Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2755/2021 30.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 11 noyabr 2016-ci il tarixli, 0032XF-GM/16 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi”nə əsasən 209,647,05 (iki yüz doqquz min altı yüz qırx yeddi, 05) manat məbləğində əsas borcun, 11,069.36 (on bir min altımış doqquz, 36) manat cərimənin və 30,00 (otuz) manat ödənilmiş dövlət rüsumunun, toplam 220,746.41 (iki yüz iyirmi min yeddi yüz qırx altı, 41) manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 11 noyabr 2016-ci il tarixli, 0032XF-GM/16 saylı “Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrində göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilə və onun əlavələrinə əsasən Cavabdeh MMC-yə Cəmiyyətimiz tərəfindən ümumi dəyəri ƏDV daxil olmaqla 238,511.52 (iki yüz otuz səkkiz min beş yüz on bir, 52) manat dəyərində olan mal satılmışdır. Müqavilənin 2.5.-ci maddəsinə əsasən “Alıcı” əlavədə göstərilmiş malların dəyərinin 50% hissəsini əvvəlcədən, digər 50% hissəsini isə malların təhvilindən sonra nağd və ya köçürmə yolu ilə 30 (otuz) iş günü ərzində ödəməlidir. Lakin cavabdeh qeyd olunan məbləğin 28,864.47 (iyirmi səkkiz min səkkiz yüz altımış dörd, 47) manat hissəsini ödəmiş, 209,647.05 (iki yüz doqquz min altı yüz qırx yeddi, 05) manat hissəsini isə ödəməmişdir. Eyni zamanda, müqavilənin 4.1.3.cümaddəsinə əsasən gecikdirilmiş günlərə görə hesablanmış cərimənin həcmi 11,069.36 (on bir min altımış doqquz, 36) manat təşkil edir. "xxxx" MMC-nin İddiaçı MMC-yə olan borcunu təsdiq etmək üçün tərəflər arasında 12 yanvar 2021-ci il tarixində “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə Aktı” tərtib edilmiş və hər iki hüquqi şəxs tərəfindən imzalanmış və möhürlənmişdir. Bu akta əsasən tərəflər arasında olan borcun məbləği 209,647.05 (iki yüz doqquz min altı yüz qırx yeddi, 05) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək, üzləşmə aktı imza edildikdən sonra müəyyən ödənişlərin olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 11 noyabr 2016-ci il tarixli, 0032XF-GM/16 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə ilə nəzərdə tutulmuş malları satıcı tərəfindən alıcıya verilmiş, alıcı isə qəbul etmiş olduğu malların müqabilində satıcıya gorcu qalmışdır. İş materiallarına əlavə edilmiş 12 yanvar 2021-ci il tarixində “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə Aktı”ndan görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə 31.12.2020-ci il tarixdı 209.647,05 manat borcunun qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi, Cavabdeh MMC üzləşmə aktına imza etməklə borcunun olduğunu etiraf etdiyindən, iddia əsas borcun yəni 209.647,05 manat borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın 11.069,36 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 209,647,05 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 5000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən qəmin edilsin. Əsas borc üzrə 209.647,05 manat, 5000 manat cərimə borcu olmaqla cəmi 214.647 (iki yüz on dörd min altı yüz qırx yeddi) manat 05 (beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2755/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2755/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver