Məhkəmə qərarları › İş №e-2-2(113)-2821/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2821/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2821/2023 14.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 60804.09 məbləğində borcun və 46.800 manat məbləğində qanun üzrə dəbbə pulunun, həmçinin 400 manat məbləğində mediasiya prosesinə ödənilmiş rüsumun, cəmi 108004.09 manat məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Saqa Gəmi Təmiri şirkəti (bundan sonra Sifarişçi) arasında xx.xx.2016-cı il tarixində XG– 0986 saylı müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış XG-0986 saylı müqavilənin predmetini Sifarişçiyə məxsus olan "xxxx" gəmisinin tərsanə işlərinin görülməsi təşkil etmişdir. ASCO tərəfindən XG–0986 saylı müqavilənin şərtlərinə tam əməl olunmasına baxmayaraq, Saqa Gəmi Təmiri şirkətinin “İcraçı”ya 60804,09 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinin təmini ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, xx.xx.2020-ci il tarixdə rəsmi qaydada pretenziya verilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir. Saqa Gəmi Təmiri şirkəti tərəfindən hal-hazıra kimi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində ASCO maliyyə çətinlikləri ilə üzləşmiş və digər qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış XG–0986 saylı müqavilənin 8.1-ci bəndinin tələblərinə əsasən, 31 avqust 2016-cı il tarixdə Saqa Gəmi Təmiri şirkətinə məxsus olan “Amur-2528” gəmisinin tərsanə təmiri işlərinin görülməsi barədə tərəflər arasında 139 saylı akt imzalanmış və görülmüş işlər təsdiq olunmuşdur. XG – 0986 saylı müqavilənin 5.1 – ci bəndinə əsasən, Müqavilənin 3.1 – ci bəndində nəzərdə tutulmuş ümumi müqavilə qiyməti ƏDV – siz 67 175,50 manat müəyyən edilmişdir. XG – 0986 saylı Müqavilənin 4.2 – ci bəndinə əsasən, Müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə yəni 28 iyul 2017-ci il tarixinədək qüvvədədir. Tərəflərdən hər biri bu müddətin başa çatmasınadək bu Müqavilə üzrə yaranmış olan və icra edilməmiş öhdəliklərini, bu müddətin başa çatmasından sonra icra etməyə borcludurlar və Müqavilə müddətinin başa çatması icra edilməmiş belə öhdəliklərə təsir etmir. XG – 0986 saylı müqavilənin 5.1 – ci bəndinə əsasən Müqavilənin 3.1 – ci bəndində nəzərdə tutulmuş ümumi müqavilə qiyməti aşağıda qeyd olunan vaxtlarda və həcmdə həyata keçirilməlidir: 1. 1 – ci ödəniş: ümumi müqavikə qiymətinin 50% - i həcmində (33 587,75 manat) bu müqavilənin tərəflərin hər ikisinin imzalamasından sonra 10 təqvim günü ərzindı. 2.2 – ci ödəniş: ümumi müqavilə qiymətinin yekun 50% - i həcmində 33 587,75 manat işlər icraçı tərəfindən tamamlandıqdan sonra tərəflər arasında işlərin tamamlanmış hissəsinə dair müvafiq təhvil-təslim aktının imzalanmasından 7 təqvim günü ərzində. XG – 0986 saylı müqavilənin 7.1 – ci bəndinə əsasən, bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etməməyə habelə, tam və ya lazımınca icra etməməyə görə Azərbaycan Respublikasının qanunvericiliyinə görə məsuliyyət daşıyırlar və hər bir tərəf bir-birlərinə vurduqları ziyanın dəyərini qarşı tərəfə ödəməyə borcludur. XG – 0986 saylı müqavilənin 7.2 – ci bəndinə əsasən əgər sifarişçi öz ödəniş öhdəliklərini bu Müqavilənin 5 – ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ödəməzsə,bu halda icraçının hüququ vardır ki, sifarişçidən ödənişin hər gecikdirilmiş gününə görə ümumi müqavilə qiymətinin 0,1 % (sıfır onda bir faiz) miqdarında peniya (cərimə) tələb etsin. XG – 0986 saylı müqavilənin 12.2 – ci bəndinə əsasən, tərəflər arasında olan mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur. Əks təqdirdə Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır. “İcraçı” tərəfindən müqavilənin şərtlərinə əsasən, görülmüş işlər təhvil-təslim aktı əsasında “Sifarişçiyə” ya təhvil verilmiş və XG– 0986 saylı müqavilənin şərtləri pozulmamışdır.”Sifarişçi” tərəfindən isə müqaviləyə əsasən götürdüyü öhdəliklər yerinə yetirilməmiş və öhdəliyin icrası gecikdirilmişdir. 31 avqust 2016 – cı il tarixdə tərəflər arasında 139 saylı akt imzalanmış və aktı hər iki tərəfin səlahiyyətli nümayəndələri təsdiq etmişlər. Belə ki, akta əsasən icraçı tərəfindən müqavilə üzrə yerinə yetirilmiş işlər 100% həcmində görülməsi qəbul edilmişdir. 01 fevral 2018 – ci il tarixdə Saqa Gəmi Təmiri Şirkəti tərəfindən ASCO – ya 07/2018 saylı məktub göndərilmiş, məktuba xx.xx.2018 – ci il tarixə qarşılıqlı borcların üzləşdirilməsi aktı əlavə edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi aktı hər iki tərəfdən imzalanmış və qəbul edilmişdir. 25 fevral 2020 – ci il tarixdə cavabdeh tərəfindən ASCO – ya ümumi borcdan 18 463 məbləğində vəsait ödənmişdir. Azərabaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-cı maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. İş materiallarına əlavə edilmiş 01 fevral 2018 – ci il tarixdə Saqa Gəmi Təmiri Şirkəti tərəfindən ASCO – ya 07/2018 saylı məktubdan və 25 fevral 2020 – ci il tarixdə edilmiş ödəniş qəbzindən görünür ki, iddia müddətinin axımı 2 dəfə cavabdehin borcu etiraf etməsi hərəkətləri ilə kəsilmişdir. Belə ki, 25 fevral 2020 – ci il tarixdə borcun etirafı hərəkəti ilə iddia müddətinin axımı kəsilmişdir. 24 fevral 2023 – cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə cavabdehə müraciət olunmuşdur. Müraciət nəticəsində mediasiya prosesi başladılmış və 16 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/16-00739 saylı 05 may 2023 – cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. 16 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/16- 00739 saylı xx.xx.2023 – cü il tarixli arayış rəsmi şəkildə iddiaçıya xx.xx.2023 – cü il tarixdə təqdim edilmişdir. XG-0986 saylı xx.xx.2016 – cı il tarixli müqavilənin 7.2 – ci bəndinə əsasən cavadbeh tərəfindən ödəniş tarixindən (xx.xx.2020) bu günə kimi ümumi müqavilə qiymətinin 0.1 % - i məbləğində dəbbə puluda cavabdehdən tutulmalıdır, cavadbeh tərəfindən ümumi borc məbləğindən 16 646.61 manat ödənilmişdir. Dəbbə pulunun ödənilməsi bu tarixdən götürülmüşdür.

3. xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və iş materiallarından görünür ki, cavabdehin iddiaçıya ödəmiş olduğu sonuncu məbləğ xx.xx.2020-ci il tarixdir. Həmin tarixdən sonra hər hansı bir ödəniş həyata keçirilməmişdir. Bu isə onu bildirir ki, iddiaçı tərəfindən iddianın irəli sürülməsi 3 il müddətində olmaqla, xx.xx.2023-cü il tarixə kimi verilməli idi. Lakin iddia ərizəsindən bir başa görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət xx.xx.2023-cü il tarixdə olmuşdur. Bu həm iddia ərizəsinin özündə, həm də iddia ərizəsinin elektron qaydada olan müraciətindən görünür. Bunu iddiaçı özü anlayır, çünki verilmiş iddia ərizəsində müddətlə bağlı xeyli sayda hüquqi məsələlərə toxunulmuşdur. Digər tərəfdən, iddiaçı özünü iddia müddətini ötürməməsi barədə hüquqi əsaslandırmasını ilk öncə, xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciəti ilə bağlayır. Bununla belə, mediasiyaya necə müraciət etmişdirsə, bunu açıq şəkildə iddia tələbində göstərməmişdir. Sadəcə olaraq, mediasiya təklifini iddia ərizəsinə qoşma kimi əlavə etmiş və həmin təklif məktubunda da mediasiyaya müaraciətin məhz xx.xx.2023-cü il tarixdə olduğu görünür. Bundan başqa, iddia ərizəsinə əlavə kimi pretenziya məktubunda qoyulmuşdur ki, həmin məktubun tarixi də xx.xx.2023-cü il tarixədir. Lakin pretenziya məktubunun cavabdehə təqdim edilməsini təsdiq edəcək heç bir rəsmi sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Baxmayaraq ki, AR-nın MPM-nin 150-ci maddəsi bu tələblərə riayət olunmanı vacib sayır. Bu baxımdan, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətinin ötürülməsinin tətbiq olunması və nəticədə də verilmiş iddia tələblərinin rədd olunması barədə müvafiq qətnamə qəbul olunmalıdır.

4. İddiaçının nümayəndəsi tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiqinə dair ərizəsinə dair təqdim edilmiş mülahizəsində 24 fevral 2023-cü il tarixli mediasiya prosesinin tətbiqi ilə bağlı təklif İddiaçı QSC tərəfindən Saga Gəmi Təmiri şirkətinə xx.xx.2023-cü il tarixdə göndərildiyi və xx.xx.2023-cü il tarixdə qəbul edildiyi, bundan sonra xx.xx.2023-cü il tarixdə mediasiya üçün müraciət edildiyi və 16 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/16- 00739 saylı xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə QSC- yə təqdim edildiyi, xx.xx.2023-cü il tarixdə AXDG QSC tərəfindən cavabdehin Vergilər Nazirliyində olan elektron vergi kabinetinə pretenziya göndərildiyi və bununla bağlı sənəd iddia ərizəsinə əlavə ediliyi, cavabdeh tərəfindən iddia ərizəsinin ötürülməsi ilə bağlı qeyd olunan dəlillərin əsassız olduğunu və tərəflərindən iddia müddəti ötürülməməklə məhkəməyə göndərildiyi qeyd olunmuşdur.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, tərəflər arasında bağlanan müqavilə formal xarakter daşımışdır. Sonuncu dəfə qarşı tərəfin təqdim etdiyi sənədlərdən də görünür ki, “Amur-2528” qəmisi ümumiyyətlə nə Azərbaycan Respublikasına, nə də Cavabdehnə aid deyil, əksinə qəmi Rusiya Federasiyasına məxsus olub. Tərəfin təqdim etdiyi rus dilində tərtib edilmiş işlərin görülməsi ilə bağlı sənədlərdən də görünür ki, sənəd “Amur-2528” qəmisi tərəfindən imzalanıb, bu da onu bildirir ki, təmir işləri ilə bağlı münasibətlər İddiaçı QSC ilə “Amur- 2528” qəmisi ilə aralarında olan münasibətlərdən irəli gəlmişdir. Bundan əlavə verilmiş sorğularla bağlı əldə etdikləri məlumatlardan görünür ki, “Amur-2528” qəmisi AR Dövlət qəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, verilən iddia iddia müddəti otürülməklə verilmişdir. Belə ki, cavabdehin iddiaçıya etdiyi sonuncu ödəniş xx.xx.2020-ci il tarixində olunduğundan iddiaçı iddia tələbini 3 illik iddia müddətinə riayət edilməklə xx.xx.2023-cü il tarixinə kimi irəli sürməli idi. İddiaçı bildirir ki, pretenziya məktubu xx.xx.2023-cü il tarixində cavabdehə göndərilmişdir, lakin qarşı tərəf göndərilən məktubun məhz pretenziyanın olmasını sübuta yetirə bilməmişdir. Onu da qeyd edir ki, qarşı tərəf ilk olaraq xx.xx.2023-cü il tarixində pretenziyanın göndərilməsini qeyd etsə də, sonradan bu tarixdə mediasiya təklifinin göndərilməsini bildirdi. Cavabdeh nə pretenziya məktubunu, nə də ki, mediasiya təklifini almayıb. Qanunvericiliyin tələbinə əsasən iddia müddətinin axımı məhkəməyə iddia ilə müraciət etdikdə dayanır. Həmçinin Mediasiya haqqında qanunda qeyd edilmişdir ki, iddia müddətinin axımının kəsilməsi mediasiyaya müraciət edildiyi andan başlanır. Yəni mediasiyaya müraciət edilərsə iddia müddətinin axımı müvəqqəti dayandırılır. Lakin qarşı tərəf iddianı xx.xx.2023-cü il tarixinə kimi verməsini sübut edə bilmədi. İş materiallarından da görünür ki, mediasiya üçün xx.xx.2023-cü il tarixində, iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2023-cü il tarixində müraciət olunmuşdur, yəni iddia iddia müddəti ötürülməklə verilmişdir. İddiaçının dəbbə pulunun tələb edilməsi də əsassızdır. Belə ki, qanunvericiliyə əsasən dəbbə pulu ilə bağlı razılaşma yazılı şəkildə olmalı, yazılı razılaşma yoxdursa bununla bağlı şərt müqavilə ilə müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2016-cı il tarixli müqaviləyə əsasən:

9. 1. Müqavilənin məzmunu və predmeti

10. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi müqavilənin əlavəsində göstərilmiş təmir cədvəlinin kalkulyasiya hesabatının tələblərinə uyğun olaraq ona məxsus “Amur- 2528” gəmisinin tərsanə təmiri işlərini icraçıya tapşırır. İcraçı isə gəminin tərsanə təmiri üzrə işlərin yerinə yetirilməsini öz öhdəsinə götürür.

11. 2. Müqavilənin texniki şərtləri

12. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi işlərin yerinə yetirilməsi üçün lazım olan ilkin məlumat və sənədərin icraçıya təqdim edilməsini öz öhdəsinə götürür. İşlərin göülməsi üçün müvafiq sənədlər sifarişçi tərəfindən təqdim edilmədikdə, bunun hər hansı nəticələrinə görə sifarişçi məsuliyyət daşıyır.

13. Müqavilənin 2.2-ci bəndinə əsasən gəmidə tərsanə təmiri işləri müqaviləyə əlavə 1-də göstərilmiş texniki tələblərə əsasən həyata keçiriləcəkdir.

14. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçı əlavə işləri həyata keçirməyə başlamazdan öncə, tərəflər arasında təmir işlərini və onların dəyərini əks etdirən razılaşma protokolu imzalanmalıdır.

15. 3. Müqavilənin qiyməti

16. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin qiyməti bu müqavilənin əlavə №1 sayılan Təmir Cədvəlinin Kalkulasiya Hesabatına uyğun olaraq ƏDV-siz 67175,50 manat məbləğində müəyyən ounur.

17. 4. Təmir işlərinin və müqavilənin müddəti

18. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində yəni 28 iyul 2017-ci il tarixinədək qüvvədədir. Tərəflərdən hər biri bu müddətin başa çatmasınadək bu müqavilə üzrə yaranmış olan və icra edilməmiş öhdəliklərini, bu müddətin başa çatmasından sonra icra etməyə borcludurlar və müqavilə müddətinin başa çatması icra edilməmiş belə öhdəliklərə təsir etmir.

19. Müqavilənin 4.3-cü bəndinə əsasən gəmidə işlərin yekunlaşdırılması tarixi tərəflərin hər ikisinin səlahiyyətli nümayəndələri tərəfindən işlərin təmirdən qəbul olunması haqqında müvafiq təhvil qəbul akının imzalanmasının tarixi hesab edilməlidir.

20. 5. Ödəmə şərtləri

21. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ümumi müqavilə qiyməti aşağıda qeyd olunan vaxtlarda və həcmdə həyata keçirilməlidir. 1) birinci ödəniş: ümumi müqavilə qiymətinin 50%-i həcmində (33587,75 manat) bu müqaviləni tərəflərin hər ikisinin imzalamasından sonra 10 təqvim günü ərzində; 2) ikinci ödəniş: ümumi müqavilə qiymətinin yekun 50%-i həcmində (33587,75 manat). İşlər icraçı tərəfindən tamamlandıqdan sonra və tərəflər arasında tamamlanmış hissəsinə dair müvafiq təhvil-qəbul aktının imzalanmasından sonra 7 təqvim günü ərzində;

22. Müqavilənin 5.2-ci bəndinə əsasən bütün ödənişlər hər bir ayrı hal üçün tərtib edilmiş və icraçı tərəfindən sifarişçiyə təqdim edilmiş hesab-fakturaya əsasən 5.1-ci bənddə qeyd olunmuş müddətdə və həcmdə sifarişçi tərəfindən icraçının hesablaşma hesabına köçümə yolu ilə həyata keçirilir.

23. 7. Məsuliyyət

24. Müqavilənin 7.2-ci bəndinə əsasən əgər sifarişçi öz ödəniş öhdəliklərini bu müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ödəməzsə, bu halda icraçının hüququ vardır ki, sifarişçidən ödənişin hər gecikdirilmiş gününə görə ümumi müqavilə qiymətinin 0.1% miqdarında peniya (cərimə) tələb etsin.

25. 8. Təhvil-qəbul

26. Müqavilənin 8.1-ci bəndinə əsasən təhvil-qəbul sınaqlarının bitirilməsindən sonra icraçı və sifarişçinin nümayəndələri tərəfindən 3 nüsxə təhvil-qəbul aktı tərtib olunur.

27. Müqavilənin 8.2-ci bəndinə əsasən sifarişçi qəbul-təhvil aktını aldıqdan sonra. 10 gün ərzində icraçının ünvanına imzalanmış aktı və yaxud işlərin qəbulundan əsaslandırılmış imtina bildirişini göstərməlidir.

28. Müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçinin əsaslandırılmış imtina bildirişi olduğu halda zəruri əlavə işlərin siyahısı və onların yerinə yetirilməsi müddəti göstərilməklə, ikitərəfli akt tərtib olunur.

29. Əlavə 1 əsasən “Amur 2528” gəmisinin dok təmiri spesifikasiyası üzrə təmir qiyməti 67175,5 manat müəyyən edilmişdir.

30. xx.xx.2016-cı il tarixli akta əsasən İddiaçı QSC-nin Bibiheybət Gəmi Təmiri Zavodu ilə tərəfindən Amur-2528 gəmisi təmirə qəbul edildiyi və sifariş nömrəsinin 041527 olduğu qeyd olunmuşdur.

31. İddiaçı QSC-nin Bibiheybət Gəmi Təmiri Zavodu ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2016-cı il tarixli təhvil-təslim aktına əsasən 041527 saylı sifariş əsasında Amur-2528 gəmisinin tərsanə təmirinin başa çatdırıldığı təsdiq edilmişdir.

32. İddiaçı QSC-nin Bibiheybət Gəmi Təmiri Zavodu ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə tərtib olumuş 139 saylı akta əsasən “Amur-2528” gəmisinə tərsanə təmiri üzrə 67175,50 manat dəyərində təmir işləri yerinə yetirilməsi qəbul edilmişdir.

33. xx.xx.2016-cı il tarixli 607 90030151 saylı hesab/invoice əsasən İddiaçı QSC tərəfindən Cavabdehnə “Amur-2528” təmir işlərinə görə 67175 manat və 12091,59 manat ƏDV daxil olmaqla 79267.09 manat məlbəğində invoys verilmişdir.

34. 23.09.2016-cı il tarixli, 053529 saylı HM seriyalı elektron-qaiməyə əsasən İddiaçı QSC tərəfindən Cavabdehnə ƏDV daxil 79267,09 manat məbləğində xidmət göstərilmişdir.

35. Cavabdeh İddiaçı QSC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli, 07/2018 saylı məktubundan görünür ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2017-ci il tarixinə qarşılıqlı üzləşmə aktının təsdiqlənmiş nüsxəsi təqdim edilmişdir.

36. İddiaçı QSC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən xx.xx.2017-cı il tarixinə qarşılıqlı üzləşdirmə aparıldığı və xx.xx.2017-cı ilə borc qalığının 79267,10 manat olduğu təsdiq olunmuşdur.

37. "xxxx" ASC-nin hesabdan çıxarışına əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli XG-0986 saylı müqavilə üzrə 15646,61 manat əsas borcdan və həmin tarixli Vergilər Nazirliyinin hesabdan çıxarışına əsasən isə 2816,39 manat ƏDV ödənişi edilmişdir.

38. İddiaçı QSC tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-3/2- 884/2023 saylı pretenziya məktubunda QSC tərəfindən xx.xx.2016-cı il tarixli XG-0986 saylı müqavilə üzrə qalıq borc ƏDV daxil 60804,09 manat olduğu və 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.

39. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/16-00739 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir.

40. İşdə olan elektron poçt ünvanı çıxarşından görünür ki, Oğul Kərimov mailto:16saylımediasiya@mail.ruElektron ünvan 1 üvanından mailto:fuad.mirzazade@asco.azElektron ünvan 2 ünvanına xx.xx.2023-cü il tarixində bir ədəd pdf sənədi göndərilmişdir.

41. ünvan ünvanlanmış məktubda İddiaçı QSC-nin sədr müavininin imzası ilə xx.xx.2023-cü il tarixli mediasiya sessiyasının keçirilməsi üçün mediasiya müraciəti xx.xx.2023-cü il tarixdə Bakı 16 saylı Mediasiya təşkilatında qeydiyyata alındığı, mediator tərəfindən hər iki tərəfə ilkin mediasiya sessiyası barədə xx.xx.2023-cü il tarixdə yəni, həmin gün bildirişlər həm poçt, həm sms, həm də elektron kargüzarlıq vasitəsi ilə tərəflərə çatdırıldığı, “Saqa gəmiri təmiri” şirkətində "xxxx" sürətli poçt vasitəsi ilə göndərilən ilkin mediasiya sessiyasının keçirilmə günü saatı barədə bildirişi xx.xx.2023-cü il tarixdə “Göyüşov” soyadı olan şəxs aldığı və poçt qəbzinə imza atdığı, mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh sessiyada iştira etmədiyi, buna görə də mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edildiyi qeyd olunmuşdur.

42. ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı QSC Bakı 16 saylı Mediasiya Təşkilatına xx.xx.2023-cü il tarixli tərəflərindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış müraciətə əlavə olaraq qarşı tərəfə, yəni Cavabdehnə göndərdiyi xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifin surəti və poçt qəbzinin əlavə edildiyi bildirilmişdir.

43. "xxxx" MMC-nin "xxxx" X4 tərəfindən cavabdehin vəkilinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubla bildirilmişdir ki, müəssisədə TA005916375AZ, TA005916376AZ, TA005916378AZ və TA005916379AZ nömrəli yol qaimələrinin müşayiət etdiyi poçt göndərişləri ümumiyyətlə olmamışdır, çünki qeyd edilən bu nömrələr poçt göndərişlərini nömrələnmə standartına ziddir və belə nömrəli yol qaimələrinin olması mümkün deyildir. Amma TA005916377AZ nömrəli yol qaiməsi və onunla müşayiət olunan poçt göndərişi olmuşdur və məktuba qoşma kimi həmin qaimənin (İddiaçı QSC tərəfindən Cavabdehnə xx.xx.2023 tarixində göndərilən məktubun qaiməsi) kserosurəti göndərilmişdir.

44. AR Fövqəladə Hallar Nazirliyinin cavabdehin vəkilinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, məktubda qeyd olunan hüquqi şəxslərin adına “Amur- 2528” qəmisi Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmamışdır.

45. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət dəniz və liman agentliyinin cavabdehin vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Amur- 2528” gəmisi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyata alınmadığından, məlumatların təqdim edilməsi mümkün olmamışdır.

46. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

47. İşdən göründüyü kimi iddiaçı xx.xx.2016-cı il tarixli XG-0986 saylı müqavilə üzrə cavabdeh şirkətə gəmi təmiri xidməti götərdiyini və həmin xidmət üzrə ödənilməmiş əsas borc məbləğinin 60804.09 manat və 46800 manat məbləğində dəbbə pulunun olduğunu, həmin borc məbləğinin olmasını faktının təsdiqi kimi iş materiallarına əlavə edilmiş müqavilə, təhvil-təsmil aktı, qarşılıqlı üzləşmə aktı, elektron qaimə, hesab-faktura, banködəniş sənədinə istinad edilmişdir.

48. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmədiyini və onların Amur 2528 adlı gəmilərinin mövcud olmadığını və həmin gəminin dövlət qeydiyyatına onların adına alınmadığı dəlilini əsas gətirmiş və buna dair müxtəlif qurumlardan almış olduğu məktubları iş materiallarına əlavə etmişdir.

49. Məhkəmə hər iki tərəfin mövqeyini və onların irəli sürdükləri faktlara dair təqdim etdikləri sübutları qarşılıqlı qiymətləndirərək aşağıdakı hüquqi mövqeyi vurğulamağı zəruri hesab edir.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

51. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

52. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

53. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

54. İşin hallarından göründüyü kimi iddiaçı xx.xx.2016-cı il tarixli, XG-0986 saylı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmiş, buna dair tərəflər arasında təhvil-təslim aktı tərtib edilmiş, o cümlədən görülmüş işlərə dair yaranmış borc məbləğinə dair qarşılıqlı borcların üzləşdirmə aktı tərtib edilmiş və aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edillmişdir.

55. Bundan başqa cavabdeh keçirilmiş məhkəmə iclaslarında “iddiaçının təmir xidməti göstərdiyi Amur-2528 gəmisinin qeydiyyatda olmadığını, ümumiyyətlə belə gəminin mövcud olmaması və mövcud olmayan gəmiyə dair hər hansı təmir işləri aparıla bilməz, müqavilənin isə formal bağlanması” barədə dəlilini irəli sürmüşdür.

56. Məhkmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır və sadəcə formal mülahizə kimi giymətləndirilməlidir. Belə ki, işdə olan gəminin təmirə verilməsinə dair xx.xx.2016-cı il tarixli akt və gəminin təmirinin başa çatmasına dair hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli akt, təmir işlərin görülməsinə dair 139 saylı akt, qarşılıqlı borcların üzləşdirilməsi aktı və sair sənədlər müqavilə bağlandığı və işlər görüldüyü zaman həmin gəminin mövcüdluğunu təsdiq edir.

57. Digər tərəfdən, əgər gəmi mövcud olmamışdırsa və müqavilə sadəcə formal olaraq bağlanmışdırsa, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə müqavilədə nəzərdə tutulmuş təmir-xidməti haqqının bir hissəsinin ödənilməsini cavabdeh tərəf əsaslandıra bilməmişdir. Bundan əlavə, elə həmin ödəniş cavabdeh tərəfindən nəzərə alınmaqla, ödəniş tarixindən iddia müddətinin hesablanmasına dair ərizə belə verilmişdir.

58. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildiyi kimi, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilələrindən irəli gəlir. Cavabdeh öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla da iddiaçının tələbi əsas borc hissədə əsaslı olduğundan təmin edilməlidir.

59. Bununla yanaşı, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, XG-0986 saylı nömrəli müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış 46800 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

60. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

61. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

62. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh “Saga Gəmi Təmiri” şirkətinin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçının dəbbə pulu olaraq ödənilməsini tələb etdiyi 46800 manat məbləği cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olduğundan 3040 manat həddində müəyyən edilməlidir.

63. Bundan başqa məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verməyi zəruri hesab edir.

64. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsində şirkətin iddiaçıya ödəmiş olduğu sonuncu məbləğ xx.xx.2020-ci il tarixli olduğu, həmin tarixdən sonra hər hansı bir ödəniş həyata keçirilmədiyi, buna görə də iddiaçı tərəfindən iddianın irəli sürülməsi 3 il müddətində olmaqla, xx.xx.2023-cü il tarixə kimi verilməli olduğu halda, məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət olunduğu qeyd olunmuşdur.

65. Məhkəmə cavabdehin nümayəndəsinin qeyd etmiş olduğu dəlillərin əsassızlığını aşağıdakı hallarda vurğulamağı zəruri hesab edir.

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

67. 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

68. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

69. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

70. İşdən göründüyü kimi tərəflər arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış və müqavilə üzrə sonuncu ödəniş xx.xx.2020-cı il tarixdə həyata keçirilmişdir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ülki Məcəllənin xx.xx.2018-ci il tarixli “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

72. Hazırkı işdən də göründüyü kimi iddiaçı quruma sonuncu ödəniş xx.xx.2020-cı il tarixdə olmuş və həmin tarixdən iddia müddətinin axı kəsilmiş və bu halda işin mübahisəsiz halını təşkil etməklə, hər iki tərəfdən də qəbul edilmişdir.

73. Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətinin axımının dayandırılmasından bəhs edən 379-cu maddəsinə əlavə olunmuş 379.4-1-ci bəndinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

74. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

75. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən ilkin olaraq cavabdeh tərəfə mediasiya prosesinin tətbiqi barədə təfklif məktubu xx.xx.2023-cü il tarixdə göndərilmiş, həmin göndərilməyə dair sübutlar da işə əlavə edilmişdir. Hətta cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin "xxxx" X3 xx.xx.2023-cü il tarixli və Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli məktublarında da bu hal öz təsdiqini tapmışdır.

76. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

77. Göründüyü kimi iddiaçı tərəfindən mediasiya tətbiqinə dair təklifin göndərilməsi qanunvericilikdə mediasiya prosesinin tətbiqi hesab olunur. Buna görə də iddia müddətinin axımı da həmin tarixdə kəsilmiş olur.

78. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

79. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.

80. İşdən də göründüyü kimi iddiaçı tərəfə xx.xx.2023-cü il tarixli, MŞB/16-00739 saylı arayış xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və buna dair elekrton poçt ünvanından çıxarış təqdim edilmişdir. İddiaçı tərəf də eyni tarixdə (xx.xx.2023) məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

81. Beləliklə, bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə, iddiaçı tərəfindən iddia müddətinin buraxılmadığı gənayətinə gələrək, iddia ərizəsinin qismən təmin olunması, Cavabdeh xx.xx.2016-cı il tarixli, XG-0986 saylı müqaviləyə əsasən 60804.09 manat məbləğində əsas borc, 3040 manat məbləğində dəbbə pulun tutulmalı olması nəticəsinə gəlir.

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

83. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

84. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (63844,09 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 282 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

85. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, XG-0986 saylı müqaviləyə əsasən 60804.09 manat məbləğində əsas borc, 3040 manat məbləğində dəbbə pulu olmaqla cəmi 63844,09 (altmış üç min səkkiz yüz qırx dörd manat 09 qəpik) manat və mediasiya xərcinin əvəzi olaraq 282 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar