Məhkəmə qərarları › İş №e-2-2(113)-2769/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2769/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2769/2023 18.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Lidersement QSC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi və iddianın azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 5824 manat əsas borc, 100 manat mediasiya xərci cəmi 5924 manatın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında 277 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı aparılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində EBBB seriyalı, 497902 nömrəli elektron qaimə ilə 1192 manat, xx.xx.2021-ci il tarixində EBBC seriyalı, 258873 nömrəli elektron qaimə ilə 4536 manat, xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, ******* nömrə elektron qaimə ilə 4824 manat olmaqla, cəmi 10552 manat dəyərində göndərilən malları qəbul etmişdir. Lakin, müqavilənin 2.4-ci bəndinin tələblərini pozaraq borc məbləğindən hissəvi olaraq yalnız 2728 manat ödəniş etdiyi üçün iddiaçıya 7824 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq satılmış malların pulunu saxlayaraq ödənişi təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi vəkil X2 tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında 5824 manat məbləğində borcun olduğunu bildirərək, iddiaçıya bir neçə dəfə 5824 manat məbləğində malların geri götürülməsini təklif etdiyini, lakin İddiaçı QSC-nin malları geri götürmədiyinə görə tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 mart 2021-ci il tarixli 277 nömrəli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı QSC-dən daxil olan sementi alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür. 10 may 2021-ci il tarixli 497902 nömrəli elektron qaimədən görünür ki, Lidersement QSC Cavabdeh 1192 manat məbləğində sement təqdim etmişdir. 26 may 2021-ci il tarixli 258873 nömrəli elektron qaimədən görünür ki, Lidersement QSC Cavabdeh 4536 manat məbləğində sement təqdim etmişdir. 04 mart 2022-ci il tarixli 325693 nömrəli elektron qaimədən görünür ki, Lidersement QSC Cavabdeh 4824 manat məbləğində sement təqdim etmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh arasında 01 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı 5824 manat məbləğində alınan malların dəyərini ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlar işə əlavə edilmiş müqavilə, elektron qaimə, həmçinin Cavabdeh izahatı ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh 5824 manat əsas borc və 100 manat mediasiya xərci cəmi 5924 manat məbləğində pul tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5824 manat əsas borc və 100 manat mediasiya xərci cəmi 5924 manat məbləğində pul tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar