Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2864/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilənin xitamı, lizinq obyektinin qaytarılması, avans ödənişinin lizinq ödənişlərinə daxil edilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank "xxxx" ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə Cavabdeh2 arasında bağlanmış 19 may 2023cü il tarixli, L/M2-381-1/23 saylı “öhdəliklərin verilməsi haqqında müqavilə”dən irəli gələn 22 may 2025-ci il tarixə hesablanmış 4747,52 manat əsas borc, 1719,62 manat faiz borcu, 624,32 manat dəbbə pulu, 0,40 manat bank xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 175 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" ASC ilə X5 arasında bağlanmış 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən X1 ilə "xxxx" ASC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “AUDİ” markalı, “A6 MİNİK” modelli, “SEDAN” tipli, “WAUZZZ4G3EN060368” ban nömrəli, ağ rəngli, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 2.2. “Daxili maliyyə lizinq müqaviləsi”nin 3.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 11.1-ci bəndinə əsasən, lizinq alan lizinq haqqını lizinq verənə ödəniş cədvəlinə uyğun olaraq ödəməlidir və əmlakın haqqını lizinq verənin hesabına ödəməzsə, ödənişin pozulması baş verir. Bununla da, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəməlidir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 14.1-ci bəndinə əsasən, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, əmlaka xidmət edilməsi, eləcə də cari və əsaslı təmir və buna oxşar digər xidmətlər onun hesabına olmalıdır. “Daxili maliyyə lizinq müqaviləsi”nin 15-ci bəndinə görə, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, müqavilə imzalandıqdan sonra, əmlakın hər cür zədələnməsinə və ya dağılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək, hətta əmlak sıradan çıxsa belə, lizinq ödənişlərini cədvələ uyğun həyata keçirəcəkdir. “Daxili maliyyə lizinq müqaviləsi”nin 18.2-ci bəndinə əsasən, lizinq alanın öz vəzifələrini yerinə yetirməməsinə görə lizinq verənin çəkdiyi bütün məsrəflər, o cümlədən iddia xərcləri lizinq alan tərəfindən ödənilir. 2.3. Bundan sonra qeyd olunan avtomobil "xxxx" ASC, X5 və Cavabdeh2 arasında bağlanmış 19 may 2023-cü il tarixli, L/M2-381-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh2 ötürülmüşdür. "xxxx" ASC, Cavabdeh2 və X5 arasında bağlanmış 19 may 2023-cü il tarixli, L/M-381-1/23 saylı, “Təhvil-təslim akt”na əsasən, lizinq predmeti lizinq alan Cavabdeh2 tərəfindən təhvil alınmışdır. 2.4. 19 may 2023-cü il tarixli, LM-381-1/23 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə Əlavə №2) əsasən Cavabdeh2 illik 21% hesablanmaqla 35 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1128,83 manat, ümumilikdə isə 39508,60 manat məbləğində pulu "xxxx" ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 22 aprel 2024-cü il tarixində lizinq ödənişləri üzrə gecikmə yaranması səbəbindən yeni ödəniş qrafikinin açılması üçün müraciət etmişdir. Nəticədə 22 aprel 2024-cü il tarixli, LM-381-1/23 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə Əlavə №3) əsasən Cavabdeh2 illik 21% hesablanmaqla 28 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1209,81 manat, ümumilikdə isə 33874,62 manat məbləğində pulu "xxxx" ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 2.5. Bundan başqa, "xxxx" ASC ilə Cavabdeh1 arasında 19 may 2023-cü il tarixli, 381-1/23 nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 19 may 2023-cü il tarixli, L/M2-381-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2023-cü il tarixli, 381-1/23 nömrəli “Zaminlik müqaviləsi”nin 2.2-ci bəndinin tələbinə əsasən, zamin öz öhdəsinə götürür ki, lizinqalan müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərcləri və ümumilikdə digər zərərlərin əvəzinin ödənilməsinə görə lizinq verən qarşısında lizinq alanla eyni məsuliyyəti daşıyır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilənin tələbi pozulduğu halda lizinq verən həm borclu, həm də zaminə qarşı müqavilə üzrə tələblərini irəli sürür. 2.6. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”ə əsasən "xxxx" ASC tərəfindən tələb hüquqları Bank "xxxx" ASC-yə ötürülmüşdür. 2.7. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq obyekti 28 noyabr 2024-cü il tarixli təhvil-təslim aktı ilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən təhvil alınmışdır. Lizinq obyektinin lizinq alanın istifadəsində olduğu müddət ərzində hesablanmış (22 may 2025ci il tarixli maliyyə arayışına əsasən) və ödənilməmiş 4747,52 manat əsas borc, 1719,62 manat faiz borcu, 624,32 manat dəbbə pulu olmaqla ümumilikdə 70971,46 manat borcu vardır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 747.1, 748-1.8, 748-1.12 və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X9 iddianın məzmununa uyğun izahatlar verdi və təmin olunmasını xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, 9988 manat avans ödənişi lizinq alan tərəfindən satıcıya ödənilmişdir.
6. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək bildirdi ki, lizinq obyektindən taksi kimi istifadə etmişlər. Bankdan müqaviləyə xitam verilməsini xahiş etsə də, bank razılaşmamışdır. Nəqliyyat vasitəsinə cərimələr tətbiq olunmuş, bir müddət taksi kimi istifadə oluna bilməmişdir. Lizinq obyekti üzrə hüququ ötürən şəxsə və banka ilkin ödəniş etmişlər, lakin ödənişlə bağlı sənəd verilməmişdir. Bir müddət sonra nəqliyyat vasitəsi onlardan geri alınmışdır.
7. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz etdi, nəqliyyat vasitəsinin onlardan geri alındığını bildirdi.
8. Cavabdehlərə sonrakı məhkəmən iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: - "xxxx" ASC (“Alıcı”) ilə X8 (“Satıcı”) arasında xx.xx.2023-cü il tarixli AK-381/23 saylı “Avtomaşının alqı-satqı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən “Satıcı” “AUDİ” markalı, “A6 MİNİK” modelli, 2013-cü il buraxılışlı, “WAUZZZ4G3EN060368” ban nömrəli avtomaşını satmağı, “Alıcı” avtomaşını lizinq obyekti məqsədi ilə alıb 29962 manat hissəsini müqavilə şərtləri üzrə ödəməyi öhdəsinə götürmüş, qiymətin 9988 manat hissəsinin avtomaşının sənədləri “Alıcı”ya verildikdən sonra avans şəklində satıcıya ödənilməsi, 29962 manat hissəsinin təhvil-təslim aktı imzalandıqdan sonra “Alıcı” tərəfindən ödənilməsi razılaşdırılmışdır; - "xxxx" ASC (“Lizinq verən”) ilə X5 (“Lizinq alan”) arasında bağlanmış 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən “Lizinq verən” lizinq obyektini (2013-cü il buraxılışlı, “AUDİ” markalı, “A6 MİNİK” modelli, “WAUZZZ4G3EN060368” ban nömrəli, ağ rəngli, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil) əldə etməyi və “Lizinq alan”ın müvəqqəti sahiblik və istifadəsinə verməyi, “Lizinq alan” isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüş, “Lizinq alan” tərəfindən bütün ödənişlər və öhdəliklər yerinə yetirdikdən sonra lizinq obyektinə mülkiyyət və sərəncam hüququnu əldə etməsi razılaşdırılmış, “Lizinq alan” tərəfindən 9988 manat ilkin ödəniş edilmiş, müqaviləyə 01 nömrəli əlavə olan ödəniş cədvəli ilə 29962 əsas, 10675,4 manat müfakat borcunun xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ödənilməsi şərtləşdirilmişdir; - "xxxx" ASC, X5 və Cavabdeh2 arasında bağlanmış 19 may 2023-cü il tarixli, L/M2-381-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, 11 aprel 2023cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş bütün hüquq və öhdəliklər Cavabdeh2 ötürülmüş, 19 may 2023-cü il tarixli “Təhvil-təslim akt”na əsasən, lizinq predmeti lizinq alan Cavabdeh2 tərəfindən təhvil alınmış, “Daxili maliyyə lizinq müqaviləsi”nə 02 nömrəli əlavə olan ödəniş cədvəli ilə 29357,52 manat əsas, 10151,08 manat müfakat borcunun xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ödənilməsi şərtləşdirilmiş, “Daxili maliyyə lizinq müqaviləsi”nə 03 nömrəli əlavə olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəli ilə 26600 əsas, 7274,62 manat müfakat borcunun xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək edilməsi şərtləşdirilmişdir; - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2023-cü il tarixli, 381- 1/23 nömrəli “Zaminlik müqaviləsi”nə əsasən, zamin lizinq verən qarşısında lizinq alanın 19 may 2023-cü il tarixli, L/M2-381-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli razılaşmadan sonra ümumilikdə 1270 manat ödəniş edilmiş, həmin məbləğdən 734,31 manat əsas borca, 473,6 manat mükafat borcuna, 62,09 manat isə cərimə borcuna silinmişdir; - Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”ə əsasən "xxxx" ASC tərəfindən tələb hüquqları Bank "xxxx" ASC-yə ötürülmüşdür.
13. İddiaçı lizinq obyektinin 28 noyabr 2024-cü il tarixli təhvil-təslim aktı ilə təhvil alındığını bildirir və həmin tarixə hesablanmış və ödənilməmiş 4747,52 manat əsas borc, 1719,62 manat mükafat borcu, 624,32 manat dəbbə pulu olmaqla ümumilikdə 70971,46 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
14. Cavabdehlər iddiaya etiraz edərək lizinq obyektinin bir müddət istifadə edilmədiyini, onlardan təhvil alındığını bildirir və iddianın təmin olunmamasını xahiş edir.
15. Məhkəmə ilk növbədə tələbin güzəşti və öhdəliyin verilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
16. Mülki Məcəllənin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
17. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın.
18. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
19. Həmin Məcəllənin 196-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir.
20. Həmin Məcəllənin 199.1-ci maddəsinə əsasən, borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.
21. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
22. Həmin Məcəllənin 524-cü maddəsinə əsasən, öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz.
23. Qeyd olunan normaların təlbinə əsasən məhkəmə qeyd edir ki, "xxxx" ASC, X5 və Cavabdeh2 arasında bağlanmış 19 may 2023-cü il tarixli, L/M2-381-1/23 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən X2 Seymur Bəhram oğluna 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə tələb hüquqlarını güzəşt etmiş, öhdəliklərini vermiş, Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”ə əsasən isə "xxxx" ASC Bank "xxxx" ASC-yə 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə tələb hüquqları güzəşt etmişdir. Beləliliklə, 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə lizinq verənin yerini "xxxx" ASC, lizinq alanın yerini isə Cavabdeh2 tutmuşdur, hər bir tərəf müqavilədən irəli gələn etirazları digər tərəfə qarşı irəli sürə bilər.
24. Məhkəmə mübahisənin həlli üçün isə lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.
25. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.
26. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
28. 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nin 21.1ci maddəsinə əsasən, Lizinq verən bu müqaviləni xitam edə bilər, əgər: Lizinq alan lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq iki dəfə lizinq haqqını ödəməzsə.
29. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.
30. Məhkəmə qeyd edir ki, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə ödənişlərin edilməsinə dair öhdəliyi əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, tərəflərin “Daxili maliyyə lizinq müqaviləsi”nə 03 nömrəli əlavə olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən lizinq obyektinin cavabdehin istifadəsində olduğu xx.xx.2024-cü il tarixədək ödənilməli lizinq ödənişlərinin cəmi 8670,3 manat (aylıq lizinq ödənişi 1209,81 manat * 7 ay = 8468,67 manat + 5 günün lizinq ödənişi 201,635 manat (1209,81 manat : 30 gün * 5 gün) olmuş, cavabdeh tərəfindən cəmi 1207,91 manat (cəriməyə silinən 62,09 manat nəzərə alınmadan) ödəniş edilmişdir. Beləliklə, müəyyən olunur ki, cavabdeh öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuş, lizinq verənin lizinq müqaviləsindən birtərəfli qaydada imtina hüququ yaranmışdır.
31. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
32. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
33. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, cavabdehlər iddiaçı tərəfindən lizinq obyektinin geri alındığını bildirmiş, iddiaçı isə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı təqdim edərək lizinq obyektinin geri alındığını təsdiqləmişdir. Belə olan halda, 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” lizinq verənin iradə ifadəsinin lizinq alana çatdığı, yəni lizinq obyektinin lizinq alandan alındığı xx.xx.2024-cü il tarixdən xitam edilmiş hesab edilməlidir.
34. Məhkəmə iddia tələbinin əsaslılığının qiymətləndirilməsi üçün lizinq alan tərəfindən edilmiş 9988 manat avans ödənişinə münasibətdə aşağıdakıları qeyd edir.
35. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
36. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
37. Eləcə də Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
38. 11 aprel 2023-cü il tarixli 381/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə lizinq alan lizinq obyekti üzrə 9988 manat məbləğində avans ödənişi etmiş, həmin müqavilə üzrə öhdəliklərin verilməsi ilə yanaşı tələblər də hazırkı iş üzrə Cavabdeh2 güzəşt edilmişdir. Lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər.
39. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı çəkilən xərclər, yəni avans kimi ödənilən məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir.
40. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini lizinq alan çəkmişdir. Lizinq alanı isə hazırki iş üzrə cavabdeh əvəz etmişdir.
41. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbini təşkil edən və ödənilməyən 6467,14 (4747,52 manat əsas + 1719,62 manat mükafat borcu) manat lizinq ödənişindən avans məbləği olan 9988 manat çıxılmalıdır.
42. Məhkəmə tələb edilən 624,32 manat dəbbə puluna münasibətdə isə göstərir ki, Müqavilənin 11.1-ci bəndinə əsasən, lizinq alan lizinq haqqını lizinq verənə ödəniş cədvəlinə uyğun olaraq ödəməlidir və əmlakın haqqını lizinq verənəin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla da, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəməlidir;
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
44. Məhkəmə kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alaraq belə hesab edir ki, cərimə məbləğinin 624,32 manat müəyyən olunması ağlabatan və ədalətlidir və bu hissədə də tələbdən avans ödənişi çıxılmalıdır.
45. Beləliklə, iddiaçının ödənilməyən lizinq ödənişi 6467,14 manat və dəbbə pulu 624,32 manat tələbindən (cəmi 7091,46) avans məbləği olan 9988 manat çıxıldıqda müəyyən olunur ki, qeyd olunan məbləğlər avans məbləği ilə tam əhatə olunur.
46. Məhkəmə prosessual qənaət prinsipinin tələbini rəhbər tutaraq hesab edir ki, əsas borc üzrə iddia əsassız olduğundan zaminin məsuliyyət və hazırkı iddiaya cavab verib-verməməsi məsələsinin qiymətləndirilməsinə zərurət yoxdur.
47. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
48. İddiaçı həmçinin ödənilmiş 175 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Məhkəmə iddia tələbinin rədd edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova