Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-277/2022 10.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 49.103 (qırx doqquz min yüz üç) manatın və dövlət rüsumu olaraq 30 manat, cəmi 49.133 (qırx doqquz min yüz otuz üç) manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan razılaşmaya əsasən İddiaçı MMC Cavabdeh MMC-yə müxtəlif mebel məhsulları satmış və xidmətlər göstərmişdir. Satılmış məhsulları bir qisminin dəyəri ödənilmiş olsa da bugünə qədər 49.103 (qırx doqquz min yüz üç) manat qalmış borc ödənilməmişdir. Bununla bağlı tərəflər arasında dəfələrlə danışıqlar olmuş, lakin bir nəticəsi olmamışdır. Satıcı qismində iştirak edərkən mebel məhsullarını Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin vaxt Cavabdeh MMC-nin həmin müəsissənin təsisçisi olan Muhammed Güvən vasitəsi ilə tanımış və qalmış borcun tezliklə ödəniləcəyini qeyd etmişdir. Lakin buna baxmayaraq pul ödənilməmişdir. Tərəflər arasında olan yazışmalar və məhkəmə baxış iclasına dəvət ediləcək şahidlər iddianın sübut edilməsini təmin edəcəkdir. 04.05.2021-ci il tarixli pretenziya məktubları göndərilməklə on beş gün ərzində həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlığa baxmayaraq indiyə qədər həmin pul ödənilməmişdir. Məhkəmə iclasının yeri və və vaxtı barədə iddiaçının nümayəndəsi və vəkili lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasındakı elektron poçt vasitəsilə yazışmalarda cavabdeh iddiaçıya borcunun olmasını etiraf etmişdir. Qarşı tərəfin təsisçisi olmuş Məhəmməd Güvən adlı şəxsi tanıdıqları üçün mallar nisyə olaraq cavabdehə verilmiş, malların təhvil verilməsinə baxmayaraq borclarını hələ də qaytarılmamışdır. Sədrlik edən məhkəmə iclasının iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişdir. Əlavə olaraq cavabdeh iddia ərizəsinə etiraz edərək iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı müqavilə münasibətlərindən irəli gələn tələblərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq iddia müddəti tətbiq edilməlidir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri 2015 və 2016-cı illərdə olmuşdur. İddia ərizəsindən göründüyü kimi, eləcə də məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin və vəkilinin müqavilə münasibətləri zamanı yaranmış fikir ayrılığının konkret nədə ifadə edilməsi, iddia məbləğinin əsaslandığı malların və xidmətlərin siyahısını təqdim etməməsi, müddətin ötməsi səbəbi ilə sübutların əlçatan olmamasına dələlət edir. İddia müddətinin tətbiq edilməsinin əsas legitim məqsədi də məhz tərəflərə sübutlara çatımlığı təmin etməkdədir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, tərəflər arasında mülki hüquq münasibətləri 2015-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəyə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Qeyd edilən maddi hüquq normalarının məzmununa əsasən məhkəmə hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı MMC-nin tələbi iddia müddəti keçdiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-277/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-277/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver