Məhkəmə qərarları › İş №e-2-2(113)-2853/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2853/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2853/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli Mİ/FP-26 nömrəli alğı-satqı müqaviləsinə əsasən yaranmış 34577,67 manat məbləğində pul vəsaiti, hüquqi xidmətin göstərilməsi ilə bağlı ödənilmiş 330 manat və 194 manat məhkəmə rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli Mİ/FP-26 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli Mİ/FP-26 nömrəli alğı-satqı müqaviləsinin predmetinə əsasən iddiaçı, yəni Satıcı X1 göstərilən malları alıcıya satır, cavabdeh, yəni alıcı isə razılaşdırılmış qiymətə əsasən hesablanmış məbləği satıcının bank hesabına köçürmə yolu ilə ödəyir. İş materiallarına əlavə edilmiş 00719905 nömrəli xx.xx.2024-cü il tarixli və 10375434 nömrəli xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, müqavilə üzrə müəyyən edilmiş məhsullar verilmiş və qarşı tərəf qəbul etmişdir. Eyni zamanda 11162512 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 13094,38 manat məbləğdə məhsul da göndərilmişdir. Sonuncu qaimə təhvil-təslim aktı ilə birlikdə qarşı tərəfə göndərilmişdir. Lakin göndərilən sənədlər təsdiqlənib geri göndərilməsə də, elektron şəkildə ASAN İmza ilə təsdiq edilmişdir. Elektron-qaimələrə əsasən müqavilə əsasında tərəflər arasında 42058,57 manat əsas və 7570, 54 manat ƏDV məbləği borc mövcud olmuşdur. Qarşı tərəf bugünədək onlara yalnız xx.xx.2024-cü il tarixində 4000 manat əsas borcdan və xx.xx.2024-cü il tarixində 5573,10 manat ƏDV SUB-UÇOT hesabından köçürmə yolu ilə ödəniş ediblər. Eyni zamanda 10787731 nömrəli xx.xx.2024-cü il tarixli qaimə-fakturaya əsasən ümumi dəyəri 5478,34 manat məhsul geri qaytarılmışdır. Lakin bununla bağlı heç bir təhvil-təslim aktı təqdim edilməmişdir. Nəticə olaraq qarşı tərəfin xx.xx.2024-cü il tarixli Mİ/FP-26 nömrəli alğı-satqı müqaviləsinə əsasən 33415,91 manat əsas borc və 1161,76 manat məbləğində ƏDV borcu mövcüddur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427, 567,598.1, 600.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini nəzərə alaraq, məhkəmə iclasını iştirakları olmadan keçirməyi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixində iddia tələbinə münasibətdə ərizəsi təqdim edərək qeyd etmişdir ki, Cavabdeh MMC-nin müştərilərindən biri tərəfindən Cavabdeh MMC-yə olan faktiki borcların ödənilməməsi, əksinə həmin borcların ödənişdən yayınmaq və boyun qaçırmaq üçün 2023-cü ildən bəri Cavabdeh MMC-yə qarşı qaldırılmış və hazırda da davam edən qərəzli, haqsız məhkəmə iddiaları səbəbindən Cavabdeh MMC-də maliyyə vəsaitlərinin idarə edilməsi və borcların ödənilməsi ilə bağlı ciddi çətinliklər yaranmışdır. Əlavə olaraq 2024-cü ildən bəri Cavabdeh MMC-nin borclu olduğu tərəfdaşlara borclarını nəzərdə tutulmuş müddətdə ödəyə bilməməsinə görə Cavabdeh MMC-nin kreditorları tərəfindən Cavabdeh MMC-yə qarşı qaldırılmış məhkəmə iddiaları ilə bağlı müvəqqəti təminat tədbiri xarakterli qərardadların icrası nəticəsində Cavabdeh MMC-nin bank hesablarına sərəncam qoyulması səbəbindən şirkətin fəaliyyəti daha da iflic vəziyyətə düşmüş, yeni işlərin və yeni sifarişlərin əldə olunması, müvafiq tenderlərdə iştirak edilməsi mümkünsüz olduğundan şirkətin gəlir əldə edərək öz keçmiş borclarını ödəməsi imkanı əyanı olaraq məhdudlaşmışdır. Buna baxmayaraq keçmiş 6 (altı) illik fəaliyyətində şirkətin inkişafı və icra etdiyimiz işlər üçün sərf etdiyimiz əyani zəhmətin, bugünədək yalnız bir müştəri istisna olmaqla digər bütün müştərilərimizin icra etdiyimiz işlərdən həqiqi razı qalması, şirkətin müsbət reputasiyası üçün ortaya qoyduğumuz əməyin hədər getməməsi, heç bir tərəfdaşımıza ziyan verməmək üçün ciddi səy göstərməyimizin bariz sübutu olaraq Cavabdeh MMC-nin borclu olduğu tərəfdaşlarla canlı görüşlərə gedərək yaranmış borclarımızın hissəli şəkildə ödənilməsi üçün hazırkı imkanlarımız daxilində mümkün olan ən real həll, ödəniş qrafiki təklif etmişik. O cümlədən, 2025-ci ilin mart ayının ilk yarısında İddiaçı MMC-nin rəhbərliyi ilə də canlı görüşə gedərək yaranmış borcun hissəli şəkildə ödənilməsi üçün ödəniş qrafiki təklif etsək də, İddiaçı MMC-nin rəhbərliyi bununla razılaşmayaraq ödənişin bütöv şəkildə bir dəfəyə ödənilməsini tələb etmişdir. Hazırda Cavabdeh MMC-nin bank hesablarında sərəncam olması, şirkətin yeni işlər görərək gəlir imkanlarının yaradılmasının məhdudlaşması, şirkətin hazırkı an üçün maddi vəsaitlərinin mövcud olmaması səbəbindən yaranmış borcların bütöv şəkildə bir dəfəyə ödənilməsi faktiki olaraq mümkün deyildir. Sonda yaranmış borcun növbəti 12 ay ərzində hissəli şəkildə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı – İddiaçı MMC ilə Alıcı – Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024cü il tarixli Mİ/FP-26 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən Satıcı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq X1 (Əlavələrdə) göstərilən malları (bundan sonra “Mallar") Alıcıya satır, Alıcı isə öz növbəsində alınan Malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcının bank hesabına köçürmə yolu ilə ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesabfakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. Alıcı satıcı tərəfindən ona göndərilən elektron qaiməni qəbul etdiyi təqdirdə, ona həmin qaimədə göndərilən malı (malları) qəbul etməsini təsdiq etmiş sayılır. Müqavilənin 4.3 bəndinə əsasən alıcı malı qəbul etdikdən sonrakı müddətdə müqavilə üzrə malın dəyərini Satıcıya ödəməsinin müqavilədə göstərilən müddətdən gecikdirilməsi halında, “Alıcı” “Satıcı’ya hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0.01 % miqdarında cərimə (dəbbə, penya) ödəməlidir. xx.xx.2024-cü il tarixli Əlavə № 2404/1 X2 və xx.xx.2024-cü il tarixli malların təhvilqəbul aktından görünür ki, X4 ilə təsdiq olunmuş 17856,41 manat məbləğində 107 adda məhsullar “Muradoğlu İnşaat" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişdir. MT2404 seriyalı 00719905 nömrəli xx.xx.2024-cü il tarixli e-qaiməyə əsasən 17856,41 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli Əlavə № 0706/1 X2 və xx.xx.2024-cü il tarixli malların təhvilqəbul aktından görünür ki, X4 ilə təsdiq olunmuş 18678,32 manat məbləğində 100 adda məhsullar “Muradoğlu İnşaat" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişdir. MT2406 seriyalı 10375434 nömrəli xx.xx.2024-cü il tarixli e-qaiməyə əsasən 18678,32 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. MT2408 seriyalı 11162512 nömrəli xx.xx.2024-cü il tarixli e-qaiməyə əsasən 13094,38 manat dəyərində mallar “Muradoğlu İnşaat" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il ƏDV Sub-Uçot Hesabından köçürmələrin siyahısından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə “Muradoğlu İnşaat" MMC-nin ƏDV Depozit Hesabına MT2406 seriyalı 10375434 nömrəli, MT2404 seriyalı 00719905 nömrəli qaimələrə əsasən 5573,1 ƏDV məbləği ödənilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş cədvəl üzrə MQ2409 seriyalı 10787731 nömrəli xx.xx.2024-cü il tarixli qaimə-fakturaya əsasən ümumi dəyəri 5478,34 manat məhsulların geri qaytarıldığı, yekun borc məbləğinin 33415,91 manat (ƏDV Məbləği 1161,76) təşkil etdiyi qeyd edilmişdir. xx.xx.2025-ci il **********09 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən A.İ.M Vəkil Bürosuna 330 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, ““Muradoğlu İnşaat" MMC 194 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malın dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, təhvil-təslim aktı və s.) öz təsdiqini tapmışdır. Həmçinin cavabdehin nümayəndəsi ərizəsində borcun olmasını və məbləğini mübahisələndirməmiş, sadəcə hissə-hissə ödənilməsini xahiş etmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq, sübutları tədqiq edərək, cavabdehin borcun olmasını və məbləğini mübahisələndirməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Çünki cavabdehin nümayəndəsi tərəfindən iddia tələbinə münasibət bildirilərkən iddia tələbində qeyd edilən məbləğə etiraz edilməmiş, fəaliyyətini davam etdirmək və borclarını yeni gəlirlər hesabına ödəmək imkanlarını daha da məhdudlaşdırmamaq məqsədilə yaranmış borcun hissəli şəkildə ödənilməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və 34577,67 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 194 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 330 manatın əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli Mİ/FP-26 nömrəli alğı-satqı müqaviləsinə əsasən 34577 (otuz dörd min beş yüz yetmiş yeddi) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 330 (üç yüz otuz) manat və ödənilmiş 194 (yüz doxsan dörd) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar