Məhkəmə qərarları › İş №e-2-2(113)-285/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-285/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-285/2020 04.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxx 2016-cı il tarixli 176 saylı müqavilə üzrə 244,80 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və hər gecikdirilmiş aya görə məbləğin 0,1% Miqdarında olmaqla 2,25 manat dəbbə pulu ilə cəmi 247,05 manat pulun tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə tərəflər arasında 176 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq İddiaçınə təqdim olunmuş «Anket materiallarına əsasən Cavabdeh MMC-yə 2018-ci il üçün tezlik və radioelektron vasitələrindən istifadəyə görə 244,80 (iki yüz qırx dörd manat səksən qəpik) manat məbləğində 24G-18 saylı hesab təqdim olunmuşdur. Cavabdeh MMC-yə təqdim olunmuş hesab Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclas Qərarına əsasən təsdiqlənmiş «Radiotezliklərin qeydiyyatı və elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri»nin 44-cü bəndi əsasında tərtib olunmuşdur. İddiaçı 176 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq Cavabdeh MMC müqavilənin 3-cü bəndini icra etməmişdir. Müqavilənin bu bəndinə müvafiq olaraq hesabların ödənilməsi növbəti ilə keçirildiyi üçün gecikdirilmiş hər aya görə məbləğin 0,1% miqdarında olmaqla, ümumilikdə 2,25 manat məbləğində dəbbə pulu hesablanmışdır. Adı çəkilən bölmədə qeyd olunur ki, Cavabdeh MMC Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabın 10 (on) gün müddətində ödənilməsini təmin etməlidir. Bununla bağlı xx.xx.2019-cu il tarixli DRİ- HKŞ-9/260 saylı pretenziyanın göndərilməsinə baxmayaraq, bu günə kimi Cavabdeh MMC Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabı ödəməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı (İcraçı) ilə Cavabdeh” MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 176 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə ilə “İcraçı” “Sifarişçi”nin rəsmi müraciətini nəzərə alaraq simsiz internet şəbəkəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Həmin müqavilənin 3-cü bəndinə əsasən “Sifarişçi” rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda “İcraçı” hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini “Sifarişçi”dən tələb edir. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə tərəflərin hər birində 1 nüsxə olmaq şərti ilə imzalandığı tarixdən xx.xx.2016-cı il tarixə qədər müddətində qüvvədədir. Tərəflərdən biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış onun ləğv olunması haqqında yazılı təklif verməzsə, müqavilə növbəti illər üçün də qüvvədə qalır. Müqaviləyə əlavə və dəyişikliklər tərəflərin razılığı ilə “Razılaşma protokolu” vasitəsi ilə həyata keçirilir. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh” MMC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli, DRİ-HKŞ-9/260 nömrəli pretenziya məktubunun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı radioelektron vasitələrindən istifadəyə görə 244,80 manat məbləğin ödənilməsini xahiş etmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlərin görüləcəyini bildirmişdir. - Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İddiaçı tərəfindən 176 nömrəli müqavilə üzrə Cavabdeh” MMC-yə verilən 24G-18 saylı hesaba əsasən Cavabdeh” MMC tərəfindən xx.xx.2018-xx.xx.2018-ci il dövrü üçün ödənilməli olan istismar haqqının məbləği ƏDV daxil olmaqla 244,80 AZN təşkil edir. - Cavabdeh MMC-nin Dövlət Raditezliklər İdarəsinə olan borcu haqqında arayışdan görünür ki, Cavabdeh” MMC-nin İddiaçınə 2018-ci il üzrə təqdim olunan hesaba görə 244,80 manat əsas borcu və gecikdirilmiş aylar üzrə xx.xx.2019-cu il tarixə 2,25 manat cərimə borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxx 2016-cı il tarixdə İddiaçı (DRİ) ilə Cavabdeh MMC arasında 176 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə 2018-ci il üçün ödənilməli olan 244,80 manat istismar haqqının ödənilməsinə dair 24G-18 saylı hesabın təqdim olunmasına baxmayaraq, cavabdeh həmin məbləği DRİ-nin hesabına ödəməmişdir. Həmçinin gecikdirilmiş aylar üzrə 2,25 manat məbləğində dəbbə pulu hesablanmış və cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə iddiaçının cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, cavabdeh isə müqavilə öhdəliyini tam yerinə yetirməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 176 nömrəli müqavilə üzrə sifarişçi öz öhdəliklərini yerinə yetirmədiyindən, 247,05 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2016-cı il tarixli, 176 saylı müqavilə üzrə Cavabdeh” MMC-dən 244,80 (iki yüz qırx dörd manat səksən qəpik) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı, 2,25 (iki manat iyirmi beş qəpik) manat dəbbə pulu, cəmi 247,05 (iki yüz qırx yeddi manat beş qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2016-cı il tarixli, 176 saylı müqavilə üzrə Cavabdeh” MMC-dən 244,80 (iki yüz qırx dörd manat səksən qəpik) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı, 2,25 (iki manat iyirmi beş qəpik) manat dəbbə pulu, cəmi 247,05 (iki yüz qırx yeddi manat beş qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar