Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-280/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqavilənin icra təminatı olan bank zəmanəti faizinin hesablanması məbləğinin azaldılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin xeyli hissəsinin İddiaçı MMC tərəfindən yerinə yetirilərək, “xxxx” QSC-yə təhvil verilməsinin nəzərə alınması və 10% bank zəmanəti tutulan məbləğ, tamamlanmamış qalıq işlərə proporsional qaydada azaldılaraq, 2422339,85 ABŞ dolları məbləğində müəyyən edilməsi, cavabdehin günahı ucbatından 5 il ərzində iddiaçı tərəfindən əlavə olaraq lüzumsuz yerə ödənilmiş ******* ABŞ dolları məbləğində maliyyə vəsaitini cavabdehdən tutularaq iddiaçının hesabına keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, birgə fəaliyyət göstərən “Optima Group” şirkəti və İddiaçı MMC ilə “xxxx” QSC arasında 03 avqust 2012-ci il tarixində AZRTTFP- DSİ-PO-2İCB nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, müəyyən məbləğ müqabilində iddiaçının Bakı- Böyük Kəsik dəmir yolu dəhlizində elektrik təchizatı və bununla əlaqədar digər işləri görməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin müqavilənin “Xüsusi şərtləri”nin 13.3.1-ci bəndində xidmətlərin bir hissəsi üçün, işlərin vaxtında tamamlanmasının təminatı olaraq, müqavilə məbləğinin 10%-i həcmində bank zəmanəti nəzərdə tutulmuşdur. Elə həmin “Xüsusi şərtlərin” 13.3.2-ci bəndinə əsasən (bölmə İX) müqavilə formalarında göstərilmiş “Bank zəmanətləri”, bu sənədə (yəni əsas müqaviləyə) əlavə olunmalıdır. İddiaçı müqavilə öhdəliklərini ümumilikdə 90%-dən çoxunu icra etməsinə və aktla təhvil verməsinə baxmayaraq, ondan müqavilə məbləğinin (əvvəllər 10%-i, indi isə) 8%-i həcmində təminat tutquları aparılmaqdadır. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq, Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində ümumi üzunluğu 792.3 km olması nəzərdə tutulan “Kontakt şəbəkə”nin 787.7 km-ni quraşdıraraq, cavabdehə təhvil vermişdir. Bu iş həcminin 99,37%-ni təşkil edir. Həmin şəbəkələr hal-hazırda cavabdeh tərəfindən istismar olunmaqdadır. Müqavilənin 24.6-cı bəndinə əsasən, qurğuların istifadə olunmağa başlama tarixi işin tamamlanması tarixi hesab olunur. Digər tərəfdən, kontakt şəbəkələrin quraşdırılması üzrə işlərin müqavilə məbləği 221333987,3 ABŞ dolları təşkil edir və bu məbləğin 219939583,8 ABŞ dolları istismar olunan (tamamlanmış) sahənin payına düşür. Müqavilənin “Xüsusi şərtləri”nin 13.3.3-cü bəndinə əsasən əgər işlərin bir hissəsi tamamlanaraq təhvil verilmişdirsə, bank zəmanəti məbləği də uyğun olaraq, proporsional qaydada azaldılmalıdır. Qeyd olunanlardan əlavə "İddiaçı" aktla təhvil verilmiş dartı yarımstansiyalarının saxlanması, mühafizəsi, təmiri və istismarı xərclərini də bu günədək öz hesabına ödəməkdədir. Məlum məsələdir ki, bunlar müqavilədə nəzərdə tutulmayan əlavə maliyyə itkiləri deməkdir. Kontakt şəbəkələrdə sabit cərəyandan dəyişən cərəyana keçirilməsi işləri üzrə öhdəliklər 81,86%, SCADA sistemi avadanlıqlarının quraşdırılması üzrə öhdəliklər isə 80% həcmdə icra olunmuşdur. Vaxtında icra oluna bilməyən işlərə görə məsuliyyət, öz öhdəliklərinə vaxtında əməl etmədiyinə görə, yenə cavabdehin üzərinə düşür. Tamamlanmış sahələrdə alçaq gərginlikli stansiyaların işıqlandırılması, dəmir yolu binalarında xidmətlərin və digər elektrik, mexaniki avadanlıqların qurşdırılması, sınaqdan çıxarılması işləri 62% icra olunaraq tamamlanmışdır. Tamamlana bilməyən işlər, yenə cavabdehin öz işinə səhlənkarlığı səbəbindən olmuşdur. Müqavilə üzrə digər öhdəlik olan, sökülmüş avadanlığın ərazidən kənarlaşdırılması və anbarlaşdırılması, dayaqların yeniləri ilə əvəzlənməsi və sahənin tullantılardan təmizlənməsi üzrə öhdəliklər də iddiaçı tərəfindən 86% icra olunmuşdur. Yuxarıda sadalanan bütün işlər iddiaçı tərəfindən cavabdehə “İstismara təhvil sertifikatı” əsasında təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə təminat məbləğinin azaldılması barədə müraciət ünvanlandıqdan sonra, 10 iyul 2020-ci il tarıxdə bu məbləğ 35780500 ABŞ dollarından 23535904,4 ABŞ dollarına endirilmişdir. Yeni məbləğ ümumi iş həcminin 59,16%-ni təşkil edir. Əslində isə icra olunan ümumi iş həcmi 93,23%-dir. Yəni, qalan (və ya tamamlanmayan) iş həcmi 6,77%-dir. Uyğun olaraq, zəmanət faizinə cəlb olunmalı məbləğ də bu rəqəmə görə hesablanmalıdır, bu da 2422339,85 ABŞ dolları təşkil edir. Qeyd olunanları nəzərə alsalar, iddiaçının külli miqdarda ziyana uğradığını görərlər. Bu proses hələ də davam etməkdədir. Bundan əlavə hər bir mənzil üzrə təhvil-təslim həyata keçirilən gündən etibarən iddiaçı tərəfindən quraşdırılmış kontakt şəbəkə 2015-ci ildən “xxxx” QSC tərəfindən istismar edilməsinə və qatarların hərəkəti təmin olunmasına baxmayaraq, cavabdehin günahı ucbatından 5 il ərzində iddiaçı tərəfindən ******* ABŞ dolları məbləğində əlavə olaraq lüzumsuz yerə faiz ödəmişdir. Sözügedən müqavilənin ümumi şərtlərinin 13.3.3-cü maddəsində göstərilmişdir ki, Xüsusi Şərtlərdə əksi göstərilməyincə, təminat İstismara qəbul etmə sertifikatının tarixi üzrə təminat məbləğinin yarısına qədər azaldılmalıdır. Təminat, malların/xidmətlərin tamamlanmasından 540 gün sonra və ya malların/xidmətlərin istismara qəbul olunmasından 365 gün sonra (hansı tez baş verərsə) sıfıra çevrilməli və öz hüquqi qüvvəsini itirməli və ya ayrıca bir tamamlama vaxtının təmin olunduğu malların/xidmətlərin hissələri üçün müqavilə qiymətinə proporsional olaraq azaldılmalıdır. Bank zəmanəti hər hansısa müqavilə üzrə tərəfin öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə müqavilənin tərəflərindən hər hansı birinə müəyyən bir məbləğ ödəmək üçün bankın yazılı öhdəliyidir, şərh olunan vəziyyətdə isə onlar tərəfindən üzərlərinə düşən bütün öhdəliklər demək olar ki, yerinə yetirildiyindən qarşı tərəfin, yəni cavabdehin hər hansısa maliyyə itkisi ilə üzləşməsi şansı sıfıra bərabərdir. Odur ki, zəmanət öhdəliyinin saxlanılması heç bir tərəfin maraqında olmamalıdır. Beynəlxalq Ticarət Palatası ilk tələb zəmanətləri üçün vahid qaydaların 8-ci maddəsinə əsasən verilmiş zəmanətin ümumi məbləği müəyyən müddətdən sonra və ya müəyyən işlərin tamamlandığında, müvafiq sənədlər zəmanət verənə təqdim edildikdə, azaldıla bilər. Odur ki, hesab edirlər ki, bank zəmanətinin hesablanmalı olduğu məbləğ, tamamlanan və təhvil verilən işlər çıxılmaqla, qalıq iş həcminə uyğun məbləğdə, proporsional şəkildə azaldılmalı və yalnız mövcud sübutedici sənədlər olduqda bank, hesab sahibi ilə razılaşdırıldıqdan sonra bank əməliyyatları aparmalıdır. Yuxarıda qeyd olunanlar barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına və mübahisənin məhkəməyə qədər dinc yolla həll edilməsi cəhdlərinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, müqaviləyə əsasən iddiaçı tərəfindən dörd seksiya üzrə müvafiq olaraq Böyük Kəsik-Gəncə (1-ci seksiya), Gəncə-Ucar (2-ci seksiya), Ucar-Hacıqabul (3-cü seksiya) və Hacıqabul-Bakı (4-cü seksiya) dartı yarımstansiyaları, elektrik təchizatı və digər komponentlər daxil olmaqla Bakı-Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin layihələndirilməsi, təchizatının və quraşdırılması işləri görüləndən sonra sahə üzrə deyil, bütövlüklə hər bir seksiya aid Sabit Cərəyan şərtləri altında Kontakt Şəbəkə Mənzillərinin İstismara verilməsi Sertifikat alınmalı, bundan sonra istismara verilmiş qurğu və cihazlarda 365 gün zəmanət dövründə heç bir qüsur aşkar edilmədikdə müqavilənin xüsusi və ümumi şərtlərinin 13.3.3-cü bəndlərinə əsasən hər bir seksiyaya münasibətdə bank zəmanətinin məbləği 25% azaldılmalıdır. Göründüyü kimi azalmanın əsas şərtləri hər bir seksiyaya aid Sertifikatın alınması daha sonra 365 gün zəmanət dövrü keçməsi olsa da, iddiaçı ümumiyyətlə birinci şərti yerinə yetirməyərək 4 seksiyasından heç birinə aid bütövlüklə istismara verilməsi ilə bağlı Sertifikat almamışdır. Lakin buna baxmayaraq cavabdeh “xxxx” QSC İddiaçı MMC-yə güzəştə gedərək əsas müqaviləyə 5 nömrəli 22.06.2020-ci il tarixli Əlavə imzalamış və 39780500 ABŞ dolları məbləğində bank zəmanətinin məbləğini 16244595,60 ABŞ dollar həcmində azaldaraq 23535904,40 ABŞ dolları həcmində müəyyən etmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 03 avqust 2012-ci il tarixli, AZRTTFP-DSİ-PQ-2İCB nömrəli dartı yarımstansiyaları, elektrik təchizatı və digər komponentlər daxil olmaqla Bakı-Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin layihələndirilməsinin, təchizatının və quraşdırılmasının satınalmaları üzrə müqavilədən görünür ki, (sifarişçi) “xxxx” QSC ilə, iddiaçı (podratçı) “Optima Group” və İddiaçı (Optima-Atef BFŞ) aralarında müəyyən məbləğ müqabilində iddiaçının Bakı- Böyük Kəsik dəmir yolu dəhlizində elektrik təchizatı və bununla əlaqədar digər işləri görməsi nəzərdə tutulmuşdur. Müqavilənin qiyməti ********* ABŞ dolları təşkil edir (2.1-ci bənd). Predmet üzrə işlərin başa çatma tarixi: 1-ci (Böyük-Kəsik-Gəncə) seksiya üzrə müqavilənin qüvvəyə minmə tarixindən sonra 60 ay (18 iyun 2018-ci il); 2-ci (Gəncə-Ucar) seksiya üzrə müqavilənin qüvvəyə minmə tarixindən sonra 66 ay (18 dekabr 2018-ci il); 3cü (Ucar-Hacıqabul) seksiya müqavilənin qüvvəyə minmə tarixindən sonra 84 ay (18 iyun 2020-ci il) və 4-cü (Hacıqabul-Bakı) müqavilənin qüvvəyə minmə tarixindən sonra 84 aydır (18 iyun 2020-ci il). Müqavilənin “Xüsusi şərtləri”nin 13.3.1-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməsi təminatının məbləği mallar üçün və ya ayrıca tamamlama vaxtının müəyyən olunduğu malların və əlaqəli xidmətlərin bir hissəsi üçün Müqavilə Qiymətinin faizi kimi: Müqavilə məbləğinin 10%-i həcmində olmalıdır. Müqavilənin “Xüsusi şərtləri”nin 13.3.3-cü bəndinə əsasən müqavilənin yerinə yetirilməsi təminatının məbləği hər bir sahənin və hər bir sahəyə xidmət edən dartı yarımstansiyalarının qüsurlara görə öhdəlik dövrünün tamamlanması üzrə 25% azaldılmalıdır. Müqavilənin “Ümumi şərtləri”nin Təminatlar bölməsinin 13.3.3-cü bəndinə əsasən Xüsusi Şərtdə əksi göstərilməyincə, təminat istismara qəbul etmə sertifikatının tarixi üzrə təminat məbləğinin yarısına qədər azaldılmalıdır. Təminat, malların/xidmətlərin tamamlanmasından 540 gün sonra və ya malların/xidmətlərin istismara qəbul olunmasından 365 gün sonra (hansı tez baş verərsə) sıfıra çevrilməli və öz hüquqi qüvvəsini itirməli və ya ayrıca bir tamamlama vaxtının təmin olunduğu malların/xidmətlərin hissələri üçün müqavilə qiymətinə proporsional olaraq azaldılmalıdır, lakin, əgər qüsurlara görə öhdəlik dövrü bu sənədin Ümumi şərtlərinin 27.8-ci maddəsinə əsasən qurğuların istənilən hissəsi üzrə uzadılmışsa, Podratçı həmin hissənin müqavilə qiymətinə proporsional məbləğdə əlavə təminat verməlidir. Təminat onun qüvvədə olma vaxtının bitməsindən dərhal sonra Podratçıya geri qaytarılmalıdır, lakin bu şərtlə ki, Podratçı Ümumi şərtlərin 27.10-cu alt-bəndinə müvafiq olaraq uzadılmış qüsurlara görə öhdəlik dövrü üçün öhdəlik daşısın, müqavilənin yerinə yetirilməsi təminatı Ümumi şərtlərin 27.10cu maddəsini rəhbər tutaraq Xüsusi şərtlərdə göstərilmiş müddət və məbləğ üzrə uzadılmalıdır. 29 yanvar 2019-cu il tarixli, 03/120 nömrəli bank qarantiyasının verilməsinə dair müqavilədən görünür ki, Qarant – “xxxx” ASC Prinsipalın - İddiaçı müraciəti ilə, prinsipal tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş illik faiz və birdəfəlik xidmət haqqı ödəməsi şərti ilə Bank qarantiyası verir. Qarantiya ilə təmin edilən öhdəlik: 1) “xxxx” QSC (benefisiar) ilə prinsipal arasında bağlanmış 03.08.2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə və həmin müqaviləyə 15.01.2018-ci il tarixli, 3 saylı Əlavəyə əsasən prinsipalın öhdəliklərinin yerinə yetirilməsilə bağlı Avans qarantiyası; 2) “xxxx” QSC (benefisiar) ilə prinsipal arasında bağlanmış 03.08.2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə və həmin müqaviləyə 15.01.2018-ci il tarixli, 3 saylı Əlavəyə əsasən prinsipalın öhdəliklərinin yerinə yetirilməsilə bağlı İcra qarantiyası; Qarantiyanın məbləği avans üzrə 13230095,36 ABŞ dolları; İcra üzrə 39780500 ABŞ dolları təşkil edir, qarantiya müddətinin bitmə tarixi avans və icra üzrə 30.12.2019-cu ildir. 19 may 2020-ci il tarixli 59 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə əsasında aşağıda göstərilən hissələr üzrə (cəmi ******* ABŞ dolları məbləğində) işlər həyata keçirilmiş, tam və şərtlərə uyğun olaraq podratçı tərəfindən istismara təhvil verilmiş və sifarişçi tərəfindən istismara təhvil alınmışdır. AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqaviləyə 22 iyun 2020-ci il tarixli 5 saylı Əlavənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “xxxx” QSC ilə, (podratçı) “Optima Group” və İddiaçı (Optima-Atef BM) aralarında razılığa gəlmişlər ki, podratçı - “Optima Group” və İddiaçı (Optima-Atef BM) GCC 13-cü maddəyə əsasən, 39780500 ABŞ dolları dəyərində maliyyə təminatını təmin etmişdir və hər bir bölmədə və xidmət göstərən yarımstansiyalarda zərərlərə görə öhdəlik müddəti başa çatdıqda bu maliyyə təminatını 25% azaldılmalıdır. İyun 2020-ci il tarixli 3KV sabit cərəyan şərtləri altında Kontakt şəbəkə mənzillərinin istismara verilməsi sertifikatının surətindən görünür ki, “xxxx” QSC və İddiaçı bu sertifikatı imzaladılar ondan ötrü ki, kontakt şəbəkə mənzillərinin 3KV sabit cərəyan altında başa çatdırıldı və mövcudluğunu təsdiqləmək üçün 3 KV sabit cərəyan şərtləri altında başa çatdırıldı və cədvələ daxil edilən tarixlərdən etibarən 3KV sabit cərəyan şərtləri aldında işəgötürən - “xxxx” QSC tərəfindən istismar olunur. 06.07.2020-ci il tarixli, 11252 nömrəli məktubdan görünür ki, 03 avqust 2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə məbləğinin 10%-i həcmində, yəni, 39780500 ABŞ dolları məbləğində müqavilənin yerinə yetirilməsi təminatı üzrə “xxxx” ASC tərəfindən verilmiş 04 fevral 2019-cu il tarixli, 06-01/188 nömrəli Bank Zəmanətinin məbləğinin 16244595,60 ABŞ dolları həcmində azaldılaraq 23535904,40 ABŞ dolları müəyyən edilməsi və yeni məbləğin azalma mexanizmində müvafiq dəyişikliklərin edilməsi razılaşdırılmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 567-ci maddələri). Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, “xxxx” QSC ilə, İddiaçı arasında ********* ABŞ dolları müqabilində Bakı- Böyük Kəsik dəmir yolu dəhlizində elektrik təchizatı və bununla əlaqədar digər işlərin görülməsini nəzərdə tutan 03 avqust 2012-ci il tarixli, AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə bağlanmış və müqavilə predmeti üzrə işlərin başa çatma tarixi: 1-ci (Böyük-Kəsik-Gəncə) seksiya üzrə müqavilənin qüvvəyə minmə tarixindən sonra 60 ay (18 iyun 2018-ci il); 2-ci (Gəncə-Ucar) seksiya üzrə müqavilənin qüvvəyə minmə tarixindən sonra 66 ay (18 dekabr 2018-ci il); 3-cü (Ucar-Hacıqabul) seksiya müqavilənin qüvvəyə minmə tarixindən sonra 84 ay (18 iyun 2020-ci il) və 4-cü (Hacıqabul-Bakı) müqavilənin qüvvəyə minmə tarixindən sonra 84 aydır (18 iyun 2020-ci il). Bununla yanaşı 03 avqust 2012-ci il tarixli, AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı İddiaçı ilə “xxxx” ASC arasında müqavilə məbləğinin 10%-i həcmində, yəni, 39780500 ABŞ dolları məbləğində öhdəliklərin yerinə yetirilməsi təminatı üzrə bank qarantiyası müqaviləsi bağlanmışdır. 03 avqust 2012-ci il tarixli, AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilənin “Xüsusi şərtləri”nə əsasən müqavilənin yerinə yetirilməsi təminatının məbləği mallar üçün və ya ayrıca tamamlama vaxtının müəyyən olunduğu malların və əlaqəli xidmətlərin bir hissəsi üçün müqavilə qiymətinin faizi kimi müqavilə məbləğinin 10%-i həcmində olmalıdır. “Xüsusi şərtlər”ə görə müqavilənin yerinə yetirilməsi təminatının məbləği hər bir sahənin və hər bir sahəyə xidmət edən dartı yarımstansiyalarının qüsurlara görə öhdəlik dövrünün tamamlanması üzrə 25% azaldılmalıdır. Həmin müqavilənin “Ümumi şərtləri”nin təminatlar bölməsinin 13.3.3-cü bəndinə əsasən Xüsusi Şərtdə əksi göstərilməyincə, təminat istismara qəbul etmə sertifikatının tarixi üzrə təminat məbləğinin yarısına qədər azaldılmalıdır. Təminat, malların/xidmətlərin tamamlanmasından 540 gün sonra və ya malların/xidmətlərin istismara qəbul olunmasından 365 gün sonra (hansı tez baş verərsə) sıfıra çevrilməli və öz hüquqi qüvvəsini itirməli və ya ayrıca bir tamamlama vaxtının təmin olunduğu malların/xidmətlərin hissələri üçün müqavilə qiymətinə proporsional olaraq azaldılmalıdır. Göründüyü kimi müqaviləyə əsasən iddiaçı tərəfindən hər biri bir neçə sahədən ibarət olan 4 seksiya üzrə müvafiq olaraq Böyük Kəsik-Gəncə (1-ci seksiya), Gəncə-Ucar (2-ci seksiya), Ucar-Hacıqabul (3-cü seksiya) və Hacıqabul-Bakı (4-cü seksiya) dartı yarımstansiyaları, elektrik təchizatı və digər komponentlər daxil olmaqla Bakı-Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin layihələndirilməsi, təchizatının və quraşdırılması işləri görüləndən sonra bütövlüklə hər bir seksiya aid Sabit Cərəyan şərtləri altında Kontakt Şəbəkə Mənzillərinin İstismara verilməsi Sertifikat alınmalı, bundan sonra istismara verilmiş qurğu və cihazlarda 365 gün zəmanət dövründə heç bir qüsur aşkar edilmədikdə hər bir seksiyaya münasibətdə müqavilə məbləğinin 10%-ni təşkil edən 39780500 ABŞ dolları həcmində olan bank zəmanətinin məbləği 25% azaldılmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən tələbin təmin olunmasını xahiş etsə də, məhkəmə gedişatında bütövlüklə hər bir seksiya deyil, həmin seksiyaların tərkibində olan sahələr üzrə Sertifakat təqdim etmiş, halbuki bank zəmənətinin azaldılmasının əsas birinci şərti hər bir seksiyanın bütövlüklə istismara verilməsinin Sertifikatın mövcudluğudur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı bank zəmənətinin azaldılmasının əsas birinci şərtini yerinə yetirməsə də, tərəflər arasında əsas müqaviləyə 5 nömrəli 22.06.2020-ci il tarixli Əlavə imzalanmış və “xxxx” QSC 39780500 ABŞ dolları məbləğində bank zəmanətinin məbləğini 16244595,60 ABŞ dollar həcmində azaldaraq 23535904,40 ABŞ dolları həcmində müəyyən etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bütövlüklə hər bir seksiya aid Sabit Cəryan şərtləri altında Kontakt Şəbəkə Mənzillərinin İstismara verilməsi Sertifikatlar təqdim edilməməsi əsası ilə iddia rədd edilməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin xeyli hissəsinin İddiaçı MMC tərəfindən yerinə yetirilərək, “xxxx” QSC-yə təhvil verilməsinin nəzərə alınması və 10% bank zəmanəti tutulan məbləğ, tamamlanmamış qalıq işlərə proporsional qaydada azaldılaraq, 2422339,85 ABŞ dolları məbləğində müəyyən edilməsi, cavabdehin günahı ucbatından 5 il ərzində iddiaçı tərəfindən əlavə olaraq lüzumsuz yerə ödənilmiş ******* ABŞ dolları məbləğində maliyyə vəsaitini cavabdehdən tutularaq iddiaçının hesabına keçirilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin xeyli hissəsinin İddiaçı MMC tərəfindən yerinə yetirilərək, “xxxx” QSC-yə təhvil verilməsinin nəzərə alınması və 10% bank zəmanəti tutulan məbləğ, tamamlanmamış qalıq işlərə proporsional qaydada azaldılaraq, 2422339,85 ABŞ dolları məbləğində müəyyən edilməsi, cavabdehin günahı ucbatından 5 il ərzində iddiaçı tərəfindən əlavə olaraq lüzumsuz yerə ödənilmiş ******* ABŞ dolları məbləğində maliyyə vəsaitini cavabdehdən tutularaq iddiaçının hesabına keçirilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-280/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-280/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver