Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2805/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə "xxxx" MMC (sifarişçi/alıcı) arasında 08 sentyabr 2023-cü il tarixdə 405 saylı mal alqı-satqı və xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Satıcı” hazırki müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə verilmiş sifarişə uyğun malları “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə “Satıcı”nın satdığı malları qəbul edərək hazırkı müqavilə ilə müəyyən edilmiş qaydada dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən satılan malların hər birinin miqdarı və dəyəri qaimə-faktura ilə müəyyən edilir. 3.2.2-ci bəndinə əsasən alıcı aldığı malların pulunu hazırkı müqavilə ilə müəyyən edilmiş qayda və müddətdə ödəməlidir. 4.6-cı bəndinə əsasən “alıcı” faktura üzrə qəbul etdiyi malların dəyərini nağd satış zamanı malın təhvili anında (və ya təhvili anınadək) və nağdsız (bank köçürmə yolu də) satış zamanı isə 15 təqvim günü müddətində “satıcı”ya ödənilməlidir. 6.4-cü bəndinə əsasən “alıcı” malların dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəməzsə 15 (on beş ) təqvim günündən sonrakı gecikdirilən hər bir gün üçün ödənişi gecikdirilən məbləğin 0,1% miqdarında (aylıq 3%) dəbbə pulu ödəməlidir. 8.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2023-cü il tarixindən qüvvəyə minir və tərəflərin heç bir etirazı yoxdursa müddətsiz olaraq davam edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Elektron qaimə-fakturalardan və satış-qaimə fakturalardan görünür ki, 2023-cü ilin sentyabr-noyabr ayları üzrə müqaviləyə əsasən İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 1.902,16 manat dəyərində mallar (dəsmal, salfet və s.) "xxxx" MMC-yə təhvil verilmişdir.
3. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən (e-qaimələr üzrə) İddiaçı MMC-nin hesabına 521,14 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
4. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 08 sentyabr 2023-cü il tarixdə 405 saylı mal alqı-satqı və xidmət müqaviləsi üzrə "xxxx" MMCnin İddiaçı MMC-yə 1.287,20 manat əsas, 142,61 manat cərimə borcu olmaqla cəmi 1.429,81 manat qalıq borcu qalmışdır (ümumi dövriyyə 1.902,16 manat, cərimə borcu 142,61 manat olmuş, cəmi ödənilən məbləğ 614,96 manat, əsas borcdan silinmə 614,96 manat, cərimə borcundan silinmə 0 manat, qalıq əsas borc 1.287,20 manatdır).
5. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 08 sentyabr 2023-ci il tarixli, 405 nömrəli mal alqısatqısı müqaviləsinə əsasən ödənilməmiş 1.287,20 manat əsas borc məbləği, 142,61 manat cərimə borcu olmaqla cəmi 1.429,81 manat pul vəsaitinin, 44,06 manat məbləğində rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 08 sentyabr 2023-ci il tarixli, 405 nömrəli, mal alqı-satqısı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən alıcı – yəni "xxxx" MMC aldığı malların pulunu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəməyi öz üzərinə götürmüşdür. Bildirirlər ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 08 sentyabr 2023-ci il tarixli, 405 nömrəli mal alqı-satqısı müqaviləsi bağlanılmışdır və bu müqavilənin 3.2.2, 4.6 və 6.4-cü bəndlərinə əsasən öhdəlik və məsuliyyət daşıyır. "xxxx" MMC ilə İddiaçı MMC arasında 08 sentyabr 2023-ci il tarixli, 405 nömrəli, mal alqı-satqısı müqaviləsi üzrə cavabdehin ödənilməmiş 1.287,20 manat əsas borc məbləği, 142,61 manat cərimə borcu olmaqla cəmi 1.429,81 manat məbləğində pul öhdəliyi qalmışdır
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 424.5, 430.1, 442, 445 və 448-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək cəmi ƏDV daxil 1.902,16 manat dəyərində müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də satışqaimə fakturalarla təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərindən ƏDV daxil 614,96 manat ödəniş etmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuş və nəticədə iddiaçıya ƏDV daxil 1.287,20 manat (1.902,16-614,96=1.287,20) borcu qalmışdır.
19. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 1.287,20 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 1.287,20 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
20. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 142,61 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
21. Göründüyü kimi cavabdeh "xxxx" MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
22. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir.
23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 44,06 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 34,30 manat təşkil edir.
25. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən artıq ödənilmiş 9,76 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1.287,20 manat məbləğində borc, 60 manat məbləğində dəbbə pulu, cəmi 1.347,20 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən artıq ödənilmiş 9,76 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın.. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva