Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2863/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə icraat, alqı-satqı müqaviləsi, borcun ödənilməsi) X3 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3663,87 manat ƏDV üzrə borcu və 366,39 manat faiz borcu, hüquqların müdafiəsi üçün ödənilmiş 520 manat, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 66 manat olmaqla, ümumilikdə 4616,26 (dörd min altı yüz on altı manat iyirmi altı qəpik) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında 12 yanvar 2022-ci il tarixli, 30/BD/Ə/MAN saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı hazırki Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşma protokolunda” göstərilən malları (işləri, xidmətləri) Alıcıya təqdim edir, Alıcı isə öz növbəsində həmin malların (işlərin, xidmətlərin) dəyərini “Qiymətlərin razılaşma protokolunda” razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəyir. İddiaçı tərəfindən müqavilədə razılaşdırılmış siyahı üzrə müxtəlif adda mallar cavabdehə 05 may 2022-ci ildə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Malların təhvil və təslimi müvafiq aktla rəsmiləşdirilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmiş, malın dəyərini iddiaçıya ödəməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən elektron qaimələr təqdim olunmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, qəbul edilmiş mallara görə ödənişi tam şəkildə başa çatdırmamış və ƏDV üzrə 3663,87 manat ödəniş vaxtı keçmiş borc yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam icra edilməməsi Cəmiyyətin maddi vəziyyətinə təsir göstərməklə, üçüncü şəxslər qarşısında öhdəliklərinin icrasını mümkünsüz etmişdir. Cavabdeh borcun ödənilməsi barədə edilmiş müraciətə etinasız münasibət göstərərək, cavab verməmişdir. Cavabdehə 12 iyul 2024-cü il tarixli yazılı pretenziya ilə, habelə şifahi qaydada dəfələrlə müqavilə üzrə qalıq borcun ödənilməsi təklif edilsə də, heç bir nəticə olmamışdır. Tərəflər arasında 07 yanvar 2025-ci ildə üzləşmə aparılmaqla Akt tərtib edilmiş və cavabdeh ƏDV üzrə 3663,87 manat borcun mövcudluğunu qəbul etmiş, borcun qısa müddətdə ödəniləcəyini bildirsə də, öhdəlik icra edilməmişdir. Hazırda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən, pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə iki il üzrə hər ilə görə 5% olmaqla borclunun ödəməli olduğu faiz məbləği 366,39 (üç yüz altmış altı manat otuz doqquz qəpik) təşkil edir. İddiaçının pozulmuş hüquqlarının bərpası məqsədilə göstərilən hüquqi yardıma görə 520 (beş yüz iyirmi) manat məbləğində ödəniş edilmişdir. Məhkəməyə müraciət olunması zamanı iddiaçı tərəfindən iddia tələbinə müvafiq olaraq 66 (altmış altı) manat dövlət rüsumu ödənilmişdir. Odur ki, 12 yanvar 2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 3663,87 manat əsas borcun və 366,39 manat faiz borcun, hüquqların müdafiəsi üçün ödənilmiş 520 manat, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 66 manatın, ümumilikdə 4616,26 (dörd min altı yüz on altı manat iyirmi altı qəpik) manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 439.3, 448.1, 567, 598-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 08 sentyabr 2023-ci il tarixli 4603/23M nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “Alıcı” isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı”ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”larında öz əksini tapacaqdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı hazırki Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşma protokolunda” göstərilən malları (işləri, xidmətləri) Alıcıya təqdim edir, Alıcı isə öz növbəsində həmin malların (işlərin, xidmətlərin) dəyərini “Qiymətlərin razılaşma protokolunda” razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəyir Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı təqdim ediləcək mallara görə alıcıya hesab təqdim edir. 3.2-ci bəndinə əsasən alıcı müqaviləni möhürləyib imzaladıqdan sonra və malı almaqdan əvvəl ümumi məbləğinin 100% ödənişini 3 iş günü müddətində aparır. xx.xx.2022-ci il tarixli malların təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən HP Laser 107a/Printer/A4black/20ppm/1200x1200dpi/64mb/Usb/4ZB77A 31 ədəd, HP LaserJet Pro M130a/MFP/A4black/22ppm/1200x1200dpi/128mb/Usb/G3Q57A 81 ədəd mallar təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli üzləşdirmə aktına əsasən İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixinədək qarşılıqlı əməliyyatlar üzrə qaliq borclarin vəziyyəti alıcınin satıcıya olan borcu (ƏDV hissə) 3663.87 manat olması təsdiq edilmişdir. EBBV seriyalı, 704361 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 30096,49 manat dəyərində mallar İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli X5: 113İPEX250230186 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC hüquqi xidmət göstərilməsi üçün 520 manat ödəmişdir. xx.xx.2025-ci il tarixli X5: 120HOP********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 66 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, üzləşmə aktı və s.) öz təsdiqini tapmış, cavabdeh isə məhkəmə iclaslarına gəlməmiş iddia üzrə öz etirazını bildirməmiş, iddia olunan tələbin əksini sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh qanun üzrə öhdəliyini tam icra etmədiyi halda, eyni zamanda xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə hesablanmış faiz pulunun tələb edilməsinə rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, tələbinin qanun üzrə faiz ilə bağlı şərtlərini və iddiaçının faiz tələb etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı faiz məbləğinin 366,39 manat həddində olması ağlabatan və ədalətlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının faiz tutulması tələbi təmin edilməli, 366,39 manat məbləğində faiz Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, vəkil xidmətlərinə görə 520 manat xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra ediməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), təyin olunmuş məhkəmə iclaslarının sayını (4) və vəkilin bütün iclaslarda iştirak etdiyini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 520 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır Həmçinin, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 66 manat təşkil edir və dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə idddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 3663,87 manat ƏDV üzrə borcu və 366,39 manat faiz borcu, hüquqların müdafiəsi üçün ödənilmiş 520 manat, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 66 manat olmaqla, ümumilikdə 4616,26 (dörd min altı yüz on altı manat iyirmi altı qəpik) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2-2(113)-2863/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2863/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver