Məhkəmə qərarları › İş №e-2-2(113)-2827/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2827/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2827/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 88.206,46 manat əsas borcun və 10.350,44 manat faiz borcunun, habelə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 385,67 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası 21 iyun 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda EMİS-mi vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixli BS-01/24 saylı barışıq sazişi təqdim edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin iştirakları olmadan təsdiq olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, barışıq sazişinin şərtləri cavabdehə aydındır, işə onların iştirakı olmadan baxılmasını və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış BS-01/24 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bir tərəfdən Azərbaycan Respublikası qanunları əsasında təşkil olunmuş və fəaliyyət göstərən, bundan sonra "İddiaçı" adlandırılacaq, direktoru X3 şəxsində təmsil olunan "X2 və Poliklinika Mərkəzi" MMC (VÖEN: **********) və digər tərəfdən, Azərbaycan Respublikası qanunları əsasında təşkil olunmuş və fəaliyyət göstərən, bundan sonra "Cavabdeh" adlandırılacaq, Baş direktoru X4 şəxsində təmsil olunan "xxxx" MMC (VÖEN: **********) (bundan sonra hər ikisi birlikdə "Tərəflər", ayrılıqda isə "Tərəf" adlandırılacaqlar) Nəzərə alaraq ki, İddiaçının Cavabdehə qarşı ƏDV daxil 88,206.46 AZN (səksən səkkiz min iki yüz altı manat, qırx altı qəpik) əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün hesablanmış 10,350.44 AZN (on min üç yüz əlli manat, qırx dörd qəpik) məbləğində cərimənin, habelə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 300 AZN (üç yüz manat) pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 385.67 AZN (üç yüz səksən beş manat, altmış yeddi qəpik) pulun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2-2(113)-2827/2024 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır; Tərəflər öz aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu Barışıq Sazişini (bundan sonra "Saziş" adlanacaq) aşağıda qeyd olunan şərtlərlə bağladılar:

1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini, məhkəmə xərclərini (vəkil xərci və dövlət rüsumu) Cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.

2. Cavabdeh İddiaçının pul tələbinə dair iddiası üzrə 88,206.46 AZN (səksən səkkiz min iki yüz altı manat, qırx altı qəpik) məbləğində borcunu etiraf edir.

3. İddiaçı təsdiq edir ki, Cavabdeh məhkəmə mübahisəsi müddətində xx.xx.2024-cü il tarixdə ƏDV daxil 11,800.00 AZN (on bir min səkkiz yüz manat) məbləğində ödəniş etmişdir.

4. İddiaçı razılaşır və Cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndini nəzərə almaqla Sazişin 2-ci bəndində qeyd olunan məbləği ən geci aşağıda göstərilmiş tarixlərdə və məbləğdə İddiaçıya ödəyəcək: Aylar üzrə Borc məbləğləri (ƏDV daxil) 10 iyun 2024-cü il 12,734.41 10 iyul 2024-cü il 12,734.41 10 avqust 2024-cü il 12,734.41 10 sentyabr 2024-cü il 12,734.41 10 oktyabr 2024-cü il 12,734.41 10 noyabr 2024-cü il 12,734.41

5. İddiaçı Cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ƏDV daxil 76,406.46 AZN (yetmiş altı min dörd yüz altı manat, qırx altı qəpik) məbləğində olmasını təsdiq edir, Cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir.

6. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 4-cü bəndində göstərilən tarixlərdə həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

7. Bu Sazişdə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Tərəflər təsdiq edirlər ki, bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.

9. X7 imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.

10. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir.

11. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri İddiaçıda, ikincisi isə Cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar