Məhkəmə qərarları › İş №e-2-2(113)-2839/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2839/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2839/2024 25.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Biləsuvar Quşçuluq Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 və “İcbari Sığorta Bürosu” X9 cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, sığorta məbləğinin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 və “İcbari Sığorta Bürosu” X9 cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh Sığorta Şirkəti ASC) (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən 62719,61 manat məbləğində pulun tutularaq vəfat etmiş şəxsin hüquqi varisi olan X6, dəbbə pulu olaraq 7024,60 manat məbləğində pulun tutularaq vəfat etmiş şəxsin hüquqi varisi olan X6 ödənilməsi, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2000 manat, ödənilmiş dövlət rüsumuna görə 309 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında **********033 nömrəli, xx.xx.2022-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi (bundan sonra “müqavilə”) bağlanmışdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə əsasən cavabdeh həmin müqaviləyə qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyat və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə qabiliyyətinin itirilməsinə və ölümünə görə müəyyən edilmiş sığorta ödənişinin verilməsini öhdəsinə götürmüşdür. Bildirilir ki, cəmiyyətdə fəhlə vəzifəsində işləyən X7 xx.xx.2023-cü il tarixində iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmiş, prokurorluq müvafiq araşdırma aparmış və müəyyən edilmişdir ki, o, bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Bununla bağlı faydalanan şəxsə, yəni vəfat etmiş sığortalı Həbib Dadaşovun atası Adıgözəl Dadaşova sığorta ödənişinin edilməsi üçün cavabdehə məlumat verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan AH********** saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta” müqaviləsində nəzərdə tutulan sığorta haqqı xx.xx.2023-cü il saat 12:35-də ödənilmiş, buna görə də müqavilə xx.xx.2023-cü il saat 00:01-dən etibarən qüvvədədir və odur ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Bu əsasla cavabdeh sığorta ödənişini verməkdən imtina etmişdir. Bildirilir ki, cavabdeh tərəfindən müqavilə kimi qeyd olunan sənəd “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə illik qoşmasıdır.

3. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbi ilə bağlı e-2-2(113)-2839/2024 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, "xxxx" ASC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında 13 aprel 2022-cl il tarixli, **********033 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi və daha sonra 13 aprel 2023-cü il tarixində iddiaçının işçisi X2 sığortaolunanlar siyahısına daxil edilməsinə dair **********033 saylı sığorta müqaviləsinə AH********** saylı əlavə bağlanmışdır. 1) Bildirilir ki, yuxarıda qeyd olunan AH********** saylı əlavə üzrə sığorta haqqının ödənilməli olan tarixi 14 aprel 2023cü il razılaşdırılmışdır. Buna baxmayaraq, əlavə üzrə sığorta haqqı razılaşdırılmış müddət ərzində ödənilməmiş, bədbəxt hadisə 20 aprel 2023-cü il tarixində saat 10:30-da baş vermiş, yalnız bundan sonra 20 aprel 2023-cü il tarixində saat 12:35-də sığorta haqqı ödənilmişdir. Göründüyü kimi, 20 aprel 2023-cü il tarixində baş vermiş hadisə zamanı əlavə üzrə sığorta haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(102)-196/2021 saylı qərarındakı mövqeyinə görə sığorta hadisəsi o hadisə hesab edilir ki, “onun gələcəkdə baş vermə imkanını ehtimallar əsasında proqnozlaşdırmaq mümkün olsun, belə hadisənin baş verə biləcəyi istisna edilməsin. Bu o anlama gəlir ki, artıq baş vermiş, yaxud baş verməsi zəruri, labüd olan hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz.” Bir sözlə, sığorta haqqı ödənilən zamanı H.A.Dadaşova münasibətdə hadisə artıq baş vermişdir. Bu isə sığortanın mahiyyətinə, prinsiplərinə ziddir. 2) Həmçinin iddiaçının iddia ərizəsində istinad etdiyi müqavilənin 6.3cü bəndi müqavilənin və onun qoşmasının, habelə onlara əlavə və dəyişikliklərin qüvvəyə minməsi ilə bağlıdır. Qanunvericilikdə “müqavilənin qüvvəyə minməsi” və “sığorta təminatının başlanması” fərqli anlayışlar olub, müqavilənin qüvvəyə minməsi hələ təminatın başlanması mənasını özündə ehtiva etmir. Belə ki, AR Mülki Məcəllənin 906.1-cı maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. Göründüyü kimi, sığorta təminatı sığorta haqqı ödənildiyi halda sığorta müqaviləsinin bağlandığı gündən başlayır. Bir sözlə, hazırkı iddia üzrə qoşma qüvvəyə minsə belə, hadisə vaxtı sığorta haqqı ödənilmədiyindən sığorta təminatı başlanmamışdır. Sığorta təminatı başlamayıbsa, bu zaman sığorta hadisəsindən, nəticədə sığorta ödənişindən söhbət gedə bilməz. Yəni sığorta təminatı başlanmayan müqavilədə hadisəyə görə ödəniş tələb etmək yenə də qanunvericiliyin pozulması olub, sığortanın mahiyyətinə, prinsiplərinə ziddir. 3) Qeyd olunanlardan əlavə isə qanunvericiliyin tələbləri üzrə sığorta haqqının ödənilməsi üçün müəyyən olunmuş müddətdə Cavabdeh Sığorta Şirkəti ASC-də H.A.Dadaşovun ölümü barədə məlumat olmamış, sığortalı tərəfdən heç bir məlumat verilməmişdir. Yalnız sığorta ödənişi ilə bağlı müraciət edilən zaman bu hal aşkarlanmışdır. Bir sözlə, müqaviləyə xitam verilməməsi səbəbi Cavabdeh Sığorta Şirkəti ASC-də H.A.Dadaşovun ölümü barədə məlumatın olmaması olmuşdur. 4) iddiaçının tələbi ilə bağlı bildirilir ki, sığorta ödənişinin məbləğinin hesablanması AR Nazirlər Kabinetinin 29 oktyabr 2010-cu il tarixli, 192 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin İtirilməsi hallarından İcbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydasına müvafiq olaraq hesablanır. Yəni iddiaçının tələb etdiyi məbləğ qaydalara müvafiq olaraq hesablanmalıdır. Bu isə hazırda iş materialları ilə aşkarlanmır.

4. İddiaçı tərəfindən cavabdehin etirazına dair mülahizələr daxil olmuşdur. Mülahizələr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2014-cü il tarixli Q-14 nömrəli Qərarı ilə təsdiq edilmiş (https://eqanun.az/framework/27993) və daha sonra Azərbaycan Respublikasının Mərkəzi Bankının 31 avqust 2021-ci il tarixli, 23/3 nömrəli qərarı ilə təsdiq edilmiş (https://eqanun.az/framework/48232) “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilə”lərinin məzmunları fərqli olduğu üçün Ali Məhkəmənin Kommersiya Kollegiyasının qeyd olunan qərarına istinad olunması əsassızdır. Belə ki, qeyd olunan müqavilələrin qüvvəyə minmə şərtləri fərqlidir. Ləğv olunmuş Q-14 nömrəli Qərarı üzrə müqavilənin qüvvəyə minmə şərti belədir: 6.2. Müqavilə sığorta haqqının birdəfəlik və ya ilk hissəsinin ödənildiyi gün saat 24:00-da qüvvəyə minir. Qüvvədə olan 23/3 nömrəli Qərarı üzrə müqavilənin qüvvəyə minmə şərti belədir: 6.3. Müqavilə və müqavilənin qoşması, habelə onlara əlavə və dəyişikliklər müvafiq olaraq müqavilə bağlandığı, müqavilənin qoşması təsdiq edildiyi, habelə onlara əlavə və dəyişikliklərin edildiyi gün saat 24:00-da qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcələsinin (MM) 922.1.-ci bəndinin tələblərinə əsasən “Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.” Müqavilənin 11.1.-ci bəndinin tələblərinə əsasən “Müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması və (və ya) əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri səbəbindən baş verən xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir.” Sığorta müqaviləsi nə vaxt qüvvəyə minmişdir? Qeyd olunan müqavilənin 6.3.-cü bəndində müqavilənin qüvvəyə minmə şərti “Müqavilə və müqavilənin qoşması, habelə onlara əlavə və dəyişikliklər müvafiq olaraq müqavilə bağlandığı, müqavilənin qoşması təsdiq edildiyi, habelə onlara əlavə və dəyişikliklərin edildiyi gün saat 24:00-da qüvvəyə minir.” nəzərdə tutlmuşdur. Müqavilənin bağlanma tarixi və onun qoşmasının qüvvəyə minmə tarixi xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Bundan başqa MM-nin 906.1.-ci bəndinin tələblərinə əsasən “İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.” MM-nin 906.2. -ci bəndinin tələblərinə əsasən “Bu Məcəllənin 919.1.1– 919.1.8-ci maddələrində nəzərdə tutulmuş hər hansı hal baş verdikdə, həmin halın baş verdiyi andan, bu Məcəllənin 919.1.9-cu maddəsində nəzərdə tutulmuş halda isə bu Məcəllənin 920.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq müddətin sonuncu gününün bitməsi anından sığorta müqaviləsi üzrə sığorta təminatı başa çatmış hesab edilir.” Odur ki, iş üzrə sığorta haqqının gec ödənilməsi sığorta ödənişindən imtinaya əsas deyildir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddia tələbi tam təmin edilməlidir.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.3.1, 560.3.4, 903.4, 903.5, 903.6, 906.1, 919.1.7, 920.1, 920.2, 922.1, 926.1, 929, 933, 934.1, 934.2, 935.1.9-cu maddələrinə, “İstehsalatda bədbəxt hadisələr və peşəxəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.1, 11.5-ci maddələrinə istinad olunmuşdur. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndə və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 məhkəmə iclasında izahat verərək, bildirdi vəfat edən şəxs onun oğludur və subay olub, o, anası əmək qabiliyyətli şəxslərik, yetkinlik yaşına çatmayan ailə üzvləri yoxdur. İddia tələbinin təmin edilməsini xahiş edir.

9. Cavabdeh Sığorta Şirkəti ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən sığortalının qanununun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunan eyni zamanda sığorta ödənişi verilməli olan faydalanan şəxsdir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü hallarda faydalanan şəxs kimi sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, sığorta olunanın ölümündən sonra doğulmuş uşağı, sığorta sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü, sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər nəzərdə tutulur. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən Qanunun 13cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, sığorta haqqının ödənilmə qaydası, habelə sığorta haqqının müqavilə ili üzrə ümumi məbləği müqavilənin qoşmasında göstərildiyi kimi razılaşdırılır. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilənin qoşmasında sığorta haqqının birdəfəlik ödənilməsi razılaşdırıldığı halda, sığorta haqqının ümumi məbləği müqavilənin qoşmasının təsdiq edildiyi gün ödənilir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda, sığorta haqqının razılaşdırılmış ilk hissəsi ümumi sığorta haqqının 25%-dən az olmamaqla müqavilənin qoşmasının təsdiq edildiyi gün, qalan hissəsi isə sığorta haqqı iki, üç və ya dörd hissəyə bölünməklə müqavilənin qoşmasında göstərildiyi kimi ödənilir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqının hissəli ödəniş tarixlərini sığorta haqqının ödənilmə məbləğləri metodu və ya sığorta haqqının ödəniş tarixləri metodu əsasında müəyyənləşdirə bilər. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən sığorta haqqının hissəli ödəniş tarixləri sığorta haqqının ödənilmə məbləğləri metodu ilə müəyyənləşdirildikdə sığorta haqqının ödənilmə tarixi aşağıdakı düsturla hesablanır: hissənin ödənilmə tarixi = MQ+(CÖDSH/ÜSH*GS). Sığorta haqqının hissəli ödəniş məbləğləri sığorta haqqının ödəniş tarixləri metodu ilə müəyyənləşdirildikdə növbəti hissə üzrə ödənilməli olan sığorta haqqı aşağıdakı düsturla hesablanır: hissə üzrə ödənilməli sığorta haqqı = ÜSH*(NT - CT)/GS; 6.3-cü maddəsinə əsasən müqavilə və müqavilənin qoşması, habelə onlara əlavə və dəyişikliklər müvafiq olaraq müqavilə bağlandığı, müqavilənin qoşması təsdiq edildiyi, habelə onlara əlavə və dəyişikliklərin edildiyi gün saat 24:00-da qüvvəyə minir. Həmin müqavilənin 8-ci maddəsinə əsasən müqavilə əsasında xidmətləri yerinə yetirərkən sığorta olunanın bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı (istehsalatda bədbəxt hadisə), əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri nəticəsində sığorta olunanın xroniki və ya kəskin xəstəliyi (peşə xəstəliyi) ilə bağlı risklər üzrə sığorta təminatı verilir. Həmin müqavilənin 11-ci maddəsinə əsasən müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması və (və ya) əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri səbəbindən baş verən xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Həmin müqavilənin 11.2-ci maddəsinə əsasən sığortalı sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya bu barədə məlumat verməlidir.

10. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh Sığorta Şirkətinin bank hesabına “İstehsalatda bədbəxt hadisələrin sığortalanması” xidmətinə görə 2474,2 manat ödəmişdir.

11. “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X7 xx.xx.2023-cü ildə vəfat etmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib edilmiş “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” aktdan məlum olmuşdur ki, bədbəxt hadisə "xxxx" ASC-nin quşların yetişdirmə sahəsində 11 və 18 nömrəli sexlərin yaxınlığında xx.xx.2023-cü il tarixində, saat 10:30-da baş vermişdir. X7 xx.xx.2023-cü ildə, səhər işə gələrək fərdi mühafizə vasitələrini geyinib vəzifə təlimatına uyğun olaraq vəzifələrinin icrasına başlamış, belə ki, yemlə təmin olunacaq yetişdirmə damının yanında olan yem bunkerlərini doldurmaq üçün özüboşalan yem qurğusunu həmin damın yanına aparmaq istəmişdir. "xxxx" ASC-də yetişdirmə damlarında quşların yemlənməsi quş damlarının yanında olan yem bunkerləri vasitəsilə həyata keçirilir. Hadisə baş verən gün X7 yem maşını gələn zaman işi rahat olsun deyə qabaqcadan özüboşaldan yem qurğusunu həmin damın yanına aparmağa cəhd göstərmişdir. Bu zaman həmin qurğunu digər sexin yanından götürərək səhlənkarlıq etmiş, qurğunun xortum hissəsini asağı endirmədən hərəkətə gətirib aparmaq istəmişdir. Cəmiyyətin ərazisindən keçən 10 kv-lıq hava xəttinin altından keçən zaman qurğunun xortumu elektrik naqilinə toxunması nəticəsində H.Dadaşov elektrik cərəyanının təsirinə məruz qalmışdır. X7 cərəyan vurmasının təsirindən yerə yıxılmışdır. İş yoldaşları H.Dadaşova ilk yardım göstərmişdilər. Təcili tibbi yardım maşının gec gəlməsini görən iş yoldaşı öz maşını ilə Dadaşovu hadisə yerindən xəstəxanaya apararkən yolda tibbi yardım maşınına təhvil vermişdir.

13. Cavabdeh Sığorta Şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, O-H- 2024-0475 nömrəli arayışdan görünür ki, Qaydalara əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda hər hansı bir faydalanan şəxs üçün birdəfəlik sığorta ödənişinin məbləği aşağıdakı düsturla hesablanır: BSÖi— faydalanan şəxsə verilən birdəfəlik sığorta ödənişi; i — faydalanan şəxsin say indeksi; N — sığorta olunanın himayəsində olmuş şəxslərin (ölümündən sonra doğulması gözlənilən uşağı nəzərə alınmaqla) sayıdır; P — sığorta olunanın illik əmək haqqı fondu; Ai— bu Qaydanın 2.1.3cü bəndi ilə müəyyən edilmiş müvafiq cədvəldə nəzərdə tutulan, hər hansı bir faydalanan şəxsin, Qanunun 5.1,2.3-cü maddəsində nəzərdə tutulmuş halda isə qulluq edilənlərin ən kiçiyinin yaşına uyğun hesablama əmsalıdır. Digər tərəfdən, Qaydaların 2.2-ci bəndinə əsasən Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, birdəfəlik sığorta ödənişi sığorta olunanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası”na uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. Baxılan halda, hazırda iş materiallarından Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu müəyyən olunmadığından, orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydasına uyğun olaraq, sığortaolunan X3 orta aylıq əmək haqqının on iki misli məbləğ hesablanmışdır. Belə ki, sığortaolunanın orta aylıq əmək haqqı 362.00 AZN təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki misli 4344.00 AZN-ə bərabərdir. Odur ki, birdəfəlik sığorta ödənişi məbləği 4 344.00 AZN-ə bərabər olacaqdır.

14. Cavabdeh Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədri Nihad Ağayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, O-H-2023-0619 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh Sığorta Şirkəti ilə "xxxx" ASC arasında AH********** saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır və həmin sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqı xx.xx.2023-cü il tarixdə saat 12:35-də ödənilmiş və sığorta müqaviləsi xx.xx.2023-cü il saat 00:01-dən qüvvəyə minmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış və A.H.Dadaşov hadisə zamanı sığorta olunan olmamışdır. Bu o deməkdir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Bütün bunları nəzərə alaraq, Cavabdeh Sığorta Şirkəti qeyd olunan hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edir.

15. "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022 tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin AH********** nömrəli illik qoşmasında X2 adı sığorta olunanların siyahısında 69-cu sırada qeyd edilmişdir. Qoşmaya əsasən ümumi sığorta məbləği 4307606,22 manat, ümumi sığorta haqqı 2474,2 manat təşkil edir. Qoşmada təminata daxil olma üzrə cəmi sığorta haqqı 2474,2 manat, birdədəlik olduqda sığorta haqqının ödənilməsi tarixi xx.xx.2023-cü il qeyd edilmişdir.

16. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə göndərilmiş pretenziya məktubunun məzmunundan görünür ki, ödənilməli olan 62719,61 manat məbləğində sığorta ödənişinin 7 (yeddi) gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbardar edilmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. 886.3-cü maddəsinə əsasən sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. 903.6-cı maddəsinə əsasən hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. 906.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi olduqda sığorta ödənişi həyata keçirilir. 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar. 6.4-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. 9.4-ci maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

19. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun: 2.0.1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir 11.5-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi müddətsiz bağlanılır. 11.6-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

20. Beləliklə, işin müəyyən olunmuş hallarından göründüyü kimi, "xxxx" ASC ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, həmin müqaviləyə əsasən cavabdeh həmin müqaviləyə qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyat və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə qabiliyyətinin itirilməsinə və ölümünə görə müəyyən edilmiş sığorta ödənişinin verilməsini öhdəsinə götürmüşdür. Qoşmaya əsasən ümumi sığorta məbləği 4307606,22 manat, ümumi sığorta haqqı 2474,2 manat təşkil etmişdir.Sığorta müqaviləsinin illik qoşmasında işçi kimi X2 adı da sığorta olunanların siyahısında qeyd edilmişdir. X7 iş yerində öz vəzifəsini icra edərkən bədbəxt hadisə zamanı vəfat etmişdir. Bununla bağlı vəfat etmiş sığortalı Həbib Dadaşovun atası Adıgözəl Dadaşova sığorta ödənişinin edilməsi üçün cavabdehə məlumat verilmişdir. Cavabdeh sığorta ödənişini verməkdən imtina etmişdir. İmtina o əsasla olmuşdur ki, bədbəxt hadisə 20 aprel 2023-cü il tarixində saat 10:30-da baş vermiş, müqavilədə nəzərdə tutulan sığorta haqqı isə xx.xx.2023-cü il saat 12:35-də ödənilmiş, ona görə də müqavilə xx.xx.2023-cü il saat 00:01-dən etibarən qüvvəyə minmişdir. Odur ki, hadisə sığorta hadisəsi hesab edilə bilməz. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

21. Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsaslı sayıla bilməz və cavabdeh sığorta ödənişini verməkdən imtina etməkdə haqlı olmamışdır.

22. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü maddəsinə əsasən müqavilə və müqavilənin qoşması, habelə onlara əlavə və dəyişikliklər müvafiq olaraq müqavilə bağlandığı, müqavilənin qoşması təsdiq edildiyi, habelə onlara əlavə və dəyişikliklərin edildiyi gün saat 24:00-da qüvvəyə minir. Müqavilənin 11.1.-ci bəndinin tələblərinə əsasən “Müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması və (və ya) əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri səbəbindən baş verən xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir.” Müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmış, həmin tarixdən qüvvəyə minmişdir. 2023-cü ilə aid olan qoşma isə xx.xx.2023-cü ildə bağlanmış (müqavilə ili xx.xx.2022-xx.xx.2024 qeyd edilmişdir), həmin tarixdə də qüvvəyə minmişdir.

23. Göründüyü kimi, tərəflər arasında müqavilə 2022-ci ildə bağlanmış və münasibətlər müqaviləyə illik qoşmalar bağlanmaqla davam etmişdir.

24. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını və tərəflər arasında bağlanmış müqavilənin müddəalarını nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı və Cavabdeh Sığorta Şirkətindən 4344 (dörd min üç yüz qırx dörd) manat pul vəsaiti vəfat etmiş hüquqi şəxsin varisi X4 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

25. Belə ki, iş materiallarında olan arayışdan göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 oktyabr 2010-cu il tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydalarının 2.2-ci bəndinə əsasən Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, birdəfəlik sığorta ödənişi sığorta olunanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası”na uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. Baxılan halda, hazırda iş materiallarından Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu müəyyən olunmadığından, orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydasına uyğun olaraq, sığortaolunan X3 orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanmalıdır və sığortaolunanın orta aylıq əmək haqqı 362.00 manat təşkil etdiyindən, birdəfəlik sığorta ödənişi orta aylıq əmək haqqının on iki misli olan 4344.00 manat (362x12=) təşkil edir.

26. Sığortaolunanın atası X8 məhkəmə iclasında qeyd etmişdir ki, vəfat edən şəxsin atası, anası əmək qabiliyyətini itirməmişdir və başqa yetkinlik yaşına çatmayan ailə üzvü yoxdur.

27. İddia tələbinin digər hissəsini Cavabdeh Sığorta Şirkəti ASC-dən dəbbə pulu olaraq 7024,60 manat məbləğində pulun tutularaq vəfat etmiş şəxsin hüquqi varisi olan X6 ödənilməsi təşkil edir.

28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sığorta haqqı müəyyənləşdirilmiş müddətdə ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

29. Eləcə də iddiaçı cavabdehdən hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2000 manat, ödənilmiş dövlət rüsumuna görə 309 manat pulun tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir.

30. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19,50 manat (on doqquz manat əlli qəpik) məbləğində pul vəsaiti və ağlabatan məbləğ olaraq 450 (dörd yüz əlli) manat hüquqi yardım xərci iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 4344 (dörd min üç yüz qırx dörd) manat pul vəsaiti, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 4544 manat (dörd min beş yüz qırx dörd manat) məbləğində pul X4 xeyrinə tutulsun. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 450 (dörd yüz əlli) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19,50 manat (on doqquz manat əlli qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar