Məhkəmə qərarları › İş №e-2-2(113)-2759/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2759/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2759/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən tərəflər arasında imzalanmış 2019/M- 09 saylı, xx.xx.2019-cu il tarixli nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2085 manat (1226,48 USD) borcun, eləcə də 60 mediator xərcinin və 30,40 manat dövlət rüsumunun, ümumilikdə 2175,40 (iki min yüz yetmiş beş manat 40 qəpik) manat borcun tutularaq, İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC şirkəti "xxxx" QSC tərəfindən təsis edilmiş və 100% payına malik olduğu müəssisədir. Ekspeditor tərəfindən daxil olan müraciətlərə əsasən iddiaçı Azərbaycan Respublikası ərazisində nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 2019/M-09 saylı “Nəqliyyat-ekspedisiya xidməti üzrə” Müqaviləsinin 1-ci bəndinə əsasən Ekspeditor Müqaviləyə əsasən Müştərinin sifarişinə və onun hesabına nəqliyyatekspedisiya xidmətləri həyata keçirir. Bu Xidmətlər nəqliyyat marşrutunun keçdiyi ölkələrin qanunvericiliyinə, eləcə də beynəlxalq konvensiyalara, məcəllələrə və digər qaydalara uyğun formada aparılır. Xidmətlərin siyahısı və həcmi Müştərinin sifarişinə və ya Müqaviləyə əlavə edilən kommersiya təklifinə uyğun formada müəyyən edilir. Belə ki, cavabdehə göstərilmiş xidmətlər müqabilində vaxtı-vaxtında xidmət haqqını və yarana biləcək cərimə və s. ödənişləri ödəməyi öhdəsinə götürsə də sözügedən Xidmətlərə əsasən borcunu bu günə qədər təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin və iddia tələbinə dair açıqlamanın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 2019/M-09 nömrəli nəqliyyat-ekspedisiya xidməti müqaviləsi bağlanmış, tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən ekspeditor (İddiaçı) müştərinin (Cavabdeh MMC) adından və onun hesabına yük daşıma üzrə ekspeditor və logistika xidmətlərinin göstərilməsini təmin edir. Müqavilənin 3.1-ci bəndinə əsasən müştəri göstərilən xidmətlərə görə Ekspeditorun təqdim etdiyi hesab-fakturaya əsasən ödənişi həyata keçirir. Hazırki mübahisə tərəflər arasında yükdaşıma üzrə ekspeditor və logistika xidmətləri ilə bağlıdır. Məhkəmə qeyd edir ki, ilk növbədə adı çəkilən xidmətərin göstərilməsi haqqında müqavilə ilə yaranmış öhdəliyin tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır. Məhkəmə hesab edir ki, ekspeditor və logistika xidmətlərin göstərilməsi haqqında müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilə bilər. Ancaq qeyd edilməlidir ki, nə qeyd edilən xidmətlərin göstərilməsi haqqında müqavilə nə də Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa möhkəmlənməmiş olsa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli zamanı Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçınə xx.xx.2019-cu il tarixli 1906-0383 nömrəli invoys əsasında 1.230 manat, xx.xx.2019-cu il tarixli 19/233 nömrəli invoys əsasında 314,5 manat, xx.xx.2019-cu il tarixli 19/167 nömrəli invoys əsasında 1.224 manat, xx.xx.2019-cu il tarixli 19/062 nömrəli invoys əsasında 2.091 manat, xx.xx.2019-cu il tarixli 19/082 nömrəli invoys əsasında 2.091 manat məbləğində ödəniş edilməsi kimi hallardan görünür ki, tərəflər arasında olan işgüzar münasibətlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş invoyslar üzərindən həyata keçirilmişdir. İddiaçı tərəf də, dəyəri 507 ABŞ dolları təşkil edən xx.xx.2021-ci il tarixli İNV-D-2109- 0061 nömrəli və xx.xx.2019-cu il tarixli İNV-D-2109-0093 nömrəli invoyslar əsasında ödənişlər aparılmadığını və nəticədə 2.085 manat məbləğində borcun qaldığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMCnin 2.085 manat xidmət haqqı borcu vardır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmiş, mediasiya xərci olaraq 60 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Ona görə də, mediasiyaya çəkilmiş xərc olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2019/M-09 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2.085 (iki min səksən beş) manat məbləğində pul Cavabdehndən tutularaq "ADY Konteyner” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq "ADY Konteyner” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdehndən tutularaq "ADY Konteyner” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar