Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2842/2022 17.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil və X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən, 216.350,41 ABŞ dollar və ya 367.795,69 manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş mediasiya və məhkəmə xərcləri olan 400 manat mediator xərcinin, eləcə də 268,20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" LLC şirkəti (bundan sonra– ekspeditor) "xxxx" QSC tərəfindən təsis edilmiş İddiaçı MMC tərəfindən Gürcüstan Respublikasında yaradılmış və 100% payına malik olduğu müəssisədir. Ekspeditor tərəfindən daxil olan müraciətlərə əsasən iddiaçı Azərbaycan Respublikası ərazisində nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirir. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 2019/M-42 saylı Müqaviləyə, Ekspeditor ilə olan “Nəqliyyat-ekspedisiya xidmətləri” haqqında müqaviləyə və İddiaçın Gürcüstan Respublikasında yerləşən filialı ilə olan “Nəqliyyat-ekspedisiya xidmətləri” haqqında müqaviləyə, 1-ci bəndinə əsasən ekspeditor müqaviləsinə əsasən müştərinin sifarişinə və onun hesabına nəqliyyat-ekspedisiya xidmətləri həyata keçirir. Bu xidmətlər nəqliyyat marşrutunun keçdiyi ölkələrin qanunvericiliyinə, eləcə də beynəlxalq konvensiyalara, məcəllələrə və digər qaydalara uyğun formada aparılır. Xidmətlərin siyahısı və həcmi mMüştərinin sifarişinə və ya müqaviləyə əlavə edilən kommersiya təklifinə uyğun formada müəyyən edilir. Belə ki, cavabdehə göstərilmiş xidmətlər müqabilində vaxtı-vaxtında xidmət haqqını və yarana biləcək cərimə və s. ödənişləri ödəməyi öhdəsinə götürsə də, sözügedən xidmətlərə əsasən qeyd edilən müqavilələrə uyğun olaraq cavabdeh tərəfindən ödənilməli olan 52846,41 ABŞ dollar, 88504,00 ABŞ dollar və 75000 ABŞ dolları, ümumilikdə 216350,41 ABŞ dollar və ya 367795,69 manat məbləğində pul məbləğlərinin ödənişi bu günə qədər təmin edilməmişdir. Baxmayaraq ki, borclarla bağlı dəfələrlə xəbərdarlıq edilmiş, aidiyyəti sənədlər göndərilmişdir. Müqavilənin 2.1.6-cı, 2.2.2-ci, 2.2.14-cü, 3.3-cü, 4.4-cü, 2.1.8-ci və 2.2.12-ci bəndlərinə əsasən ekspeditorun konteynerlərin sərhəd-buraxılış məntəqələrində və gömrük nəzarəti postlarında yoxlanılması zamanı yaranan dayanmalara görə yaranmış cərimələri və terminal xərcləri tələb etmək hüququ vardır. Müştəri müqavilədə göstərilən müddətdə eksport və import zamanı bütün aidiyyəti sənədləri özü hazırlamalıdır. Nəqliyyat-ekspedisiya xidmət(lər)i bitdikdən sonra konteyneri texniki cəhətdən sağlam vəziyyətdə (deformasiyasız, kəsiksiz, ləkəsiz və deşiksiz) və kommersiya cəhətdən rentabelli formada (zibillərdən, qalıqlardan və s.) ekspeditora geri təhvil verməlidir. Müştəri göstərilən xidmətlərə görə müəyyən edilmiş xərcləri, demerecləri, cərimələri tam həcmdə nağdsız qaydada ödəməlidir. Tərəflərdən biri digərinə ziyan vurduqda günahkar tərəf dəymiş ziyanı tam həcmdə qarşı tərəfə ödəməlidir. Həmçinin, müqavilənin göstərilmiş xidmətlərə uyğun olaraq ekspeditor tərəfindən müştəriyə akt göndərilən zaman müştəri onu imzalamalı və ya əsaslandırılmış protest verməlidir. Məlumat üçün qeyd etməlidirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194-cü maddəsinə əsasən “ADY” xx.xx.2021-ci il tarixli 01 nömrəli tapşırıq müqaviləsinə əsasən ekspeditor tərəfindən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşdirilmiş qaydada hərəkətlər etmək, pretenziya vermək, məhkəmədə iddia qaldırmaq və bütün instansiyalarda iddianı müdafiə etməklə bağlı vəkalət verilmişdir. Tapşırıq müqaviləsinə uyğun olaraq, qarşı tərəfə invoyslar, üzləşmə aktları, pretenziyalar, mediasiyaya dəvət məktubları göndərilmiş, lakin heç bir cavab alınmamışdır. Qanunvericiliklə müəyyənləşdirilmiş qaydada mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2022-ci il tarixdə “5 saylı mediasiya təşkilatı”nın mediatoru Zaur İbayevin təşkil etdiyi ilkin mediasiya sessiyası zamanı da qarşı tərəf iştirakını təmin etməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-dən tərəflər arasında imzalanmış 2019/M-42 saylı xx.xx.2019-cu il tarixli nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 89838,90 manat (52846,41 ABŞ dolları), 2020/ACG-106 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 156063,40 manat (91802 ABŞ dolları), eləcə də 400 manat mediator xərcinin və 268,20 manat dövlət rüsumun, ümumilikdə 246570,49 manat borcun tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Action Group MMC-nin nümayəndəsi və vəkili Vəkil iddiaya dair yazılı izahat təqdim edərək, iddia tələbini qəbul etmədiklərini və iddia tələbinin prosessual normaların tələblərinə əsasən baxılmamış saxlanmasını, mahiyyəti üzrə hüquqi qiymətləndirmə olarsa iddianın təmin edilməməsini xahiş etmişdir. İzahat onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən sonuncu xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən aydın olur ki, iddia tələbi 2 hissədən ibarət olmaqla ayrı ayrı hüquqi şəxslərə olan borcun tələbidir. İlkin olaraq "xxxx" LLC-yə dair tələbin mahiyyəti ilə əlaqədar bildirirlər ki, "xxxx" LLC tərəfindən iddia ərizəsində təqdim edilən siyahı üzrə Action Group MMC-yə heç bir xidmət göstərilməmişdir. İddiaçının "xxxx" LLC ilə əlaqədar tələbi üzrə təqdim etdiyi dövrə görə tərtib etdiyi siyahıda olan xidmətlərin Action Group MMC-yə aidiyyəti yoxdur. Bununla əlaqədar iddiaçının özünün təqdim etdiyi xidmətlərə görə siyahı üzrə tərəflərindən iddiaçının əvəzinə yol vərəqələri təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş həmin yol vərəqələrindən görünür ki, baxmayaraq ki, siyahıda Cavabdeh MMC-nin imza və möhürü vardır, siyahı üzrə heç bir ödəniş edilməmiş, digər siyahılar ümumiyyətlə təsdiq edilməmişdir. Təqdim etdikləri yol vərəqələrində pod kod, konteyner nömrəsi və vaqon nömrəsi eyni ilə iddiaçının xidmət adı altında təqdim etdiyi siyahıda göstərilən bölmələrlə eyni olmaqla üst-üstə düşür. Ancaq heç bir yol vərəqəsində Cavabdeh MMC-nin adı qeyd edilməmişdir. İddiaçı tərəf 1500 ədəd elektron daşıyıcıda yol vərəqəsi təqdim edərək guya ki, Həmin elektron daşıyıcıda təqdim etdiyi yol vərəqələrinin iddiaçının iddia etdiyi dövrlərə dair yol vərəqələrini tarixlərə görə müəyyən etmək mümkün olmamışdır. İddiaçı isə hansı yol vərəqəsinin iddiaya aid olduğunu müəyyən edə bilməmişdir. Bundan başqa iddiaçının 1500 ədəd təqdim etdiyi yol vərəqəsinin heç birində Cavabdeh MMC ilə əlaqəli yol vərəqəsi mövcud olmamışdır. Buna baxmayaraq iddiaçı yenidən eyni yol vərəqələrindən 11 ədədini xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə əlavə etmişdir. Mövcud olan imza və möhürlü siyahıdakı xidmətlər faktiki mövcud deyildir, səhv nəticəsində imza və möhür vurulmuşdur. Belə ki, Cavabdeh MMC tərəflər arasında olan müqaviləyə əsasən iddiaçının təqdim etdiyi siyahıdakı xidmətləri göstərməsə də, ümumilikdə xidmətdən istifadə edir, siyahıların səhv salınması istisna deyildir. Bunun dəqiqləşdirilməsinin çox sadə yolu xidmətlə əlaqədar sifariş sənədlərinin və yol vərəqələrinin təqdim edilərək qarşılıqlı yoxlanmasıdır ki, iddiaçı bundan yayınaraq özlərinin tərtib etdikləri siyahılarla göstərmədikləri xidmətlərə görə hazırda Cavabdeh MMC-dən xidmət haqqı tələb edir. Hazırkı iş üzrə tərəflər arasında müqavilənin olmasına baxmayaraq, müqavilə üzrə öhdəliklərin yaranmasını tərəflər şərtləşdirmişlər. xx.xx.2020-ci il tarixli müqavilənin 1.1-ci maddəsindən göründüyü kimi müştəri olaraq məhz Cavabdeh MMC-nin sifarişi və hesabına əsasən ekspeditor xidmətləri göstərilir. Artıq 4 dəfə iddianı dəyişən, 5 dəfə nümayəndəsin dəyişən iddiaçı guya "xxxx" LLC tərəfindən cavabdehə göstərilən xidmətlərə görə cavabdehin nə sifarişinin, nə də yol vərəqəsinin olmasına dair sübutu təqdim edə bilməmişdir. Belə bir iddianın təmin edilməsi əsassızdır. Prosessual normalar baxımından "xxxx" MMC-nin ümumiyyətlə hazırkı tələblə iddia qaldırmaq səlahiyyəti yoxdur. Tapşırıq müqaviləsi "xxxx" MMC-nin "xxxx" LLC adından iddia qaldırmaq üçün əsas deyildir. AR MPM-nin 69.1-1-cü maddəsinə əsasən nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.1-ci maddəsinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi tapşırıq müqaviləsində bu səlahiyyətlər ümumiyyətlə göstərilməmiş, etibarnamə isə ümumiyyətlə verilməmişdir. Bundan başqa “Mediasiya haqqında” AR Qanununun tələbləri pozulmaqla "xxxx" LLC-nin adından iddia verilmişdir. Tapşırıq müqaviləsində “mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi” səlahiyyəti xüsusi göstərilməmişdir. Halbuki hazırkı iddia xx.xx.2022-ci il tarixdən sonra təqdim edilmişdir. "xxxx" MMC-nin iddia tələbi ilə əlaqədar mahiyyəti üzrə bildirirlər ki, xx.xx.2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən sifariş əsasında xidmətlər göstərilməli olduğu halda müqavilənin bu şərtini qeyd etməyi yaddan çıxarmışlar. Bu şərt müqavilənin əsas şərtidir. Belə ki, sifariş yoxdursa, xidmət də yoxdur, hesab da yoxdur. Bu isə müqavilənin özü-özlüyündə əsaslılığını şübhə altına alır və ayrıca etibarsızlığının tələb edilməsi zərurətini aradan qaldırır. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli Qərardadına əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin Qərardadın 15-ci bəndinə əsasən hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Tərəflər arasında bağlanan Müqavilənin 1.1-ci bəndində tərəflər arasında öhdəliyin yaranmasını şərtləndirən və əsas şərt olan Müştərinin “sifarişi” şərti qeyd edilməmişdir. Halbuki bu Müqavilənin əsas və vacib şərtlərindəndir. Sifariş yoxdursa, Müqavilənin əhəmiyyəti də qalmış olmur. Halbuki "xxxx" LLC ilə Action Group MMC arasında bağlanan Müqavilənin 1.1-ci bəndində bu şərt qeyd edilmişdir. Müqavilənin 2.1.3-cü bəndinə əsasən Ekspeditorun, hazırkı halda isə iddiaçının öhdəliyidir ki, daşıma xidməti göstərdikdə, yük göndərdikdən 1 gün ərzində Müştəriyə yük qaiməsini (konosament, CMR, RWB, AWB, BL) spesifikasiya, sertifikat, yük-gömrük bəyannaməsinin surəti və yükün göndərilməsi ilə əlaqədar digər sənədləri təqdim etsin. Bu günədək iddiaçı iddia ərizəsində tələb etdiyi siyahı üzrə, dövr üzrə nə sifariş barədə, nə də ki, yük qaiməsi barədə sənəd təqdim etməmişdir. Üzləşmə aktında qeyd edilən məbləğin əsassız yazıldığını bildirirlər. Əsaslıdırsa üzləşmə aktının təsdiq edilməsinə əsas olan sənədlər təqdim edilməlidir. Bununla əlaqədar məhkəmə tərəfindən vaxt verilsə də, vəsatət təqdim edilsə də bu vaxtadək öz həllin tapmamışdır. Halbuki bu tərəflər arasında bağlanan Müqavilə üzrə bu bir başa ekspeditorun öhdəliyidir. Tərəf iddiaçı olaraq sübut etmək yükü daşıdığı halda, müqaviləyə əsasən öhdəliyi olduğu halda bundan imtina edir. Tərəf olaraq bildirirlər ki, iddiaçının cavabdehin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı səhv olaraq imza və möhürlə möhürlənmişdir. Tərəflərindən buna görə heç bir ödəniş edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığına əsasən ödənilən vəsaitin məhz hansı xidmətlərə görə ödənilməsini iddiaçı sübut edə bilmir. İddiaçının üzləşmə aktının tərtibindən bir il sonra təyinatı “göstərilən xidmətlərə görə ödəniş” qeydi ilə olan ödənilən vəsaiti məhz üzləşmə aktına əsasən olan ödəniş kimi qəbul etməsi tamamilə əsassızdır və qərəzlidir. Məqsəd, guya ki, cavabdeh tərəfin borcu qəbul etməsini məhkəməyə sübut etməkdir. Dərhal da 2021-ci ilin 3-cü rübündə ikinci bir üzləşmə aktı tərtib edərək ödəniş kimi hesab etdikləri xx.xx.2021-ci il tarixli ödəniş tapşırığını həmin üzləşmə aktına daxil etməklə özlərinin əsassız əməllərini əsaslandırmağa cəhd etmişlər. 2021-ci il 2020-ci il olmadığından, yəni şərait dəyişdiyindən artıq bu dəfə üzləşmə aktının imzalanmasına nail ola bilməmişlər. Ödəniş tapşırığının tarixindən görünür ki, bir il əvvəl 2020-ci il tarixdə tərtib edilən üzləşmə aktındakı borca görə ödənilən vəsait kimi qəbul edilə bilməz. Ödəniş tapşırığının təyinat hissəsindən də görünür ki 2020-ci il tarixli üzləşmə aktında göstərilən və iddiaçının borc kimi qeyd etdiyi vəsaitin ödənilməsi olsa idi ödəniş tapşırığının təyinat hissəsində məhz “xidmət haqqından yaranan borca görə ödəniş” qeydi yazılardı. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının təyinatı borca görə ödənilən vəsait deyildir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının 2020-ci il tarixli üzləşmə aktında göstərilən borca görə ödənilmədiyi barədə hüquqi qiymətin alarsa və digər hər hansı xidmətə görə ödənilmədiyi müəyyən edilərsə iddiaçıdan həmin vəsait əsassız varlanma əsası ilə geri tələb ediləcəkdir. Əsası olmayan imzalı və möhürlü üzləşmə aktı əsasında borc tələb edilməsi əsassızdır. İş materiallarına tarixi, təyinatı və sifarişçisi Cavabdeh MMC olmayan yol vərəqələrinin təqdim edilməsində də məqsədin nə olduğu başa düşülən deyildir, eyni zamanda Cavabdeh MMC cavabdehin adı olmayan yol vərəqələrinin hazırkı tələblə səbəbli əlaqəsinin də nə olduğu başa düşülən deyildir. Əksinə iddiaçı tərəfindən üzləşmə aktının tərtib edilməsi əsası kimi təqdim etdikləri 11 ədəd yol vərəqəsi Cavabdeh MMC-nin hazırkı iş üzrə cavabdeh olmadığını, iddianın cavabdehə aid olmadığını və iddiaçı qarşısında heç bir öhdəlik daşımadığını bir daha təsdiq edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehin İddiaçı MMC-yə iddia ərizəsində göstərdikləri həcmdə borcu var. Borc məbləği tərəflər arasında bağlanmış 2 ədəd müqavilə əsasında yaranmışdır, müvafiq aktlar tərtib edilmişdir. Qarşı tərəf aktları imzalayaraq borcunu etiraf etmişdir. İ.Kərimov iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İ.Kərimov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, göstərilən hər bir xidmət ilə bağlı hesab-faktura təqdim edilib. Xidmətlər sifariş əsasında göstərilib. Elektron poçt vasitəsilə sifariş verilib. Yol vərəqələrində sifarişçinin adı göstərilmir. Daşıma xidmətlərinin bilavasitə tərəflərindən göstərilməsi şərt deyil. Onlara sifariş daxil olur və daşımanı necə həyata keçirlilməsi onlara aiddir. Sifarişi qəbul edirlər və malı təhvil alırlar, yəni, daşımanı təşkil edirlər. Yol vərəqələri hazırkı iddia üzrə düzgün sübutetmə vasitəsi deyil. Yol vərəqəsində sadəcə daşıyıcıların adı qeyd edilir. Onlar malın A nöqtəsindən B nöqtəsinə çatmasını təmin edirlər. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, borcları olduğu halda ödəniş edəcəklər. Lakin iddiaçı onlara xidmət göstərdiyini sübuta yetirə bilmir. Əgər iddiaçı bu gün müvafiq sübutları təqdim etsə onlar barışıq sazişi bağlamağa hazırdılar. İddiaçının təqdim etdiyi heç bir sənəddə müqavilənin nömrəsi yoxdur. Onlar avans ödənişi etmişlər. Lakin xidmətin göstərilməməsi səbəbi ilə məbləğin geri qalan hissəsi ödənilməmişdir. S.Məmmədov həmçinin izahatında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi yazışmalar sübut kimi dəyərləndirilməməlidir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddiaya dair yazılı izahatla eyniməzmunlu izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hər hansı bir xidmətə görə ödəniş edilib. Tələb edilən məbləğə və təqdim edilən üzləşmə aktına görə ödəniş edilməyib. Xidmət göstərilsə idi, etiraf edib, ödəniş edərdilər. Üzləşmə aktını səhv edib imza etmişlər. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (ekspeditor) ilə Cavabdeh MMC (müştəri) arasında 01 oktyabr 2019-cu il tarixdə bağlanmış 2019/M-42 saylı nəqliyyat-ekspedisiya xidməti üzrə müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin: 1.1-ci bəndinə görə hazırki müqaviləyə əsasən, ekspeditor müştərinin adından və onun hesabına yük daşıma üzrə ekspeditor və logistika xidmətlərinin göstərilməsini təmin edir. 1.3-cü bəndinə görə xidmətlərin siyahısı və həcmi müştəri tərəfindən verilmiş və bu müqaviləyə əlavə edilmiş sifariş forması ilə müəyyən edilir. 2.1.3-cü bəndinə əsasən daşıma xidməti göstərdikdə, yük göndərildikdən 1 (bir) iş günü ərzində müştəriyə yük qaiməsini (konosament, CMR, RWB, AWB, BL) spesifikasiya, sertifikat, yük-gömrük bəyannaməsinin surəti və yükün göndərilməsi ilə əlaqəli digər sənədləri təqdim etmək ekspeditorun öhdəliyidir. 3.1-ci bəndinə əsasən müştəri göstərilən xidmətlər üçün ekspeditorun təqdim etdiyi hesab-fakturaya əsasən ödənişi həyata keçirir. 3.2-ci bəndinə görə müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmadıqda, müştəri ödənişi 100% qabaqcadan hesab-faktura təqdim edildikdən sonra razılaşdırılmış müddət ərzində ekspeditorun bank hesabına köçürmə yolu ilə həyata keçirir. 3.3-cü bəndinə görə bu müqavilə üzrə göstərilən xidmətlərin dəyəri ABŞ dolları ilə müəyyən olunur. 3.4-cü bəndinə görə bu müqavilə üzrə ödənişlər Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq həyata keçirilir. 5.1-ci bəndinə əsasən müqavilənin icrası zamanı yarana biləcək mübahisələr danışıqlar yolu ilə həll edilir. 5.2-ci bəndinə görə danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll ediləcək. 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2019-cu il tarixinədək qüvvədədir. Müqavilənin müddətinin bitməsinə 30 təqvim günü qabaqcadan tərəflər bir-birini müqaviləyə xitam vermək niyyətləri barədə məlumat vermədikdə, müqavilə avtomatik olaraq növbəti bir il müddətinə uzadılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli 20/06-ADYKM-005 saylı təhvil-təslim aktına 1 nömrəli xx.xx.2020-ci il tarixli qoşma olan 01 oktyabr 2019-cu il tarixli 2019/M-42 saylı müqaviləyə əsasən xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə İddiaçı MMC ilə Cavabdeh MMC arasında təhvil-təslim edilən xidmətlərin icmalından görünür ki, ümumilikdə 11 vaqon (o cümlədən 94805215, 95543997, 94804978, 94309234, 94488368 və 94489564 nömrəli vaqonlar) üzrə göstərilmiş xidmətlərin cəmi dəyəri 10.598 ABŞ dolları təşkil edir. xx.xx.2020-ci il tarixli qoşma 1 İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 94805215, 95543997, 94804978, 94309234, 94488368 və 94489564 nömrəli vaqonlar üzrə daşıma xidmətlərini əks etdirən yol qaimələrindən görünür ki, həmin yük qaimələrində yük alan və yük göndərən qrafasında hazırki iş üzrə tərəf olmayan hüquqi və ya fiziki şəxslərin adı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli 20/08-ADYKM-005 saylı təhvil-təslim aktından (acceptance report) görünür ki, ekspeditor (İddiaçı MMC) 01 oktyabr 2019-cu il tarixli 2019/M-42 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilədə nəzərdə tutulan işləri tam yerinə yetirmiş və xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə göstərilmiş xidmətlərin dəyəri 31.500 ABŞ dolları təşkil edir. Təhvil-təslim aktı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli 20/08-ADYKM-005 saylı təhvil-təslim aktına 1 nömrəli xx.xx.2020-ci il tarixli qoşma olan 01 oktyabr 2019-cu il tarixli 2019/M-42 saylı müqaviləyə əsasən xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə İddiaçı MMC ilə Cavabdeh MMC arasında təhvil-təslim edilən xidmətlərin icmalından görünür ki, 1 vaqon üzrə satışın (xidmətin) dəyəri 1050 ABŞ dolları olmaqla ümumilikdə 30 vaqon üzrə göstərilmiş xidmətlərin cəmi dəyəri 31.500 ABŞ dolları təşkil edir. xx.xx.2020-ci il tarixli qoşma 1 İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2019/M-42 saylı müqavilə üzrə 2020-ci il üzrə qarşılıqlı hesablaşmaların üzləşmə aktından görünür ki, aktda 2018/M-74 saylı müqavilə üzrə xidmət göstərilməsi ilə bağlı sonuncu dəfə 2020-ci ilin 31 dekabrında 8.823,52 ABŞ dolları, ümumilikdə 122.941,18 ABŞ dolları məbləğində ödəniş edildiyi və xx.xx.2020-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcunun 92.728,76 ABŞ dolları məbləğində olması qeyd edilmişdir. Üzləşmə aktı İddiaçı MMC-nin və Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. “Unibank” X5 xx.xx.2021-ci il tarixli 210927/21466 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin hesabından İddiaçı MMC-nin hesabına 67.800 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2019/M-42 saylı müqavilə üzrə 2021-ci il İİİ rübü üzrə qarşılıqlı hesablaşmaların üzləşmə aktından görünür ki, aktda 2018/M-74 saylı müqavilə üzrə xidmət göstərilməsi ilə bağlı qarşılıqlı hesablanmaların aaprıldığı dövrdə sonuncu dəfə 2021-ci ilin 30 sentyabrında 39.882,35 ABŞ dolları, ümumilikdə 39.882,35 ABŞ dolları məbləğində ödəniş edilməsi və xx.xx.2021-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcunun 52.846,41 ABŞ dolları məbləğində olması qeyd edilmişdir. Üzləşmə aktı İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC-nin təsisçisinin ümumi yığıncağının 12 mart 2018-ci il tarixli, 1 saylı qərarından görünür ki, Gürcüstan Respublikasının qanunvericiliyinə uyğun olaraq İddiaçı MMC-nin Gürcüstan filialı yaradılmışdır. "xxxx" LLC (ekspeditor) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 2020/ACG-106 saylı nəqliyyat-ekspedisiya xidməti üzrə müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin: 1.1-ci bəndinə görə hazırki müqaviləyə əsasən, ekspeditor sifarişçinin adından və onun hesabına ekspeditorluq və logistika xidmətləri göstərməyi öhdəsinə götürür. 1.3-cü bəndinə görə xidmətlərin siyahısı və həcmi sifarişçi tərəfindən bu müqavilənin əlavəsində verilmiş sifariş formasında və ya kommersiya təklifində müəyyən edilir. 2.1.3-cü bəndinə əsasən malların tədarükü və ya daşınması zamanı 2 (iki) iş günü ərzində sifarişçiyə konosamenti (RWB, BL) təqdim etmək ekspeditorun öhdəliyidir. 3.1-ci bəndinə əsasən ekspeditor tərəfindən verilmiş hesab-fakturalar əsasında daşımanın başlanmasına ən geci 5 iş günü qalmış ekspedisiya xidmətlərinin göstərilməsi üçün sifarişçi 100% avans ödənişi həyata keçirir. 3.3-cü bəndinə görə xidmət xərcləri ABŞ dolları ilə müəyyən edilir. 5.1-ci bəndinə əsasən bu müqavilənin yerinə yetirilməsi ilə bağlı yarana biləcək hər hansı mübahisələr danışıqlar yolu ilə həll edilir. 5.2-ci bəndinə görə mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu müqavilə ilə əlaqədar və ya onunla bağlı yaranan bütün mübahisələr bu arbitrajın qaydalarına uyğun olaraq iddiaçının ölkəsinin Ticarət və Sənaye Palatasında (Milli Ticarət Palatasında) beynəlxalq kommersiya arbitrajında yekun olaraq həll edilməlidir. 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2020-ci il tarixinədək qüvvədədir. Müqavilənin müddətinin bitməsinə azı 30 təqvim günü qalmış tərəflər müqaviləni ləğv etmək niyyəti barədə bir-birlərinə məlumat vermədikdə, müqavilə növbəti 1 il müddətinə uzadılmış hesab olunur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" LLC tərəfindən Cavabdeh MMC-yə təqdim edilən xx.xx.2020-ci il tarixli, İNV-F- 2009-0005 nömrəli hesab-fakturadan (invoys) görünür ki, həmin invoys əsasında xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2020-ci ilin iyul ayı üzrə ekspeditor xidmətlərinin ümumi dəyəri 60.202 ABŞ dolları təşkil edir. xx.xx.2020-ci il tarixli 20/07-ACG-001 saylı təhvil-təslim aktından (acceptance report) görünür ki, ekspeditor ("xxxx" LLC) xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı nəqliyyatekspedisiya xidmətinə dair müqavilədə nəzərdə tutulan işləri tam yerinə yetirmiş və xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə göstərilmiş xidmətlərin dəyəri 60.202 ABŞ dolları təşkil edir. Təhvil-təslim aktı "xxxx" LLC-nin və Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli 20/07-ACG-001 saylı təhvil-təslim aktına 1 nömrəli xx.xx.2020ci il tarixli qoşma olan xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı müqaviləyə əsasən xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə "xxxx" LLC ilə Cavabdeh MMC arasında təhvil-təslim edilən xidmətlərin icmalından görünür ki, ümumilikdə 60 vaqon (o cümlədən 94306321, 94313483, 94304565, 94496619, 94489960, 94311081, 94489853, 94236627, 94307105, 94309754, 94256104 və 94330826 nömrəli vaqonlar) üzrə göstərilmiş xidmətlərin cəmi dəyəri 60.202 ABŞ dolları təşkil edir. xx.xx.2020-ci il tarixli qoşma 1 "xxxx" LLC-nin və Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 94306321, 94313483, 94304565, 94496619, 94489960, 94311081, 94489853, 94236627, 94307105, 94309754, 94256104 və 94330826 nömrəli vaqonlar üzrə daşıma xidmətlərini əks etdirən yol qaimələrindən görünür ki, həmin yol qaimələrinin yükü göndərən və yükü alan qrafalarında iş üzrə tərəf olmayan hüquqi və ya fiziki şəxslərin adı qeyd edilmişdir. "xxxx" LLC tərəfindən Cavabdeh MMC-yə təqdim edilən xx.xx.2020-ci il tarixli, İNV- F-2009-0006 nömrəli hesab-fakturadan (invoys) görünür ki, həmin invoice əsasında xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 2020-ci ilin avqust ayı üzrə ekspeditor xidmətlərin ümumi dəyəri 28.302 ABŞ dolları təşkil edir. xx.xx.2020-ci il tarixli 20/08-ACG-001 saylı təhvil-təslim aktından (acceptance report) görünür ki, ekspeditor ("xxxx" LLC) xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı nəqliyyatekspedisiya xidmətinə dair müqavilədə nəzərdə tutulan işləri tam yerinə yetirmiş və xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə göstərilmiş xidmətlərin dəyəri 28.302 ABŞ dolları təşkil edir. Təhvil-təslim aktı "xxxx" LLC-nin və Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli 20/07-ACG-001 saylı təhvil-təslim aktına 1 nömrəli xx.xx.2020ci il tarixli qoşma olan xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı müqaviləyə əsasən xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə "xxxx" LLC ilə Cavabdeh MMC arasında təhvil-təslim edilən xidmətlərin icmalından görünür ki, ümumilikdə 31 vaqon üzrə göstərilmiş xidmətlərin cəmi dəyəri 28.302 ABŞ dolları təşkil edir. xx.xx.2020-ci il tarixli qoşma 1 "xxxx" LLC-nin və Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" LLC ilə Cavabdeh MMC arasında bağlanmış 2020/ACG-106 saylı müqavilə üzrə xx.xx.2020-xx.xx.2020-ci il üzrə qarşılıqlı hesablaşmaların üzləşmə aktından görünür ki, aktda 2020/ACG-106 saylı müqavilə üzrə xidmət göstərilməsi ilə bağlı xx.xx.2020-ci il tarixə Cavabdeh MMC-nin "xxxx" LLC-yə olan borcunun 88.504 ABŞ dolları məbləğində olması qeyd edilmişdir. Üzləşmə aktı İddiaçı MMC-nin və Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli 20/10-ACG-001 saylı təhvil-təslim aktından (acceptance report) görünür ki, ekspeditor ("xxxx" LLC) xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı nəqliyyatekspedisiya xidmətinə dair müqavilədə nəzərdə tutulan işləri tam yerinə yetirmiş və xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə göstərilmiş xidmətlərin dəyəri 3.298 ABŞ dolları təşkil edir. Təhvil-təslim aktı "xxxx" LLC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli 20/07-ACG-001 saylı təhvil-təslim aktına 1 nömrəli xx.xx.2020ci il tarixli qoşma olan xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı müqaviləyə əsasən xx.xx.2020-xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə "xxxx" LLC ilə Cavabdeh MMC arasında təhvil-təslim edilən xidmətlərin icmalından görünür ki, ümumilikdə 10 vaqon üzrə göstərilmiş xidmətlərin cəmi dəyəri 3.298 ABŞ dolları təşkil edir. xx.xx.2020-ci il tarixli qoşma 1 "xxxx" LLC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" LLC ilə Cavabdeh MMC arasında bağlanmış 2020/ACG-106 saylı müqavilə üzrə xx.xx.2020-xx.xx.2020-ci il üzrə qarşılıqlı hesablaşmaların üzləşmə aktından görünür ki, aktda 2020/ACG-106 saylı müqavilə üzrə xidmət göstərilməsi ilə bağlı xx.xx.2020-ci il tarixə Cavabdeh MMC-nin "xxxx" LLC-yə olan borcunun 91.802 ABŞ dolları məbləğində olması qeyd edilmişdir. Üzləşmə aktı "xxxx" LLC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" LLC (vəkalət verən) ilə İddiaçı MMC (vəkalət alan) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 01 saylı tapşırıq üzrə müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin: 1.1.12-ci bəndinə əsasən vəkalət alan müqavilədə göstərilən qaydada və şərtlərlə vəkalət verənin adından və onun vəsaiti hesabına vəkalət verənə borclu olan şəxslərə qarşı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hərəkətlər etmək, pretenziya vermək, məhkəmədə iddia qaldırmaq və bütün məhkəmə instansiyalarında iddianı müdafiə etməyi öz öhdəsinə götürür. 2-ci bəndinə görə müqavilə vəkalət verən tərəfindən vəkalətnamə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2022-ci il tarixinə qədər qüvvədədir. Müqavilə vəkalət verən və vəkalət alanın imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun 5 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: 01 oktyabr 2019-cu il tarixli 2019/M-42 saylı saylı nəqliyyat-ekspedisiya müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbi üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında sözügedən müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC iddia edir ki, Cavabdeh MMC-yə həmin müqavilə üzrə nəqliyyat-ekspedisiya xidmətlərini göstərmiş, lakin göstərilmiş xidmətlərə görə haqq cavabdeh tərəfindən tam ödənilməmişdir. Odur ki, iddiaçı sözügedən müqavilə üzrə 89.838,90 manat (52.846,41 ABŞ dolları) məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh MMC isə iddiaçı arasında müqavilə münasibətlərinin olmasını etiraf edir, lakin iddiaya etiraz olaraq İddiaçı MMC-nin ödənilməsini tələb etdiyi xidmətlərin onlara göstərilmədiyini və yuxarıda göstərilən müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin isə tərəflərindən tam ödənildiyini bildirir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından isə görünür ki, hazırkı halda iddiaçı mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərə görə Cavabdeh MMC-nin onlara borcunun olmasını təsdiq etmək üçün hər iki tərəfin imzaladığı (və möhür vurduğu) borcların qarşılıqlı üzləşdirilməsi aktını, eyni zamanda cavabdeh tərəfindən 67.800 manat məbləğində pul vəsaitinin hesablarına köçürülməsini təsdiq edən xx.xx.2021-ci il tarixli 210927/21466 nömrəli ödəniş tapşırığını məhkəməyə təqdim etmişdir. Məhkəmə xx.xx.2020-ci il tarixə 92.728,76 ABŞ dolları məbləğində olan borcunun olmasını təsdiq edən qarşılıqlı hesablaşmaların üzləşmə aktının səhvən imzalanması barədə cavabdehin etirazında istinad etdiyi dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Birincisi, mübahisəli üzləşmə aktı iddiaçının direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və cavabdeh tərəf həmin üzləşmə aktını imzalayan şəxsin səlahiyyətlərini, eləcə də imzasının həqiqiliyini mübahisələndirməmişdir. Mülki Məcəllənin 49.1-ci maddəsinə görə hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə xx.xx.2020-ci il tarixə 92.728,76 ABŞ dolları məbləğində borcunun mövcud olması faktı vəzifəsinə görə cavabdehin adından çıxış etmək hüququna malik olan şəxs cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmış üzləşmə aktı ilə təsdiq edilmişdir. Həmin sənəd isə Mülki Məcəllənin 49.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh üçün mülki hüquqi vəzifələr yaradır. İkincisi, cavabdeh sözügedən üzləşmə aktının imzalanmasından keçən 2 ilə yaxın müddət ərzində üzləşmə aktının səhvən imzalanması barədə iddiaçıya məlumat verməsini, bununla bağlı etiraz, iradlarını bildirməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Üçüncüsü, sözügedən üzləşmə aktı imzalandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya 67.800 manat (67.800:1.70=39.882,35 ABŞ dolları) məbləğində ödəniş edilmişdir. Cavabdeh həmin ödənişin üzləşmə aktında müəyyən edilmiş borc məbləği ilə bağlı olmamasını iddia etsə də, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı başqa müqavilənin mövcud olmasını və yaxud da mübahisəli müqavilə üzrə sözügedən üzləşmə aktı ilə əhatə edilməyən xidmətlərin göstərilməsini və ödənişin məhz həmin xidmətlərə görə ödənilməsini sübuta yetirə bilməmiş, o cümlədən ödəniş üçün əsas olmuş müqavilə və hesab-fakturaları məhkəməyə təqdim etməmişdir. Cavabdehin vəkilinin istinad etdiyi 67.800 manat məbləğində ödənişin avans olaraq edilməsi barədə dəlillərinə gəldikdə əvvəla qeyd edilməlidir ki, ödəniş tapşırığında ödənişin avans olaraq aparılması barədə qeyd edilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən həmin məbləğin hansı xidmətlərə görə avans olaraq ödənilməsini göstərən sənədlər də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının onlara ödənilməsini tələb etdiyi xidmətlərin göstərilməsini təsdiq edən sübutları, o cümlədən xidmət göstərilməsi barədə iddiaçıya verilmiş sifarişləri və daşıma xidmətləri üzrə yol vərəqələrini təqdim etməməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı iddiaçıya verilmiş sifarişlər məhkəməyə təqdim edilməsə də, cavabdehin müqavilə üzrə göstərilmiş xidmətlərə görə iddiaçıya borcunun olması faktı hər iki tərəfin imzaladığı üzləşmə aktı və həmin üzləşmə aktından sonra cavabdehin etdiyi ödəniş ilə təsdiq edilir. Yol qaimələrinə gəldikdə məhkəmə qeyd edir ki, Cavabdeh MMC daşıma xidmətlərini həyata keçirən şirkət olmaqla onun sifarişi əsasında daşınması həyata keçirilən yüklər bir qayda olaraq MMC-yə deyil, onun müştərilərinə (yük göndərənə və ya yük alana) məxsus olur. Odur ki, yol qaimələrində Cavabdeh MMC-nin adının göstərilməməsi həmin yol qaimələrinə əsasən həyata keçirilmiş yük daşımaların Cavabdeh MMC-nin sifarişi əsasında həyata keçirilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 oktyabr 2019-cu il tarixli 2019/M-42 saylı nəqliyyat-ekspedisiya müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətə görə cavabdehin iddiaçıya 52.846,41 ABŞ dolları (92.728,76 ABŞ dolları - 39.882,35 ABŞ dolları), yəni qətnamənin çıxarıldığı tarixə olan rəsmi məzənnə ilə 89.838,90 manat məbləğində borcun olması iş materiallarına əsasən öz təsdiqini tapdığından hazırkı iddia həmin hissədə təmin edilməlidir. İddianın "xxxx" LLC ilə Cavabdeh MMC arasında bağlanmış 2020/ACG-106 saylı müqaviləyə əsaslanan borcun tutulması hissəsinə gəldikdə isə məhkəmə ilk növbədə iddiaçının xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı müqavilə üzrə hazırkı iddianı irəli sürməyə dair subyektiv hüquqa malik olub-olmamasının araşdırılmasını zəruri sayır. MPM-in: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı halda xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı nəqliyyat-ekspedisiya müqaviləsinin tərəfləri "xxxx" LLC və Cavabdeh MMC-dir. Bununla yanaşı həmin müqavilənin İddiaçı MMC üçün hər hansı hüquqlar yaratmasına dair şərtlər müqavilədə yer almamışdır, eləcə də "xxxx" LLC tərəfindən müqavilə üzrə hüquq və öhdəliklərinin ADY Konteyner” MMC-yə ötürülməsi də iş materiallarına əsasən müəyən edilmir. Həmin müqavilə üzrə iddia qaldırmaq səlahiyyətinin "xxxx" LLC-nin (vəkalət verən) İddiaçı MMC (vəkalət alan) ilə xx.xx.2021-ci il tarixdə bağladığı 01 saylı tapşırıq müqaviləsindən irəli gəlməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, istinad edilən müqavilə şərtlərinə əsasən vəkalət alan müqavilədə göstərilən qaydada və şərtlərlə vəkalət verənin adından və onun vəsaiti hesabına vəkalət verənə borclu olan şəxslərə qarşı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hərəkətlər etmək, pretenziya verməyi, məhkəmədə iddia qaldırmağı və bütün məhkəmə instansiyalarında iddianı müdafiə etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-in: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Göründüyü kimi həm tapşırıq müqaviləsinin şərtlərini tənzimləyən qanunvericilik normalarına, həm də mübahisəli tapşırıq müqaviləsinin şərtlərinə görə tapşırıq müqaviləsinə əsasən vəkalət alan (hazırkı halda İddiaçı MMC) öz adından deyil, vəkalət verənin adından ("xxxx" LLC) və vəkalət verənin xeyrinə müəyyən işləri (hazırkı halda məhkəmələrdə iddia qaldırmağı, icra etməyi və və bütün məhkəmə instansiyalarında iddianı müdafiə etməyi) öz öhdəsinə götürür. Hazırkı iddia isə iddiaçı qismində vəkalən verən "xxxx" LLC-nin adından deyil, İddiaçı MMC adından qaldırılmışdır. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, tapşırıq müqaviləsi və etibarnamə birbiri ilə sıx əlaqəli hüquqi anlayışlardır. Tapşırıq müqaviləsi tapşırıq verilməsi ilə bağlı vəkalət alan ilə vəkalət verən arasında yaranan hüquqi münasibətləri tənzimləyir, vəkalət alanın vəkalət verə tərəfindən ona tapşırılmış əqdləri, işləri və ya digər xidmətləri icra etmək, vəkalət verənin isə tapşırığın yerinə yetirilməsinə görə muzd ödəmək( müqavilədə nəzərdə tutulduqda) öhdəliyini, tapşırığın yerinə yetirilməsi ilə bağlı digər şərtləri müəyyən edir. Lakin tapşırıq müqaviləsinə əsasən tapşırıq alana tapşırığın yerinə yetirilməsi məqsədilə tapşırıq verəni üçüncü şəxslər qarşısında təmsil etmək üçün səlahiyyət verilmir. Bu məqsədlə, yəni tapşırığın yerinə yetirilməsi məqsədi ilə vəkalət verəni üçüncü şəxslərlə münasibətlərdə təmsil etməsi üçün isə vəkalət verən tərəfindən vəkalət alanın səlahiyyətlərini təsdiq edən etibarnamə verilir. Bu zaman tapşırıq müqaviləsində nəzərdə tutulmuş tapşırığın icrası şərtləri, o cümlədən icra müddəti etibarnamə ilə daha da konkretləşdirilə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, birincisi, mübahisəli tapşırıq müqaviləsinə əsasən İddiaçı MMC-yə öz adından deyil, "xxxx" LLC”-nin adından məhkəmədə iddia qaldırmaq barədə tapşırıq verilmişdir. İkincisi, iddiaçının istinad etdiyi tapşırıq müqaviləsinə əsasən iddiaçıya "xxxx" LLC”nin adından məhkəmələrdə iddia qaldırmaq, məhkəmədə təmsil etmək və s. tapşırıqlar verilsə də, "xxxx" LLC”-nin adından müvafiq işlərin yerinə yetirilməsi səlahiyyətini təsdiq edən etibarnamə verilməmişdir. Üçüncüsü, belə bir etibarnamə verilmiş olsaydı belə həmin etibarnamə əsasında "xxxx" LLC-nin İddiaçı MMC tərəfindən məhkəmədə təmsil edilməsi MPM-in 69-cu maddəsinin tələblərinə zidd olacaqdı. MPM-in 69.2-ci maddəsionə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə edir ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixli 2020/ACG-106 saylı nəqliyyat-ekspedisiya müqaviləsinin tərəfi olmadığından, eləcə də həmin müqavilə MMC üçün hər hansı hüquq yaratmadığından həmin müqaviləyə əsaslanaraq iddia tələbi irəli sürməyə dair subyektiv hüquqa malik deyildir. Belə olan halda isə məhkəmə işin digər faktiki hallarının araşdırılmasını ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Odur ki, 2020/ACG-106 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə üzrə 156.063,40 manat (91802 ABŞ dolları) məbləğində pulun cavabdehdən tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri mediasiya xərcləri ilə yanaşı 267,80 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırki qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 (yüz əlli) manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2019/M-42 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 89.838,90 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. . Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2842/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2842/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver