Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2848/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 726418,12 (yeddi yüz iyirmi altı min dörd yüz on səkkiz manat, on iki qəpik) manat məbləğində borcun, müqavilələr üzrə hesablanmış 72641,81 (yetmiş iki min altı yüz qırx bir manat, səksən bir qəpik) manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 4000 (dörd min) manat xərcin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 (dörd yüz) manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 (altı yüz doxsan dörd manat əlli qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh”) arasında 152S saylı, 21 may 2019-cu il tarixli alqı-satqı haqqında müqavilə və GD/19-016 saylı, 18 sentyabr 2019-cu il tarixli konsiqnasiya anbarında saxlama müqaviləsi bağlanmışdır. İddiaçı hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirərək, müəyyən olunmuş malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun iddiaçıya 726418,12 (yeddi yüz iyirmi altı min dörd yüz on səkkiz manat, on iki qəpik) manat ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mallara görə borcun ödənilməsini cavabdehdən xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı mübahisənin həlli məqsədilə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Beləliklə, 726418,12 manat məbləğində pul vəsaiti, habelə tərəflər arasında bağlanmış müqavilələr üzrə hesablanmış 72641,81 manat məbləğində cərimə (dəbbə pulu( cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, hazırki mübahisə ilə əlaqədar göstərdiyi hüquqi xidmətlərə görə, iddiaçı tərəfindən 4.000 manat məbləğində pul vəsaiti müvafiq tapşırıq müqaviləsi əsasında "xxxx" MMC-yə ödənilmişdir ki, həmin vəsait də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 761794,48 (yeddi yüz altmış bir min yeddi yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində borcun, müqavilələr üzrə hesablanmış 38089,72 (otuz səkkiz min səksən doqquz manat, yetmiş iki qəpik) manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 4.000 (dörd min) manat xərcin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 (dörd yüz) manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 (altı yüz doxsan dörd manat, əlli qəpik) manat dövlət rüsumunun əvəzinin, cəmi 804978,70 (səkkiz yüz dörd min doqquz yüz yetmiş səkkiz manat, yetmiş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qarşı tərəfə borclarının olduğunu bildirmiş, lakin borcun iddia tələbində qeyd ediləndən daha aşağını olduğunu qeyd etmişdir Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 152 S nömrəli 21 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin əlavələri hesab edilən qiymətlərin razılaşdırılması protokoluna əsasən malları və ya xidmətləri müntəzəm şəkildə tədarük edtməklə almağa razılaşır. "xxxx" MMC “tapşıran” Cavabdeh MMC “tacir” olmaqla imzalanmış 18 sentyabr 2019-cu il tarixli GD/19-016 nömrəli konsiqnasiya anbarında saxlama müqaviləsinə əsasən “tapşıran” malları “tacir”in anbarına təhvil verir, tacir isə təhvil-təslim aktına əsasən malları gələcəkdə satış üçün öz anbarına qəbul edir. 5.5-ci bəndə əsasən müqavilənin 3.1ci bəndinə əsasən malın satışından əldə olunan vəsaitin tapşıranın hesablaşma hesabatına vaxtında köçürülməməsinə görə hər gecikdirilmiş gün üzrə malın 0,1 % həcmində cərimə ödəyir. EBBL seriyalı, 402827 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 35941,47 manat, EBBN seriyalı, 111578 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 115262,40 manat, EBBN seriyalı, 644709 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 80818,01 manat, EBBN seriyalı, 751129 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 62271,02 manat, EBBO seriyalı, 948143 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 252586 manat, EBBP seriyalı, 202842 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 66237,10 manat, EBBP seriyalı, 843076 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 32.640 manat, EBBQ seriyalı, 574775 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 35.572,50 manat, EBBR seriyalı, 410622 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 32954,5 manat, EBBS seriyalı, 337794 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 22050,72 manat, EBBT seriyalı, 490028 nömrəli xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 28475 manat, EBBV seriyalı, 237805 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 88716,21 manat "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən 2.000 Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Ödənişin təyinatı kimi EBBX 006470 saylı xx.xx.2022 tarixli e-qaimə və xx.xx.2022-ci il tarixli 119 saylı müqavilə üzrə xidmət haqqı qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən 4.000 manat "xxxx" LLC-yə məxsus hesaba köçürülmüşdür. Ödənişin təyinatı kimi EBBW 361858 nömrəli xx.xx.2022 tarixli e-qaiməyə əsasən XS 01 0820 saylı xx.xx.2020 tarixli müqavilə qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən 400 manat Bakı 3 saylı Mediasiya Təşkilatının hesabına köçürülmüşdür. Cavabdeh MMC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda Cavabdeh MMC-nin "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixə alınmış mallar üzrə 448.114,40 ABŞ dolları ödənilməmiş borc olması qeyd olunmuşdur. "xxxx" MMC “vəkalət verən” "xxxx" MMC “vəkalət alan” olmaqla imzalanmış 01 aprel 2022-ci il tarixli XS-01/0820 nömrəli 20 avqust 2020-ci il tarixli müqaviləyə 4 nömrəli əlavənin 4-cü bəndinə əsasən vəkalət verən vəkalət alana birdəfəlik olaraq 4.000 manat pul ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 837.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. 837.2-ci maddəyə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı və konsiqnasiya anbarında saxlama müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya təhvil verilmiş mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış 761.794,48 (yeddi yüz altmış bir min yeddi yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində borcun, müqavilələr üzrə hesablanmış 38.089,72 (otuz səkkiz min səksən doqquz manat, yetmiş iki qəpik) manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 (dörd yüz) manat, 694,50 (altı yüz doxsan dörd manat, əlli qəpik) manat dövlət rüsumu, 2.000 (iki min) manat hüquqi yardımla bağlı ödənişin cavabdehdən tutulmasını ədalətli hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 761.794,48 (yeddi yüz altmış bir min yeddi yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində borc, müqavilələr üzrə hesablanmış 38.089,72 (otuz səkkiz min səksən doqquz manat, yetmiş iki qəpik) manat məbləğində cərimə (dəbbə pulu), hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 2.000 (iki min) manat, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 (dörd yüz) manat xərc, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 (altı yüz doxsan dörd manat, əlli qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2848/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2848/2022
31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver