Məhkəmə qərarları › İş №e-2-2(113)-2821/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2821/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2821/2025 31.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (nəqliyyat-ekspedisiya müqaviləsi, elektron qaimə, cərimə və faiz borcu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “daşıma müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 10.893,06 manat məbləğində əsas borc, 544 manat illik 5 % olmaqla hesablanmış faiz məbləği, 1589 manat müqavilə üzrə hesablanmış cərimə məbləği, hüquqi xidmətə görə ödənilmiş 1250 manat xidmət haqqı, məhkəməyə ödənilmiş 129,08 manat dövlət rüsumu olmaqla, cəmi 14.405,68 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış LSAZC- 073 nömrəli 19 iyun 2023-cü il tarixli nəqliyyat-ekspedisiyası müqaviləsinə əsasən, iddiaçı cavabdehə məxsus malların, yükün Moradabad, Hindistan və Çin Xalq Respublikasının Xiamen şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə daşınmasını öhdəsinə götürür. Cavabdeh MMC iddiaçıya 10893,6 manat məbləğində ödəniş etməlidir. Müqavilənin 1.3-cü maddəsinə əsasən Ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq, Sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır, razılıq alınaraq qiymət vərəqəsinə təsdiq əldə olunur. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən Sifarişçi Ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor hesab-fakturanı xidmət göstərildikdən sonrakı 5 gün ərzində təqdim etməlidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlər ekspeditorun təqdim edəcəyi hesab-fakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonraki 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilədə qeyd olunan ödəmə şərtlərinin pozulması zamanı ekspeditor müvafiq ödənişin qəbul edildiyi tarixə qədər xidmətlərin icrasını dayandıra bilər. Bu müqavilədə qeyd olunan şərtlər daxilində hesab-fakturanın ödənilməsində hər hansı gecikmə baş verdikdə şifarişçi ekspeditora gecikmənin hər gününə görə ödənilməmiş hesab-fakturaların məbləğinin 0.1%-nə bərabər məbləğdə cərimə ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqaviəlnin 4.6-cı maddəsinə əsasən sifarişçi gömrük rəsmiləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keçirilməsini təmin etmə və idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtını istisna etməlidir. Həmin müqavilənin 7.3-cü maddəsinə əsasən müqavilədən irəli gələn və ya onunla əlaqədar meydana çıxan mübahisələr iddia irəli sürməkə tənzimlənmədiyi halda həmin iddialara Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır. Sözügedən müqavilə və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Bundan başqa İddiaçı MMC tərəfindən RFQAZ01835 və RFQAZ01835 nömrəli qiymət təklifi Cavabdeh MMC-yə təqdim edilmişdir. Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, iddiaçı müqavilədə nəzərdə tutulan malları Azərbaycan Respublikasına daşıyıb gətirmiş, cavabdehə təhvil vermiş, gətirilən mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən xx.xx.2025-ci il tarixinədək 10893,6 manat pul ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən cavabdehə MT**********69 saylı xx.xx.2025-ci il tarixli və EBDS964640 saylı 17 noyabr 2023-cü il tarixli qaimələr vurulmuşdur, həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. MT**********69 saylı xx.xx.2025-ci il tarixli və EBDS964640 saylı 17 noyabr 2023-cü il tarixli elektron qaimələrə əsasən cavabdeh müqaviləyə əsasən ümumi 10893,6 manat məbləğində pulu iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən pul bugünədək ödənilməmişdir. Göründüyü kimi 10893,6 manat məbləğində əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış LSAZ-C-073 nömrəli 19 iyun 2023-cü il tarixli nəqliyyatekspedisiyası müqaviləsi əsasında görülmüş daşıma xidmətinin dəyəri 10893,6 manat olmuşdur. Bu məbləği isə hələ də iddiaçıya ödəməmişdir. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərərək 3 iş günü müddətində 10893,6 manat məbləğində borcu ödəməyi tələb etmişdir, lakin cavabdeh yenə də borcu ödəməmişdir. Müqaviləyə görə 10893,6 manat məbləğində borca görə hər gün üçün 0.1% məbləğində cərimə hesablanır. Həmin cərimə məbləği 3740 manat x 0.1% x 425 gün (xx.xx.2023-xx.xx.2025) = (3,74 x 425 gün =1589) manat cərimə də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Borc vaxtında ödənilmədiyinə görə illik 5 %10893,6 manat x 5%x 1 il = 544 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bundan əlavə İddiaçı MMC ilə “X3” MMC arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış, müqavilə ilə Cavabdeh MMC-dən hazırki iş üzrə olan borc məbləğinin tutulması ilə bağlı pretenziya və iddia ərizəsinin hazırlanması, məhkəməyə təqdim edilməsi, hüquqi xidmət göstərilməsi üçün “X3” MMC-yə 1250 manat hüquqi xidmət haqqı ödəmişdir. Ona görə də cavabdehin borcu ödəmədiyinə görə məhkəmə prosesinin başlanılması və məhkəmədə təmsilçiliklə bağlı hüquqi xidmətlərə görə “X3” MMC-yə ödənilmiş 1250 manat hüquqi xidmət haqqı da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək, Cavabdeh MMC-dən ödənilməmiş 10.893,06 manat məbləğində əsas borc, 544 manat illik 5 % olmaqla hesablanmış faiz məbləği, 1589 manat müqavilə üzrə hesablanmış cərimə məbləği, hüquqi xidmətə görə ödənilmiş 1250 manat xidmət haqqı, məhkəməyə ödənilmiş 132 manat dövlət rüsumu, 503 manat tərcümə olunmuş sənədlərə görə ödənilmiş pul olmaqla cəmi 14.911,06 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2821/2025 saylı xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

5. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, qiyabi qətnamənin ləğvi edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2821/2025 saylı qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmişdir.

İİ. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Ekspeditor İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC-dən arasında bağlanan xx.xx.2023-cü il tarixli, LSAZ-C-073 saylı yükdaşınması xidmətlərinə dair müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqavilə yüklərin daşınması sahəsində tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləyir. 1.3-cü bəndinə əsasən, Ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq Sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır, razılıq alınaraq qiymət vərəqəsinə təsdiq əldə olunacaq. 2.1-ci bəndinə əsasən, Sifarişçi ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor hesab-fakturanı xidmət göstərildikdən sonrakı 5 gün ərzində təqdim etməlidir. Ekspeditor bu müddətə riayət etmədikdə Sifarişçinin xidmət göstərilən günün rəsmi məzənnəsinə müvafiq olmaq şərti ilə təqdim ediləcək hesab-fakturanın tarixinə müvafiq yenidən hesablama aparmaq hüququ vardır. 2.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə ödənişlər ekspeditorun təqdim edəcəyi hesab-fakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonraki 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir. 2.3-cü bəndinə əsasən hazırkı müqavilədə qeyd olunan ödəmə şərtlərinin pozulması zamanı ekspeditor müvafiq ödənişin qəbul edildiyi tarixə qədər xidmətlərin icrasını dayandıra bilər. Bu müqavilədə qeyd olunan şərtlər daxilində hesab-fakturanın ödənilməsində hər hansı gecikmə baş verdikdə şifarişçi ekspeditora gecikmənin hər gününə görə ödənilməmiş hesab-fakturaların məbləğinin 0.1%-nə bərabər məbləğdə cərimə ödəyir. 4.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 7.3-cü bəndinə əsasən müqavilədən irəli gələn və ya onunla əlaqədar meydana çıxan mübahisələr iddia irəli sürməkə tənzimlənmədiyi halda həmin iddialara Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır.

11. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X1” MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LSAZ-C-073 saylı “Yükdaşınması xidmətlərinə dair müqavilə"nin tərkib hissəsi olan 4 saylı Əlavəyə görə RFQAZ01835 saylı sifariş üzrə Xiamen, CİN - Bakı, Azərbaycan istiqamətində yükün daşınmasına görə 7.153, 60 manat əsas borc, 5 saylı Əlavəyə görə RFQAZ01876 saylı sifariş üzrə Moradabad, Hindistan - Bakı, Azərbaycan istiqamətində yükün daşınmasına görə 3.740 manat əsas borc, cəmi isə 10.893 manat 60 qəpik əsas borc, müqavilənin 2.3-cü mədəsinə görə tətbiq edilmiş cərimə - 1.589 manat, müqavilə müddəti başa çatdıqdan sonra əsas kredit borcuna hesablanmış (illik 5%) faiz borcu - 544 manat təşkil edir.

12. xx.xx.2023-cü il tarixli, LSAZ-C-073 saylı yükdaşınması xidmətlərinə dair müqavilənin xx.xx.2023-cü il tarixli 4 saylı əlavəsinə əsasən FOB Xiamen, Çin-Bakı istiqamətində konteynerin daşınmasının 1 ədədinin qiyməti 4890 ABŞ dolları məbləğində və xx.xx.2023-cü il tarixli 5 saylı əlavəyə əsasən EXW Moradabad, Hindistan-Bakı istiqamətində konteynerin daşınmasının 1 ədədinin qiyməti 2200 ABŞ dolları müəyyən edilmişdir.

13. xx.xx.2023-cü il tarixli fakturadan (invoice) görünür ki, müştəri Ayma Alyans MMC-yə Hindistan-Bakı istiqamətində konteynerin daşınması üçün ödəniləcək yekun məbləğ 2200 dollar (3740 manat), xx.xx.2023-cü il tarixli fakturaya (invoice) əsasən isə Çin- Bakı istiqamətində konteynerin daşınması üçün ödəniləcək yekun məbləğ 4208 dollar (7153.60 manat) təşkil etmişdir.

14. İş materiallarına əlavə edilmiş qısa idxal bəyannaməsindən görünür ki, mal göndərən Osaga İndustries, malı qəbul edən Ayma Alyans MMC-dir, malın ümumi dəyəri 2165 manatdır.

15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan EBDS seriyalı 964640 nömrəli 17 noyabr 2023-cü il tarixli elektron qaiməyə əsasən, yekun məbləğ 3740 manat, MT2501 seriyalı 12166810 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən, yekun məbləğ 7153.6 manat təşkil etmişdir.

16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, LSAZ-C-073 saylı müqavilə üzrə ödənişin qalan hissəsi olan 6408 USD pul məbləğinin 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə yaranmış borcun ödənilməsi üçün qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

17. İddiaçı tərəfindən iş materiallarına müqavilə üzrə nəzərdə tutulmuş yükdaşıma xidmətlərinə dair elektron poçt yazışmaları əlavə olunmuşdur.

18. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qısa idxal bəyannaməsindən görünür ki, valyuta və malların ümumi invoys qiyməti 2165 manat təşkil etmişdir, malı göndərən Osaga İndustries/Hindistan, malı qəbul edən Ayma Alyans MMCdir.

19. İddiaçı MMC ilə “X3” MMC arasında hüquqi xidmətlərin göstərilməsinə dair xx.xx.2025-ci il müqavilə bağlanmış və həmin müqavilə üzrə tərtib edilmiş 07/2025-ci il tarixli təhvil-təslim aktına əsasən göstərilmiş xidmətlərin dəyəri 1250 manat təşkil etmişdir.

20. xx.xx.2025-ci il tarixli MV9eMrA3 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il hüquqi xidmətin göstərilməsi barədə müqavilə üzrə “X3” MMC-nin hesabına 1250 manat məbləğində ödəniş edilmişdir.

21. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən “Qlobus” Tərcümə Mərkəzi tərəfindən İddiaçı MMC-yə göstərilmiş tərcümə (xx.xx.2025-ci il- yükün hesab fakturası və qablaşdırma sənədi, Correspondence RFQAZ01835, X4 MBL, X4 HBL, X5 CMR, X4 HBL, X6 CMR, Yükün hesab fakturası, X2 (ingisilidilindən azərbaycan dilinə)- qiyməti 223 manat və xx.xx.2025-ci il- Correspondence RFQAZ01879 (ingilis dilindən azərbaycan dilinə tərcümə)-280 manat) və notariat xidmətinin ümumi dəyəri 503 manat təşkil etmişdir. 22.xx.xx.2025-ci il tarixli 01 saylı hesaba əsasən İddiaçı MMC-yə məxsus sənədlərin tərcüməsi üçün xidmət haqqı 503 manat müəyyən edilmişdir.

23. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmənin hesabına 130 manat, xx.xx.2025-ci il tarixli qəbz əsasında isə 2 manat dövlət rüsumu ödənilmişdir.

24. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdeh qarşısında göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış yüklərin daşınması müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya yük daşıma müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3-cü maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: - 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); - 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

26. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

27. Yuxarıda sadalanan qanunvericilik normalarıdan göründüyü kimi, hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilir.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 19 may 2023-cü il tarixli LSAZ-C-073 nömrəli yükdaşınması xidmətinə dair müqaviləyə əsasən iddiaçı (eksperditor) sifariş əsasında yükdaşıma xidmətləri göstərməyi, cavabdeh (sifarişçi) isə bunun müqabilində iddiaçıya müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehə 2 istiqamətdə (Çin-Bakı və Hindistan-Bakı) yükdaşıma xidməti göstərmiş, lakin cavabdeh öhdəliyini lazımı qaydada icra etməyərək göstərilmiş xidmət üzrə ödənişini lazımı qaydada həyata keçirməmişdir. Müqaviləyə 4 saylı Əlavəyə əsasən RFQAZ01835 saylı sifariş üzrə Xiamen, CİN - Bakı, Azərbaycan istiqamətində daşınan malın dəyəri 7.153,60 manat, 5 saylı Əlavəyə əsasən RFQAZ01876 saylı sifariş üzrə Moradabad, Hindistan - Bakı, Azərbaycan istiqamətində daşınan yükün dəyəri 3.740 manat təşkil etmiş, qeyd edilən məbləğlə bağlı cavabdehə EBDS seriyalı 964640 nömrəli 17 noyabr 2023-cü il tarixli və MT2501 seriyalı 12166810 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaimələr göndərilərək borcun ödənilməsi tələb edilmişdir. Beləliklə cavabdeh tərəfindən sözügedən müqavilə üzrə 10893,60 manat (7153.60+3740=10893.60) borc ödənilməmiş qalmışdır. İddiaçı hazırda 10893.06 manat əsas borcun cavabdehdən tutulmasını tələb edir.

29. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

30. AR MPM-in tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (77.1), məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2).

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

32. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh iş üzrə keçirilmiş bütün məhkəmə iclasları barədə lazımı qaydada məlumatlandırılmasına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Daha sonra cavabdehin ərizəsi əsasında məhkəmənin xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək iş üzrə icraat təzələnmiş, buna baxmayaraq cavabdeh növbəti məhkəmə iclasında da iştirak etməmiş, həmçinin iddiaya dair etirazını və işin faktiki hallarına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə tərəfindən kifayət qədər şərait yaradılmasına baxmayaraq, cavabdeh tərəfindən hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.

33. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borc hissəsində iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 10893,06 manat borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.

34. Bundan əlavə iddiaçı tələbində həmçinin 1589 manat cərimənin tutulmasını xahiş edir. Tərəflər arasında bağlanan müqavilənin 2.3-cü bəndinə əsasən şifarişçi ekspeditora gecikmənin hər gününə görə ödənilməmiş məbləğinin 0.1% məbləğində cərimə ödəyir.

35. Məhkəmə dəbbə pulunun tutulması hissəsində iddia tələbini qismən əsaslı hesab edir.

36. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

37. Dəbbə pulunun məbləği ilə bağlı qeyd edilməlidir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

38. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 540 manat məbləğində dəbbə pulu tutulmalıdır.

39. İddiaçı həmçinin 544 manat faiz borcunun tutulması tələbi ilə çıxış edir. Məhkəmə faiz borcunun tutulması hissəsində iddianı əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir.

40. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 439,445-ci maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MMin 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Göründüyü kimi, MM-in 445-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz

41. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinin məzmununa əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (466).

42. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavildə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir və həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər. Belə ki, işin hallarında görünür ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə tələb edilən məbləğ dəbbə pulu ilə (540 manat) əhatə olunur. Bu hal isə Mülki Məcəllənin 466-cı maddəsinə əsasən 544 manat məbləğində faiz borcunun tutulmasını istisna edir.

43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş 10.893,06 manat məbləğində əsas borc və 540 manat müqavilə üzrə hesablanmış dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

44. İddiaçı əlavə olaraq cavabdehdən hüquqi xidmətə görə ödənilmiş 1250 manat məbləğində xidmət haqqının, tərcümə olunan sənədlərə görə ödənilmiş 503 manat pulun və 132 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir. İddiaçı qeyd edilən ödənişləri təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir.

45. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

46. Məhkəmə iddia tələbinin qismən təmin olunmasını nəzərə alaraq ödənilmiş dövlət rüsumu və iş materiallarının tərcümə olunması üçün çəkilən xərclərin cavabdehdən tutulması hissəsində iddia tələbini əsaslı hesab edir, hüquqi yardım xərcinə münasibətdə həmin məbləğin 500 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hüquqi xidmətə görə ödənilmiş 500 manat, tərcümə olunan sənədlərə görə ödənilmiş 503 manat və 132 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş 10.893,06 manat məbləğində əsas borc, 540 manat müqavilə üzrə hesablanmış dəbbə pulu olmaqla, cəmi 11433.06 (on bir min dörd yüz otuz üç manat altı qəpik) manat, həmçinin hüquqi xidmətə görə ödənilmiş 500 manat xidmət haqqı, məhkəməyə ödənilmiş 132 manat dövlət rüsumu, tərcümə olunan sənədlərə görə ödənilmiş 503 manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar