Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2806/2022 19.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2017-ci il tarixli, ASFX 17/001 və xx.xx.2019-cu il tarixli, ASFX 18/360 saylı müqavilələr üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 17.764 manat pulun və 440 manat rüsumun tutularaq fiziki şəxs İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sifarişçi) ilə X2 (icraçı) arasında 09 yanvar 2017-ci il tarixdə ASFX 17/001№ li və 06 aprel 2019-cü il tarixli, ASFX 18/360 № li xidməti müqavilələr bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Özbəkstan Respublikasında icrasını həyata keçirdiyi "M39 Daşənd - Fermez magistiral yolunun yenidən qurulması layihəsində işlərin icrası üçün icraçıya 1 ay üçün vergilər və digər ödəmələr daxil olmaqla 2940 manat xidmət haqqı ödəməlidir. Qeyd edilən müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli 1№ li əlavəyə əsasən 1 ay üçün vergilər və digər ödəmələr daxil olmaqla 3148 manat, 01.04. 2017-ci il tarixli 2№ li əlavəyə əsasən isə 1 ay üçün vergilər və digər ödəmələr daxil olmaqla 3430 manat xidmət haqqı ödəməlidir. ASFX 18/360 № li, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə sifarişçi icraçıya 1 (bir) ay üçün 3480 manat xidmət haqqı ödəməlidir. İddiaçı müqavilə şərtlərini 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında işi keyfiyyətli və tam yerinə yetirib işi təhvil versə də, buna baxmayaraq cavabdeh müqavilə şərtlərini yerinə yetirməmiş - xidmət haqqını 17.764 manatı ödəməmiş, bu müddət ərzində bir dəfə 2020-ci ilin aprel ayında “pandemiyadan zərər çəkmiş sahibkarlara dəstək” kimi 1000 manat ödəmişdir. "xxxx" ASC müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün məsuliyyət daşıyır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, təqdim edilmiş iddia ərizəsində iddiaçı təqdim etdiyi müqavilələr üzrə borcu təsdiq edən hər-hansı təhvil-təslim aktı, e-qaimə əlavə etməmişdir. Hesab edirlər ki, müqavilələrin əsilləri məhkəməyə təqdim edilməlidir. İddiaçının təqdim etdiyi müqavilələrin mətnindən görünür ki, ödəniş üçün əsas olan təhviltəslim aktının mövcudluğu zəruridir. Belə ki, Müqavilələrin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim” aktı imzalandıqdan sonra Sifarişçi tərəfindən hər növbəti ayın sonunadək nağd və ya bank köçürmə yolu ilə icraçıya ödənilir. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaiməfaktura təqdim edilir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş və mübahisəyə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında əmək müqaviləsi üzrə 2005- 2016-cı illərdə Azərbaycanda işlədiyini, 2017-ci ilin yanvar ayının 19-dan 2019-cu ilin mart ayının 23-ünə kimi Özbəkistanda işlədiyini, həmin tarixdə məzuniyyətə gəldiyini, 2019-cu ilin aprel ayının 5-dən Qazaxıstan layihəsi üzrə orda işlədiyini, xaricdə işləsə də, burda Muğanbank vasitəsilə maaş aldığını, Qazaxıstana gedib-gəlməyi barədə bilet aldığını, xarici pasportunda həmin dövrdə uçub geri qayıtdığını təsdiq edən qeydin olduğunu, hesabdan çıxarışda cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ilə bağlı qeydlər olduğunu, təhvil-təslim aktları, həmin aylar üçün hansı məbləğdə əmək haqqı ayrılması barədə maliyyə arayışı və hansı səbəbdən əmək haqqının ödənilməməsi barədə cavabdehə göndərdikləri vəkil sorğusuna cavab gəlmədiyini, həmçinin təhvil-təslim aktının işçiyə təqdim edilməməsini təsdiq edəcək şahidlərin olduğunu, həmin təhvil-təslim aktlarının iş icraçılarına verilmədiyini, kadr şöbələri arasında təhvil-təslim edildiyini, müqavilənin 3.1.5-ci bəndində müqaviləyə xitam verilməsi şərtlərinin öz əksini tapdığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraza və iddia müddətinin tətbiqinə dair ərizəyə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq Z.İsayeva müqavilənin onlar tərəfindən imzalandığını və əsassız varlanmadıqlarını, hər hansı əmlak əldə etmədiklərini bildirdi. İş materiallarına əlavə edilmiş: - İddiaçı (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış 09 yanvar 2017-ci il tarixdə ASFX17/001 saylı bağlanmış xidmət müqaviləsinin surətindən görünür, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində istehsalat sahəsində istehsal işinin normal təmin ediləsi işlərinin icrasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün vergilər və digər ödənişlər daxil olmaqla 2.940 manat xidmət haqqı ödəyir. 2.2-ci maddəsinə görə bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 09 yanvar 2017-ci il tarixdən başlayacaqdır. 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2017-ci il tarixli ASFX17/001 nömrəli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 saylı əlavənin: 1-ci bəndinə əsasən tərəflrər razılaşırlar ki, xx.xx.2017-ci il tarixli ASFX17/001 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
2. sifarişçi icraçıya 1 ay üçün vergilər və digər ödənişlər daxil olmaqla 3.148 manat xidmət haqqı ödəyir.
3. Müqavilənin digər bəndləri dəyişməz qalır. Əlavə 1 icraçının imzası ilə təsdiq edilmişdir. xx.xx.2017-ci il tarixli ASFX17/001 nömrəli xidmət müqaviləsinə xx.xx.2017-ci il tarixli 2 saylı əlavənin: 1-ci bəndinə əsasən tərəflrər razılaşırlar ki, xx.xx.2017-ci il tarixli ASFX17/001 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
2. sifarişçi icraçıya 1 ay üçün vergilər və digər ödənişlər daxil olmaqla 3.430 manat xidmət haqqı ödəyir.
3. Müqavilənin digər bəndləri dəyişməz qalır. Əlavə 2 hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış 06 aprel 2019-cu il tarixdə ASFX18/360 saylı bağlanmış xidmət müqaviləsinin surətindən görünür, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində asfalt, beton və qum-çınqıl zavodlarında istehsal işinin normal təmin ediləsi işlərinin icrasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 3.480 manat xidmət haqqı ödəyir. 2.2-ci maddəsinə görə bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 06 aprel 2019-cu il tarixdən başlayacaqdır. 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı aid) hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli ASFX17/001 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı sonuncu dəfə xx.xx.2021-ci ildə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 77.228 manat, o cümlədən pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək məqsədilə 1000 manat ödənişlər edilmişdir. -xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-yə (baş direktor Qanuni nümayəndə) müraciət ünvanlayaraq (poçt qəbzi əlavə olunub), xx.xx.2017-ci il tarixli ASFX17/001 nömrəli xidmət müqaviləsi, ona əlavə edilmiş 1 və 2 saylı Əlavələr və 06 aprel 2019-cu il tarixli ASFX18/360 saylı xidmət müqaviləsi üzrə icra edilmiş işlər üzrə imzalanmış təhvil-təslim aktlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsini xahiş etmişdir. -İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən xidmət müqaviləsi üzrə yaranmış borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə:
Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında 09 yanvar 2017-ci il tarixdə ASFX17/001 saylı xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində istehsalat sahəsində istehsal işinin normal təmin edilməsi işlərinin icrasını, sifarişçi isə bunun müqabilində xidmət haqqı ödəməyi öz üzərinə götürmüşdür. Bununla yanaşı 06 aprel 2019-cu il tarixdə İddiaçı (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında bağlanmış ASFX18/360 saylı xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində asfalt, beton və qum-çınqıl zavodlarında istehsal işinin normal təmin ediləsi işlərinin icrasını, sifarişçi isə bunun müqabilində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən 09 yanvar 2017-ci il tarixli ASFX17/001 saylı xidmət müqaviləsi üzrə 2019-cu ilin yanvar, fevral, mart ayları üçün, və 06 aprel 2019-cu il tarixli ASFX18/360 saylı xidmət müqaviləsi üzrə aprel, may, iyun ayları üçün xidmət haqqının ona ödənilmədiyini əsas göstərərək cəmi 17.764 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı halda İddiaçı 9 yanvar 2017-ci il tarixli ASFX17/001 saylı xidmət müqaviləsinə əsasən 2019-cu ilin yanvar, fevral, mart aylarında və 06 aprel 2019-cu il tarixli ASFX18/360 saylı xidmət müqaviləsinə əsasən aprel, may, iyun aylarında cavabdehə xidmət göstərməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarış yalnız mübahisəli dövrdən əvvəlki dövr ərzində İddiaçı 9 yanvar 2017-ci il tarixli ASFX17/001 saylı xidmət müqaviləsi əsasında göstərdiyi xidmətlərə görə cavabdeh tərəfindən ödənişlərin edilməsini təsdiq edir. Həmin çıxarışın mübahisəli dövrdə İddiaçı tərəfindən xidmətlərin göstərilməsi faktını təsdiq edən sübut kimi qiymətləndirilməsi üçün əsas yoxdur. İddiaçının mübahisəli dövrdə Qazaxıstan və Özbəkistan Respublikalarına getməsini təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi ümumvətəndaş pasportunun surətinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli dövr ərzində xidmətin göstərilməli olduğu ölkədə olması iddiaçı tərəfindən xidmətlərin görülməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyildir. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.3-cü bəndlərinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilməli olduğu halda iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq mübahisəli dövrdə xidmətlərin göstərilməsini təsdiq edən təhvil-təslim aktılarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən 9 yanvar 2017-ci il tarixli ASFX17/001 saylı xidmət müqaviləsinə əsasən 2019-cu ilin yanvar, fevral, mart aylarında və 06 aprel 2019-cu il tarixli ASFX18/360 saylı xidmət müqaviləsinə əsasən aprel, may, iyun aylarında cavabdehə xidmət göstərməsi iş materiallarına əsasən öz təsdiqini tapmadığından xidmət haqqının tutulması tələbinə dair hazırkı iddia əsassız olmaqla rədd edilməlidir. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində iddia tələbinin əsassız olması müəyyən edildiyindən mübahisəyə iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 240 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulatorundan çıxarışdan görünür ki, hazırkı iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumu 143 manat təşkil edir. Dövlət rüsumu haqqında” AR Qanununun: 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən artıq ödədiyi 240 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ********* saylı qəbzə əsasən ödənilmiş 240 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva