Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2847/2023 09.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə1 QSC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə1 QSC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Nümayəndə1 QSC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 454288,20 manat məbləğində borcun, mediasiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiya dair xərcin və 744.69 manat məbləğində dövlət rüsumunun, cəmi 455432.89 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nümayəndə1 QSC və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında 15 dekabr 2020-ci il tarixdə, № 193 saylı qoruyucu vasitələrin (maska), resperatorların,antiseptik maddə, steril əlcəklərin və çiləyiçiavtomaksın dair müqavilə bağlanmışdır. Müqavilənin tələblərinə əsasən sifarişçi Dövlət Sərhəd Xidməti qoruyucu vasitələrin (maska), resperatorların, antiseptik maddə, steriləlcəklərin və çiləyiçi avtomaksın ümumi dəyəri 454 288.20 manat malı öz hərbi anbarına qəbul etmiş və sifarişçi icraçı Nümayəndə1 QSC-yə malın dəyərin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, Sifarişçi tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. xx.xx.2020-ci il tarixdə 453904.70 manat dəyərində tibbi ləvazimat təhvil verilməsi ilə bağlı Nümayəndə1 QSC bir tərəfdən və digər tərəfdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti təhvil təslim aktı imzalanmışdır. Nümayəndə1 QSC və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında 15 dekabr 2020-ci il tarixdə, № 193 saylı müqaviləyə 1 №-li əlavəyə əsasən tibbi qoruyucu, respirator, antiseptik maddələrin satınalması üzrə qiymətlərin razılaşma protokolu imzalanmışdır. Həmin protokola əsasən Dövlət Sərhəd Xidmətinə verilən tibbi ləvazimatların ümumi qiyməti 454 288.20 manat dəyərində müəyyən olunmuşdur. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli Elektron Qaimə № 290105 ilə 454 288, 20 manat məbləğdə elektron qaimə göndərilmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə 09 mart 2023-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 10 (on) gün ərzində 454 288, 20 manat məbləğində olan borcun ödənilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixdə pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilmiş və imzalanmışdır, bundan başqa onlayn kargüzarlıq vasitəsi ilə pretenziya cavabdehə göndərilmişdir. Lakin həmin pretenziya məktubu cavabdehə təqdim edilsə də, heç bir məbləğ ödənilməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2847/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Hadiyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan razılığa əsasən mallar müqavilə bağlanmazdan əvvəl cavabdehə təhvil verilmiş, daha sonra müqavilə imzalanmışdır. Cavabdehə təhvil verilmiş malların dəyəri təhvil aktında göstərildiyi kimi 453904,70 manatdır. İddia tələbini həmin hissədə müdafiə edərək təmin edilməsini xahiş edir.
5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndələri Nümayəndə2 və Ç.Quliyev yazılı ərizə verərək ayrı-ayrılıqda iddia tələbini qismən, 453904,70 manat hissəsində qəbul etdiklərini, iddia tələbinin həmin hissədə təmin edilməsinə etiraz etmədiklərini bildirdilər.
6. Cavabdehə və üçüncü şəxsə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli 193 nömrəli müqaviləyə əsasən sifarişçi Dövlət Sərhəd Xidmətinin hərbi anbarına daşınmaqla qoruyucu vasitələrin (maska), resperatorların, antiseptik maddə, steril əlcəklərin və çiləyici avtomaksın satınalınması məqsədilə icraçının 454288,20 manat məbləğində birbaşa tender təklifini qəbul etmişdir.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan qoruyucu vasitələrin (maska), resperatorların, antiseptik maddə və steril əlcəklərin təhvil verilməsini öhdəsinə götürür.
10. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dətərinin ödənilməsini öhdəsinə götürür.
11. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 193 saylı müqaviləyə 1 nömrəli əlavədə təhvil verilməli olan mallar və onların qiymətləri razılaşdırılmışdır.
12. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 193 saylı müqaviləyə 2 nömrəli əlavə müqavilənin xüsusi şərtlərinə əsasən müqavilənin predmeti qoruyucu vasitə (maska), resperator, antiseotik maddə və steril əlcək, çiləyici avtomaksdır. Qoruyucu vasitə (maska) resperator, antiseptik maddə və steril əlcək, çiləyici avtomaksın çatdırılması tibb idarəsi tərəfindən verilmiş sifarişlər əsasında həyata keçirilməli, həmçinin malların müvafiq mənşəli sertifikatı və müvafiq standart uyğunluğu barədə Respublikanın müvafiq orqanları tərəfindən rəyi olmalıdır. Malların ödənişləri müqaviləyə əlavə edilmiş qiymət cədvəlində göstərilmiş qiymətlərlə hesablaşma sənədləri əsasında aparılır. Mallar qrafikə əsasən anbarlarda təhvil verildikdən sonra təhvil-təslim qaimələri əsasında malgöndərənin hesabına köçürüləcəkdir.
13. İddiaçı tərəfindən cavabdehə EBAV 290105 nömrəli xx.xx.2020-ci il tarixli 454288,20 manat məbləğində elektron qaimə göndərilmişdir.
14. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş 06 aprel 2020-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 453904,70 manat məbləğində mal təhvil verilmişdir. Akt hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir.
15. Cavabdehin nümayəndələrinin məhkəməyə ünvanladıqları xx.xx.2023-cü il tarixli ərizəyə əsasən cavabdeh tərəflər arasında imzalanmış təhvil-təslim aktında göstərilən ƏDV daxil 453904,70 manat məbləğində borcu qəbul edir.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli 193 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
28. İddia ərizəsində satılmış malların dəyərinin 454288,20 manat olması göstərilmişdir.
29. Bununla yanaşı, iddiaçı ilə cavabdeh arasında tərtib olunmuş təhvil-təslim aktında təhvil verilmiş malın ümumi dəyəri 453904,70 manat göstərilmiş, göstərilən faktı tərəflərin nümayəndələri də məhkəmə iclasında verdikləri izahatlarında da təsdiq etmişlər.
30. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 453904,70 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, cavabdeh “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən 453904,70 (dörd yüz əlli üç min doqquz yüz dörd manat yetmiş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə1 QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 1144,69 (bir min bir yüz qırx dörd manat altmış doqquz qəpik) manat dövlət rüsumu iddiaçı Nümayəndə1 QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova