Məhkəmə qərarları › İş №e-2-2(113)-2793/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2793/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2793/2024 31.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 03 fevral 2018-ci il tarixli 0302/18 saylı məhsulun alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı istehsal idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürür. - 3.2.7-ci bəndinə əsasən malın dəyərini vaxtında ödəmək alıcının öhdəliyidir. - 7.2-ci bəndinə əsasən bu müqavilə 1 il müddətinə bağlanılır və imzlandığı an qüvvəyə minir. - 7.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin sonuna 10 gün qalanadək tərəflərdən heç biri müqaviləyə xitam verildiyini digər tərəfə rəsmi bildirmədiyi təqdirdə müqavilə eyni müddətə uzadılmış hesab olunur. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

2. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, uçot məlumatlarına əsasən müştərinin (Cavabdeh) xx.xx.2021-ci il tarixinə qalıq borc məbləği 1.786,35 manat təşkil edir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi xahiş edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən cəmi 1.786.35 manat məbləğində pul vəsaitininin, habelə dövlət rüsumuna görə ödənilmiş 40 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə uyğun olaraq cəmiyyət tərəfindən öhdəliyin icra edilməsinə, yəni razılaşdırlmış malların qarşı tərəfə təqdim edilməsinə baxmayaraq, cavabdeh qəbul etdiyi öhdəliyini tam icra etməmiş, müqavilə üzrə yaranmış 1.786,35 manat miqdarında qalıq borcunun ödənişini təmin etməmişdir.

6. Daha sonra iddiaçı tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 1.786.35 manat məbləğində pul vəsaitininin, habelə dövlət rüsumuna görə ödənilmiş 40 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 442, 443.1, 445.1, 445.2 və 448.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin həcminin azaldılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

13. İddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 03 fevral 2018-ci il tarixli 0302/18 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 1.786.35 manat təşkil edir.

20. İddiaçı mübahisəli müqavilə üzrə borcun olması faktını sübuta yetirmək üçün xx.xx.2021-ci il tarixli təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir.

21. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1.786.35 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 40 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

23. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 38 manat təşkil edir.

24. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 03 fevral 2018-ci il tarixli 0302/18 saylı alqı-satqı müqaviləsi üzrə 1.786.35 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 38 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar