Məhkəmə qərarları › İş №e-2-2(113)-2809/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2809/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2809/2022 12.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən istixanaya 2022-ci ilin mart ayına hesablanmış 101635,60 manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən istixanaya 2022-ci ilin mart ayına hesablanmış 101635,60 manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən istixanada artıq bir neçə ildir ki, əkin işləri ilə məşğul olur. İstifadəsində olan istixanaya quraşdırılmış sayğac göstəricilərinə uyğun olaraq hər ay təqdim olunan bildiriş əsasında qaz sərfiyyatına görə yaranmış borc vaxtlı-vaxtında ödənilmişdir. 2021-ci ilə kimi cavabdeh ilə aralarında qaz təchizatı ilə bağlı və qaz pulunun ödənilməsi ilə heç bir problem olmamışdır. xx.xx.2022-ci il tarixdə istifadəsində olmuş ELSTER G-1000 tipli, ********** nömrəli qaz sayğacı cıxarılaraq növbəti dövlət yoxlamasına aparılmışdır. Qaz sayğacı çıxarılarkən sayğacın bütövlülüyü pozulmamış bütün möhürlər üzərində olmuşdur. Bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Eyni zamanda qaz sayğacı cavabdeh təşkilatın mühafizə olunduğu xüsusi ərazidə yerləşir. 12 gün sonra yəni xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları qeyri-yaşayış sahəsinə gələrək qaz işlədicilərinə baxış keçirmişlər və sonda iddiaçıya bildirmişlər ki, cihazların sayını müəyyən etmək məqsədi ilə gəlmişlər və cihazların sayı və növü barədə tərtib edilmiş ******* saylı aktı imzalamağını istəmişlər, qeyd edilmiş qaz işlədicilərinin saylarının və növünün düzgün qey edildiyini imzası ilə təsdiq etmişdir. Bundan sonra mart ayında istifadə edilmiş qazın dəyəri barədə hesab təqdim ediləndə görmüşdür ki, əlavə borc hesablanmışdır. Bununla bağlı X8 İstismar Sahəsinə getdikdə bildirmişlər ki, guya istifadəsində olmuş ELSTER G- 1000 tipli, ********** qaz sayğacının daxilinə müdaxilə etdiyi üçün 2022-ci iin mart ayında 101635,60 manat məbləğində əlavə borc hesablanmışdır. Borcun hesablanmasına əsas olmuş sənədləri tələb etdikdə bildirmişlər ki, hələ sayğac dövlət yoxlamasındadır və cərimənin hesablanmasına əsas olmuş sənədlər hazır deyil, bu səbəbdən də hər-hansı sənəd təqdim edilməmişdir. Əlavə məbləğin hesablanmasının əsasını təşkil edən sənədlər tərtib edilmədən əvvəlcədən məbləğin qaz hesabına işlənməsinin absurt olduğunu bildirsə də dediklərinə məhəl qoyan olmamışdır. Göründüyü kimi cavabdeh təşkilat təqsirini sübuta yetirmədən və ümumiyyətlə çıxarılmış qaz sayğacında hər-hansı qüsurun olmasını müəyyən etmədən öncədən külli miqdarda əlavə borc hesablayır və daha sonra həmin borcun sənədləşmə işlərini həyata keçirir. İstifadəsində olmuş ELSTER G-1000 tipli, ********** qaz sayğacı çıxarılarkən xx.xx.2022-ci il tarixli, ******* aktdanda göründüyü kimi 10019792, 10045281 və 10048667 saylı plomblar cavabdehin əməkdaşları tərəfindən qırılmışdır. Göründüyü kimi ELSTER G-1000 tipli, ********** qaz sayğacı quraşdırılan zaman sayğacın üzərinə vurulan plomblar yalnız qaz sayğacı çıxarılarkən cavabdehin əməkdaşları tərəfindən qırılmışdır. Belə olan halda sayğacın daxilinə hər-hansı müdaxilənin edilməsi qeyri-mümkün olur. Buradan da cavabdehin heç bir hüquqi əsası olmadan qanunsuz borcun hesablanması aydın görünür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, istehlakçı X1 hal-hazırda Şəmkir RQİİ-nə 275 599,78 manat borcu mövcuddur. Həmin məbləğin 112934,20 manatı 2021 -ci mövsüm ili ərzində qüsurlu sayğac vasitəsilə istehlak edilmiş və itirilmiş təbii qazın dəyərinə görə yaranmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənilməsi üçün möhlət verilmişdir. Qeyd edilən müddətdə borc məbləği ödənilmədiyindən iş materialları qarşılıqlı şəkildə məhkəmə icraatına təqdim olunmuşdur. Hazırda iş üzrə apellyasiya qaydasında icraat aparılmaqdadır. Hazırkı iddia tələbi üzrə iddiaçı X4 tərəfindən qeyd olunan iddia məbləğinin 162665,58 manatın isə 61029,98 manat hissəsi istixanada sayğac vasitəsilə istehlak olunmuş qaz sərfinin dəyərinə görə ödənilməmiş qalan məbləğ, 101635,60 manat hissəsi baxış keçirilmiş istixana sayğacında müdaxilə aşkarlanması nəticəsində itirilmiş təbii qazın müəyyənləşdirilmiş həcm məbləğidir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi loboratoriyasında baxış keçirilərkən müəyyən edilmişdir ki, sağacın üzərində olan plomblar müdaxiləli və mənşəyi məlum olmayan plomblardır, eləcə də hesablayıcı mexanizminin üzərinə vurulmuş qurğuşun və xüsusi nömrəli plomblara müdaxilə olunmuş və üzərindəki illər arasında kəskin fərqlərin olduğu aşkar edilmişdir. Nəticədə müdaxiləli sayğac vasitəsilə təbii qazdan istifadə edildiyi üçün Şəmkir RQİİ-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş qaz sərfinə görə ümumilikdə 461980m3 qaz sərfi müəyyənləşdirilmişdir. Edilmiş xəbərdarlıqların nəticəsi olaraq abonent tərəfindən heç bir tədbir görülməmiş ödəniş təmin edilməmişdir. Qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixə yəni hesabat ilinin İ rübünə abonentlə idarə arasında tərtib edilmiş “Qarşılıqlı hesablaşmalar haqqında üzəşdirmə aktı” ilə də qeyd olunan iddia məbləği 101635,60 manat borc abonent tərəfindən borcu olaraq qəbul edilmiş və müvafiq sənədləşmə ilə rəsmiləşdirilmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, SS/29/1640-0069 saylı akta əsasən qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın şəffaf qapağına vurulmuş xüsusi nömrəli plombun mənşəyinin məlum olmaması, müdaxilə olunmuş plomb olması, hesablayıcı mexanizminə vurulan bütün qurğuşun plomların və xüsusi nömrəli plomblara müdaxilə olunması aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 461980 kub.metr müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2022-ci ilin mart ayına “Qalıq və aktlar” qrafasında 101635,60 manat borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasına aparılmış, sayğaca baxış keçirilmiş və yoxlamanın nəticəsində sayğacın şəffaf qapağına vurulmuş xüsusi nömrəli plombun mənşəyinin məlum olmaması, müdaxilə olunmuş plomb olması, hesablayıcı mexanizminə vurulan bütün qurğuşun plomların və xüsusi nömrəli plomblara müdaxilə olunması aşkar olunaraq SS/29/1640-0069 saylı akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmaqla xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktı tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2022-ci ilin mart ayına 101635,60 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi akta əsasən iddiaçıya 101635,60 manat məbləğində borc hesablanması müəyyən olunduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia təmin edildiyindən 391,64 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən X2 məxsus Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən istixanaya 2022-ci ilin mart ayına hesablanmış 101635,60 manat məbləğində borc **********00000 nömrəli abonent kodundan silinsin. 391,64 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar