Məhkəmə qərarları › İş №e-2-2(113)-2849/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2849/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2849/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, lizinq, öhdəliyin icra olunmaması, müqavilənin etibarlılığı, bəyənmə) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1,976 manat əsas borc, 2,354 manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci 3,540.39 manat, cavabdeh əvəzindən ödənilmiş inzibati cərimə 791manat olmaqla ümumilikdə 8,661.39 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və cavabdeh fərdi sahibkar Cavabdeh (“Alıcı”) arasında cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar avtomobil Alqı-satqısına dair xx.xx.2023-cü il tarixli C-078-SA-23 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Superb 2.0 TSİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBAM6NP2P7034900), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 100,260 manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 1671 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra aylıq ödənişlərini gecikmələrlə etmiş, xx.xx.2024-cü il tarixində may ayı ödənişinin bir hissəsini (ödənilməli olan 1671 manatın 254.90 manatını ödəmişdir) etdikdən sonra xx.xx.2024-cü il tarixində Skoda Superb 2.0 TSİ markalı, 77YE518 dövlət qeydiyyat nömrəli avtomobili servisə gətirmiş və müqavilənin icrasında imtina etmişdir. Bununla yanaşı cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Gecikmələr barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh icra edilməmiş öhdəliklərinin icrasından boyun qaçırmışdır. Bununla bağlıCavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliyə geri qaytarıldığı tarixlə birlikdə iki aylıq müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli C-078-SA-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün 3,540.39 manat avtomobilə xərc çəkilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (təqsirli hüquqazidd hərəkətləri) nəticəsində İddiaçı MMC-yə real zərər (delikt) dəymişdir. Eyni zamanda Baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (24133 km) və bazar qiymətlərinə uyğun olaraq 25% dəyərdən düşmüşdür. Eyni zamanda sonuncu ödənişdən (may ayının ödənişi) xx.xx.2024-cü il tarixindən avtomobilin geri qaytarıldığı xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan 1 ayın 1416 manat və ikinci aydan 12 gün olmaqla 560 manat ödənilməmiş məbləği, yəni 1,976 manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin gecikdirilməsi və edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 2,354 manat məbləğində dəbbə pulu yaranmışdır. Əlavə olaraq Cavabdeh sahibliyində olduğu müddətdə Skoda Superb 2.0 TSİ markalı, 77YE518 dövlət qeydiyyat nömrəli avtomobil etibarnamə ilə işçisi X6 idarə etdiyi dövrdə törətdiyi inzibati xəta tənbehi olan cərimələri ödəməmiş və avtomobil şirkət tərəfindən təkrar satışa çıxarılarkən cavabdehin ödəmədiyi cərimələr məcbur şirkət tərəfindən ödənilmişdir. Bu cərimələrin ümumi məbləği isə 791 manat təşkil etmişdir. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 8,661.39 manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həlledilməsiməqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli C-078-SA-23 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcıməhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X4 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 77YE518 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi qismində İddiaçı MMC qeyd olunmuşdur.

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli C-078-SA-23 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Skoda Superb 2.0 TSİ, buraxılış ili 2023 olan (VİN: TMBAM6NP2P7034900) Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən avtomobil (həmçinin onun əlavə avadanlığı), xüsusilə də onun əsas xüsusiyyətləri haqqında bütün lazımi və asanlıqla əldə edilməsi mümkün olan məlumatlar, Satıcının zəmanət öhdəliklərinin şərtləri və s. Avtomobilin sənədlərində öz əksini tapmışdır. Alıcı hazırkı Müqaviləni imzalamaqla təsdiq edir ki, o, hazırkı Müqaviləni imzalamazdan əvvəl Avtomobil haqqında bütün lazımi məlumatlarla Satıcının səlahiyyətli nümayəndəsinin şifahi izah etməsi, Alıcının Avtomobil haqqında reklam məhsulları ilə tanış olması, Avtomobilin, tələblərinə cavab verdiyi normativ sənədlərin müddəaları ilə Alıcının tanış olması və sairə kimi üsullardan istifadə etməklə tanış olmuşdur. Alıcı həmçinin bildirir və təsdiq edir ki, o, Avtomobili şüurlu və müstəqil şəkildə seçmişdir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilənin 1.1 bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxıl 100.260 Azərbaycan Manatı müəyyən edilir. Alıcı 0 (sıfır) Azərbaycan Manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 100.260 Azərbaycan Manatı məbləği isə Alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətində, ayda 1.671 Azərbaycan Manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənini 2.1. bəndində müəyyən edilmiş məbləği (ilkin ödənişi), tərəflər bu müqaviləni imzaladıqdan sonra 3 (üç) iş günü ərzində Alıcı Satıcının hesabına köçürmə yolu ilə ödəyir.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən bu Müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar Müqavilənin ümumi dəyərinə daxil edilmir.

14. Müqavilənin 2.4-cü bəndinə əsasən hazırkı Müqavilənin 1.1-ci maddəsində göstərilmiş nəqliyyat vasitəsinin dəyəri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1 bəndinə əsasən müəyyən edilir.

15. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X4 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.

16. Müqavilənin 2.6-cı bəndinə əsasən hazırkı müqavilədə göstərilməyən, qanunvericilikdə nəzərdə tutulan digər xərcləri tərəflər müstəqil ödəyir və onlar nəqliyyat vasitəsinin hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1 bəndinə əsasən müəyyən edilmiş dəyərinə daxil deyil.

17. Müqavilənin 4-cü bəndinə əsasən alıcının öhdəlikləri və hüquqları:

18. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcının öhdəlikləri:

19. Müqavilənin 4.1.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləğini Müqavilə ilə müəyyən edilmiş müddət və qaydada ödəmək;

20. Müqavilənin 4.1.2-ci bəndinə əsasən müqavilənin 1.1. bəndində göstərilən avtomobili Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qəbul etmək.

21. Müqavilənin 4.1.3-cü bəndinə əsasən müqavilənin 1.1. bəndində göstərilən avtomobili zəmanət müddəti ərzində istehsalçı zavodun tələblərinə müvafiq olaraq ilk 5000 km-də və bundan sonra hər 7500 km yürüşdən bir məcburi texinik xidmətdən keçirmək.

22. Müqavilənin 4.1.4-cü bəndinə əsasən müqavilənini 1.1. bəndində göstərilən avtomobilin istismarı zamanı istehsalçı zavod tərəfindən müəyyən edilmiş istismar qaydalarına riayət etmək.

23. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən avtomobilin qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verildiyi, alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətlərinin izah edildiyi və hər iki tərəfin imzası ilə imzalanmışdır.

24. 05.02.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh 1680 manat məbləğində ödəniş etmişdir.

25. İddiaçı MMC-nin təmir aktına əsasən 77YE518 DNŞ nəqliyyat vasitəsinə çəkilmiş təmir xərci ƏDV daxil 3540,39 manat müəyyən edilmişdir.

26. 02.02.2024-cü il tarixli etibarnaməyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 77YE518 dövlət nömrə nişanlı Skoda Superb markalı avtomobilin idarə edilməsini X3 etibar edilmişdir. Və etibarnamə xx.xx.2024-cü il tarixə qədər etibarlıdır.

27. xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə məktubda xx.xx.2023-cü il tarixli C-078-SA-23 saylı müqaviləyə xitam verildiyi qeyd olunmuşdur.

28. Cərimələr üzrə çıxarışlardan və ödəniş qəbzlərindən görünür ki, X2 İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimə olunduğu və həmin cərimə məbləğlərinin iddiaçı tərəfindən ödənildiyi müəyyən olunur.

29. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

V. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

33. Maddə 21.1-21.2-ci görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

35. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

36. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.

37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

39. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

40. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

41. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

42. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

43. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

46. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

47. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

48. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

49. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

50. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

51. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

52. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

53. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

54. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

56. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

57. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

58. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

59. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

60. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

61. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

62. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

63. Madə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

64. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir

65. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə

66. Bənd 4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9.-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır.

67. Bənd 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.

68. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

72. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

73. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

75. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

76. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.

77. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə notarial qaydada təsdiqlənməmişdir – bu isə o deməkdir ki, əslində həmin müqaviləni etibarlı alqı-satqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir.

78. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir.

79. Bununla yanaşı hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, Skoda Superb 2.0 TSİ, buraxılış ili 2023 olan (VİN: TMBAM6NP2P7034900) Avtomobil(lər)i avtonəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixli C-078-SA-23 saylı müqaviləni imzaladıqlarını (bağladıqlarını) təsdiq edirlər və avtomobil müqavilə bağlandıqdan sonra cavabdehin istifadəsinə verilərək onun tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi müxtəlif məbləğlərdə müqavilə üzrə ödənişlər həyata keçirilmişdir.

80. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan məhkəmənin qənaətinə görə onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

81. Məhkəmə hesab edir ki, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox, lizinq müqaviləsinin elementlərini özündə əks etdirir.

82. Belə ki, lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır.

83. Bu mənada məhkəmənin qənaətinə görə, mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir.

84. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur.

85. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh, müqaviləyə xitam verilən (avtomobilin ondan geri alındığı) tarixədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz.

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun MM-in 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

87. Bu kontekstdə məhkəmənin qənaətinə görə iddiaçının iddia tələbi əsas borc hissəsində əsaslı hesab olunmalı, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə müqaviləyə faktiki xitam verildiyi, yəni avtomobilin ondan geri alındığı xx.xx.2024-cü il tarixinə qədər ödəməli olduğu ödənişlər, yəni cəmi 1976 manat (iddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən əvvəlki aylara görə ödənişlər tam edilsə də, iyun ayında ödənilməli olan 1671 manatdan cəmi 254,90 manat ödənilmiş (1416 manat kəm) və nəqliyyat vasitəsi qaytarılan xx.xx.2024-cü ilə kimi yaranan 560 manatı da ödəməmişdir) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

88. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 2354 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

89. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

90. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

91. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (1976 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, cavabdehdən tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir.

92. İddia tələbinin digər hissəsi - real zərər olaraq avtomobilin təmir xərcinə görə 3540,39 manat təşkil edir. Məhkəmə bu hissədə iddia ərizəsini əsassız və rədd edilməli olduğunu hesab edir.

93. Belə ki, iddiaçı tərəfindən yalnız tək tərəfli şəkildə tərtib edilmiş akt təqdim edilmiş və nəqliyyat vasitəsinə cavabdeh tərəfindən hər hansı qüsurun yetirilməsi işdə olan sənədlərlə sübuta yetirilmir. Məhkəmə tərəfindən iddiaçıya nəqliyyat vasitəsinin geri təhvil alındığı zaman onun texniki vəziyyətini, qüsurlarını əks etdirən və hər iki tərəfin imzası ilə təsdiq edilən aktın təqdim edilməsi təklif edilsə də, təqdim edilməmişdir. Bundan əlavə, nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu dövrdə hər-hansı yol-nəqliyyat hadisəsinin törədilməsi və bunun nəticəsində nəqliyyat vasitəsinə zərərin vurulması iş materialları ilə müəyyən edilmir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, təmir aktına nəzər yetirdikdə müəyyən olunur ki, aktın adı “təmir” olsa da, lakin göründüyü kimi nəqliyyat vasitəsinə əsasən cari texniki xidmətlər göstərilmişdir (filtirlərin, mühərrik yağın döldurulması və s.), bu isə nəqliyyat vasitəsinə (ələxsus da cavabdeh tərəfindən) hər-hansı zərərin vurulması anlamına gəlməməlidir.

94. İddiaçı həmçinin 791 manat inzibati cərimə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bu hissədə də iddia ərizəsini əsassız və rədd edilməli olduğunu hesab edir.

95. Belə ki, işdə olan etibarnamədən də göründüyü kimi iddiaçı nəqliyyat vasitəsini idarə etmək üçün başqa şəxsə etibarnamə vermiş və inzibati xətalar da məhz həmin şəxs (X5) tərəfindən törədilmiş, cərimələr cavabdehin deyil, onun adına yazılmışdır. 3-cü şəxsin adına yazılmış inzibati cərimələrə görə cavabdehin hər-hansı öhdəliklərinin/məsuliyyətinin yaranması iş materiallarından müəyyən edilmir.

96. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 107 manat dövlət rüsumu ödənilmişdir.

97. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

98. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 41 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

VI. Nəticə:

99. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1976 manat əsas borc məbləği, 100 manat dəbbə pulu və dövət rüsumunun əvəzi olaraq 41 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar