Məhkəmə qərarları › İş №e-2-2(113)-2821/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2821/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2821/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Natig Mamedovun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi 38762,95 (otuz səkkiz min yeddi yüz altmış iki manat doxsan beş qəpik) manat əsas borc, 7000 (yeddi min) manat cərimə məbləği, 227,29 (iki yüz iyirmi yeddi manat iyirmi doqquz qəpik) dövlət rüsumu, cəmi 45990,24 (qırx beş min doqquz yüz doxsan manat iyirmi dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 mart 2023-cü il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən ilə "xxxx" MMC-nin mülkiyyətinə məsaməli hörgü blokları təhvil verilib. Təhvil verilən malların dəyərinin bir hissəsi ödənilsə də, hazırda cavabdehin İddiaçınə 38762.95 (otuzsəkkiz min yeddi yüzaltmış ikimanat doxsan beş qəpik) məbləğində borcu mövcuddur. Müqavilənin 9.3-cü bəndinə əsasən 7000 manat dəbbə pulu hesablanmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli (həm onlayn kargüzarlıq vasitəsi ilə, həm də elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Tərəflər arasında borcların qarşılıqlı üzləşdirilməsi ilə bağlı üzləşmə aktı imza və möhürlə təsdiq edilib.

3. Daha sonra 16 may 2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 01 mart 2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə 38762,95 (otuz səkkiz min yeddi yüz altmış iki manat doxsan beş qəpik) manat əsas borc, 6432.90 (altı min dörd yüz otuz iki manat doxsan qəpik) manat cərimə məbləği, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmaq 567,10 (beş yüz altmış yeddi manat on qəpik) məbləğində faiz, 227,29 (iki yüz iyirmi yeddi manat iyirmi doqquz qəpik) dövlət rüsumu, cəmi 45990,24 (qırx beş min doqquz yüz doxsan manat iyirmi dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Mamedov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə cavabdehə ədv daxil ümumi dəyəri 127242,80 manat məbləğində mal təhvil verilmişdir. Cavabdeh tərəfindən 76082,7 manat əsas borc, 12397,10 manat ədv məbləği olmaqla, cəmi ümumilikdə 88479,8 manat məbləğində vəsait ödənilmişdir. Qalıq əsas borcla bağlı tərəflər arasında üzləşmə aktı imzalanmışdır.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı və cavabdeh arasında bağlanmış 01 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı Müqavilənin əlavələrində göstərilən müxtəlif növ tikinti məhsullarını (qazbeton, məsaməli hörgü blokları, yapışdırıcı, əhəng, və s.) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Mallan qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 3.4-cü bəndinə əsasən X1 təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək, elektron qaimə-fakturalar Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar Alıcıya təhvil verilmiş hesab ediləcək.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən Satıcı tərəfindən təchiz olunacaq Malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə razılaşdırılır və Müqavilənin müvafiq Əlavələrində müəyyən edilir. Qiymət dəyişikliyi yalnız Tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər.

11. Müqavilənin 9.3-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01 faiz məbləğində dəbbə pulu ödəyəcək.

12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolunda iddiaçı tərəfindən cavabdehə təqdim olunacaq malların adı, markası (çeşidi, növü), miqdarı, ölçü vahidi, qiyməti göstərilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə EBDG 391583 nömrəli xx.xx.2023-cü il tarixli (3738.90 manat), EBDH 730416 nömrəli xx.xx.2023-cü il tarixli (2255.17 manat), EBDİ 210596 nömrəli xx.xx.2023-cü il tarixli (2242.19 manat), EBDİ 431939 nömrəli xx.xx.2023cü il tarixli (2125.37 manat), EBDİ 595891 nömrəli xx.xx.2023-cü il tarixli (2242.19 manat), EBDİ 699427 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDİ 992291 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDİ 992292 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDJ 306074 nömrəli xx.xx.2023-cü il tarixli (3554.54 manat), EBDJ 306076 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDL 121003 nömrəli xx.xx.2023cü il tarixli (3923.26 manat), EBDL 509664 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDM 002929 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDM 044896 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDM 259830 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDM 816495 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDN 385354 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDN 768957 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDO 480631 nömrəli xx.xx.2023-cü il tarixli (3958.66 manat), EBDO 480633 nömrəli xx.xx.2023-cü il tarixli (4270.18 manat), EBDO 480628 nömrəli xx.xx.2023-cü il tarixli (4270.18 manat), EBDO 957630 nömrəli xx.xx.2023-cü il tarixli (3975.94 manat), EBDO 957632 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDP 572485 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDP 572483 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDP 572484 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDP 572480 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDP 572482 nömrəli xx.xx.2023-cü il tarixli (39223.26 manat), EBDP 572481 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDP 572107 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDP 572103 nömrəli xx.xx.2023-cü il tarixli (4234.78 manat), EBDV 938740 nömrəli xx.xx.2023-cü il tarixli (197.53 manat), EBDM 044898 nömrəli xx.xx.2023-cü il tarixli (3923.26 manat), EBDİ 210596 nömrəli xx.xx.2023cü il tarixli (2242.19 manat) elektron qaimələr (ümumilikdə 127242,80 manat) təqdim edilmişdir.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış üzləşmə aktından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixinə iddiaçıya ƏDV daxil 54945,38 (əlli dörd min doqquz yüz qırx beş manat, otuz səkkiz qəpik) manat borcu olduğunu təsdiq etmişdir. Akt tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.

15. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 10753 saylı məktubundan görünür ki, iddiaçının həmin bankda mövcud olan hesablarına cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ümumilikdə 62382,70 manat məbləğində vəsait ödənilmişdir.

16. 22.12.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya 13700 manat vəsait ödənilmişdir.

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 38762,95 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

30. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli müqavilənin 9.3-cü bəndinə əsasən hesablanmış 6432,90 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

34. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1900 manat müəyyən edilməlidir.

35. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 567,10 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.

36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

37. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

38. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

39. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

40. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

41. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

42. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

44. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

45. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

46. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

47. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

48. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

49. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 38762,95 manat əsas borc, 1900 manat dəbbə pulu, 567,10 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, 27,29 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 38762,95 manat əsas borc, 1900 manat dəbbə pulu, 567,10 manat faiz borcu, 200 manat dövlət rüsumu, ümumilikdə 41430,05 (qırx bir min dörd yüz otuz manat on qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 27,29 (iyirmi yeddi manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar