Məhkəmə qərarları › İş №e-2-2(113)-278/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-278/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-278/2020 25.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı «xxxx» ASC-nin cavabdeh Azərbaycan Respublikası nə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «xxxx» ASC cavabdeh Azərbaycan Respublikası nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2662 manat məbləğində sığorta ödənişi, 30,40 manat məbləğində dövlət rüsumu və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək 2662 manat məbləğində sığorta ödənişi, gecikdirilmiş günlər üçün ödənilməli sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 4773,96 manat dəbbə pulu, 30,40 manat məbləğində dövlət rüsumu və bank xərcləri olmaqla, cəmi 7466,36 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Ucar şəhəri, Oğuz küçəsi ünvanında X4 “Vaz 2103” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə «xxxx» ASC-də avtokasko qaydaları ilə sığortalanmış, “Hyundai Accent” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Ucar RPŞ DYPB-nin xx.xx.2014-cü tarixli, №1xx-xx/2574-1214 nömrəli arayışına və xx.xx.2014-cü il tarixli, CYP 489303 saylı inzibati xəta haqqında protokola və qərara əsasən X4 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM-nin 151.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. X4 hadisə zamanı idarə etdiyi avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortas hadisə baş verən anda “Azərsığorta” DSKŞ tərəfindən sığortalanmışdır. Avtomobilə dəymiş zərər 2862 manat məbləğində müəyyən edilmiş və zərərçəkmişə 2662 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sığorta ödənişinin qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməsi cavabdehdən tələb edilsə də, həmin vəsait cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: -Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən X2 məxsus, “Hyundai Accent” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək dövr üzrə sığortalanmışdır. - Azərbaycan Respublikası DİN Baş Dövlət X7 İnzibati xəta haqqında xx.xx.2014-cü il tarixli, CYP 489303 saylı protokolundan görünür ki, X4 tərəfindən idarə edilən “Vaz 2103” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil Ucar şəhəri, Oğuz küçəsində hərəkət sürəti və hərəkət şəraitindən asılı olaraq düzgün ara məsafəsi seçilməməsi nəticəsində qabaqda gedən nəqliyyat vasitəsilə toqquşmuş və İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40.00 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışa əsasən Ucar RPŞ DYPB bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə saat 13:40-da Ucar şəhəri, Oğuz küçəsində X4 tərəfindən idarə edilən “Vaz 2103” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Accent” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. - “xxxx” ASC tərəfindən xx.xx.2014-cü il tarixdə X2 məxsus “Hyundai Accent” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixdə həyata keçirilmiş zərərinin hesablanması aktından görünür ki, ehtiyyat hissələrinin ümumi məbləği və həmin hissələrin bərpası üçün lazım olan əmək haqqı hesablanmaqla, cəmi 2862 manat zərər hesablanmışdır. - xx.xx.2014-cü il tarixli, 668/14-CM 613-14 nömrəli sığorta aktından görünür ki, X2 məxsus “Hyundai Accent” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 2862 manat məbləğində zərər vurulduğu müəyyən edilmiş və razılaşdırılmış 200 manat azadolma məbləği çıxılmaqla 2662 manat sığorta ödənişinin sığortalıya ödənilməsi qərara alınmışdır. - 15.10.2014-cü il tarixli, 001221 nömrəli kassa məxaric orderindən görünür ki, 668/14-CM 613-14 nömrəli sığorta aktına əsasən X1 etibarnamə üzrə münayəndəsi Etibar İsmayılova 2662 manat sığorta ödənişi ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə Ucar şəhəri, Oğuz küçəsi ünvanında X4 “Vaz 2103” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Hyundai Accent” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 2862 manat məbləğində zərər dəymişdir. “xxxx” ASC tərəfindən razılaşdırılmış 200 manat azadolma məbləği çıxılmaqla 2662 manat sığorta ödənişi “Hyundai Accent” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin etibatnamə üzrə nümayəndəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2-ci maddəsinə əsasən sığortaçi sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən 2662 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 4773,96 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan RespublikasıAzərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sığorta iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumunun 18 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 12 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası ndən 2662 (iki min altı yüz altmış iki) manat məbləğində sığorta ödənişi, 200 (iki yüz) manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat olmaqla, cəmi 2874 (iki min səkkiz yüz yetmiş dörd) manat məbləğində pul tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar