Məhkəmə qərarları › İş №e-2-2(113)-2836/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2836/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2836/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44.400 manat məbləğində borcun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 may 2018-ci il tarixdə 105/18-2 nömrəli müqaviləyə əsasən və müqavilədə göstərilən müddətdə müqavilə şərtlərindən irəli gələn qaydada Cavabdeh MMC-yə 44.400 manat dəyərində şeben və ballast təqdim etmişdir. Bu materialların təhvil verilməsi barədə 26.09.2018-ci il tarixli 347790 nömrəli elektron qaimə cavabdeh müəssisə tərəfindən qəbul edilmişdir. Borcun qaytarılma müddətindən müəyyən vaxt keçməsinə və dəfələrlə müraciət etməyinə baxmayaraq, borc bu günə qədər ödənilməmişdir. Bu isə onun sahibkar kimi normal fəaliyyət göstərməyinə ciddi maneə törədir. Sonuncu dəfə 30 aprel 2021-ci il tarixdə cavabdehin ünvanına borcun 5 gün müddətində ödənilməsi, əks halda yuxarıda qeyd olunan məbləğin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 44.400 manat məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla üç il 2 aya görə 7.104 manat, cəmi 51.504 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, dəqiqləşdirilmiş iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki: - İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 1 may 2018-ci il tarixdə 105/18-4 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci maddəsinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcı tərəfindən bu Müqavilənin 1 saylı Əlavəsinə göstərilən malları alıcıya satılması, alıcı tərəfindən isə əvəzində bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə məvbləğin ödənilməsi müqavilənin predmetini təşkil edir. 2-ci maddəsinə əsasən müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair təhvil-qəbul aktının və ya qiymət razılaşdırılması protokolu imzalanmasından sonra həyata keçirilir. 3-cü maddəsinə əsasən malın miqdarı, çeşidi, vahidinin qiyməti və spesifikasiyası bu müqavilənin 1 saylı Əlavəsində müəyyənləşdirilir. 5-ci maddəsinə əsasən satıcı bu müqavilə qüvvəyə mindiyi gündən sonra 10 gün ərzində malın təhvil verilməsini öhdəsinə götürür. 6-cı maddəsinə əsasən alıcı müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ödənişi həyata keçirməyi öhdəsinə götürür. 7-ci maddəsinə əsasən alıcı avadanlıq təhvil verildiyi gündən 15 bank günü ərzində malın dəyərini ödəyir. Satıcı bu Müqavilənin 5.1-ci bəndində göstərilmiş maddəsində malı alıcıya təhvil vermədikdə hər gecikdirilmiş gün üçün 0,01% həcmində cərimə ödəyir. Müqavilə satıcının imzası, alıcının imzası və möhürü ilə təsdiq edilmişdir. -105/18-4 saylı, 1 may 2018-ci il tarixli müqavilənin 1 saylı əlavəsində İddiaçı tərəfindən Cavabdeh MMC-yə 44.400 manat dəyərində şeben və ballast təqdim edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ƏDV daxil 44.400 manat dəyərində malların təqdim edilməsinə dair 26.09.2018-ci il tarixli, EAAM seriyalı, 347790 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı tərəfindən 30.04.2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edilərək 44.400 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanılmış 1 may 2018-ci il tarixli 105/18-4 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 44.000 dəyərində mal təqdim etdiyini iddia edir və həmin malın dəyərinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək etirazını iddiaçı tərəfindən ona mal təqdim edilməməsi ilə əsaslandırır. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 567-ci maddələri təşkil edir. Həmin maddəyə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi satıcı tərəfindən alqı-satqının predmeti olan malların alıcıya təqdim edilməsi və belə olan halda alıcının həmin malların dəyərini ödəmək öhdəliyinin yaranması işin mübahisəli halını təşkil edir. İddiaçı malların təqdim edilməsi faktını sübuta yetirmək üçün müqavilənin 1 saylı əlavəsi olan “Malların miqdarı, çeşidi, vahidinin qiyməti və spesifikasiyası” adlı sənədə, eləcə də malların təqdim edilməsinə dair təqdim edilmiş elektron qaiməyə istinad etmişdir. İddiaçının istinad etdiyi birinci sənədə münasibətdə məhkəmə qeyd edir ki, həmin sənəd yalnız tərəflərin müqavilə üzrə təqdim ediləcək malların çeşidi və qiyməti ilə bağlı razılığa gəlmələrini təsdiq etməklə siyahıda göstərilmiş malların alıcı təhvil verilməsini təsdiq edən sübut hesab edilə bilməz. Digər tərəfdən istinad edilən 1 saylı əlavədə ödəmə şərtləri qrafasında 100% balans ödəmənin təhvil-təslim aktı əsasında ödənilməli olması barədə qeyd yazılmışdır. Göstərilən hal isə həmin əlavənin təhvil-təslim aktı ilə eyni məzmunlu sənəd olması barədə iddiaçının dəlillərinin əsassızlığına dəlalət edir. Elektron qaiməyə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın: 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.3-cü bəndinə görə isə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.2.4-ci bəndinə əsasən isə elektron qaimə-fakturada həmin qaimə-fakturanın verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) göstərilməlidir. 2.6-ci bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. Hazırkı halda mübahisəli elektron qaimə-fakturanın əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktı və malın səlahiyyətli şəxsə təhvil verilməsini təsdiq edən digər sənədlər durmadığından həmin qaimə-faktura müvafiq xidmətlərin təqdim edilməsini rəsmiləşdirən sənəd kimi qəbul edilməsi üçün əsaslar mövcud deyil. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər cavabdehə malların təqdim edilməsi faktının sübuta yetirilmiş hesab edilməsi üçün kifayət etmir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi və belə olan halda cavabdehin malın dəyərini iddiaçıya ödəmək öhdəliyinin yaranması iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar