Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2798/2020 04.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, X1 Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli 28/19 nömrəli alğı-satqı müqaviləsi üzrə yaranmış əsas borca görə 16710 (on altı min yeddi yüz on) manat, faiz borcuna görə 905 (doqquz yüz beş) manat olmaqla cəmi 17615 (on yeddi min altı yüz on beş) manat pul vəsaitinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh məhdud məsuliyətli cəmiyəti arasında xx xxxxxx 2019-cu il tarixli 28/19 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən cəmi 41774 manat dəyərində Membran İzospan AF+(yanmaz) mal alınmışdır. xx.xx.2019-cu il tarixli qaimə ilə 2065 manat dəyərində 700 m2, xx.xx.2019-cu il tarixli qaimə ilə 12180 manat dəyərində 4200 m2 və xx.xx.2019- cu il tarixli qaimə ilə 29029 manat dəyərində 10010 m2 razılaşdırılmış mal “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən müəyyən olunmuş qiymətin 15000 manat hissəsini müqavilə bağlanan gündən 10 iş günü ərzində ilkin ödəniş etməyi, qalan 26774 manat hissəsini 1428 m2 şüşə paket barter etməyi Cavabdeh MMC öhdəsinə götürmüşdür. Lakin qəbul edilmiş malın dəyərinin yalnız bir hissəsi xx.xx.2020-ci il tarixdə 8500 manat ödənilmiş, bir hissəsi də sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 16564 manatlıq şüşə paket ilə barter olunmuşdur. Müqavilə ilə qarşılıqlı razılaşdırılmış 15000 manat ilkin ödənişin verilməsi və barterİn qalan hissəsinin icra edilməsi ilə bağlı müqavilə ilə üzərinə götürdüyü öhdəliklər Cavabdeh MMC tərəfindən tam həcmdə icra edilməmişdir. Beləliklə də Cavabdeh MMC aldığı malın dəyərini tam ödəməmiş, əvəzləşdirməyi öhdəsinə götürdüyü 1428 m2 şüşə paketin İddiaçı MMC- nin mülkiyyətinə verməsinə dair öhdəliyini də icra etməmişdir. Hazırda"Cavabdeh MMC-nin İddiaçıMMC-yə müqavilə üzrə 16710 (on altı min yeddi yüz on) manat borcu qalmışdır. Cavabdeh MMC tərəfindən alınmış malın dəyərinin ödənilməsi ilə bağlı dəfələrlə aparılmış danışıqların heç bir nəticəsi olmamışdır. Bununla bağlı olaraq Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixdə pretenziya məktubu göndərilməsinə baxmayaraq hec bir nəticə olmamış, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayının işdir. Bu vəziyyət İddiaçı MMC-nin əmlak mənafeyinə xeyli miqdarda zərər vurulmasına səbəb olmuşdur. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -0104-P66-40603 nömrəli xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış Nizamnamədən görünür ki, İddiaçı müstəqil təsərrüfat subyekti olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir. -xx.xx.2016-cı il tarixli **********4669000 nömrəli Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. -tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 28/19 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun X2 Konstruksiya üçün malları yəni, Membran İzospan AF+ (yanmaz) orada göstərilən çeşiddə və miqdarda alıcının tam mülkiyyətinə verir, alıcı isə bunun müqabilində malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq satıcıya, ödəyir. -Həmin müqavilənin 1.1. bəndinə əsasən müqavilənin dəyəri 41774.00 (qırx bir min yeddi yüz yetmiş dörd) manatdır. -Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən müəyyən olunmuş qiymətin 15000 manat hissəsini müqavilə bağlanan gündən 10 iş günü ərzində ilkin ödəniş etməyi, qalan 26774 manat hissəsini 1428 m2 şüşə paket barter etməyi cavabdeh "Cavabdeh" MMC öhdəsinə götürmüşdür. -xx.xx.2019-cu il tarixli qaimə fakturaya əsasən, 2065 manat dəyərində 700 m2, xx.xx.2019-cu il tarixli qaimə ilə 12180 manat dəyərində 4200 m2 və xx.xx.2019- cu il tarixli qaimə ilə 29029 manat dəyərində 10010 m2 razılaşdırılmış mal “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. -xx xxxxxx 2019-cu il tarixli 28/19 nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırma protokolundan görünür ki, iddiaçı X2 Konstruksiya üçün mallar yəni, Membran İzospan AF+ (yanmaz) orada göstərilən çeşiddə və miqdarda razılaşdırılmış mal “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.Protokol tərəflərin səlahiyyətli nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx.xx.2020-ci il tarixli 11 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 16710 AZN borc məbləğinin 10 gün muddətində könüllü olaraq ödəməsini təklif etmişdir. Əks təqdirdə tərəflər arasında bağlanmış müqaviləyə eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq ödənilməyən məbləğin, dəymiş zərərin məhkəmə yolu ilə tələb ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli 28/19 nömrəli alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı iki tərəfin razılaşdığı qaydada verilmiş sifarişə uyğun X2 Konstruksiya üçün malları yəni, Membran İzospan AF+ (yanmaz) orada göstərilən çeşiddə və miqdarda cavabdehin tam mülkiyyətinə verir, cavabdeh isə bunun müqabilində malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq iddiaçıya, ödəyir. İddiaçı tərəfindən cavabdehə müxtəlif növ mallar göndərilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin iddiaçıya hazırki vaxta olan borcu ümumilikdə 16.710 AZN təşkil edir. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş malların dəyərini-16.710 AZN məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borc üzrə 6500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində, həmçinin 16.710 manat əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 905 AZN faiz məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə (faiz) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulu ödənilməsini tələb etməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə yaranmış 6500 AZN məbləğində əsas borc tutularaq “xxxx” MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat (otuz) dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya, 20 (iyirmi) manat hissəsi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli 28/19 nömrəli alqı-satqı müqaviləsi üzrə 6500 AZN məbləğində əsas borc Cavabdehndən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş 30 manat (otuz) dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya, 20 (iyirmi) manat hissəsi cavabdehə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2798/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2798/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver