Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-281/2023 11.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5.120,04 (beş min yüz iyirmi manat dörd qəpik) manat məbləğində pulun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 1004 S-2020 saylı 12 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. 1004 S- 2020 saylı 12 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən GSR 180-Lİ 2 x 1, 5 Ah “Chase” markalı və GBH 2-26 DRE “Bosch” drel perforator 2 kg markalı avadanlıq alınmışdır. 21 sentyabr 2022-ci il tarixə İddiaçı MMC-yə 5.120,04 (beş min yüz iyirmi manat dörd qəpik) manat borc mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC və Cavabdeh MMC arasında imzalanmış 12 noyabr 2020 tarixli 1004 S- 2020 nömrəli alğı-satqı müqaviləsinə əsasən “satıcı”nın anbarından “alıcı” tərəfindən mal və avadanlıqların alınması tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış 12 noyabr 2020 tarixli 1004 S- 2020 nömrəli alğı-satqı müqaviləsinə əlavə 1 olan qiymətlərin razılaşdırılması protokoluna əsasən cəmi məbləğ 6.610,2 manat, ƏDV 1.189,84 manat olmaqla cəmi 7.800,04 manat məbləğində malların alğı-satqısı tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC “təhvil verən” Cavabdeh MMC “təhvil alan” olmaqla tərtib edilmiş xx.xx.2020 tarixli mal və materialların təhvil-təslim aktına əsasən cəmi 7.800,04 manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022 tarixli maliyyə arayışından məlum olur ki, xx.xx.2022 tarixinə Cavabdeh MMC-nin borcu ümumilikdə 5.120,44 manat təşkil etmişdir. EBAS seriyalı 504792 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 7.800,04 manat İddiaçı MMC tərəfindən xx.xx.2020 tarixli müqavilə üzrə Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli ödəniş qəbzinə əsasən 100 manat mediasiya xərci 6 saylı Mediasiya Təşkilatının hesabına ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və Cavabdeh MMC arasında alğı-satqı müqaviləsi imzalanmış, 7.800,04 manat məbləğində malın alğısatqısı tərəflər arasında razılaşdırılmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, müqavilədə nəzərdə tutulmuş malları alıcı cavabdehə təqdim etmişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliklərini pozmuş, təhvil verilmiş malların dəyərini tam olaraq cavabdehə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan tərəflər arasında imzalanmış təhviltəslim aktı, qiymətlərin razılaşma protokollarından alğı-satqı müqaviləsi üzrə cavabdehin borcunun olması öz təsdiqini tapır. Tərəflər arasında imzalanmış müqavilənin 2.2.2-ci bəndində də nəzərdə tutulmuşdur ki, bu müqavilənin mövzusunda bəhs edilən razılşamalar üzrə alğı-satqısı həyata keçiriləcək malların haqqı “satıcı” tərəfindən təqdim edilmiş ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında 15 təqvim günü ərzində “alıcı” tərəfindən köçürmə yolu ilə “satıcı”nın bank hesabına ödənilir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təhvil verilmiş ümumilikdə 7.800,04 manat dəyərində malların 5.120,04 manat tələb edilməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, qeyd olunan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dövlət rüsumunun cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyindən iddia tələbi tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, 100 manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5.120,04 (beş min yüz iyirmi manat dörd qəpik) manat və ödənilmiş 100 (bir yüz) manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-281/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-281/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver