Məhkəmə qərarları › İş №e-2-2(113)-2814/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2814/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2814/2025 11.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 20157,38 manat (iyirmi min bir yüz əlli yeddi manat otuz səkkiz qəpik) məbləğində borc, 1007,86 manat 5% illik hesablanmış faiz məbləği, 8193,99 manat müqavilə üzrə hesablanmış cərimə, hüquqi xidməta görə ödənilmiş 1250 manat xidmət haqqı, məhkəməyə ödənilmiş 178,08 manat dövlət rüsumu olmaqla, cəmi 30787,31 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında LSAZ-C-099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə məxsus malların, yükün X2, Dubay, X9 Zonasından Azərbaycan Respublikasının Bakı şəhərinə daşınmasını öhdəsinə götürür, Cavabdeh MMC isə bunun müqabilində İddiaçı MMC-yə ödəniş etməlidir. Müqavilənin 1.3-cü maddəsinə əsasən ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq, sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır, razılıq alınaraq qiymət vərəqəsinə təsdiq əldə olunur. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən sifarişçi ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor hesab-fakturanı xidmət göstərildikdən sonrakı 5 gün ərzində təqdim etməlidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlər ekspeditorun təqdim edəcəyi hesab-fakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonrakı 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilədə qeyd olunan ödəmə şərtlərinin pozulması zamanı ekspeditor müvafiq ödənişin qəbul edildiyi tarixə qədər xidmətlərin icrasını dayandıra bilər. Bu müqavilədə qeyd olunan şərtlər daxilində hesab-fakturanın ödənilməsində hər hansı gecikmə baş verdikdə şifarişçi ekspeditora gecikmənin hər gününə görə ödənilməmiş hesab-fakturaların məbləğinin 0.1%-nə bərabər məbləğdə cərimə ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 4.13-cü bəndinə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsidir. Müqavilənin 4.6-cı maddəsinə əsasən sifarişçi gömrük rəsmiləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keçirilməsini təmin etmə və idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtını istisna etməlidir. Həmin müqavilənin 7.3-cü maddəsinə əsasən müqavilədən irəli gələn və ya onunla əlaqədar meydana çıxan mübahisələr iddia irəli sürməkə tənzimlənmədiyi halda həmin iddialara Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır. Sözügedən müqavilə və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, qüvvədə olan qanunvericiliyə uyğun bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Bundan başqa, İddiaçı MMC tərəfindən EBDQ072181 və EBDX853322 nömrəli qiymət təklifi Cavabdeh MMC-yə təqdim edilmişdir. Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, iddiaçı müqavilədə nəzərdə tutulan malları Azərbaycan Respublikasına daşıyıb gətirmiş, cavabdehə təhvil vermiş, gətirilən mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən 20157,38 manat (iyirmi min bir yüz əlli yeddi manat otuz səkkiz qəpik) pul ödənilməmiş qalmışdır. İddiaçı MMC tərəfindən cavabdehə EBDQ072181 saylı, 09 oktyabr 2023-cü il tarixli və EBDS964640 saylı, 30 yanvar 2024-cü il tarixli qaimələr vurulmuş, cavabdeh tərəfindən təsdiq edilmişdir. EBDQ072181 saylı, 09 oktyabr 2023-cü il tarixli və EBDS964640 saylı, 30 yanvar 2024-cü il tarixli qaimələrə əsasən cavabdeh müqaviləyə əsasən ümumilikdə 20157,38 manat (iyirmi min bir yüz əlli yeddi manat otuz səkkiz qəpik) məbləğində pulu iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən pul bugünədək ödənilməmişdir. İddiaçı MMC ilə Cavabdehrasında bağlanmış LSAZ-C-099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi əsasında göstərilmiş daşıma xidmətinin dəyəri 20157,38 manat (iyirmi min bir yüz əlli yeddi manat otuz səkkiz qəpik) olmuşdur. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş, lakin Cavabdeh MMC tərəfindən daşıma xidmətinə görə ödəniş hələ də tam edilməmişdir. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərərək, 3 iş günü müddətində 20157,38 manat məbləğində borcu ödəməyi tələb etmiş, lakin cavabdeh yenə də borcu ödəməmişdir. Müqaviləyə görə 20157,38 manat məbləğində borca görə hər gün üçün 0.1% məbləğində cərimə hesablanır. Həmin cərimə məbləği 9809 manat x 0.1% x 464 gün (xx.xx.2023-xx.xx.2025) = 4551,37; 10348,38 manat x 0.1% x 352 gün (xx.xx.2024-xx.xx.2025) = 3642,62; 4551,37+3642,62=8193,99 manat cərimə də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Borc vaxtında ödənilmədiyinə görə illik 5 %: 20157,38 manat x 5% x 1 il = 1007,86 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, cavabdehdən ödənilməmiş 20157,38 manat məbləğində borc, 1007,86 manat illik 5%-lə hesablanmış faiz məbləği, 8193,99 manat müqavilə üzrə hesablanmış cərimə, hüquqi xidməta görə ödənilmiş 1250 manat xidmət haqqı, məhkəməyə ödənilmiş 182,92 manat dövlət rüsumu, tərcümə olunan sənədlərə görə ödənilmiş 184 manat olmaqla, cəmi 30976,15 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda məhkəməyə müraciət edərək, iddia tələbini artıraraq iddianın əsaslandırılması zərurəti yaranmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh MMC nümayəndələri arasında elektron yazışmalar olmuşdur. Həmin yazışmalar sübut kimi məhkəməyə təqdim edilmişdir. Lakin sözügedən yazışmalar xarici dildə (ingilis dilində) olduğu üçün həmin yazışmaların Azərbayca dilinə tərcümə olunması zərurəti yaranmışdır. Həmin sənədlər tərcümə mərkəzinə verilərək Azərbaycan dilinə tərcümə edilmiş və bunun qarşılığında MMC tərəfindən 184 manat xidmət haqqı ödənmişdir. Odur ki, hesab olunur ki, həmin pul məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 449.1, 449.2-ci maddələrinə istinad olunmuşdur. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki malların adının cavabdeh tərəfindən səhv yazılması səbəbindən mallar uzun müddət Poti limanında qalmış, nəticədə əlavə xərclər yaranmışdır.

7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında qeyd etdi ki, iddia tələbini 9809 manat hissədə qəbul edirlər. Belə ki, müqavilənin 1.6-cı bəndinə görə ekspeditor hesab-fakturanı xidmət göstərildikdən sonrakı 5 gün ərzində təqdim etməli olduğu halda EBDQ072181 saylı ilk qaiməni xx.xx.2023-cü il tarixdə göndərmişdir, halbuki malları Azərbaycana xx.xx.2024-cü il tarixdə çatdırmışdır. Həmçinin bildirdi ki, xidmət haqqının ödənilmədiyini qəbul edir, buna səbəb isə gecikmə olmuşdur. Bundan başqa, qeyd etdi ki, malların Poti limanında qalması iddiaçı tərəfin malların kodlarını səhv yazması ucbatından baş vermişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfin müqaviləni düzgün icra etmədiyini bildirmiş, odur ki, iddia tələbini ümumiyyətlə qəbul etmədiyini bildirmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında LaSAZ-C-099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsi (bundan sonra-Müqavilə) bağlanmışdır. Müqavilənin 1.3-cü maddəsinə əsasən ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq, sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır, razılıq alınaraq qiymət vərəqəsinə təsdiq əldə olunur. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən sifarişçi ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor hesab-fakturanı xidmət göstərildikdən sonrakı 5 gün ərzində təqdim etməlidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlər ekspeditorun təqdim edəcəyi hesab-fakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonrakı 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilədə qeyd olunan ödəmə şərtlərinin pozulması zamanı ekspeditor müvafiq ödənişin qəbul edildiyi tarixə qədər xidmətlərin icrasını dayandıra bilər. Bu müqavilədə qeyd olunan şərtlər daxilində hesab-fakturanın ödənilməsində hər hansı gecikmə baş verdikdə şifarişçi ekspeditora gecikmənin hər gününə görə ödənilməmiş hesab-fakturaların məbləğinin 0.1%-nə bərabər məbləğdə cərimə ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 4.13-cü bəndinə görə malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsidir.

9. "X1" MMC və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə 2 nömrəli əlavədən görünür ki, yükün siğorta haqqı daxil olmaqla dəyəri 5770 ABŞ dolları təşkil etmişdir. Yükün kofe məhsulundan ibarət olub, çəkisi 13 ton, konteynerin miqdarı 40, götürülmə ünvanı Dubay, çatdırılma ünvanı Bakı şəhəri, tranzit müddəti - yük yola salınandan sonra 38-42 gün olmuşdur. Əlavədə həmçinin nəzərdə tutulmuşdur ki, yerinə çatdıqdan sonra yük 48 saat ərzində boşaldılmalıdır, 48 saatdan sonra boşaldılması geçikdirilən hər əlavə günə (1 konteyner) görə 150 ABŞ dolları müəyyən edilir. Azərbaycan sərhədini keçdikdən sonra yük maşın 2 həftə müddətində Azərbaycan ərazisini tərk etməlidir. Yük maşınının müştərinin günahı üzündən Azərbaycanda 2 həftədən çox dayanması halında, geri dönərkən Azərbaycan sərhədində cərimə tətbiq oluna bilər. Həmin məbləğ hesab fakturada öz əksini tapacaq. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı tərəfindən təqdim olunan invoys sənədindən görünür ki, yükün siğorta haqqı daxil olmaqla daşınma dəyəri 5770 ABŞ dolları təşkil edir.

11. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 072181 nömrəli elektron qaimənin məzmunundan görünür ki, "X1" MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 9809.00 manat təşkil edir. Həmin məbləğin 935 manatı sığorta haqqını, 8874 manatı isə daşıma haqqını təşkil etmişdir.

12. "X1" MMC tərəfindən tərəfindən təqdim olunan "xxxx" MMC-yə məxsus yüklərin daşınması ilə bağlı invoys sənədindən görünür ki, malın kodu **********, çəkisi 14853 kq, miqdarı 1606 olan yükün (müxtəlif növ qəhvə məmulatları) X3 X6 gömrüyündə yenidən yüklənmənin birinci hissəsinə 738,34 dollar, demuraj İDİNV**********3/D - 5 gün saxlanılmasına günə 45 dollar, 28 gün yükün saxlanılması gününə görə 65 dollar olmaqla, 23.11.23 - 25.12.23 üçün 2,045 dollar, demuraj İDİNV**********4/D 15 gün yükün saxlanılmasının ikinci müddəti 25.12.23 - 09.01.24 - günü 65 doll -975 dollar, demuraj İDİNV**********4/D növbəti üç gün üçün saxlanılma 09.01.24 - 12.01.24 - günə 65 doll- 195, Nəqliyyat vasitəsinin əlavə dayanması 10.11.23 - 19.11.23- 1300 dollar, X4 yükləmə/boşaltma- 207,94 dollar, Gürcüstanda gömrük cəriməsi 746 doll və Konteyner daşıyan maşının əvəzinə tent maşınla daşımağa görə endirim -120 dollar olmaqla, cəmi 6087,28 ABŞ dollar, manatla 10348,38 manat təşkil edir.

13. "X1" MMC tərəfindən "xxxx" MMC-yə yuxarıda qeyd olunan 10348,38 manat məbləğin ödənilməsi üçün xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 853322 nömrəli elektron qaimə göndərilmişdir.

14. iş materialların tərəflər arasında aparılan e-mail yazışmalar əlavə edilmişdir.

15. "X1" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış LaSAZ-C-099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsinə əsasən yük xx.xx.2024-cü il tarixdə təhvil verilmiş, cavabdehə EBDQ072181 saylı, 09 oktyabr 2023-cü il tarixli və EBDX853322 saylı, 30 yanvar 2024-cü il tarixli qaimə-fakturalar təqdim edilərək qəbul edilmişdir. Ekspedisiya xidmətinin ödənişi müqaviləyə əsasən 10 iş günü ərzində ödənilməli olduğu halda, tam ödəniş hələ də həyata keçirilməmişdir. Odur ki, müqaviləyə əsasən, 11857,28 ABŞ dollarının (20157,38 AZN) üç iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

16. "X1" MMC və "X7" MMC arasında bağlanmış xx.xx.2025-c1 il tarixdə iddiaçıya hüquqi xidmət göstərilməsi üzrə müqavilə bağlanmış, xidmət haqqı 1250 manat müəyən edilmişdir.

17. Ödəniş tapşırığından (№ MVrMfLh2; tarix: xx.xx.2025) görünür ki, 1250 AZN "X1" MMC tərəfindən "X7" MMC-yə ödənilmişdir.

18. Təhvil-təslim aktından görünür ki, fiziki şəxs X5 (VÖEN:**********) tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixdə tərcümə və notariat xidmət göstərilmişdir. Qiymət 184 manat təşkil edir.

19. Elektron qaimədən görünür ki, xidmət haqqı 184 manat Cavabdeh MMC tərəfindən fiziki şəxs X5 (VÖEN:**********) hesabına ödənilməlidir.

20. Dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli mədaxil qəbzindən görünür ki, 179 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında LaSAZ-C- 099 nömrəli, 04 sentyabr 2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, yükdaşıma xidmətinin göstərilməsi təmin edilmiş, yük daşınmış, lakin cavabdeh daşınma haqqını ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımınca yerinə yetirməmişdir.

24. İddia tələbinin bir hissəsini 20157,38 (iyirmi min bir yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat məbləğində borcun tutulması təşkil edir. Həmin məbləğin 9809 manat hissəsini daşıma haqqı təşkil edir.

25. Tərəflər arasında müqavilənin bağlanması, yükün daşınaraq sifarişçiyə təhvil verilməsi, daşıma ilə bağlı icranın gecikdirilməsi, daşıma haqqının 9809 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil etmişdir.

26. Həmçinin daşıma haqqının 9809 manat (5770 ABŞ dolları) təşkil etməsi işdə olan yuxarıda sadalanan sübutlarla da (müqaviləyə əlavə, invoys, elektron qaimə) öz təsdiqini tapır.

27. Cavabdehin nümayəndəsi və vəkili ilk öncə iştirak etdiyi məhkəmə iclaslarında iddia tələbini 9809 manat hissədə qəbul etdiyini bildirsə də, daha sonra mövqeyini dəyişmiş və malların Poti limanında qalması iddiaçı tərəfin malların kodlarını səhv yazması ucbatından baş verdiyindən, icra gecikdirildiyindən iddia tələbini ümumiyyətlə qəbul etmədiyini bildirmişdir.

28. Qeyd olunduğu kimi, daşıyıcı yükü olduğu yerdən təyinat yerinə gecikmə ilə olsa da, daşımış və sifarişçi yükü təhvil almışdır. Ona görə də sifarişçi olan cavabdeh daşımanın dəyərini ödəmək vəzifəsi daşımış, iddiaçının isə həmin məbləğin ödənilməsini tələb etmək hüququ olmuşdur.

29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə (9809 manat) əsaslı olduğundan təmin edilməli, Cavabdehndən 9809 (doqquz min səkkiz yüz doqquz) manat daşıma haqqı iddiaçının xeyrinə tutulmalıdır.

30. İddiaçı eyni zamanda 10348,38 manat (20157,38-9809=10348,38) məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ərizəsində həmin məbləği də 04 sentyabr 2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi əsasında yaranmış daşıma xidmətinin dəyəri kimi göstərsə də, əslində həmin məbləğin yükün saxlanması, nəticədə demuraj, əlavə xərclərin yarandığı iddia olunaraq cavabdehdən tutulması tələb olunur.

31. Cavabdeh həmin hissədə də iddianı qəbul etməyərək, malların kodunun düzgün qeyd edilməməsinin iddiaçının təqsiri ucbatından olmasını, gecikmənin və s. də həmin səbəbdən baş verdiyini bildirmiş və həmin hissədə də iddiaya etiraz etmişdir.

32. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər arasında LaSAZ-C-099 nömrəli 04 sentyabr 2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 4.13-cü bəndinə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi kimi müəyyən olunmuşdur.

33. Beləliklə, tərəflər arasında bağlanan müqaviləyə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi olduğundan, eləcə də, iddiaçı əlavə xərcləri ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də (10348,38 manat) təmin edilməməlidir.

34. İddiaçı həmin hissə ilə bağlı məhkəməyə e-mail yazışmalar təqdim etmişdir. Məhkəmənin qənaətinə əsasən hazırkı hissədə iddianın təmin olunması üçün tək yazışmalar yetərli hesab oluna bilməz və həmçinin müqavilənin qeyd olunan şərt də nəzərə alınmalıdır.

35. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. İddia tələbinin digər hissəsini cavabdеhdən 8193,99 manat cərimə borcunun tutulması təşkil edir.

37. İlk öncə nəzərə alınır ki, həmin məbləğ bütövlükdə 20157,38 manat məbləğə münasibətdə hesablanmışdır. Ona görə də borcla bağlı hissədə iddianın qismən təmin olunduğu nəzərə alınaraq 10348,38 manat məbləğə münasibətdə cərimənin (3642,62 manat məbləğin) tutulmasına dair hissədə iddia təmin olunmamalıdır.

38. 9809 manat borc məbləğinə münasibətdə cərimənin tutulması hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc (9809 manat hissə) iddiaçıya müəyyən edilmiş müddət ərzində (1 ildən artıq) ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin cavabdehin daşıma haqqının ödəmək vəzifəsinin yükü təhvil verdikdən sonra yarandığı da nəzərə alınmalı, həmin hissədə də iddia qismən təmin edilməlidir.

39. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

40. Məhkəmə illik 5%-lə hesablanmış 1007,86 manat faiz məbləğinin cavabdehdən tutulmasına dair hissədə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər müqavilədə gecikdirilməyə görə cərimənin ödənilməsi qaydasını müəyyə etmişlər və hazırda da cavabdehdən cərimənin tutulmalı olması qənaətinə gəlinmişdir. Ona görə də həmin hissə ilə bağlı hazırkı nəticəyə gəlinir.

41. Eləcə də, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 184 manat dövlət rüsumu və 1250 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulması xahiş edilmişdir.

42. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 65,11 (altmış beş manat on bir qəpik) manat cavabdehdən tutulmaldır.

43. İddiaçı hüquqi xidmət xərci kimi, 1250 manat tələb etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin xarakteri nəzərə alınmaqla, iddianın qismən təmin edildiyi nəzərə alınaraq 500 (yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən 9809 (doqquz min səkkiz yüz doqquz) manat borc, 500 (beş yüz) manat cərimə, 500 (beş yüz) manat hüquqi xidmət haqqı, tərcümə olunan sənədlərə görə ödənilmiş 184 (yüz səksən dörd) manat, ödənilmiş dövlət rüsumuna görə 65,11 manat (altmış beş manat on bir qəpik) olmaqla, ümumilikdə 11058,11 manat (on bir min əlli səkkiz manat on bir qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar