Məhkəmə qərarları › İş №e-2-2(113)-2818/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2818/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2818/2025 13.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətina qarşı pul tələbi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair birləşdirilmiş işlər (açar sözlər: qazın alqı-satqısı barədə müqavilə, borcun ödənilməsi, ödənilmiş pul vəsaitinin geri qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair birləşdirilmiş işlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı İB) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış ümumilikdə 183226,75 manat (yüz səksən üç min iki yüz iyirmi altı manat yetmiş beş qəpik) məbləğində əsas borc və 473,23 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq “Azəriqaz“ İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus Xaçmaz rayonu Pirqulu-Oba kəndi ərazisində yerləşən kommersiya obyekti ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində xx.xx.2025-ci il tarixə İddiaçınə ümumilikdə 183226,75 (yüz səksən üç min iki yüz iyirmi altı manat yetmiş beş qəpik) manat borcu (abunə kodu **********00026) yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.

4. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB tərəfindən "xxxx" MMC-yə aktlar əsasında hesablanmış və ödənilmiş 31583,34 manat pulun **********00026 nömrəli abonent koduna geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Pirqulu-Oba kəndində yerləşən, "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsi müqavilə əsasında **********00026 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2022-ci ilin aprel ayına qədər iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatları olmadığından tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı-vaxtında ödənilmişdir. 2022-ci ildə isə cavabdehlə mübahisə yaranmışdır. Belə ki, sonradan məlum olduğu kimi, cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə, aktlar əsasında ümumilikdə 31583,34 manat məbləğində borc hesablanmışdır. Aktların nə zaman və kim tərəfindən tərtib edildiyi barədə məlumat yoxdur. Göründüyü kimi, 2021-ci ilin may ayından 2022-ci ilin mart ayınadək 9 akt əsasında iddiaçıya ümumilikdə 31583,34 manat məbləğində əsassız borc hesablanmışdır və bu borca görə cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə edilən ödənişlərdən tutulmalar aparılmışdır. Nəticədə hazırda mübahisə predmeti olan borc 2022-ci ilin aprel ayına tam olaraq ödənilmişdir. Hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilmir. Hesab fakturada əks olunan borc sırf sayğac göstəricilərinə əsasən hesablandığı kimi qələmə verilir. Bu səbəbdən hesab-fakturalarda qeyd edilən məbləğin aktlar əsasında hesablandığından xəbərləri olmamışdır. Təbii qazdan istifadəyə görə edilən ödənişlərdən isə qanunsuz olaraq cavabdeh həmin aktların ödənişinə pul çıxıb. Sözügedən aktlarla bağlı cavabdeh təşkilata müraciət edildikdə bildirdilər ki, guya aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacı fasilələrlə işləmiş və bu səbəbdən QPS-də quraşdırılan ROC 407 tipli sərfölçən cihazın göstəricilərinə əsasən cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək qaz hesabına işlənmişdir. Belə bir halın mümkün olmadığı və anlaşılmazlığın olduğu, həmçinin ROC 407 tipli sərfölçən cihazın ümumiyyətlə MMC-yə heç bir aidiyyətinin olmadığı, belə hesabat növünün qanunsuz olduğu bildirilmişdir. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa, pulun geri qaytarılacağını) bildirdilər. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı aydın oldu. Belə ki, aktlar guya qaz sayğacının fasilələrlə işlədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi, təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən istifadədə olan qaz sayğacının fasilələrlə işləməsinə dair cavabdeh təşkilat hər hansı sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, bu nəticəyə nəyin əsasında gəldikləri bəlli deyil. Cavabdeh təşkilat özünə məxsus ROC tipli sərfölçən qurğunun göstəricilərinə əsasən qaz itkilərinin qarşısını almaq məqsədi ilə aktlar əsasında qanunsuz borcların hesablanmasını aparmışdır. Bundan başqa, istifadədə olan qaz sayğacı xx.xx.2024-cü il tarixdə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının çıxarılması haqqında tərtib edilmiş ******* nömrəli aktdan da göründüyü kimi, qaz sayğacı çıxarılarkən saz vəziyyətdə olmuşdur. Belə ki, aktda sayğacın “çıxarılmasına səbəb” bölümündən aydın görünür ki, cihaz tam işlək vəziyyətdə olmuşdur. Bütün bunlardan göründüyü kimi, cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi, cavabdeh təşkilat özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz tərzdə ümumilikdə 31583,34 manat məbləğində əlavə borc hesablamış və həmin borcu cavabdeh təşkilat qanunsuz olaraq edilmiş ödənişlərdən tutmuşlar. Belə bir hesablama düsturu və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi, qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək, həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Qeyd edilmişdir ki, cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış və ödənilmiş pulun geri qaytarılması tələb edilmişdir, lakin göründüyü kimi müsbət nəticə əldə edilməmişdir. İddiaçı İB tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, İddiaçı İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Hesab edilir ki, cavabdeh İddiaçı İB həmin aktların əsaslı olduğunu sübut etməlidir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə istinad edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(113)-3456/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair e-2-2(113)-3456/2025 nömrəli işin məhkəmənin icraatında olan İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair e-2-2(113)-2818/2025 nömrəli işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır.

8. İddiaçı İB tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC İddiaçı İB-yə qarşı “aktlar əsasında hesablanmış və ödənilmiş 31583,34 manat pulun **********00026 nömrəli abonent koduna geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində "xxxx" MMC-yə aktlar əsasında hesablanmış və ödənilmiş 31583,34 manat pulun **********00026 nömrəli abonent koduna geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biri də (maddə 14.2.7) əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarıla bilər. Həmin Məcəllənin 372-ci maddəsinə görə: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-cı maddəsində qeyd olunur ki: Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüquqlarının məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi sonuncu tərtib edilmiş aktı 28 fevral 2022-ci il tarixdə imzalamış, aktlara əsasən hesablanmış məbləğ üzrə conuncu ödənişi (7000 manat) 30 aprel 2022-ci il tarixdə yerinə yetirmişdir. İddiaçı əsassız varlanmaya səbəb olmuş pul öhdəliklərinin icrasından üç il keçdikdən sonra 2025ci ilin aprel ayında mübahisə olunan məbləğin qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bununla da aydın olur ki, iddiaçı "xxxx" MMC qanunda nəzərtdə tutulmuş iki illik müddət keçdikdən sonra, yəni iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasımnda tətbiq edilir. Mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə verdiyi ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri, AR MM-nin 372-375-ci maddələrini, 1095-ci maddəsini rəhbər tutaraq, iddiaçı 8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin İddiaçınə qarşı “aktlar əsasında hesablanmış və ödənilmiş 31583,34 manat pulun **********00026 nömrəli abonent koduna geri qaytarılması tələbinə dair iddiasının iddia müddətinin keçməsi ilə əlaqədar təmin edilməsindən imtina edilməsi barədə qərar çıxarılması xahiş olunur.

9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

10. İddiaçı Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, İddiaçı İB-nin iddia tələbinin təmin, "xxxx" MMC-nin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı İB ilə istehlakçı "xxxx" MMC arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, AMX- 2645/21 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı İB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AMX- 2645/21 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqaviləyə xx.xx.2021-ci il tarixli protokolun məzmunundan müəyyən olunur ki, tərəflər istehlakçıya 1 ədəd Elster G-65 PVG EK-220 markalı, 75158586 nömrəli və Elster G-1600 TRZ EK-220 markalı, 10519523 nömrəli qaz sayğacının quraşdırılması ilə bağlı razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilkə təsdiq edilmişdir.

13. İddiaçı İB-nin Xaçmaz RQİİ tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli sayğac az sərfiyyatda işləmədiyinə görə obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktda qeyd edilmişdir ki, Xaçmaz rayonu, Pirqulu oba kəndində yerləşən 8 nömrəli yol idarəsinin G-1600 markalı 10519523 nömrəli qaz sayğacı fasilələrlə işlədiyinə görə çıxarılmış, ölçmə vasitəsi olaraq 0-cı km-də yerləşən rok markalı ölçü vasitəsi ilə aparılması məqsədə uyğundur. Rok markalı ölçü cihazı 2021-ci ilin may ayında 20894 m3 qaz sərfi qeyd etmiş, sayğac göstəricisinə əsasən qaz sərfi 18702m3 olmuşdur, odur ki, burada fərq 2192m3-dur, bunun da müəssisənin hesabına işlənməsi məqsədəuyğun sayılır.

14. İddiaçı İB-nin Xaçmaz RQİİ tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli sayğac az sərfiyyatda işləmədiyinə görə obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktda qeyd edilmişdir ki, Xaçmaz rayonu, Pirqulu oba kəndində yerləşən 8 nömrəli yol idarəsinin G-1600 markalı 10519523 nömrəli qaz sayğacı fasilələrlə işlədiyinə görə çıxarılmış, ölçmə vasitəsi olaraq 0-cı km-də yerləşən rok markalı ölçü vasitəsi ilə aparılması məqsədəuyğun sayılmışdır. Rok markalı ölçü cihazı 2021-ci ilin iyun ayında 51725 m3 qaz sərfi qeyd etmiş, bunda xx.xx.2021-ci il tarixində Xaçmaz Şərab zavoduna quraşdırılmış G-250 markalı ********* nömrəli qaz sayğacı 20465m3 qaz sərfi qeyd etmiş və ardıcıl quraşdırılmış Xaçmaz Şərab zavodunun məişət cihazları üçün quraşdırılan G-10 markalı 75160603 nömrəli qaz sayğacı 0m3 sərfiyyat qeyd etməmiş səbəbi məişət cihazlarının da istifadə olunmamasıdır. Bu səbəbdən Rok markalı ölçü cihazının qeyd etdiyi 51725m3 qaz sərfindən Xaçmaz Şərab zavodunun qaz xətinin üzərində quraşdırlan qaz sayğacının qeyd etdiyi 20465m3 çıxılmaqla, yerdə qalan 31260m3 qaz sərfini 8 nömrəli yol idarəsinin hesabına yazılması məqsədəuyğundur.

15. İddiaçı İB-nin Xaçmaz RQİİ tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli sayğac az sərfiyyatda işləmədiyinə görə obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktda qeyd edilmişdir ki, Xaçmaz rayonu, Pirqulu oba kəndində yerləşən 8 nömrəli yol idarəsinin G-1600 markalı 10519523 nömrəli qaz sayğacı az sərfiyatı qeydə almadığına görə müəssisəyə QPS-də quraşdırılan Rok 407 markalı ölçü cihazı ilə hesabat aparılması məqsədəuyğun sayılmış, 2021-ci ilin sentyabr ayında Rok 44000m3 qaz sərfi qeyd etmiş (Xaçmaz Şərab qazdan istifadə etmir qaz xətti bağlıdır), ondan sayğacla qeyd olunan qaz sərfi 15664m3 çıxılmış, qalan 28336 m3 qaz sərfinin müəssisənin hesabına işlənməsi məqsədəuyğundur. Beləliklə, 2021-ci ilin sentyabr ayının qaz sərfi 44000m3 olması məqsədəyğun sayılmış, müəssisə və Xaçmaz RQİİ tərəfindən imzalanmışdır.

16. İddiaçı İB-nin Xaçmaz RQİİ tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli sayğac az sərfiyyatda işləmədiyinə görə obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktda qeyd edilmişdir ki, Xaçmaz rayonu, Pirqulu oba kəndində yerləşən 8 nömrəli yol idarəsinin G-1600 markalı 10519523 nömrəli qaz sayğacı az sərfiyatı qeydə almadığına görə müəssisəyə QPS-də quraşdırılan Rok 407 markalı ölçü cihazı ilə hesabat aparılması məqsədəuyğun sayılmış, 2021-ci ilin dekabr ayında Rok 114114m3 qaz sərfi qeyd etmiş, ondan Xaçmaz Şərab ASC 57256m3 Xaçmaz Şərabın daxilindəki sayğac 0m3 istifadə etmir, G-1600 sayğacın qeyd etdiyi qaz sərfi 36103m3 olmuşdur, yerdə qalan qaz sərfinin müəssisənin hesabına işlənməsi məqsədəuyğun hesab edilmişdir. 114114m3- 57256m3-36103m3=20755m3 Beləliklə, 2021-ci ilin noyabr ayının qaz sərfi 56858m3 olması məqsədəuyğun sayılmış, müəssisə və Xaçmaz RQİİ tərəfindən imzalanmışdır

17. İddiaçı İB-nin Xaçmaz RQİİ tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli sayğac az sərfiyyatda işləmədiyinə görə obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktda qeyd edilmişdir ki, Xaçmaz rayonu, Pirqulu oba kəndində yerləşən 8 nömrəli yol idarəsinin G-1600 markalı 10519523 nömrəli qaz sayğacı az sərfiyatı qeydə almadığına görə müəssisəyə QPS-də quraşdırılan Rok 407 markalı ölçü cihazı ilə hesabat aparılması məqsədəuyğun sayılmış, 2021-ci ilin noyabr ayında Rok 86889m3 qaz sərfi qeyd etmiş, ondan Xaçmaz Şərab ASC 38459m3 Xaçmaz Şərabın daxilindəki sayğac 0m3 istifadə etmir G-1600 sayğacın qeyd etdiyi qaz sərfi 32140m3 olmuşdur, yerdə oaıan qaz sərfinin müəssisənin hesabına işlənməsi məqsədəuyğun hesab edilmişdir. 86889m3- 38549m3-32140m3=16200m3 Beləliklə, 2021-ci ilin noyabr ayının qaz sərfin 48340m3 olması məqsədəuyğun sayılmış, müəssisə və Xaçmaz RQİİ tərəfindən imzalanmışdır.

18. İddiaçı İB-nin Xaçmaz RQİİ tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli sayğac az sərfiyyatda işləmədiyinə görə obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktda qeyd edilmişdir ki, Xaçmaz rayonu, Pirqulu oba kəndində yerləşən 8 nömrəli yol idarəsinin G-1600 markalı 10519523 nömrəli qaz sayğacı az sərfiyatı qeydə almadığına görə müəssisəyə QPS-də quraşdırılan Rok 407 markalı ölçü cihazı ilə hesabat aparılması məqsədəuyğun sayılmış, 2022-ci ilin fevral ayında Rok 55301m3 qaz sərfi qeyd etmiş, ondan Xaçmaz Şərab ASC 46738m3 Xaçmaz Şərabın daxilindəki sayğac 0m3 istifadə etmir, G-1600 sayğacın qeyd etdiyi qaz sərfi 4356m3 olmuşdur, yerdə qalan qaz sərfinin müəssisənin hesabına işlənməsi məqsədəuyğun hesab edilmişdir. 55301 m3- 46738m3-4356m3=4207m3 Beləliklə, 2022-ci ilin fevral ayının qaz sərfinin 8563 m3 olması məqsədəuyğun sayılmış, müəssisə və Xaçmaz RQİİ tərəfindən imzalanmışdır.

19. İddiaçı İB-nin Xaçmaz RQİİ tərəfindən tərtib və təsdiq edilmiş sayğac az sərfiyyatda işləmədiyinə görə obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktda qeyd edilmişdir ki, Xaçmaz rayonu, Pirqulu oba kəndində yerləşən 8 nömrəli yol idarəsinin G- 1600 markalı 10519523 nömrəli qaz sayğacı az sərfiyatı qeydə almadığına görə müəssisəyə QPS-də quraşdırılan Rok 407 markalı ölçü cihazı ilə hesabat aparılması məqsədəuyğun sayılmış, 2022-ci ilin yanvar ayında Rok 89273m3 qaz sərfi qeyd etmiş, ondan Xaçmaz Şərab ASC 26983m3 Xaçmaz Şərabın daxilindəki sayğac 0m3 istifadə etmir G-1600 sayğacın qeyd etdiyyı qaz sərfi 42405m3 olmuşdur, yerdə qalan qaz sərfinin müəssisənin hesabına işlənməsi məqsədəuyğun hesab edilmişdir. 89273m3-42405m3- 26983m3=19885m3 Beləliklə, 2022-ci ilin yanvar ayının qaz sərfinin 62290m3 olması məqsədəuyğun sayılmış, müəssisə və Xaçmaz RQİİ tərəfindən imzalanmışdır.

20. İddiaçı İB tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarxili, ******* nömrəli aktda qeyd edilmişdir ki, "xxxx" MMC-yə məxsus sayğac çıxarılmışdır. Çıxarılan sayğacın tipi – Turbin, markası G- 1600, zavod № 10519523, korrektroun mar EK220, korrektorun № 4457651. Sayğacın filtri nümayəndəyə təhvil verildi. Sayğac alarm rejimindədir.

21. **********00026 nömrəli abonent kodu üzrə abonentin saldosundan müəyyən olunur ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə ümumilikdə borcu 183226,75 manat təşkil edir.

22. İddiaçı İB pretenziya məktubu ilə "xxxx" MMC-yə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış borcun 10 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

23. "xxxx" MMC pretenziya məktubu ilə İddiaçı İB-yə müraciət edərək, 31583,34 manat vəsaitin 3 gün müddətində abonentin hesabına geri qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

24. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

26. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

27. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi

31. İddia tələbini xx.xx.2025-ci il tarixə istifadə olunmuş təbii qaza görə İddiaçınə yaranmış ümumilikdə 183226,75 manat məbləğində əsas borcun cavabdeh "xxxx" MMCdən tutularaq “Azəriqaz“ İB-nin hesabına ödənilməsi təşkil edir.

32. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı İB ilə istehlakçı "xxxx" MMC arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya **********00026 nömrəli abonent kodu üzrə 183226,75 manat borcu yaranmışdır.

33. Məhkəmə qanunvericilik normalarının tələblərini, müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddia tələbi təmin edilməli, cavabdehdən təbii qazdan istifadəyə görə **********00026 saylı hesabı üzrə yaranmış 183226,75 manat (yüz səksən üç min iki yüz iyirmi altı manat yetmiş beş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

34. Eləcə də, iddiaçı ödənilmiş 473,23 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

35. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 473,23 manat (dörd yüz yetmiş üç manat iyirmi üç qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı iddia tələbi İddiaçı İB tərəfindən "xxxx" MMC-yə aktlar əsasında hesablanmış və ödənilmiş 31583,34 manat pulun **********00026 nömrəli abonent koduna geri qaytarılmasından ibarətdir.

37. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. İddiaçı İB tərəfindən tərtib edilmiş aktlardan və abonent saldosundan müəyyən olunur ki, iddiaçıya qazdan istifadəyə görə 2021 və 2022-ci illər üzrə aktlar əsasında 31583,34 manat (26283,1+5 300,24=31583,34) borc hesablanmışdır. 2021-ci ildə ümumilikdə 26283,1 manat (may ayı 438,40+iyun ayı 6252+iyul ayı 1355,40+sentyabr ayı 5667,20+oktyabr ayı 4435,60+noyabr ayı 3564+ dekabr ayı 4570,50= 26283,1). 2022-ci ildə ümumilikdə 5300,24 manat (yanvar ayı 4374,70+ fevral ayı 925,54=5300,24).

38. Məhkəmə hesab edir ki, həmin borc iddiaçıya əsassız olaraq hesablanmışdır.

39. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və həmin məbləğ iddiaçıdan tutula bilməz.

40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı İB tərəfindən tərtib edilən aktlar qanunsuz olunduğundan və hüquqi nəticə yaratmadığından, İddiaçı tərəfindən aktlar əsasında hesablanmış 31583,34 manat (otuz bir min beş yüz səksən üç manat otuz dörd qəpik) məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin **********00026 nömrəli abonent hesabına geri qaytarılmalıdır.

41. Cavabdeh məhkəməyə müraciət edərək, iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbinə etiraz etmişdir.

42. Məhkəmə qeyd etməyi zərur hesab edir ki, iş üzrə mövcud hallar araşdırılarkən idda müddətinin ötürülməsi müəyyən edilməmişdir. İddiaçı İB-nin nümayəndəsi əsassız varlanma halına istinad etsə də, həmin hala istinad əsassızdır, belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Bu səbəbdən cavabdeh tərəfindən verilən ərizə əsassız saylmalıdır.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 183226,75 manat (yüz səksən üç min iki yüz iyirmi altı manat yetmiş beş qəpik) məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 473,23 manat (dörd yüz yetmiş üç manat iyirmi üç qəpik) olmaqla, ümumilikdə 183699,98 manat (yüz səksən üç min altı yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aktlar əsasında hesablanmış və ödənilmiş 31583,34 manat (otuz bir min beş yüz səksən üç manat otuz dörd qəpik) məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin **********00026 nömrəli abonent hesabına geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar