Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2800/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 4,906.25 manat (dörd min doqquz yüz altı manat, iyirmi beş qəpik) borcunun, 70 manat (yetmiş manat) dövlət rüsumunun - cəmi 4,976.25 manat (dörd min doqquz yüz yetmiş altı manat, iyirmi beş qəpik) məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında SF/XSM/-082 nömrəli, xx.xx.2022-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı MMC-dən cəmi 4,906.25 manat (dörd min doqquz yüz altı manat, iyirmi beş qəpik) dəyərində müxtəlif “Mallar” alınsa da, həmin “Mallar”ın dəyəri hazırki vaxtadək cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün cababdehə: 1) 661631 saylı, xx.xx.2022-ci il tarixli; 2) 663503 saylı, xx.xx.2022-ci il tarixli; 3) 510721 saylı, xx.xx.2022-ci il tarixli; 4) 662111 saylı, x xx.xx.2022-ci il tarixli; 5) 959533 saylı, xx.xx.2022-ci il tarixli; 6) 783547 saylı, xx.xx.2023-cü il tarixli; 7) 205962 saylı, xx.xx.2023-cü il tarixli; 8) 205470 saylı, xx.xx.2023-cü il tarixli; 9) 729079 saylı, xx.xx.2023-cü il tarixli; 10) 355171 saylı, xx.xx.2023cü il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Qeyd olunanları “Tərəflər” arasında imzalanmış 18 may 2023-cü il tarixli “X1” da bir daha təsdiq edir.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında SF/XSM/-082 nömrəli, xx.xx.2022-ci il tarixli məhsulların alqısatqı müqaviləsi imzalanmışdır.
8. Müqavilənin 1-ci bəndinə əsasən bu müqaviləyə görə şirkət müxtəlif növ mal və məhsulları müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirətə ödəməyi və öz adından həmin məhsulları mülkiyyətində, istifadəsində və ya nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürür.
9. Müqavilənin 2.3-cü bəndinə əsasən şirkət bu müqavilə qüvvəyə mindikdən sonra müştərinin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları müştəriyə əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında malların təhvil-qəbul aktı və elektron qaimə-faktura əsasında verir və müştərinin özü və ya səlahiyyətli nümayəndəsi elektron qaimə-fakturanı imzalamaqla onları qəbul edir.
10. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
12. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
13. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası ilə təsdiq olunmuş, xx.xx.2023-cü il tarixli X1ndan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixə 12.931,22 manat məbləğində borcunun qaldığını aktı imzalamaqla etiraf etmişdir.
14. Məhkəmə qeyd edir ki, iş materiallarına iddiaçı tərəfindən malların verilməsini təsdiq edən elektron qaimələr də əlavə edilmişdir.
15. Bundan başqa, iş materiallarına əlavə edilmiş, hər iki tərəfin imzası ilə təsdiq olunmuş malların təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə aktda qeyd olunan mallar təhvil verilmişdir.
16. Belə olan halda, Məhkəmə hesab edir ki, elektron qaimələrdə qeyd edilmiş sayda və dəyərdə olan mallar cavabdehə təhvil verilmiş və ona görə də, cavabdehin verilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
17. Hazırda iddiaçı tərəf 4,906.25 manat məbləğində pulun tutulmasını xahiş edir.
18. Cavabdeh tərəf iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
19. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 4,906.25 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
20. Bundan başqa, məhkəmə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
21. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
22. Lakin məhkəmə qeyd edir ki, 4906,25 manat məbləğində iddia tələbi üzrə ödənilməli olan dövlət rüsum məbləği 69,06 manat təəşkil etdiyindən, dövlət rüsumunun əvəzi olaraq 69,06 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. 4.906 (dörd min doqquz yüz altı) manat, 25 (iyirmi beş) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 (altmış doqquz) manat, 06 (altı) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov