Məhkəmə qərarları › İş №e-2-2(113)-2806/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2806/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2806/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayədəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 sentyabr 2022-ci il tarixli, 214 nömrəli mal alqı-satqısı müqaviləsinə əsasən bu günkü tarixə ödənilməmiş 1847,28 manat əsas borc məbləği, 570,54 manat cərimə borcu olmaqla, cəmi 2405,98 manat pul vəsaitinin, 44,06 manat məbləğində dövlət rüsumun tutularaq iddiaçının xeyrinə ödənilməs qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 30 sentyabr 2022-ci il tarixli, 214 nömrəli, mal alqı-satqısı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən alıcı – yəni Cavabdeh MMC aldığı malların pulunu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bildiririk ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 30 sentyabr 2022-ci il tarixli, 214 nömrəli Mal alqı-satqısı Müqaviləsi bağlanılmışdır və bu Müqavilənin 3.2.2, 4.6 və 6.4-cü əndlərinə əsasən öhdəlik və məsuliyyət daşıyır. Cavabdeh MMC ilə İddiaçı MMC arasında 30 sentyabr 2022-ci il tarixli, 214 nömrəli, Mal alqı-satqısı Müqaviləsi üzrə cavabdehin bugünkü tarixə ödənilməmiş 1847,28 (min səkkiz yüz qırx yeddi manat, 28 qəpik) manat əsas borc məbləği, 570,54 (beş yüz yetmiş manat, 54 qəpik) manat cərimə borcu olmaqla cəmi 2405,98 (iki min dörd yüz beş manat, 98 qəpik) manat məbləğində pul öhdəliyi qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 430.1-ci maddəsinə əsasən Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 424.5-ci maddəsinə əsasən Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən, аşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cəmi 2405,98 manat olan iddia tələbi üzrə ödəniləcək 44,06 manat dövlət rüsumuda cavabdehdən tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakrı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli mal alqı-satqı və xidmət müqaviləsinə əsasən satıcı hazırkı müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə verilmiş sifarişə uyğun malları alıcının mülkiyyətinə verməyi, alıcı isə satıcının satdığı malları qəbul edərək hazırkı müqavilə ilə müəyyən edilmiş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. İcraçı müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında göndərilməsinin təmin olunması üçün məsuliyyət daşıyır.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən satılan malın markası, miqdarı, çeşidi, qiyməti, çatdırma qaydası, üsulu, yeri və müddəti və sairə şərtlər hər dəfə alıcı tərəfindən verilmiş sifariş əsasında müəyyən edilir.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən malların qiyməti təhvil-təslim edildiyi gün satıcının verdiyi qiymət siyahısına əsasən müəyyən olunur. Qiymətlər hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrlə müəyyən edilir.

11. Müqavilənin 6.4-cü bəndinə əsasən alıcı malların dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəməzsə, 15 təqvim günündən sonrakı gecikdirilən hər bir gün üçün ödənişi gecikdirilən məbləğin 0,1 % miqdarında dəbbə pulu ödəməlidir.

12. İddiaçı tərəfindən təqdim edilmiş təhvil aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 20,53 manat məbləğində, xx.xx.2023-cü il tarixli 43,19 manat, xx.xx.2023-cü il tarixli 179,19 manat məbləğində, xx.xx.2023-cü il tarixli 61,60 manat, xx.xx.2023-cü il tarixli 304,52 manat, xx.xx.2023-cü il tarixli 100,78 manat, xx.xx.2023-cü il tarixli 147,98 manat, xx.xx.2023-cü il tarixli 45,60 manat, xx.xx.2023-cü il tarixdə 21,59 manat, xx.xx.2023-cü il tarixli 100,89 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 39,.. manat, xx.xx.2023-cü il tarixdə 424,92 manat, xx.xx.2023-cü il tarixdə 39,60 manat, xx.xx.2022-ci il tarixli 134,52 manat, xx.xx.2022-ci il tarixli 117,5. Manat, xx.xx.2022-ci il tarixli 146 manat məbləğində mal təhvil verilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə EBDJ 604989 nömrəli xx.xx.2023-cü il tarixli, EBDİ 845089 nömrəli xx.xx.2023-cü il tarixli, EBDİ 848812 nömrəli xx.xx.2023-cü il tarixli,EBDH 827652 nömrəli xx.xx.2023-cü il tarixli, EBDH 462688 nömrəli xx.xx.2023-cü il tarixli, EBDH 462037 nömrəli xx.xx.2023-cü il tarixli, EBDG 569209 nömrəli xx.xx.2023-cü il tarixli, EBDF 282904 nömrəli xx.xx.2023-cü il tarixli, EBDF 274570 nömrəli xx.xx.2023-cü il tarixli, EBDD ******* nömrəli xx.xx.2023-cü il tarixli, EBDD 183691 nömrəli xx.xx.2023-cü il tarixli, EBDC 725397 nömrəli xx.xx.2023-cü il tarixli, EBDB 854216 nömrəli xx.xx.2023-cü il tarixli, EBCL 696002 nömrəli xx.xx.2022-ci il tarixli, EBGG 534026 nömrəli xx.xx.2022-ci il tarixli, EBGG 485966 nömrəli xx.xx.2022-ci il tarixli (ümumilikdə 1847,28 manat) elektron qaimələr təqdim edilmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

20. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.4-cü bəndinə əsasən hesablanmış 570,54 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

21. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

22. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

23. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1847,28 manat əsas borc, 570,54 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 44,06 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1847,28 manat əsas borc, 570,54 manat dəbbə pulu, ödənilmiş 44,06 manat dövlət rüsumu, ümumilikdə 2461,88 (iki min dörd yüz altmış bir manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar