Məhkəmə qərarları › İş №e-2-2(113)-2817/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2817/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2817/2021 29.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı “X3” MMC-nin nümayəndəsi, vəkili Vəkil1 və Cavabdeh MMC-nin nümayəndəsi, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “X3” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X3” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 02/01-2021 nömrəli 25.01.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 177840 ədəd damazlıq yumurtaya görə yaranmış 88920 manat borcun ödənilməsi, müqavilə üzrə yaranmış öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə satılmış yumurtanın məbləğinin 50% miqdarında 44460 manat dəymiş zərərin, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı “X3” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 02/01-2021 nömrəli 25.01.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları cavabdehə satmışdır. Belə ki, iddiaçı “X3” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 02/01-2021 nömrəli 25.01.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olunmuş və onun tərkib hissəsi olan X2 №1 üzrə iddiaçı cavabdehə İrqi-ROSS 308; Mayalılığı (miraj) – 90%-dən az olmamalı; Təzəliyi – yükləmədən öncə ən çox 5(beş) gün; Sürü yaşı -28 həftə; Qırıq və ya kirli olanı – hər sifariş üzrə təhvil verilən malların cəmi1%-dən az; Ağırlığı 55-60 qram; Sağlamlıq vəziyyəti – salmonella, mikroplazma və digər xəstəliklərin daşıyıcısı olmamalı; Çıxım faizi – 80% göstəricilərinə cavab verən Damazlıq yumurta satılmışdır. Yumurtanın 1 vahidinin qiyməti 0,50 manat təşkil edir. Müqavilə 1 il müddətinə bağlanmışdır. İddiaçı 30.01.2021-ci il tarixdə seriya EBAW 800856 saylı qaimə ilə 21240 manat məbləğində 42480 ədəd damazlıq yumurtanı; 04.02.2021-ci il tarixdə seriya EBAX 025704 saylı qaimə ilə 25200 manat məbləğində 50400 ədəd damazlıq yumurtanı; 06.02.2021-ci il tarixdə seriya EBAX 106497 saylı qaimə ilə 21240 manat məbləğində 42480 ədəd damazlıq yumurtanı; 10.02.2021-ci il tarixdə seriya EBAX 253800 saylı qaimə ilə 21240 manat məbləğində 42480 ədəd damazlıq yumurtanı cavabdehə təhvil vermişdir. Yumurtaların ümümi sayı 177840 ədəd müqavilə üzrə ödəniləcək məbləğ 88920 manat təşkil edir. Cavabdeh malları müvafiq olaraq Malların təhvil-qəbulaktları ilə iddiaçıdan qəbul etmişdir. Cavabdeh alınmış mallara görə malın dəyərinin ödənilməsi öhdəliyini götürsədə bu günədək heç bir ödəniş etməmişdir. Bağlanmış müqavilənin 2.4.1-ci yarımbəndinə əsasən alıcı malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın dəyərini) ödəmək vəzifəsini daşıyır. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır. Müqavilənin 7.1-ci yarımbəndinə əsasən “Müqaviləyə əsasən öhdəliklər yerinə yetirilmədikdə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyyət daşıyırlar; Müqavilənin 7.2-ci yarımbəndinə əsasən “Bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərin icra olunmaması alıcının və ya satıcının fəaliyyətinə ziyan vurarsa, müvafiq tərəf qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək hüququna malikdir”. Müqavilənin 7.2-ci yarımbəndinə əsasən “Bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərin icra olunmaması alıcının və ya satıcının fəaliyyətinə ziyan vurarsa, müvafiq tərəf qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək hüququna malikdir” zərərin ödənilməsi tərəflərin üzərinə qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “X3” MMC-nin nümayəndəsi, vəkili Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak Cavabdeh MMC-nin nümayəndəsi, vəkili Vəkil2 iddianı qismən qəbul edərək, izahatında “X3” MMC-yə 88920 manat manat əsas borcunun olduğunu, lakin müqavilə üzrə yaranmış öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə satılmış yumurtanın məbləğinin 50% miqdarında 44460 manat dəymiş zərər ilə razı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 25.01.2021-ci il tarixli, 02/01-2021 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən və həmin müqavilə üzrə 1 saylı X2ndan görünür ki, Satıcı – “X3” MMC (1 ədədin qiyməti 0,50 manat məbləğində olmaqla) damazlıq yumurtanı (bundan sonra – malı) alıcı – Cavabdeh MMC-yə satır, alıcı – Cavabdeh MMC isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərin icra olunmaması alıcının və ya satıcının fəaliyyətinə ziyan vurarsa, müvafiq tərəf qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək hüququna malikdir. “X3” MMC tərəfindən verilən elektron qaimələrdən və malların təhvil-qəbul aktlarından görünür ki, “X3” MMC (1 ədədin qiyməti 0,50 manat olan) ümumi miqdarı 177480 ədəd olan, ümumi dəyəri 88890 manat məbləğində olan damazlıq yumurtaları alıcı Cavabdeh MMC-yə təhvil verərək satmışdır. Üzləşmə aktından görünür ki, 25 yanvar 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək aparılan qarşılıqlı üzləşməyə əsasən Cavabdeh MMC-nin “X3” MMC-yə 26.04.2021-ci il tarixə borcu 88920 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi iddiaçı “X3” MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “X3” MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, qeyd olunan (malların təhvil-qəbul aktları və elektron qaimələr üzrə təhvil verilən) ümumi dəyəri 88890 manat olan malların ödənişini etməmişdir. Cavabdehin əsas borcunu qismən etiraf etdiyini nəzərə alan məhkəmə iddiaçının əsas borc kimi 88890 manat məbləğində pul tələbini əsaslı hesab edir. Bununla yanaşı iddiaçı tərəfindən 25.01.2021-ci il tarixli, 02/01-2021 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə istinad edilməklə həmin müqavilə üzrə yaranmış öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə satılmış yumurtanın məbləğinin 50% miqdarında 44460 manat dəymiş zərər tələb edilsə də, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında sözügedən müqavilənin 7.2-ci bəndində bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərin icra olunmamasının alıcının və ya satıcının fəaliyyətinə ziyan vurarsa, müvafiq tərəfin qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək hüququna malik olduğu qeyd edilmişdir, həmin müqavilənin 7.2-ci bəndinin mənası heç də müqavilə üzrə yaranmış öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə satılmış malların məbləğinin 50% miqdarında dəymiş zərərin tələb edilməsi anlamına gəlmir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəf məhz 44460 manat məbləğdə dəymiş zərərlə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 25.01.2021-ci il tarixli, 02/01-2021 nömrəli müqaviləyə əsasən ödənilməmiş 88920 manat məbləğində pul tutularaq iddiaçı “X3” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 66,66%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 66,66%-i, yəni 19,99 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN: **********) 25.01.2021-ci il tarixli, 02/01-2021 nömrəli müqaviləyə əsasən ödənilməmiş 88920 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19,99 manat məbləğində pul tutularaq iddiaçı “X3” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar