Məhkəmə qərarları › İş №e-2-2(113)-2818/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2818/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2818/2021 23.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı «X4» MMC-nin Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X4» MMC Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 21.01.2021-ci il tarixli 01/01-2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən satılmış 468720 ədəd damazlıq yumurtaya görə yaranmış 84360 manat borcun və müqavilə üzrə yaranmış öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə satılmış yumurtanın məbləğinin 50 faizi miqdarında 42180 manat dəymiş zərər olmaqla, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiamıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X4” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01/01-2021 nömrəli 21.01.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaç müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları cavabdehə satmışdır. Belə ki, iddiaçı “X4” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01/01-2021 nömrəli 21.01.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olunmuş və onun tərkib hissəsi olan X3 nömrə 1 üzrə iddiaçı cavabdehə İrqi-ROSS 308; Mayalılığı (miraj) - 90%dən az olmamalı; Təzəliyi - yükləmədən öncə ən çox 5(beş) gün; Sürü yaşı -28 həftə; Qırıq və ya kirli olanı - hər sifariş üzrə təhvil verilən malların cəmi 1%-dən az; Ağırlığı 55- 60 qram; Sağlamlıq vəziyyəti - sahnonella, mikroplazma və digər xəstəliklərin daşıyıcısı olmamalı; Çıxım faizi - 80% göstəricilərinə cavab verən Damazlıq yumurta satılmışdır. Yumurtanın 1 vahidinin qiyməti 0.50 AZN təşkil edir. Müqavilə 1(bir) il müddətinə bağlanmışdır. İddiaçı 22.01.2021-ciil tarixdə seriya EBAW 437243 saylı qaimə ilə 39060 (otuz doqquz min altmış) manat məbləğində 78120 ədəd damazlıq yumurtanı, 25.01.2021ci il tarixdə seriya EBAW 522458 saylı qaimə ilə 39060 (otuz doqquz min altmış) manat məbləğində 78120 ədəd damazlıq yumurtanı; 29.01.2021-ci il tarixdə seriya EBAW 739398 saylı qaimə ilə 39060 (otuz doqquz min altmış) manat məbləğində 78120 ədəd damazlıq yumurtanı; 01.02.2021-ci il tarixdə seriya EBAW 839698 saylı qaimə ilə 39060 (otuz doqquz min altmış) manat məbləğində 78120 ədəd damazlıq yumurtanı cavabdehə təhvil vermişdir. 05.02.2021-ci il tarixdə seriya EBAX 086946 saylı qaimə ilə 39060 (otuz doqquz min altmış) manat məbləğində 78120 ədəd damazlıq yumurtanı cavabdehə təhvil vermişdir. 08.02.2021-ci il tarixdə seriya EBAX 161196 saylı qaimə ilə 39060 (otuz doqquz min altmış) manat məbləğində 78120 ədəd damazlıq yumurtanı cavabdehə təhvil vermişdir. Yumurtaların ümümi sayı 468720 ədəd- müqavilə üzrə ödəniləcək məbləğ 234360 (iki yüz otuz dörd min üç yüz altmış) manat təşkil edir. Cavabdeh malları müvafiq olaraq Malların təhvil-qəbul aktları ilə iddiaçıdan qəbul etmişdir. Cavabdeh alınmış mallara görə 150000 (yüz əlli min) manat məbləği ödəmiş müqavilə üzrə 84360 (səksən dörd min üç yüz altmış) manat borcu qalmışdır. Bağlanmış müqavilənin 2.4.1-ci yarımbəndinə əsasən Alıcı malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın dəyərini) ödəmək vəzifəsini daşıyır. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən Satıcı müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək hüququ vardır. Müqavilənin 7.1-ci yarımbəndinə əsasən “Müqaviləyə əsasən öhdəliklər yerinə yetirilmədikdə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyyət daşıyırlar; Müqavilənin 7.2-ci yarımbəndinə əsasən “Bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərin icra olunmaması Alıcının və ya Satıcının fəaliyyətinə ziyan vurarsa, müvafiq tərəf qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək hüququna malikdir”. Cavabdeh tərəfindən yuxarıda qeyd olunan müqavilənin şərtlərinə əməl edilməmiş və bu səbəbdən də iddiaçı ilə arasında mübahisə yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qismən əsas borc hissəsində qəbul etdiyini, lakin hesablanmış faiz borcunun hesablanması ilə razılaşmırlar. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində faizin hesablanmasına dair müddəa nəzərdə tutulmamışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı “X4” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01/01-2021 nömrəli 21.01.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı Müqavilə qüvvədə olduğu müddətdə. Müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş mallar satmağı Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-faktura əsasan qəbul edərək almağı və Muqavilənin ayrılmaz tərkib hissələri sayılan X2 həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Malların Satıcı tərəfindən Alıcıya təhvil verilməsi müddəti Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilir. Həmin Müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən Satıcı müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək hüququ vardır. Həmin Müqavilənin 2.4.1-ci yarımbəndinə əsasən Alıcı malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın dəyərini) ödəmək vəzifəsini daşıyır. Həmin Müqavilənin 7.1-ci yarımbəndinə əsasən “Müqaviləyə əsasən öhdəliklər yerinə yetirilmədikdə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 7.2-ci yarımbəndinə əsasən “Bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərin icra olunmaması Alıcının və ya Satıcının fəaliyyətinə ziyan vurarsa, müvafiq tərəf qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək hüququna malikdir”. İş materiallarına əlavə edilmiş 21.01.2021-ci il tarixli qiymətdə razılaşma protokolundan görünür ki, tərəflər İrqi-ROSS 308; Mayalılığı (miraj) - 90%-dən az olmamalı; Təzəliyi - yükləmədən öncə ən çox 5(beş) gün; Sürü yaşı -28 həftə; Qırıq və ya kirli olanı - hər sifariş üzrə təhvil verilən malların cəmi 1%-dən az; Ağırlığı 55-60 qram; Sağlamlıq vəziyyəti - sahnonella, mikroplazma və digər xəstəliklərin daşıyıcısı olmamalı; Çıxım faizi - 80% göstəricilərinə cavab verən Damazlıq yumurtalarını 1 vahidinin qiyməti 0.50 AZN təşkil edəcəyinə razılaşmışlar. İş materiallarına əlavə edilmiş tərəflər arasında imzalanmış 26.04.2021-ci il tarixli Üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin “X4” MMC-yə 84360 manat qalıq bocunun olması təsdiq olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X4” MMC ilə Cavabdeh MMC arasında 01/01-2021 nömrəli 21.01.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Satıcı Müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş mallar satmağı Alıcı isə həmin malları Satıcı tərəfindən təqdim olunan qaimə-fakturaya əsasan qəbul edərək almağı və Muqavilənin ayrılmaz tərkib hissələri sayılan X2 həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya 84360 manat borcu yaranmışdır. Bununla əlaqədar olaraq cavabdehin iddiaçıya olan borcunun miqdarının müəyyən edilməsi və təsdiq edilməsi üçün tərəflər arasında üzləşmə aktı tərtib edilərək təsdiq edilmişdir. Lakin hal-hazırki vaxtadək cavabdeh tərəfindən qeyd olunan öhdəlikləri tam yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 84360 manat əsas borcunun tutulmasını tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəflər arasında qeyd olunan müqavilə üzrə yaranmış əsas borcun olduğunu və borcun ödəniləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia tələbinin 42180 manat dəymiş zərər olmaqla fazi borcuna münasibətdə bildirir ki, qeyd olunan faizin hesablanması tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamaış, habelə hesablanma qaydasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsas bocun tutulması hissəsində təmin edilərək, cavabdehdən 84360 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən bağlanmış 21.01.2021-ci il tarixli 01/01-2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 84360 (səksən dörd min üç yüz altmış) manat pul tutularaq «X4» MMCnin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 21.01.2021-ci il tarixli 01/01-2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən 84360 (səksən dörd min üç yüz altmış) manat pul tutularaq «X4» MMC-nin xeyrinə ödənilsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq iddiaçı «X4» MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar