Məhkəmə qərarları › İş №e-2-2(113)-2833/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2833/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2833/2024 11.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, iddiaçının qanuni təmsilçisi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, MR/05/23 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında 10 iyul 2023-cü il tarixdə MR/05/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə əlavə razılaşmalarda adı, sayı (miqdarı), vahidinin qiyməti, ümumi dəyəri və digər xüsusiyyətləri qeyd olunan malları alıcıya satır, alıcı isə həmin malların dəyərini satıcıya ödəyir. 3.2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndinə əsasən malları təhvil-təslim aktı və ya qaimə-faktura və ya elektron-qaimə əsasmda alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək satıcınnı vəzifəsidir. 3.2.5-ci nəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. 3.3.1-ci bəndinə əsasən alıcı müqavilənin 3.2-ci bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini satıcıdan tələb edir. 4.1-ci bəndinə əsasən malın alıcıya təqdim edilməsi müddəti bu müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı tərəfindən avans ödənişi edildiyi tarixdən sonra 25 (iyirmi beş) təqvim günü ərzində həyata keçirilir. Tərəflərin qarşılıqlı razılığı ilə bu müddət fərqli şəkildə müəyyən edilə bilər. 4.2-ci bəndinə əsasən malın müqavilə şərtlərinə uyğun olaraq daşınması və çatdırılması satıcı tərəfindən həyata keçirilir. 4.3-cü bəndinə əsasən alıcı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən malın qaimə faktura və ya elektron-qaimə və ya təhvil-təslim aktı ilə təhvil almdığı an malın təhvil verilmə və qəbul edilmə anı hesab edilir. 8.2-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir- birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. 8.3-cü bəndinə əsasən müqavilə üzrə tərəflərin öz öhdəliklərinin icra etməməsi səbəbilə, hər hansı tərəfin yaranacaq bütün zərərlərini, əldən çıxmış faydanı öhdəliyi vaxtında icra etməmiş tərəf ödəyəcəkdir. 10.1-ci bəndinə əsasən bu müqavilə qarşılıqlı qaydada imzalandığı andan hüquqi qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi ilə bağlı qarşı tərəfə yazılı şəkildə bildiriş göndərmədiyi təqdirdə, müqavilə eyni müddətə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 10 iyul 2023-cü il tarixdə MR/05/23 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan razılaşmaya əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (beton) növü, sayı və qiyməti (40 ədəd yataqxana konteyneri konstruksiyası (7x3m)-cəmi 140.000 manat, 2 ədəd minaxtaran itlər üçün konteyneri konstruksiyası -13.250 manat olmaqla) ümumi dəyəri ƏDV daxil 153.250 manat dəyərində malların satılması ilə bağlı razılaşmışlar. Satılacaq malların yekun qiymətinin 100 faiz hissəsinin alıcı tərəfindən ödənilməsi hazırki razlaşma imzalandıqdan və mallar təhvil-təslim edildikdən sonra geci 7 iş günü ərzində həyata keçiriləcək. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. 05 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan razılaşmaya əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (beton) növü, sayı və qiyməti (3 ədəd istixana konteyneri konstruksiyası) ümumi dəyəri ƏDV daxil 11.700 manat dəyərində malların satılması ilə bağlı razılaşmışlar. Satılacaq malların yekun qiymətinin 100 faiz hissəsinin alıcı tərəfindən ödənilməsi hazırki razlaşma imzalandıqdan və mallar təhvil-təslim edildikdən sonra geci 7 iş günü ərzində həyata keçiriləcək Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir

4. Cavabdeh MMC tərəfindən 10 iyul 2023-cü il tarixdə MR/05/23 nömrəli alqı-satqı müqaviləsi üzrə (28.080 manat ƏDV daxil) 184.080 manat dəyərində xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 126790 saylı, (10.800 manat ƏDV daxil) 70.800 manat dəyərində xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 764698 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 764698 saylı elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 126790 saylı elektron qaimə "xxxx" MMC tərəfindən təsdiqlənmişdir.

5. 05.12.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 40.000 manat məbləğində “EBDP 126790 seriaylı elektron qaimə üzrə” təyinatlı ödəniş edilmişdir.

6. 17.11.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 60.000 manat məbləğində “konteynerlərin hazırlanması üçün avans” təyinatlı ödəniş edilmişdir.

7. "xxxx" ASC tərəfindən verilmiş "xxxx" MMC-yə məxsus bank hesabından çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 100.000 manat məbləğində avans köçürülmüşdür.

8. “Azlift” şirkətinin logistika xidməti blankına əsasən müəyyən edilir ki, şirkət tərəfindən 2023-cü ilin iyulunda 19 ədəd konteyner, oktyabr ayında isə 1 ədəd konteyner Horadizdən Laçın rayonu Bəylik kəndinə, 3 ədəd konteyner 2023-cü ilin oktyabrında Horadizdən Hadruta, 2023-cü ilin sentyabr-dekabr aylarında 39 ədəd konteyner Horadizdən Qubadlıya və 202-cü ilin aprelində 5 ədəd konteyner Horadizdən Qubadlıya daşınmışdır.

9. Fotoşəkillərdə quraşdırılmış vəziyyətdə və quraşdırılmaqda olan konteynerlər, video görüntülərdə tırlarda konteynerlərin və ləvazimatlarının daşınması, habelə quraşdırılmış konteynerlərin görüntüləri əks olmuşdur.

10. "xxxx" MMC-nin Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda qanunvericililklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir.

11. X1 məhkəməyə verdiyi izahatında mübahisənin tərəfləri olan şirkətlər ilə müqavilə münasibətlərinin olduğunu, pəncərə istehsalı və montajı xidməti göstərdiyini bildirmişdir. Verilən suallara cavab olaraq şahid "xxxx" MMC ilə müqavilədən irəli gələn kommersiya münasibətlərinin olduğunun, konteynerlər üçün plastik qapı və pəncərə hazırladığının, 44 ədəd konteynerin “X3” MMC adından Horadizdən Laçına göndərildiyini, 40 ədəd konteynerin isə Cavabdeh MMC adından Qubadlıya, 3 ədəd isə Hadruta göndərildiyini, Cavabdeh MMC-nin adından aralarında olan işgüzar münasibətlər və kömək məqsədilə göndərdiyini bildirmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

12.İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə 200.000 manat əsas, 10.000 manat dəbbə, 495 manat dövlət rüsumu, cəmi 210.495 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən müqavilənin cədvəldə qeyd olunan bəndinin tələbləri pozulmuş nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə cədvəldə qeyd olunan məbləğdə borc yaranmışdır. Borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Ona görə də iddiaçı olaraq bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ödənişin həyata keçirilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı mal təqdim olunmamışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən mallar təhvil verilməyərək öhdəlik icra olunmamışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, cavabdeh müqavilənin tələblərini pozmuşdur. Cavabdeh işin icrasını gecikdirdiyi üçün ödənilmiş məbləğin geri qaytarılması tələb edilmiş lakin buna baxmayaraq cavabdeh nəişi icra etmiş nədəki ödənilmiş məbləği geri qaytarmışdır. Odur ki cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanaraq tələb edilə bilər. Cavabdeh 10,000 manat məbləğində hesablanmış cərimə məbləğini ödəməlidir. 14.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 462.3, 466.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenumunun Qərarına istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

15. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və iddiaçının qanuni təmsilçisi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında suallarına cavab olaraq iddiaçının qanuni təmsilçisi cavabdeh ilə aralarında işgüzar münasibətlər olduğundan cavabdehin işləri tamamlayacağına inandığı üçün ilk qaiməni təsdiq etdiyini, mübahisəli müqaviləyə əsasən konteynerlərin Qubadlı layihəsinin həyata keçirilməsi üçün 2023-cü ilin sentyabr-dekabr aylarında Qubadlıya təqdim edildiyini, Laçın rayonuna konteynerlərin isə cavabdeh şirkət tərəfindən deyil, “X4” MMC tərəfindən təqdim edildiyini bildirdi Cavabdehin nümayəndəsi nümayəndəsi və vəkili Vəkil,cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatlarında konteynerlərin təhvil verildiyini və müqavilə üzrə öhdəliklərin tam icra olunduğunu, “Azlift” şirkəti tərəfindən daşınmış konteynerlərin başqa bir neçə konteynerin evakuator vasitəsilə Qubadlıya çatdırıldığını, Hadruta təqdim edilmiş konteynerlərin mübahisəli elektron qaimələrdə öz əksinə tapmadığını, həmin konteynerlərlə bağlı iddiaçıya elektron qaimə vurulmadığını, eləcə də dekabr ayında Horadizi tərk etməklərinin səbəbinin iddiaçı tərəfindən təqdim edilmiş konteynerlərin dəyərinin ödənilməsinin gecikdirilməsi olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.-599.3-ci maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. -599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

19. AR MPM-in:

20. 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında 10 iyul 2023-cü il tarixli MR/05/23 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" MMC tərəfindən həmin müqavilə üzrə Cavabdeh MMC-yə ƏDV xaric 200.000 manat məbləğində pul vəsaiti ödənilmiş, Cavabdeh MMC tərəfindən isə "xxxx" MMC-yə cəmi ƏDV xaric 216.000 manat dəyərində konteynerlərin təqdim edilməsinə dair elektron qaimələr göndərilmişdir. Hazırda iddiaçı "xxxx" MMC tərəfindən 200.000 manat məbləğində avans ödənilsə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini təqdim edilməsi nəzərdə tutulan konteynerlərin yalnız bir qisminin qüsurlu şəkildə onlara verildiyini əsas göstərərək müqavilə üzrə ödənilmiş 200.000 manat məbləğində pul vəsaitinin qaytarılmasını və həmin borca illik 5%-lə hesablanmış faizlərin tutulmasını xahiş edir. Cavabdeh elektron qaimələrdə göstərilmiş konteynerlərin iddiaçıya təqdim edilməklə müqavilə üzrə öhdəliklərin tərəfindən tam icra edildiyini iddia edir və iddianın rədd edilməsini xahiş edir.

24. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərinin tərəfindən icra edilməsini sübuta yetirmək üçün 67 ədəd konteynerlərin "xxxx" QSC tərəfindən Horadizdən (Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi ərazidən) Laçın rayonu Bəylik kəndinə, Qubadlı rayonuna və Hadruta çatdırılması barədə xidmət aktlarını məhkəməyə təqdim etmişdir.

25. Həmin aktlara münasibətdə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı hər iki tərəf mübahisəli müqaviləyə əsasən konteynerlərin iddiaçının Qubadlı rayonunda yerləşən bazasına təqdim edilməsinin nəzərdə tutulduğunu, yəni başqa ərazilərə (Laçın rayonu, Bəylik kəndi və Hadrut) təqdim edilmiş konteynerlərin hazırkı mübahisəyə aidiyyətlərinin olmadığını, o cümlədən Laçın rayonu Bəylik kəndinə çatdırılmış konteynerlərin ümumiyyətlə Cavabdeh MMC tərəfindən deyil, digər şirkət - “X3” MMC tərəfindən təqdim edildiyini təsdiq etmişlər. Bununla yanaşı cavabdeh tərəf məhkəmədə verdiyi izahatında iddiaçıya konteynerlərin 2023-cü ilin sentyabr-2023-cü ilin dekabr aylarında təqdim edildiyini, 2023-cü ilin dekabrında Horadizdəki fəaliyyətlərini dayandırdıqlarını, belə olan halda iş materiallarına əlavə edilmiş 2024-cü ilin aprel ayında Qubadlıya təqdim edilmiş konteynerlərə dair aktların da hazırkı mübahisəyə aidiyyətinin olmadığını etiraf etmişlər. Bundan əlavə cavabdehin qanuni təmsilçisi məhkəmədə verildiyi izahatında Hadruta göndərilmiş konteynerlərin də mübahisəli elektron qaimələrə əsasən təqdim edilməli olan konteynerlərə aid olmadıqlarını bildirmişdir.

26. Beləliklə, məhkəməyə 67 ədəd konteynerlərin daşınmasına dair aktlar təqdim edilsə də, həmin aktlardan hazırkı mübahisəyə aid olmayan aktları çıxdıqda (20 ədəd Laçına təqdim edilmiş konteynerlər, 2024-cü ilin aprelində Qubadlıya təqdim edilmiş 5 ədəd konteyner və Hadruta təqdim edilmiş 3 ədəd konteyner) müəyyən edilir ki, iş materiallarında mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya cəmi 39 ədəd konteynerin təqdim edilməsinə dair aktlar mövcuddur.

27. Digər tərəfdən cavabdeh iddiaçıya evakuator vasitəsilə də konteynerlərin təqdim edildiyini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, təqdim edilmiş fotoşəkillərdə evakuator vasitəsilə konteynerlərin daşınması öz əksini tapsa da, həmin şəkillərə əsasən neçə ədəd konteynerlərin, kim tərəfindən, nə vaxt göndərilməsini müəyyən etmək qeyri-mümkündür.

28. Təqdim edilmiş konteynerlərin növünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qanuni təmsilçisi cavabdeh tərəfindən təqdim edilmiş konteynerlərin yataqxana konteynerləri olmasını bildirmişdir. Cavabdeh isə tərəfindən başqa növ konteynerlərin təqdim edilməsi faktını sübuta yetirə bilməmişdir.

29. Beləliklə, işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən iddiaçıya mübahisəli elektron qaimələrə əsasən cəmi 39 ədəd yataqxana konteynerlərin təqdim edilməsi (EBDP seriyalı 126790 saylı elektron qaiməyə əsasən hər birinin ƏDV xaric dəyəri 3500 manatdır) öz təsdiqini tapır.

30. Təqdim edilmiş konteynerlərdə qüsurların mövcud olması, həmin qüsurları öz hesablarına düzəltmələri barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin halları ( o cümlədən cavabdehin konteynerlərdə mövcud qüsurlarla bağlı iddiaçıya irad bildirməsi, həmin qüsurların aradan qaldırılmasını təklif etməsi və s.) təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Odur ki, həmin dəlillər məhkəmə tərəfindən əsaslı hesab edilmir.

31. Beləliklə,işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən iddiaçıya elektron qaiməyə əsasən hər birinin dəyəri ƏDV xaric 3500, ümumilikdə dəyərləri ƏDV xaric 136.500 manat olan yataqxana konteynerlərinin təqdim edilməsi öz təsdiqini tapmışdır.

32. Odur ki, iddiaçı tərəfindən ödənilmiş ƏDV xaric 63.500 manat (200.000-136.500) məbləğində qabaqcadan ödənişin müqabilində iddiaçı tərəfindən malların təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən həmin qabaqcadan ödənişin qaytarılmasını tələb etməkdə haqlıdır.

33. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun 5%-i -10.000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

34. Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, iddiaçı tələb etdiyi məbləği “dəbbə pulu” adlandırsa da, həmin hissədə tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir.

35. Odur ki, mübahisəli müqavilədə satıcı tərəfindən öhdəliklərinin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulunun nəzərə tutulmadığını da nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının “dəbbə pulu” adlandırdığı məbləğ Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş pul öhdəliyinin icrasının gecikdirilməsinə görə tutulan faizlərdir.

36. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, hazırkı halda cavabdehin satıcı qismində müqavilə üzrə öhdəliyi malların təqdim edilməsindən ibarət olmuş, yəni pul öhdəliyi olmamışdır. Odur ki, həmin öhdəliyinin icra edilməməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərin hesablanması istisna edilir.

37. Beləliklə, faizlərin tutulması hissəsində də iddia əsassız olduğundan rədd edilməlidir.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 495 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

39. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 500 manat təşkil edir.

40. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 150 məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Dövlət rüsumunun kəsiri olan 5 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV xaric 63.500 manat məbləğində borc, dövlət rüsumunun əvəzi olaraq 150 məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Dövlət rüsumunun kəsiri olan 5 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar