Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2786/2021 08.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 270,08 (iki yüz yetmiş manat səkkiz qəpik) manatın və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 290,08 (iki yüz doxsan manat səkkiz qəpik) manat məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16.09.2019-cu il tarixli, SX19/179 saylı “alqı-satqı” müqaviləsi bağlanılmışdır. Daha sonra 29.10.2019-cu il tarixli, HBN/2 seriyalı, 697650 nömrəli “Malların Təhvil-Qəbul Aktı”na və 31.10.2019-cu il tarixli, HBN/2 seriyalı, 697700 nömrəli “Malların Təhvil-Qəbul Aktı”na əsasən, Cavabdeh MMC İddiaçı MMC-dən cəmi 270,08 (iki yüz yetmiş manat səkkiz qəpik) manat dəyərində müxtəlif “mallar” qəbul etsə də, həmin “malların” dəyərini hazırkı vaxtadək şirkətə ödəməmişdir. Göstərilən məbləğdə “mallar”ın şirkət tərəfindən qəbul edilməsini qeyd olunan “malların təhvil-qəbul A\aktları” bir daha sübut edir. Ödənişin həyata keçirilməsi üçün şirkətə 29.10.2019-cu il tarixdə və 31.10.2019-cu il tarixdə elektron qaimələr də göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndə vasitəsilə şirkətin rəhbəri ilə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin hər hansı bir ödəniş həyata keçirilməmişdir. Daha sonra cavabdehə 09.04.2021-ci il tarixli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu 12.04.2021-ci il tarixdə rəsmi şəkildə qəbul etsə də borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında 16.09.2019-cu il tarixli, SX19/179 saylı “alğı-satqı” müqaviləsinə əsasən, “satıcı” (İddiaçı MMC) özünün istehsal etdiyi müxtəlif növ malları “alıcı”ya (Cavabdeh MMC) satmaqla onun mülkiyyətinə verməyi, “alıcı” isə həmin “məhsulları” qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “satıcı” bu müqavilə qüvvəyə mindikdən sonra “alıcı” nın müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla “məhsul”ları “alıcı”ya nağd və ya nisyə satış qaydasında təhvilqəbul aktı əsasında verir və “alıcı”nın özü və ya səlahiyyəyli nümayəndəsi təhvil-təslim aktını imzalamaqla onu qəbul edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, “alıcı” təvil-qəbul aktı üzrə qəbul etdiyi məhsulun dəyərinin məhslu təhvil aldığı tarixdən etibarən “satıcı” tərəfindən təqdim olunmuş vergi hesab fakturasına uyğun olaraq 15 gün ərzinddə, “satıcı”ya ödəməlidir. “Alıcı”nın il sonunda “satıçı”ya olab bütün borcları tam şəkildə ödənilməlidir. Satılmış məhsulun dəyəri “alıcı” tərfindən “satıcı”nın bank hesabına nağdsız köçürmə yolu ilə ödənilir. Ödənilmiş pul vəsaitinin “satıcı”nın bank hesabına “oturduğu” gün ödəniş günü hesab olunur. Satılmış məhsulun dəyəri “satıcı” ya vaxtında ödənilmədikdə, “alıcı”nın yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir. İş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli, HBN/2 seriyalı 697650 nömrəli malların təhvil-qəbul aktına əsasən 90,05 manat dəyərində məhsul və 31 oktyabr 2019-cu il tarixli, HBN/2 seriyalı 697700 nömrəli malların təhvil-qəbul aktına əsasən 180,02 manat dəyərində məhsul Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan EBAB seriyalı 780951 nömrəli 29.10.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 90.05 manat məbləğində və EBAB seriyalı 917480 nömrəli 31.10.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 180,02 manat məbləğində məhsulun dəyərinin ödənilməsi barədə Cavabdeh MMC-yə qaimə ünvanlanmışdır. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli, 058 saylı pretenziyaya əsasən 16.09.2019-cu il tarixli SX19/179 saylı müavilə üzrə 270,08 manat dəyərində borcun pretenziya alındığı tarixdən etibarən 7 gün ərzində ödənilməsi tələb olunmuş əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda məhkəmə, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 270,08 ( iki yüz yetmiş manat, səkkiz qəpik) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 290,08 (iki yüz doxsan, səkkiz qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 270,08 ( iki yüz yetmiş manat, səkkiz qəpik) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 290,08 (iki yüz doxsan, səkkiz qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2786/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2786/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver