Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2841/2021 17.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 17737 manat əsas borcun, 886,85 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 18653,85 manat pulun alınaraq iddiaçı “Hilal” LTD müəssisəsinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən elektrik, istlik və havalandırma üzrə avadanlıqların satışı və təmiri, eyni zamanda elektrik avadanlıqlarının icarəsini həyata keçirməkdədir. İddiaçı müəsissəsi ilə Cavabdeh MMC arasında 28.02.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilə şərtləri əsasında Cavabdeh MMC-yə şirkət tərəfindən ümumilikdə 27317 manat (ƏDV daxil) həcmində mallar satılmışdır. Cavabdeh almış olduğu malın ümumi dəyərindən 29.10.2019-cu il tarixdə 7080 manat, 02 fevral 2021-ci il tarixdə 2500 manat ödəniş etsə də şirkətə ödənilməmiş 17737 manat borcu qalmışdır. Cavabdeh MMC almış olduğu malların dəyərini 1 il 4 ay vaxt keçməsinə baxmayaraq müxtəliif səbəblər gətirməklə hal – hazıra kimi ödəməməkdədir. Borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbardarlıq edilməsinə baxmayaraq cavabdeh hər hansı bir ödəniş həyata keçirməmiş və şirkət olaraq üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Bundan əlavə, 01 yanvar 2018-ci il tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Eyni zamanda Nazirlər Kabinetinin elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarına əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. İddiaçı müəsissəsi bu qaydalarda göstərilən tələblər əsasında elektron qaimələri mal təhvil verildiyi gün Cavabdeh MMC-nin vergi elektron qaimə kabinetinə göndərmişdir. Malın və ya xidmətin icra edilməsindən sonra elektron qaimə satıcı tərəfindən alıcıya göndərildikdən 5 gün müddətində həmin qaiməyə münasibətini elektron sistem üzrə bildirməsi imkanı tanınmışdır. Qeyd edilən müddət ərzində alıcı tərəfindən qaimə dəqiqləşdirmə üçün geri göndərilmədikdə vergi orqanları tərəfindən həmin qaimə sistem üzərindən Alıcının elekrton kabinetinə yerləşdirilməsi aparılır. Nazirlər Kabinetinin Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarına belə anlaşılır ki, hər hansı Satıcı bir təşkilat yalnız o halda elektron qaimə göndərməlidir ki, mal, iş və xidmət artıq icra edilmişdir. Cavabdeh MMC-nin aldığı mallara görə şirkətə ödənilməmiş 17737 manat borcu olduğundan müqavilə şərtlərinə əsasən həmin borcun 5%- həcmində cərimə olaraq 886,85 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-ni nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, borc məbləği düzgün hesablanmadığına görə əsas borc məbləği ilə, həmçinin, cərimənin hesablanması ilə razı deyildir. İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 28.02.2019-cu il tarixli, 0093-H/19 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı mal və xidməti təchiz etməyi, alıcı isə müqavilənin 2-ci bəndində nəzərdə tutulmş şərtlərlə təchiz edilən malların və xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. - 28.02.2019-cu il tarixli, 01/19 saylı qiymət razılaşdırma prokoluna əsasən Cavabdeh MMC-yə 17015,60 manat dəyərində, 19.08.2019-cu il tarixli, 02/19 saylı qiymət razıladırma protokoluna əsasən 1085,60 manat dəyərində, 29.10.2019-cu il tarixli 03/19 saylı qiymət razılaşdırma prokoluna əsasən 23895 manat dəyərində, 05.11.2019-cu il tarixli, 04/19 saylı qiymət razılaşdırma prokoluna əsasən 3422 manat dəyərində malların təhvil verilməsi nəzərdə tutulmuşdur. - 28.02.2019-cu il tarixli, EAAQ seriylı, 001698 saylı eletkron qaiməyə əsasən Cavabdeh MMC-yə 17015,60 manat dəyərində, 19.08.2019-cu il tarixli, EAAY seriylı, 699535 saylı elektron qaiməyə əsasən 1085,60 manat dəyərində, 29.10.2019-cu il tarixli, EBAH seriylı, 811512 saylı elektron qaiməyə əsasən 23895 manat dəyərində, 05.11.2019cu il tarixli, EBAC seriylı, 091803 saylı elektron qaiməyə əsasən 3422 manat məbləğində mal təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra qiymət razılaşırma prokolundan qeyd edilən tarixdə satıcıya ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında, həmçinin, qiymət razılaşdırma protokolu əsasında təhvil verilmişdir. İddiaçı müəsissəsi tərəfindən Cavabdeh MMC-yə 27317 manat (ƏDV daxil) həcmində malların təhvil verilməsi təqdim olunmuş sübutlarla təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Cavabdehin nümayəndəsi iddiaya etirazını borcun düzgün hesablanmaması ilə əsaslandırsa da, hesablamanın hansı səbəbdən düzgün aparılmaması, əlavə ödənişlərin edilməsi və digər hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 17737 manat əsas borca 886,85 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 886,85 manat dəbbə pulunun miqdarı azaldılaraq 100 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 17737 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə olmaqla ümumilikdə 17837 manat məbləğində pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2841/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2841/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver