci maddəsinə əsasən transponder tutumundan istifadəyə görə aylıq xidmət haqqı (ƏDV xaric) 10.710 ABŞ dollarının hesab-faktura tarixinə Azərbaycan Respublikası Mərkəzi bankının ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi əsasında hesablanan manat ekvivalentidir. 3.2-ci bəndinə əsasən hesabat ayı üzrə xidmət haqqı aylıq xidmət dövrü bitdikdən sonra İddiaçı tərəfindən növbəti ayın ilk iş günü təqdim edilən hesab-faktura əsasında, həmin hesab-faktura tarixinə Azərbaycan Respublikası Mərkəzi bankının ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi əsasında hesablanan manat ekvivalenti ilə 2 saylı Əlavəyə uyğun tam məbləğdə ödənilməlidir. Ödəniş hesab-faktura müştəriyə təqdim edildikdən sonra 10 gün müddətində İddiaçı bank hesabıba manatla köçürülmə yolu ilə icra edilir. İddiaçı hesab fakturaya uyğun olaraq ƏDV məbləğini hesablayıb elektron vergi hesabfakturasını həmin hesabat ayından sonra 5 gündən gec olmayaraq təqdim edəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə 21.484,26 manat dəyərində, göstərilmiş xidmətə görə EAAQ seriyalı, 08.02.2019-cu il tarixli, 191994 saylı; 21.484,26 manat dəyərində göstərilmiş xidmətə görə EAAR seriyalı, 08.02.2019-cu il tarixli, 398191 saylı, 21.484,26 manat dəyərində göstərilmiş xidmətə görə 07.03.2019-cu il tarixli, EAAS seriyalı, 582561 saylı, 21.484,26 manat dəyərində göstərilmiş xidmətə görə 04.04.2019-cu il tarixli, EAAT seriyalı, 846911 saylı, 21.484,26 manat dəyərində göstərilmiş xidmətə görə 01.05.2019-cu il tarixli, EAAV seriyalı, 353100 saylı, 21.484,26 manat dəyərində göstərilmiş xidmətə görə 04.06.2019-cu il tarixli, EAAW seriyalı, 667423 saylı, 21.484,26 manat dəyərində göstərilmiş xidmətə görə 03.07.2019-cu il tarixli, EAAY seriyalı, 169853 saylı, 21.484,26 manat dəyərində göstərilmiş xidmətə görə 06.08.2019-cu il tarixli, EAAZ seriyalı, 421720 saylı, 21.484,26 manat dəyərində göstərilmiş xidmətə görə 05.09.2019-cu il tarixli, EBAA seriyalı, 705449 saylı, 21.484,26 manat dəyərində göstərilmiş xidmətə görə 03.10.2019-cu il tarixli, EBAC seriyalı, 223627 saylı elektron qaimələr tərtib edilmişdir. Cavabdeh tərəfindən 5 gün ərzində qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimələr sistem tərəfindən təsdiqlənmiş və onların əsasında elektron vergi hesabfakturaları tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh MMC-yə təqdim edilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə 25.10.2019-cu il tarixli məktub ünvanlanaraq maliyyə sıxıntıları səbəbindən İddiaçı ASC tərəfindən göstərdiyi yayım xidmətə görə xidmət haqları ödəməkdə çətinlik çəkdikləri bildirilmiş və 01 noyabr 2019-cu il tarixdən Dalğa TV-nin yayım xidmətinin dayandırılmasına köməklik göstərilməsi xahiş edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubu ilə təsdiq edilir ki, MMC-yə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 30 mart 2018-ci il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə yayım xidmətini göstərmiş, Cavabdeh MMC 2019-cü ilin yanvar-oktyabr ayları üçün göstərilmiş xidmətlərin haqqını ödəməmiş, nəticədə İddiaçı ASC–yə 214.842,6 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda göstərilən hallarından və qanunvericilik normalarından da göründüyü kimi İddiaçı ASC-nin Cavabdeh MMC-dən 214.842,6 manat məbləğində xidmət haqqı borcunun ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” 30.03.2018-ci il tarixli müqavilə üzrə 01.01.2019-31.10.2019-cu il dövrü üçün 214.842,6 manat məbləğində xidmət haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2750/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2750/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver