Məhkəmə qərarları › İş №e-2-2(113)-2756/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2756/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2756/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X3, Cavabdeh1 QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC-yə məxsus “Nefteqaz-64” və “Sumqayıt” gəmilərinə faktiki olaraq Cavabdeh2 MMC tərəfindən müvəqqəti istismar edildiyi dövr üzrə X1 ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən göstərilən xidmətlərin yanvar-iyun 2020-ci il dövrü üzrə ödənilməyən ümumilikdə ƏDV daxil olmaqla 24.986,50 manat məbləğində pulun, 165,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “X8”, X5 tabeliyində “X1 Mərkəzi” və “Nəqliyyat və Texniki Təminat İdarəsi” müəssisələrinin birləşməsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İddiaçı X13 (bundan sonra – İ“ddiaçı”) yaradılmışdır və İddiaçı birləşən müəssisələrin hüquqi varisidir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 1 avqust 2014-cü il tarixli 5 saylı qərarına əsasən müəyyən edilən tariflərə əsasən haqqı ödənilməklə Cavabdeh1 QSC-nin (bundan sonra – “Cavabdeh 1”) mülkiyyətində olan gəmilərlə yanaşı “Nefteqaz-64” və “Sumqayıt” gəmilərinə X1 ilə bağlı xidmətlər göstərir və xidmətlərin vaxtaşırı dəyəri müvafiq təsdiqedici sənədlərə uyğun olaraq ödənilir. Lakin xidmətlərin dəyərinin bir qismi, yəni 6 aylıq (yanvar–iyun 2020-ci il) müddət üçün ödənilməmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 tabeliyində X1 Mərkəzinin mühasibatlıq sənədlərinə əsasən ümumilikdə 24,986.50 (iyirmi dörd min doqquz yüz səksən altı tam əlli) manat (ƏDV daxil) borc ödənilməmiş qalmışdır. Borcun ödənilmədiyi müddət ərzində Cavabdeh 1-ə məxsus “Nefteqaz-64” və “Sumqayıt” gəmiləri faktiki olaraq Cavabdeh2 MMC (bundan sonra – “Cavabdeh 2”) tərəfindən müvəqqəti istismar edilmişdir. Bununla əlaqədar gəmilərin limanlara giriş-çıxışını təsdiq edən bəyannamələr mövcuddur və bu bəyannamələr əsasında görülmüş iş və xidmətlərə görə hesab-fakturalar və elektron qaimələr yazılmış və Cavabdeh 2-yə təqdim edilmişdir. Təəssüflər olsun ki, Cavabdeh 2 elektron qaimələri təsdiq etməmiş və şifahi olaraq bildirmişdir ki, göstərilmiş xidmətlərə görə ödəniş gəmilərin mülkiyyətçisi olan Cavabdeh 1 tərəfindən edilməlidir. Birgə cavabdehlərin əməkdaşlarının iştirakı ilə İddiaçının inzibati binasında görüş keçirilmiş və müzakirələr aparılmışdır. Cavabdehlər arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli, 0114-XG nömrəli müqavilənin 3.3-cü bəndinə əsasən, Cavabdeh2 MMC ona xidmət göstərmək məqsədilə gəmilərin AXDG QSC-yə malik olmayan limana girməsi və ya körpülərə yanalması ilə əlaqədar liman, körpü və digər tətbiq oluna biləcək yığımlar və digər ödənişlərin aparılmasını təmin edir və ya ödənişlərə görə AXDG QSC-ni məsuliyyətdən azad edir”. Cavabdeh 2-nin iddialarına görə, onlarla Cavabdeh 1 arasında bağlanmış müqaviləyə əsasən bu xidmətlərin haqqı qarşı tərəfə, Cavabdeh 1-ə ödənilmişdir, müvafiq olaraq İddiaçıya müvafiq ödəniş Cavabdeh 1 tərəfindən təmin edilməlidir. Həmçinin, qeyd etmək istərdik ki, “Neftqaz-64” və “Sumqayıt” gəmilərinin X1 ilə bağlı xidmətlərin haqqı 2020-ci il yanvar ayından əvvəl (oktyabr, noyabr və dekabr 2019cu il) və 2020-ci il iyun ayından sonra (iyul, avqust və sentyabr 2020-ci il) Cavabdeh 1-ə təqdim edilmiş və onun tərəfindən ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X6 iddianın onlara münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi X4 iddianın onlara münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. İddiaçı tərəf məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

6. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

9. “Dəniz Limanları haqqında” Azərbaycan Respublikasının qanunu:

- 15.1. Limanda gəmilərə və sərnişinlərə, yük əməliyyatlarının həyata keçirilməsi və yükün aşırılması ilə bağlı xidmətlər göstərilir. - 15.2. Limanda xidmətlərin göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. - 15.3. Liman xidmətlərinə (liman qurğularının istismarı və yükaşırma daxil olmaqla) və X1 fəaliyyəti ilə bağlı xidmətlərə görə tariflər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. - 15.3-1. Bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan X1 fəaliyyəti ilə bağlı aşağıdakı xidmətlərə görə tarif müəyyən edilir: - 15.3-1.1. gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi; - 15.3-1.2. dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili; - 15.3-1.3. gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi; - 15.3-1.4. gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə X1 baxımından daimi müşahidədə saxlanılması. - 15.4. Limanda göstərilən və qiymətləri dövlət tərəfindən tənzimlənməyən xidmətlərə görə qiymətlər müqavilə əsasında müəyyən edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

11. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh1 QSC (icraçı) ilə Cavabdeh2 MMC (sifarişçi) arasında xx.xx.2020-ci il tarixli dəniz nəqliyyatı xidmətləri haqqında müqavilə bağlanmışdır.

12. Qeyd edilmiş müqavilənin 1-ci bəndindən görünür ki, Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz quyularının qazılması üçün icraçı müqavilənin ayrılmaz hissəsi olan 1 saylı qoşmasında göstərilən tipdə olan gəmilərlə sifarişçiyə dəniz nəqliyyatı xidmətlərini göstərməyi, sifarişçi isə bu xidmətlərin dəyərini hazırkı müqavilənin şərtlərinə əsasən icraçıya ödəməyi öhdəsinə götürmüşdür.

13. İşin mübahisələndirilməyən digər halları ondan ibarətdir ki, Cavabdeh1 QSC öz mülkiyyətində olan “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilərlə 2020-ci ilin yanvar-iyun (6 ay) aylarında Cavabdeh2 MMC-yə xidmət göstərmişdir.

14. Hazırda İddiaçı, “X1 Mərkəzi”nin hüquqi varisi olduğunu, “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilərə X1 ilə bağlı xidmətlər göstərildiyini və buna görə də, Tarif (Qiymət) Şurasının 1 avqust 2014-cü il tarixli 5 saylı qərarına əsasən müəyyən edilən tariflərə əsasən 6 ay üzrə cəmi ödənilməli ƏDV daxil olmaqla 24.986,50 manat borcun qaldığını və hər iki cavabdehdən müştərək qaydada tutulmasını xahiş edir.

15. Cavabdehlər isə, hər biri ayrı-ayrılıqda həm Məhkəmə icraatından öncə, həmçinin də, məhkəmə iclaslarında qeyd edilmiş pulun digər cavabdehdən tutulmalı olmasını qeyd etmişlər.

16. Cavabdeh2 MMC həmçinin iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.

17. İş materiallarında əlavə edilmiş “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilərə 2020ci ilin yanvar-iyun (6 ay) aylarında X1 ilə bağlı xidmətlər göstərilməsi ilə bağlı hesab fakturalardan görünür ki, “X1 Mərkəzi” tərəfindən cəmi 24.986,5 manat dəyərində xidmətlər göstərilmişdir.

18. Göründüyü kimi, hazırda işin mübahisələndirilən halı, “X1 Mərkəzi” tərəfindən müvafiq xidmətin göstərilib-göstərilməməsi və yaxud göstərilmiş X1 ilə bağlı xidmətlərin dəyəri deyil, məhz göstərilmiş xidmətlərə görə nəzərdə tutulmuş haqqın kim tərəfindən ödənilməsi ilə bağlıdır.

19. İş materiallarına əlavə edilmiş İddiaçı nizamnaməsinin 3.1.11-ci bəndinə əsasən “Dəniz limanları haqqında” qanuna uyğun olaraq X1 ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi,kanal, lövbər və gəmi yığımı) göstərmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir.

20. Qeyd edilmiş nizamnamənin 3.1.22-ci bəndinə X1 ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi,kanal, lövbər və gəmi yığımı) göstərmək və bununla əlaqədar müəyyən olunmuş tariflərə əsasən yığımları toplamaq İddiaçı vəzifəsidir.

21. Yuxarıda qeyd edilmiş normalardan və işin hallarından göründüyü kimi, İddiaçı, X1 ilə bağlı xidmətlər göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 1 avqust 2014-cü il tarixli 5 saylı qərarında qeyd edilmiş yığımları toplamaqda məsul qurumdur.

22. Hazırda da, görünür ki, Cavabdeh1 QSC-yə məxsus olan “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilərə 2020-ci ilin yanvar-iyun (6 ay) aylarında müvafiq xidmətlər göstərilmiş və qeyd edilmiş aylar ərzində göstərilmiş xidmətlərin dəyəri 24.986,5 manat təşkil etmişdir.

23. Məhkəmə iclasında cavabdehlərdən Cavabdeh1 QSC (icraçı) ilə Cavabdeh2 MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli dəniz nəqliyyatı xidmətləri haqqında müqavilənin mahiyyəti dəqiqləşdirilmiş və hər iki cavabdeh qeyd edilmiş “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilərlə Cavabdeh2 MMC-nin əməkdaşlarının müvafiq buruqlara aparılması, lazım olan avadanlıqların və materialların (malların) daşınmasının həyata keçirildiyini, qeyd edilmiş gəmilərin bütün personalının (kapitan və digər ekipaj üzvlərinin) Cavabdeh1 QSC-yə aid olduğunu qeyd etmişlər.

24. Göründüyü kimi, “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilər mübahisəli dövr ərzində Cavabdeh1 QSC-nin mülkiyyətində olmaqla yanaşı, həmçinin də faktiki də, onun istifadəsində olmuşdur. Yəni, Cavabdeh2 MMC-yə müqavilə əsasında müvafiq xidmətlər göstərməklə İddiaçı (“X1 Mərkəzi”nin hüquqi varisi olaraq) göstərmiş olduğu X1 ilə bağlı xidmətlərdən yararlanmışdır.

25. Bundan başqa iş materiallarına əlavə edilmiş hesab-fakturalar və bank çıxarışlarından görünür ki, mübahisələndirilən dövrdən əvvəlki və sonrakı tarixlərdə göstərilmiş olan X1 ilə bağlı xidmətlərə görə haqlar Cavabdeh1 QSC tərəfindən ödənilmişdir.

26. Ona görə də, Məhkəmə hesab edir ki, 2020-ci ilin yanvar-iyun (6 ay) ayları üzrə göstərilmiş olan X1 ilə bağlı xidmətlərə görə 24.986,5 manat məbləğində pul məhz Cavabdeh1 QSC-dən tutularaq iddiaçıya ödənilməlidir.

27. Digər Cavabdeh2 MMC-yə münasibətdə isə, iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından rədd edilməlidir.

28. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 24.986 (iyirmi dörd min doqquz yüz səksən altı) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 165 (bir yüz altmış beş) manat 83 (səksən üç) qəpik məbləğində pul Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar