Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2783/2022 25.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı iddiaçı və cavabdeh arasında tərtib edilmiş avadanlıqların (müqavilə üzrə) qaytarılması barədə 20 noyabr 2020-ci il tarixli akta əsasən ödənilməli olan 3400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı və cavabdeh arasında tərtib edilmiş avadanlıqların (müqavilə üzrə) qaytarılması barədə 20 noyabr 2020-ci il tarixli akta əsasən ödənilməli olan 3400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı gözəllik salonunda işləməklə fərdi sahibkarlıqla məşğul olur. İşinin genişləndirilməsi ilə əlaqədar bir sıra avadanlıqların alınması zərurəti yaranmış, bununla əlaqədar İddiaçı ilə Cavabdeh MMC arasında 28 may 2020-ci il tarixli 123 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən dəyəri 12 000 manat olan FQA20-4 GOY model kosmetoloji avadanlıq almışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 2000 manat ilkin ödəniş etmiş, sonradan isə 850 manat, 150 manat və 400 manat olmaqla ümumilikdə 3400 manat məbləğində pul vəsaiti ödəmişdir. Aralarında bağlanmış müqaviləyə əsasən qeyd edilən avadanlıq iddiaçıya 28 may 2020-ci il tarixdə təhvil verilmiş, həmin zamanlar isə pandemiya ilə əlaqədar bütün gözəllik salonları bağlı olduqlarına görə avadanlıqdan istifadə etməmiş, avadanlığın pulunu ödəməkdə çətinlikləri yaranmışdır. İddiaçı aldığı avadanlığın pulunu ödəməkdə yaranmış çətinlikləri görüb cavabdehlə danışıqlar aparmış, aralarında bağlanmış razılığa əsasən aldığı avadanlığı 20 noyabr 2020-ci il tarixdə olduğu kimi cavabdehə qaytarmışdır. Avadanlığın cavabdehə qaytarılması barədə aralarında “Satılmış avadanlıqların (Müqavilə üzrə) qaytarılması barədə 20 noyabr 2020-ci il tarixli AKT tərtib edilmişdir. Həmin aktda qaytarılmış avadanlığın tərkibi və vəziyyəti göstərilmiş və “FQ adlı aparatın cavabdehə qaytarıldıqdan sonra müəssisənin köməkliyi ilə nə zaman satılsa o zaman aparatın alıcıya çatacaq dəyəri geri qaytarılması” nəzərdə tutulmuşdur. Həmin avadanlıq cavabdehə təhvil verildikdən bir müddət sonra satılmış, buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən ödənilmiş məbləği geri qaytarmamışdır. Göründüyü kimi 28 may 2020-ci il tarixli 123 saylı alqı-satqı müqaviləsi üzrə alınmış malların geri qaytarılması barədə iddiaçı ilə cavabdeh arasında razılıq əldə edilmiş, yəni artıq bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş, cavabdeh ona satdığı malı geri götürmüş, həmin mal üçün ödədiyi məbləği cavabdehdən nağd qaydada tələb etməmiş, həmin malın satıldıqdan sonra pulunun iddiaçıya qaytarılmasına razılaşmış, buna baxmayaraq aradan bir ildən də artıq müddət keçsə də cavabdeh mal üçün ödədiyi məbləği qaytarmamışdır. Halbuki, cavabdeh qeyd edilən avadanlığı artıq satmışdır. Hətta cavabdeh həmin avadanlığı satmasa belə, avadanlığın satılması üçün nəzərdə tutulan müddət ağlabatan müddət olmalı, həmin müddət bir ildən artıq çəkməməlidir. Bu baxımdan artıq iddiaçının həmin avadanlığın alınması üçün ödədiyi məbləği cavabdehdən tələb etmək hüququm yaranmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında 28 may 2020-ci il tarixli, 123 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh müqavilə və onun əlavələrində nəzərdə tutulmuş, texniki avadanlıgı iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin malların dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhviltəslim aktı ilə avadanlıqlar cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Təhvil verilərkən avadanlıqlar yoxlanılmış, saz və yeni vəziyyətdə olmuşdur. Bundan sonra iddiaçı tərəfindən razılaşdırılmış ödəniş qrafikinə uyğun olmadan, nəzərdə tutulmuş məbləğdən az və müddətdən gec olmaqla müəyyən ödənişlər həyata keçirilmişdir. İddiaçı öz ərizəsində 2000, 850, 150 və 400 manat olmaqla ümumilikdə 3400 manat ödəniş etdiyini bildirsə də, qeyd olunan ödənişlərdən yalnız 1500, 500 və 400 manat məbləgində ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş, 850 və 150 manat məbləğində ödəniş etdiyinə dair heç bir sübut təqdim etməmişdir. Bundan əlavə 20 noyabr 2020-ci il tarixdə iddiaçının müraciəti əsasında satılmış və altı ay istifadə edilmiş avadanlıqlar cavabdeh tərəfindən geri götürülmüş, bunun səbəbi həmin dövrə təsadüf edən pandemiya şəraiti ilə əlaqədar gözəllik salonlarının bağlanması, iddiaçının sahibkarlıq fəaliyyətində maneələrin yaranması olmuşdur. Cavabdeh nə qüvvədə olan qanunvericiliklə, nə də tərəflər arasında baglanmış müqavilə ilə belə bir öhdəlik daşımamasına baxmayaraq, o zaman olan şəraiti nəzərə alaraq, iddiaçıya qarşı humanizm və işgüzar etika göstərmiş və avadanlığın geri qaytarılmasına etiraz etməmişdir. Bununla belə avadanlığın geri qaytarılmasını təsdiq edən aktdan görünür ki, tərəflər “FQ tipli aparat” cavabdehə qaytarıldıqdan sonra, müəsisənin köməkliyi ilə nə zaman satılarsa o zaman aparatın alıcıya çatacaq dəyəri geri qaytarılacaq şərtini müəyyən etmişlər. Buna baxmayaraq avadanlıq işlənmiş vəziyyətdə olduğundan satılmamışdır. İddiaçı iddia ərizəsində avadanlığın cavabdeh tərəfindən satıldığını bildirsə də, bunu sübut edəcək heç bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Onu da nəzərə almaq lazımdır ki, yeni vəziyyətdə olan avadanlığın satış qiymətinin 12000 manat olmasına baxmayaraq 6 ay işlədilmiş eyni tipli malın həmin qiymətə satıla bilməsi ehtimalı mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, avadanlıq satış qiyməti tam ödənilmədən 6 ay müddətində iddiaçının sahibliyində və istifadəsində olmuş, bu müddət ərzində cavabdeh həmin avadanlıqdan kommersiya məqsədləri üçün istifadə etmək və avadanlıq üzərində sərəncam vermək imkanlarından məhrum olmuşdur. Nəzərə alınsa ki, belə bir avadanlığın aylıq minimum icarə haqqı 1500 manat təşkil edir, belə qənaətə gəlmək olar ki, iddiaçının avadanlıq üçün ödədiyini iddia etdiyi məbləğ cavabdehin bu zaman kəsiyi ərzində həmin avadanlıqdan əldə edə biləcəyi gəlirdən qat-qat azdır. Bununla da, iddiaçının hazırki tələbi nəinki qüvvədə olan mülki qanunvericilik və tərəflər arasında baglanmış müqavilə, hətta sadə məntiq və qəbul edilmiş işgüzar adətlər baxımından da əsassızdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında etirazın məzmununa uygun izahat verdi və əlavə olaraq bildirdi ki, avadanlıq istifadə olunduğu üçün satılması mümkün olmamış, ehtiyat hissələrinə bölünərək istifadə olunmuşdur. Sonda cavabdehin nümayəndəsi və vəlkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 28 may 2020-ci il tarixli 123 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehdən dəyəri 12 000 manat olan FQA20-4 GOY model kosmetoloji avadanlıq almışdır. Satılan malın dəyərinin 2000 manat məbləğini - ilkin ödənişi edildikdən sonra qalıq məbləğinin isə 12 ay ərzində kredit cədvəlinə müvafiq olaraq ödəniş tarixindən gec olmayaraq, kredit şəkilində nağd ödəməyi alıcı öz üzərinə götürmüşdür. Tərəflərin təsdiq etdiyi Satılmış avadanlıqların (müqavilə üzrə) qaytarılması barədə 20 noyabr 2020-ci il tarixli aktdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, “İADƏ AKTİ” ilə sənədləşdirilərək, təhvil aldığı avadanlıqları cavabdehə qaytarmışdır. 3 ədəd mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 500, 1500 və 400 manat məbləgində ödənişlər olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 28 may 2020-ci il tarixli 123 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən dəyəri 12000 manat olan FQA20-4 GOY model kosmetoloji avadanlıq almışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 2000 manat ilkin ödəniş etmiş, sonradan isə 850 manat, 150 manat və 400 manat olmaqla ümumilikdə 3400 manat məbləğində pul vəsaiti ödəmişdir. 20 noyabr 2020-ci il tarixdə tərəflərin qarşılıqlı razılıgı əsasında avadanlıq iddiaçı tərəfindən cavabdehə qaytarılmış, lakin iddiaçının ödədiyi məbləğlər ona geri qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, sonradan iddiaçı alınan malı cavabdehə qaytarmış, cavabdeh isə iddiaçının aldıgı mala görə ödədiyi pulu geri qaytarmamış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, alqi-satqı müqavilıəsinin predmeti olan avadanlıq iddiaçı tərəfindən tərəflərin qarşılıqlı razılığı əsasında geri qaytarıldığından cavabdehə ödənilmiş 3400 manat pul məbləgi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən mediasiya xərci ödənildiyindən 54 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 3400 (üç min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. Cavabdehndən 54 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2783/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2783/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver