Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2795/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 03 may 2023-ci il tarixli, 333 nömrəli mal alqı-satqısı müqaviləsinə və 25 sentyabr 2023-cü il tarixli 1 saylı Əlavəyə əsasən bu günkü tarixə ödənilməmiş 12582,66 manat əsas borc məbləği, 1089,98 manat cərimə borcu olmaqla cəmi 13.672,64 manat pul vəsaitinin, 132,02 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 03 may 2023-ci il tarixli, 333 nömrəli, Mal alqı-satqısı Müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən Alıcı – yəni "xxxx" MMC aldığı malların pulunu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəməyi öz üzərinə götürmüşdür. 25 sentyabr 2023-cü il tarixində tərəflər arasında 333 saylı Alqı-Satqı müqaviləsinə 1 saylı əlavə bağlanmışdır. Həmin Əlavədə 1.1-ci bəndinə əsasən "xxxx" MMC yaranmış olan 11934 mamat borcu 2023-cü ilin noyabr ayında tam ödəyəcəyi barədə öhdəlik götürmüşdür. "xxxx" MMC ilə İddiaçı MMC arasında 03 may 2023-cü il tarixli, 333 nömrəli Mal alqı-satqısı Müqaviləsi bağlanılmışdır və bu Müqavilənin 3.2.2, 4.6 və 6.4-cü bəndlərinə əsasən öhdəlik və məsuliyyət daşıyır. "xxxx" MMC ilə İddiaçı MMC arasında 03 may 2023-cü il tarixli, 333 saylı Mal Alqı satqısı müqaviləsinə və 25 sentyabr 2023-ci il tarixli, 1 saylı, Mal alqı-satqısı Müqaviləsinə edilmiş əlavədən də görünür ki, cavabdehin bugünkü tarixə ödənilməmiş 12582.66 manat əsas borc məbləği, 1089.98 manat cərimə borcu olmaqla cəmi 13672.64 manat məbləğində pul öhdəliyi qalmışdır. Cəmi 13672,64 manat olan iddia tələbi üzrə ödəniləcək 132,02 manat dövlət rüsumu da cavbdehdən tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
9. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 333 saylı mal alqı-satqı və xidmət müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən Hazırkı müqaviləyə əsasən “Satıcı" hazırki müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə verilmiş sifarişə uyğun malları “Alıcının mülkiyyətinə verməyi, “Alıcı” isə “Satıcının satdığı malları qəbul edərək hazırkı müqavilə ilə müəyyən edilmiş qaydada dəyərini“Satıcf ya ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən Hazırkı müqaviləyə əsasən satılan malların hər birinin miqdarı və dəyəri qaimə-faktura ilə müəyyən edilir.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən Malın qiyməti və həmin qiymətlərin qüvvədə olma müddəti hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırma protokolu ilə müəyyən edilir.
13. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcının hüquq və vəzifələri aşağıdakılardır: 3.2.1. Sifariş verilmiş malların vaxtında, sifarişə uyğun şəkildə və müvafiq yerdə təhvil verilməsini tələb etmək. 3.2.2. Aldığı malların pulunu hazırkı müqavilə ilə müəyyən edilmiş qayda və müddətdə ödəmək. 3.2.3.Malları vaxtında təhvil almaq və təhvil alınması ilə bağlı müvafiq sənədləri imzalayaraq Satıcının nümayəndəsinə təhvil vermək. 3.2.4. Pulsuz olaraq istifadə etmək üçün ona verilmiş avadanlıqları qorumaq və təyinatına uyğun istifadə etmək. 3.2.5. İstifadə üçün pulsuz verilmiş avadanlıqlar qırıldığı və ya xarab olduğu təqdirdə öz hesabına həmin avadanlıqların yenisini almaq. 3.2.6. Müqaviləyə xitam verildiyi təqdirdə ya istifadə üçün pulsuz verilmiş doza nasosları istisna olmaqla digər avadanlıqların dəyərini “Satıcı”ya ödəmək və ya doza nasosları və digər avadanlıqları söküb götürməsini təmin etmək. 14.Müqavilənin 4.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən ödənişlər Tərəflər arasında müvafiq Təhvil-Təslim Aktı imzalandıqdan sonra hər aym 10-dan 17-nə (ödəniş günləri) kimi Satıcı tərəfindən təqdim edilmiş hesab-faktura/elektron qaimə-faktura (öncəki aym 1 -dən sonuna kimi olan borcu) əsasmda nağdsız hesablaşma qaydasında və Azərbaycan manatı (AZN) ilə həyata keçiriləcək. Xarici valyutada göstərilmiş qiymətlər müvafiq hesab-faktura üzrə ödənişin həyata keçiriləcəyi tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının hazırkı Müqavilənin imzalandığı tarix üçün müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə hesablanacaq. 15.Müqavilənin 4.5-ci bəndinə əsasən Bu müqaviləyə əsasən satılan məhsulların vahidinin qiyməti və malların ümumi dəyəri ƏDV daxil olmaqla vergi hesab-fakturası ilə müəyyən olunur. 16.Müqavilənin 4.6-cı bəndinə əsasən “Alıcı" faktura üzrə qəbul etdiyi malların dəyərini nağd satış zamanı malın təhvili anında (və ya təhvili anınadək) və nağdsız (bank köçürmə yolu ilə) satış zamanı isə 15 gün (on beş gün) təqvim günü müddətində “Satıcrya ödənilməlidir. 17.Müqavilənin 5.1-ci bəndinə əsasən “Satıcı” alıcının sifariş (və ya tələb) etdiyi malları bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla qaimə-faktura və ya təhvil-təslim aktı əsasında təhvil verir. 18.Müqavilənin 6.4-cü bəndinə əsasən alıcı malların dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəməzsə 15 (on beş ) təqvim günündən sonrakı gecikdirilən hər bir gün üçün ödənişi gecikdirilən məbləğin 0,1% (sıfır tam onda bir) miqdarında (aylıq 3%) dəbbə pulu ödəməlidir. Satıcı sifariş verilən malları müqavilə ilə nəzərdə tutulmuş müddətdə çatdırılmasını təmin etməzsə hər bir gün gecikdirilən malların ümümi məbləğinin 0,1% (sıfır tam onda bir) miqdarında (aylıq 3%) dəbbə pulu ödəməlidir.
19. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 333 saylı mal alqı-satqı və xidmət müqaviləsinə 1 saylı əlavəyə əsasən: 20.Əlavənin 1-ci maddəsinə əsasən Tərəflər bəyan edirlər ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 03 may 2023-ci il tarixli nömrəli Mal Alqı-Satqı və Xidmət Müqavilsinə görə yaranmış 25 sentyabr 2023- cü il tarixinə "xxxx" MMC tərəfindən ödənilməmiş qalan 11934,25 manat (ƏDV daxil) borc məbləğinin 50% hissəsi 2023-ci il okryabr ayı olamqla qalan 50% isə 2023-cu ilin noyabr ayında tam ödəniləcək. 21.Əlavənin 2-ci maddəsinə əsasən Tərəflər bəyan edirlər ki, onların arasında bağlanmış 03 may 2023-ci il tarixli nömrəli Mal Alqı- Satqı və Xidmət Müqavilsinin 4.1 bəndi aşağıdakı kimi oxunsun; 22.4.1 Bu Müqaviləyə əsasən ödənişlər Tərəflər arasında müvafiq Təhvil-Təslim Aktı imzalandıqdan sonra hər növbəti aym 5-10 (ödəniş günləri) kimi Satıcı tərəfindən təqdim edilmiş hesab faktura/elektron qaimə-faktura (öncəki aym 1-dən sonuna kimi olan borcu) əsasında nağdsız hesablaşma qaydasında və Azərbaycan manatı (AZN) ilə həyata keçiriləcək. Xarici valyutada göstərilmiş qiymətlər müvafiq hesab-faktura üzrə ödənişin həyata keçiriləcəyi tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının hazırkı Müqavilənin imzalandığı tarix üçün müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə hesablanacaq. 23.28.09.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə aralarında bağlanmış müqaviləyə və ona əlavəyə əsasən müxtəlif adda və miqdarda mallar təhvil verilmiş və təhvil-təslim aktları hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 24.28.09.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə verilmiş mallara görə elektron qaimələr göndərilmişdir. 25.Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
27. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 12582,66 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini 15 təqvim günü ərzində ödəməli olduğu halda ödənişləri həyata keçiməmiş və cəmi 12582,66 manat əsas borcu yaranmışdır.
28. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
29. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar təhvil verildikdən sonra 15 gün müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.
31. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
32. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
33. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 12582,66 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 12582,66 manat borcun tutulması ilə bağlı əsaslıdır və ödənilməmiş həmin borc cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
36. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsinin müqaviləsinin 6.4-cü bəndinə əsasən hesablanmış 1089,98 manat penyanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
37. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
38. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
39. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu yüksək olmadığından tutulacaq dəbbə pulu 1089,98 manat məbləğində müəyyən edilməlidir.
40. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 132,02 manat məbləğində dövlət rüsumu kimi ödənişlər edilmişdir.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 132,02 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 03 may 2023-ci il tarixli, 333 nömrəli mal alqı-satqısı müqaviləsi və müqavilənin 25 sentyabr 2023-cü il tarixli 1 saylı Əlavəsinə əsasən 12582,66 manat əsas borc məbləği, 1089,98 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 132,02 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova