Məhkəmə qərarları › İş №e-2-2(113)-2863/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2863/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2863/2024 23.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCyə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, iddia müddəti) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “GMC Group" MMC-nin cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı “GMC Group" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış14 fevral 2012-ci il tarixli, AA308\0412 nömrəli “Alqı-Satqı” müqaviləsi üzrə görülmüş təmir işlərinə əsasən cavabdeh tərəfindən ödənilməli olan 41.173.70 manat dəyərindəki borc və 34 585.9 manat faiz dərəcəsi və 318 manat dövlət rüsumu cavabdehdən tutulması, həmçinin borc ödənilənədək əmlakın iddiaçıda saxlancda saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə iddiaçı arasında 14 fevral 2012-ci il tarixində bağlanmış AA308\0412 nömrəli “Alqı- Satqı” müqaviləsi və onun 1 saylı əlavəsində göstərilmiş spesifikasiya və xüsusi şərtlər üzrə cavabdeh şirkətə müəssisə tərəfindən faktiki olaraq aşağıdakı texniki xidmətlər göstərilmişdir: xx.xx.2012-ci il tarixli, 06120C saylı təmir aktına əsasən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid olan NEW HOLLAND E215B markalı 10F987 DQN-lı ekskavatorunun mühərrikinin və yanacaq sisteminin təmiri həyata keçirilmiş, beləliklə, Alıcının işçi haqqı ilə birlikdə ƏDV daxil 27,099.68 manatlıq borcu yaranmışdır. Qeyd edilən borcun 2.913.28 manatlıq hissəsi cavabdeh tərəfindən ödənilmiş, 24.186.40 manat olan qalıq borc isə bugünkü günə qədər ödənilməmişdir. Sözügedən gedən texnikaya dair iddiaçı tərəfindən xx.xx.2012-ci il tarixli qüsur aktı tərtib edilmiş və cavabdeh hüquqi şəxsin nümayəndəsi Yaqut Rəsulzadə tərəfindən imza ilə təsdiq edilmişdir. Bundan əlavə, xx.xx.2013-cü il tarixli, 06035C saylı təmir aktına əsasən cavabdehə aid olan FOTOL FL 958G markalı 10A614 DQN-lı frontal yükləyicinin təmiri üzrə, ümumi olaraq, ƏDV daxil 18.579.00 AZN borc yaranmışdır. Həmin borcun 14.170,50 manatlıq hissəsi borclu tərəfindən ödənilmiş, 4,408.50 manat olan qalıq borc isə hələ də ödənilməmiş olaraq qalmışdır. Sözügedən borcu qarşı tərəf “Faktiki görülmüş və nəzərdə tutulmuş təmir işlərinin ümumi smetası” haqqında sənədi xx.xx.2014-cü il tarixində imzalamaqla təsdiq etmişdir. Sənəd cavabdeh hüquqi şəxsin nümayəndəsi Sultanov Vahid və komissiya üzvləri mexanik Mahmudov Polad və baş usta Əzizov Faiq imzalanmışdır. Həmçinin, xx.xx.2014-cü il tarixli, 06222C saylı təmir aktına əsasən cavabdehə aid olan NEW HOLLAND E385B markalı 10H710 DQN-lı texnikanın təmiri üzrə ümumi olaraq ƏDV daxil 12.578.80 AZN borc yaranmışdır. Həmin borcun heç bir hissəsi bugünkü günə qədər ödənilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən texnikalara göstərilən texniki xidmətlərlə bağlı borclu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin bügünkü günə İddiaçı MMC-yə ümumilikdə 1.173.70 manat əsas borcu mövcuddur. Bununla yanaşı, Alıcı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən Mərkəzi Bankın rəsmi bank uçot faiz dərəcələrinə uyğun olaraq 34.585.90 manat miqdarında pul ödəməlidir. 14 fevral 2012-ci il tarixində bağlanmış AA308\0412 nömrəli “Alqı-Satqı” müqaviləsi və onun 1 saylı əlavəsində göstərilmiş spesifikasiya və xüsusi şərtlər üzrə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İddiaçı MMC-yə 41.173.70 manat əsas, 34585.90 manat məbləğində isə faiz miqdarı olmaqla toplam 75.758 manat borcu mövcuddur. Tərəflər arasında bağlanılan 14 fevral 2012-ci il tarixli “Alqı-Satqı” müqaviləsinin spesifikasiya və xüsusi şərtlər adlı 1 saylı əlavəsinin 1.1 maddəsində müqavilə üzrə görülmüş işlərə görə qiymətin malın təhvil-təslimindən sonra 10 bank günü ərzində ödənilməli olduğu qeyd olunub. Yuxarıda qeyd olunan hər bir təmir aktı (06035C saylı, 06222C saylı, 06120C saylı) üzrə təmir edilmiş texnikalara və onlarda görülmüş işlərə dair müəssisə tərəfindən təhvil-təslim aktları hazırlanmışdır. Lakin qarşı tərəf qeyd edilən təhvil-təslim aktlarının imzalanmasına və nəticədə mallarının təhvil alınmasına təşəbbüs göstərməmişdir. Qarşı tərəflə dəfələrlə şifahi və yazılı müraciətlərlə əlaqə saxlama cəhdlər nəticəsiz qalmışdır. Qeyd edilən səbəblərə görə, cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC şirkəti müəssisəmizə olan borcunu bügünkü günə qədər ödəməmiş, təhvil-təslim aktlarını imzalamaması və borcunu ödəməməsi səbəbindən İddiaçı MMC Mülki Məcəllənin 757-ci maddəsinə əsasən yaranan girov hüququndan istifadə etmiş və cavabdehə məxsus NEW HOLLAND E215Bmarkalı 10F987 DQN-lı texnikanı indiki vaxta qədər özündə saxlamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158, 205, 425.1, 427.3, 427,5, 441.1, 442, 448.2, 449, 468, 469, 757-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə istinad etmişdir. Müqavilə tarixindən 12 il keçdikdən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddiaçı iddia tələbini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından aydın olur ki, cavabdeh tərəfindən həmin aktlar təsdiq edilməmişdir. Beləliklə də iddiaçı tərəfindən müqavilə öhdəliklərinin icrasını təsdiq edən hər hansı bir sənəd təqdim edə bilməmişdirlər. Yuxarıda qeyd olunanlar və MM-nin 375.2-ci maddəsinin tələbi ona əsas verir ki, iddiaçının tələbi əsassızdır, əsassız olduğuna görə də təmin edilməməlidir. Buna görə də, iddia müddətinin keçməsini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin iddia müddətinin tətbiqinə dair ərizə əsassızdır və mahiyyəti etibarı ilə borcun ödənilməsinindən, öhdəliyin icra edilməsindən yayınmaq məqsədli yazılmış və məhkəməyə təqdim edilmişdir. Belə ki, qarşı tərəf öz ərizəsində müqavilənin tarixindən 12 il keçməsinə istinad edərək iddia müddətinin ötürüldüyünü bildirmişdir. Lakin iddia müddəti müqavilənin bağlandığı tarixdən etibarən başlayan prosessual müddət deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2ci maddəsinə görə, "Müqavilə tələbləri" üzrə iddia müddəti üç ildir. Eyni Məcəllənin 374.1ci maddəsinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Habelə, Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Sözügedən situasiyanı tənzimləyən ən mühüm norma kimi isə, Mülki Məcəllənin 377.2-ci maddəsini göstərmək olar. Bu maddəyə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı "icra müddəti bitdikdə" başlanır. Tərəflər arasında bağlanılan 14 fevral 2012-ci il tarixli “Alqı-Satqı” müqaviləsinin 1 saylı əlavəsinin 1.1-ci maddəsində, müqavilə üzrə görülmüş işlərə görə müvafiq ödənişin yalnız "malın təhvil-təslimindən sonra 10 bank günü ərzində" ödənilməli olduğu qeyd olunub. Yəni cavabdeh üçün icra müddəti müəyyən edilmiş öhdəlik qismində təhvil-təslim aklarının imzalanması və imzalandıqdan 10 bank günü ərzində ödənişin edilməsi çıxış edir. Sözügedən öhdəliyi isə qarşı tərəf bu günkü günə qədər icra etməməklə iddia müddətinin başlanmasının qarşısını almışdır. Əgər qarşı tərəf təhviltəslim aktını imzaladıqdan sonra 3 il və 10 iş günü keçdikdən sonra tərəfimizdən məhkəməyə müraciət edilsə idi, iddia müddətini ötürmüş ola bilərdi. Lakin qarşı tərəf qeyd edilən təhvil-təslim aktlarının imzalanmasına və nəticədə mallarının təhvil alınmasına təşəbbüs göstərməmişdir. Qarşı tərəflə dəfələrlə şifahi və yazılı müraciətlərlə əlaqə saxlama cəhdləri nəticəsiz qalmışdır. Bununla da, 14 fevral 2012-ci il tarixli “Alqı-Satqı” müqaviləsinin tələbləri üzrə iddia müddətinin axımı başlamamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş “Satıcı” İddiaçı MMC ilə “Alıcı” “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli AA 308\0412 nömrəli müqavilədən görünür ki, Satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz, tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə Malın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən hazırki müqavilə və onun əlavələri ilə birlikdə ümumi məbləği 20000 manat (iyirmi min manatdan) artıq ola bilməz. Müqavilənin 6.2-ci bəndinə əsasən Satıcı bu Müqavilə ilə müəyyən edilmiş vaxtda Malı Alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə. Alıcı Satıcıdan hər gecikdirilən gün üçün bu Müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. xx.xx.2012-ci il tarixli AA 308\0412 nömrəli Alqı-satqı müqaviləsinə 1 saylı Əlavə Spesifikasiya və Xüsusi şərtlərdən görünür ki, müxtəlif adda ehtiyat hissələri və xidmətlərin dəyəri cəmi 2378,88 manat müəyyən edilmişdir. Bu Əlavədə göstərilən Müqavilə qiyməti Malın təhvil-təslimindən sonra 10 bank günü ərzində ödənilir. 124 saylı Hesaba əsasən “İcraçı” "xxxx" MMC tərəfindən “Sifarişçi” “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə texniki servis xidmətlərinin göstərilməsinə görə ödənilməli məbləğ 18579,10 manat müəyyən edilmişdir. 125 saylı Hesaba əsasən “İcraçı” "xxxx" MMC tərəfindən “Sifarişçi” “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə texniki servis xidmətlərinin göstərilməsinə görə ödənilməli məbləğ 27099,68 manat müəyyən edilmişdir. 126 saylı Hesaba əsasən “İcraçı” "xxxx" MMC tərəfindən “Sifarişçi” “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə texniki servis xidmətlərinin göstərilməsinə görə ödənilməli məbləğ 12578,80 manat müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli AA308\0412 nömrəli müqavilə üzrə texniki servis xidmətlərinin göstərilməsinə görə 27099,68 manat dəyərində görülmüş işlərə dair "xxxx" MMC tərəfindən təhvil-təslim aktı tərtib edilmiş, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən imzalanmamışdır. xx.xx.2012-ci il tarixli AA308\0412 nömrəli müqavilə üzrə texniki servis xidmətlərinin göstərilməsinə görə 12578,80 manat dəyərində görülmüş işlərə dair "xxxx" MMC tərəfindən təhvil-təslim aktı tərtib edilmiş, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən imzalanmamışdır. xx.xx.2012-ci il tarixli AA308\0412 nömrəli müqavilə üzrə texniki servis xidmətlərinin göstərilməsinə görə 18579,10 manat dəyərində görülmüş işlərə dair "xxxx" MMC tərəfindən təhvil-təslim aktı tərtib edilmiş, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən imzalanmamışdır. xx.xx.2012-ci il tarixli Gxx/xx/2012 saylı “Akkord Sənaye Tikinti” şirkətinin sifarişi ilə New Holland E215B 10F987 dövlət nömrə nişanlı YN11-47892 shassi nömrəli texnikanın mühərrinin təmirinə dair qüsur aktına əsasən 22965,83 manat müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin sifarişi ilə 10A614 dövlət nömrə nişanlı Foton FL985G markalı texnikanın xx.xx.2013-cü il tarixində faktiki yekunlaşmış təmir işləri haqqında məlumata əsasən 9943,86 manat müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli təmirdən təhvil vermək üçün nəzərdə tutulan əlavə işlərin qiymət təklifinə əsasən göstələcək xidmətin yeri 8487,74 manat müəyyən edilmişdir, faktiki görülmüş və nəzərdə tutulmuş təmir işlərinin ümumi smetası 18759,10 manat müəyyən edilmişdir. 03 aprel 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, “X3” MMC tərəfindən dövlət büdcəsinə 318 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq təqdim edilmiş mallar və göstərilmiş xidmətlərin dəyərini tələb etmək hüququ olsa da, iddiaçı tərəf MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə, iddiaçının cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC iddia müddətinin tətbiqi barədə ərizəsində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmişdir. İddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğunu qeyd etmişdir. Məhkəmə cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə sonuncu akt xx.xx.2014-cü il tarixində imzalanmış, tərəflər arasında imzalanmış xx.xx.2012-ci il tarixli AA 308\0412 nömrəli Alqı-satqı müqaviləsinə 1 saylı Əlavə Spesifikasiya və Xüsusi şərtlərin 1.1-ci bəndinə əsasən 10 bank günü ərzində “Alıcı” tərəfindən nağd və ya köçürmə yolu ilə “Satıcı”nın bank hesabına ödənilməli olduğu halda öhdəlik icra edilməmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı xx.xx.2014-cü il tarixdə başlanmış, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödəniş iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar