Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2787/2023 14.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsliyyətli Cəmiyyətinə qarşı «borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas və cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 46266 manat məbləğində əsas borcun, borcu gecikdirdiyinə görə 9762,97 manat dəbbə pulu olmaqla, cəmi 56028,97 manat borcun və 259 manat mediasiya xərci və dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində bir tərəfdən satıcı İddiaçı MMC (VÖEN-**********) digər tərəfdən alıcı Cavabdeh MMC (VÖEN**********) arasında kombi məhsullarının 11/21 saylı Alqı-satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən alıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırılma protokolu”nda göstərilən malı satıcıdan almağı, malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli “Qiymətlərin razılaşdırılma protokolu”nda qeyd olunur ki, 1) 1 ədədinin qiyməti 525.4237 manat olan – 30 ədəd KOMBİ 24, cəmi 15762.71 manat, 2) 1 ədədinin qiyməti 610.1695 manat olan – 25 ədəd KOMBİ 24 warmh, cəmi 15254.24 manat, 3) 1 ədədinin qiyməti 711.8644 manat olan – 15 ədəd KOMBİ 28 warmh, cəmi 10677.97 manat, 4) 1 ədədinin qiyməti 805.0847 manat olan – 15 ədəd KOMBİ 32 warmh, cəmi 12076,27 manat, 5) 1 ədədinin qiyməti 10 manat olan – 500 ədəd radiatr sek, cəmi 5000 manat olmaqla yekun 69350 (58771.19 manat və ƏDV məbləği 10578.81 manat)) manat məbləği dəyərində mallar alıcıya satılmışdır. Onların dəyərindən qalan 46266 manat məbləğində borcun ödənilməmiş qalmaqdadır. Borcun məbləğinin 46266 manat olması qarşılıqlı şəkildə xx.xx.2022-ci il tarixdə üzləşmə aktı ilə təsdiqlənmişdir. Cavabdehə pretenziya göndərilmiş, mediasiya təklifi təqdim edilmiş, lakin bugünədək cavabdeh ödənişi həyata keçirmir. Tərəflər arasında bağlanmış müqavilənin 5.4.1-ci bəndinə əsasən alıcı satıcıya malın qiymətini ödəmək vəzifəsi daşıyır. Müqavilənin 6.3-cü bəndinə əsasən alıcı malların qiymətini müqavilə ilə nəzərdə tutulmuş vaxtda ödəmədikdə, hər gecikdirilmiş gün üçün bu müqavilənin ümumi qiymətinin 0,1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində imzalanmış üzləşmə aktına əsasən 46266 manat məbləğində borc müəyyən edilmişdir. Həmin tarixdən etibarən borc ödənilmədiyindən xx.xx.2023-cü il tarixinə qədər hesablanmış cərimə məbləği 9762,97 manat təşkil edir. Cavabdehdən 46266 manat əsas borcu, 9762,97 manat cərimə borcu olmaqla, cəmi 56028,97 manat məbləğində borcun məhkəmə qaydasında tutulması zəruridir. İddiaçı tərəfindən mediasiya xərci üçün 200 manat mediasiya xərci ödənilmişdir. İddiaçı pretenziya məktubu göndərmiş, mediasiya ilə bağlı təklif göndərmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, üzləşmə aktını şirkətin baş mühasibi imzalayıb, yəni borcun yaranma əsası barədə məlumatsız olan bir şəxs tərəfindən. Həmin ərəfədə onun işdən çıxması ilə bağlı məsələ qalxmışdı və o, qərəzli şəkildə bu üzləşmə aktını imzalamışdır. Cavabdehin borcu istənilən məbləğdən daha azdır. Şirkət tərəfindən qarşı tərəfə 10000 manat dəyərində olan məhsulların qaytarılması təklif olunmuşdur, lakin onlar bundan imtina ediblər. Hazırda bununla bağlı bir razılığa gəlmək üçün qarşı tərəflə danışıqlar aparmaq niyyətində olduqlarını, 46266 manat borcun qalmadığını, cəmi 38.000 manat məbləğində borcun olmasını qəbul etdiklərini izahatına əlavə etdi.
III.Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
5. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
6. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 11/21 saylı alqı-satqı müqaviləsinə əsasən:
7. Müqavilənin predmeti
8. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırılması protokolunda göstərilən malı satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir, satıcı isə həmin malları müqavilə ilə razılaşdırılmış qaydada, vaxtda və keyfiyyətdə alıcıya satmağı, onun mülkiyyətinə verməyi öhdəsinə götürür.
9. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malı satıcı alıcının sifarişi əsasında razılaşdırılmış ünvana çatdırır, eyni zamanda başqa cür nəzərdə tutulmamışdırsa, quraşdırılmasını təmin edir.
10. Müqavilənin qiyməti və ödəniş qaydası
11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (hesab, qaimə faktura, qiymət razılaşma protokolları və s.) göstərilir.
12. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən mallar təchiz olunduqdan sonra hər 30 gündən bir alıcı satıcıya satılmış malların hesabatını təqdim etməlidir. Satılmış malların hesabatında göstərilən saya görə qiymətlərin razılaşma protokolunda nəzərdə tutulan məbləğ əsasında satıcı hesab-faktura təqdim edir. Alıcı hesab-faktura əsasında ödənişi 3 gün ərzində köçürmə yolu ilə həyata keçirir.
13. Malların çatdırılması və təhvil verilməsi qaydası
14. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən mal alıcının sifarişinin verildiyi tarixdən 5 gün ərzində, alıcının bildirdiyi ünvana çatdırılır və başqa cür nəzərdə tutulmamışdırsa, quraşdırılaraq təhvil verilir.
15. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhviltəslim aktını və/ və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar (e-qaiməni təsdiq edirlər).
16. Tərəflərin hüquq və vəzifələri
17. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən satıcının hüquqları:
18. Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən alıcıdan malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qayda ödənilməsini tələb etmək;
19. Həmin müqavilənin 5.1.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini kobud şəkildə pozduqda, müqavilənin icrasından birtərəfli imtina etmək;
20. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən mal təhvil verərkən mala ətraflı baxış keçirilməsini və qüsurların olmadığı halda təhvil-təslim aktını imzalamağı tələb etmək.
21. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən satıcının vəzifələri:
22. Həmin müqavilənin 5.2.1-ci bəndinə əsasən malı bu müqavilənin şərtlərinə uyğun olaraq alıcıya təhvil vermək;
23. Həmin müqavilənin 5.2.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək.
24. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən alıcının hüquqları:
25. Həmin müqavilənin 5.3.1-ci bəndinə əsasən satıcıdan malın bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ona təhvil verilməsini tələb etmək;
26. Həmin müqavilənin 5.3.2-ci bəndinə əsasən satıcı bu müqavilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, müqavilənin icrasından birtərəfli imtina etmək və satıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək;
27. Həmin müqavilənin 5.3.3-cü bəndinə əsasən satıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu müqavilə ilə müəyyən edilmiş cərimələri tətbiq etmək;
28. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən alıcının vəzifələri:
29. Həmin müqavilənin 5.4.1-ci bəndinə əsasən malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada satıcıya ödəmək;
30. Həmin müqavilənin 5.4.2-ci bəndinə əsasən malın qüsurlarını aşkar etdikdə dərhal satıcıya məlumat vermək;
31. Həmin müqavilənin 5.4.3-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək.
32. Tərəflərin məsuliyyəti
33. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən satıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda malı alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, alıcı satıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin ümumi qiymətinin 0.1% həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər.
34. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən alıcı malların qiymətini müqavilə ilə nəzərdə tutulmiş vaxtda ödəmədikdə, hər gecikdirilmiş gün üçün bu müqavilənin ümumi qiymətinin 0.1% həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər.
35. 01 noyabr 2021-ci il tarixli 11/21 tarixli alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavəsinə əsasən (1 saylı qiymətlərin razılaşdırma protokolu) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılacak malların giyməti 69350 (58771,19 manat + 10578,814 manat ƏDV) manat müəyyən edilmişdir.
36. 17.11.2021-ci il tarixli, EBBM seriyalı, 111564 saylı elektron qaiməyə əsasən 58771,19 manat dəyərində (10578 manat ƏDV) və xx.xx.2022-ci il tarixl, EBBY seriyalı, 277845 saylı elektron qaiməyə əsasən isə 827,12 manat dəyərində (148,8 manat ƏDV) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır.
37. İşdə olan xx.xx.2021-ci il tarixli REF 000İCZ********** saylı hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə EBBM seriyalı, 111564 saylı elektron qaimə üzrə 11933,9 manat dəyərində və xx.xx.2022-ci il tarixli REF 000İCZ122110020B saylı hesabdan çıxarışa əsasən isə 8455,93 manat məbləğində ödəniş edilmişdir.
38. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMCnin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixinə alınmış məhsullar üzrə 46266 manat (ƏDV daxil) ödənilməmiş borcu qalmışdır.
39. İddiaçı MMC-nin mühasibat uçotu arayışına əsasən xx.xx.2023-cü il tarixində qarşı tərəflərlə hesablaşmaların inventarlaşdırılması nəticəsində Cavabdeh MMC-nin debitor borcları aşkar edildiyi və onlar üçün məhdudiyyət müəyyən edildiyi, xx.xx.2021-ci il tarixli 11/21 saylı alqı-satqı müqaviləsinin 6.3-cü bəndinə əsasən alıcı satıcıdan hər gecikdirilən hər iş günü üçün ümumi borcun 46266 manatının 0.1% həcmində olan cəriməni qarşı tərəfə ödəməli olduğu və xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər müəyyən edilərək hesablanmış cərimənin məbləğinin 9762,97 olması qeyd olunmuşdur.
40. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 46266 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəməmişdir.
43. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
44. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
45. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.2-ci bənidnə əsasən satıcı hesab faktura təqdim edir və alıcı həmin hesabfaktura əsasında 3 gün müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.
46. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
47. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
48. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
49. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
50. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 46266 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 46266 manat borcun tutulması ilə bağlı əsaslıdır və ödənilməmiş həmin borc Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
51. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 11/21 saylı alqı-satqı müqaviləsinin 6.3-cü bəndinə əsasən hesablanmış 9762,97 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
52. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
53. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
54. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
55. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 2313 manat məbləğində müəyyən edilməlidir.
56. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 46266 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 46266 manat əsas bоrc, 2313 manat dəbbə pulu, cəmi 48579 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
57. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 200 manat və dövlət rüsumu qismində 59 manat ödəniş edilmişdir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
60. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (48579 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 236 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli, 11/21 saylı alqı-satqı müqaviləsi üzrə 46266 (qırx altı min iki yüz altmış altı) manat əsas borc məbləği və 2313 (iki min üç yüz on üç) manat məbləğində dəbbə pulu olmaqla cəmi 48579 manat və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 236 (iki yüz otuz altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova