Məhkəmə qərarları › İş №e-2-2(113)-2842/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2842/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2842/2021 27.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 116191,65 manat, habelə hüquqi yardıma görə ödənilmiş 1000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 116191,65 manat, habelə hüquqi yardıma görə ödənilmiş 1000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli 32 saylı müqaviləyə əsasən 2021-ci ilin yanvar ayında armatur yaymasına görə ƏDV ilə birlikdə 169920,00 manat məbləğində vəsaiti avans olaraq cavabdehin hesabına köçürülmüşdür. Həmin ayda alınmış, dəyəri ƏDV ilə birlikdə 53728,35 manat təşkil edən 54,73 ton armatura görə cavabdeh tərəfindən 29.01.2021-ci il tarixində E-Qaimələr (seriya EBAW № 61808, seriya EBAW № 500952, seriya EBAW № 766371) təqdim edilmişdir. Lakin köçürülmüş məbləğdən 116191,65 manat (ƏDV ilə) məbləğində qalan vəsait cavabdehin hesabında qalmaqdadır. İddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, dəyəri ödənilmiş armatur yaymasını ala bilməmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən satılan malın bir tonunun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir. Müqavilənin 2.2ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürmə yolu ilə əvvəcədən ödəyir. Müqavilə iddiaçı tərəfindən tam və layiqincə icra edilmiş, cavabdeh isə öz öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı sadalananlar barəsində cavabdehə dəfələrlə armatur yaymasını təhvil verməyi bildirsə də, müqaviləyə əsasən götürdüyü öhdəliyi icra etməmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli 32 saylı müqaviləyə əsasən 2021-ci ilin yanvar ayında armatur yaymasına görə ƏDV ilə birlikdə 169.920,00 manat məbləğində vəsaiti avans olaraq cavabdehin hesabına köçürülmüş, cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 116.191,65 manat ƏDV ilə məbləğində iddiaçıya nə armatur yayması verilməmiş, nə də pulu geri qaytarılmamışdır. Cavbdehdən dəfələrlə verilmiş pulun geri qaytarılmasının tələb edilməsinə baxmayaraq, cavabdeh iddiaçıdan aldığı 116191,65 manat məbləğində pulu qaytarmaqdan imtina etmişdir. Nəticədə, cavabdeh qanunsuz olaraq iddiaçının hesabına varlanmış və ona maddi ziyan vurmuşdur. Cavabdehə mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədilə iddiaçı tərəfindən yazılı pretenziya ilə müraciət olunmuş, müqavilə üzrə yaranmış borcun ödənilməsinin təmin olunması xahiş olunmuşdur. Həmin pretenziya məktubu cavabdehin hüquqi ünvanına göndərilmişdir. Lakin məktub bu ünvanda yaşamır qeyd olunmaqla geri qaytarılmışdır. Ona görə məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında şəhadətnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, İddiaçı 14.03.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 05 yanvar 2021-ci il tarixli 32 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıya armatur yayması satmağı, iddiaçı isə cavabdehdən armatur yayması almağı öhdələrinə götürmüşlər. 12.01.2021-ci il tarixli 261164 saylı, 26.01.2021-ci il tarixli 264455 saylı, 27.01.2021-ci il tarixli 264732 saylı ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 27000 manat, 27000 manat və 90000 manat olmaqla, ümumilikdə 144000 manat məbləğində cavabdehin hesabına ödəniş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2021-ci il tarixli 32 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıya armatur yayması satmağı, iddiaçı isə cavabdehdən armatur yayması almağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 144000 manat məbləğində cavabdehin hesabına, ƏDV üzrə 25920 manat, ümumilikdə 169920 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən dəyəri ƏDV ilə birlikdə 53728,35 manat təşkil edən 54,73 ton armatur yayması iddiaçıya verilmiş, dəyəri ödənilmiş 116191,65 manat dəyərində armatur yayması isə iddiaçıya verilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Eyni zamanda məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi konsensual, ikitərəfli və əvəzli müqavilədir. Alqı-satqı müqaviləsi konsensual müqavilədir, ona görə ki, bu müqavilə üzrə tərəflərin hüquq və vəzifələri onların müqavilədən irəli gələn hüquq və vəzifələr barədə razılaşmaları anından əmələ gəlir. Müqavilədə nəzərdə tutulmuş əşyanın verilməsi isə satıcının artıq mövcud müqavilə üzrə öz borcunu icra etməsidir. Alqı-satqı müqaviləsi ikitərəfli müqavilədir. Belə müqavilə iki tərəfin alıcının və satıcının bir-birilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə varadır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malların dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 116191,65 manat manat ödəniş cavabdehdən alınmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan hesabın dövriyyəsinin surətindən göründüyü kimi iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 2 saylı vəkil bürosunun hesabına 1000 manat ödənilmişdir. Məhkəmə iddianın təmin edilməsini nəzərə alaraq, hesab edir ki, vəkilin göstəridiyi yardıma görə ödənilmiş 1000 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 116191,65 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1000 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar