Məhkəmə qərarları › İş №e-2-2(113)-2862/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2862/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2862/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 129488 manat borc məbləğinin Cavabdeh alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, sifarişçi fərdi sahibkar Cavabdeh ilə icraçı İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə 000126 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış xx.xx.2022-ci il tarixli 000126 saylı alqı-satqı müqavilənin şərtlərinə uyğun olaraq malların alqı-satqısı həyata keçirilmişdir. Sifarişçi Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən 18 oktyabr 2022-ci il tarixdə tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli 000126 saylı müqavilə üzrə alınan məhsulun dəyəri ilə əlaqədar “üzləşmə aktı” rəsmiləşdirilmişdir. Üzləşmə aktında faktları etiraf etməklə, tərəflər öz aralarında aşağıdakıları rəsmiləşdiriblər: Biz, İddiaçı MMC-nin (VÖEN **********) direktoru X2 və Cavabdeh (VÖEN **********) qarşılıqlı yoxlamaya əsasən aşağıda qeyd olunmuş borc göstəricilərini 18 oktyabr 2022 ci il üçün öz imzalarımızla təsdiq edirik. Beləliklə Cavabdeh (VÖEN **********) borcu xx.xx.2023 il tarixinə İddiaçı MMC-yə (VÖEN **********) 129488 manat təşkil edir. Üzləşmə aktı ilə cavabdehin borclu olduğu öz təsdiqini tapır. Qeyd olunan üzləşmə aktından da göründüyü kimi, FS Cavabdeh İddiaçı MMC-yə 129488 manat borcu vardır. Qeyd olunan vəsait bu günə kimi ödənilməmişdir. Bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin tələbinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, İddiaçı MMC xx.xx.2023-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə pretenziya məktubu ilə müraciət etmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğin ödənilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 oktyabr 2022-ci il tarixli 277 nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları alıcıya satır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir. 18 oktyabr 2022-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh İddiaçı MMC-yə 129488 manat borcu var. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında 01 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı 129488 manat məbləğində alınan malların dəyərini ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlar işə əlavə edilmiş müqavilə, həmçinin üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh 129488 manat məbləğində pul tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 129488 manat məbləğində pul tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar