Məhkəmə qərarları › İş №e-2-2(113)-2871/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2871/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2871/2022 22.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh Heydər Əliyev adına X6 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Heydər Əliyev adına X4rşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Heydər Əliyev adına X4rşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2021ci ilin may və iyun aylarında malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə keçirilmiş ekspertiza xidmətlərinə görə cəmi-26.043.93 manat (o cümlədən, xidmət haqqı-22.071.13 manat, ƏDV-3.972.80 manat) pulun “Heydər Əliyev adına X8”ndan tutularaq X3 Mərkəzi MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X2 Mərkəzi” MMC ilə “Heydər Əliyev adına X9” arasında 2017-ci il 9 yanvar tarixli 05 nömrəli “Xidmət göstərilməsi haqqında müqavilə” bağlanmış (sonradan eyni müddətə uzadılmışdır) və həmin Müqavilənin məzmununa görə icraçı sifarişçinin müraciətinə əsasən ixrac etdiyi neft məhsulları və kimya sənayesi mallarının mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsini və nəticələrini təsdiq edən sənədlərin verilməsini, sifarişçi isə ekspertiza xidmətləri dəyərinin İcraçıya ödənilməsini öhdəsinə götürür. Müqavilə üzrə ekspertiza xidmətinin dəyəri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2015-ci il 28 oktyabr tarixli 11 saylı Qərarına əsasən ƏDV ilə birlikdə ixrac olunan neft məhsulunun hər tonu üçün 1 (bir) manat müəyyən edilmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdeh tərəfindən razılaşdırılmış şərtlərin icrası əsasən təmin olunsa da, lakin sonuncu 2021-ci ilin may və iyun aylarında göstərilən ekspertiza xidmətlərinin dəyərini bugünədək ödəməmiş və müqavilə şərtlərini yerinə yetirməmişdir. Belə ki, sözügedən Müqaviləyə əsasən 2021-ci ilin may və iyun aylarında malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə İcraçı tərəfindən Sifarişçiyə ümumilikdə 42.100 manatlıq (o cümlədən xidmət haqqı-35.677.97 manat, ƏDV – 6.422.03 manat) ekspertiza xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətlərlə əlaqədar Sifarişçiyə ƏDV daxil olmaqla 5.000.0 manat məbləğində xx.xx.2021-ci il tarixli 491 nömrəli, 26.100.0 manat məbləğində xx.xx.2021-ci il tarixli 565 nömrəli, 11.000 manat məbləğində xx.xx.2021-ci il tarixli 594 nömrəli hesablar təqdim edilmişdir. Lakin göstərilən xidmətlərin müqabilində Sifarişçi tərəfindən xx.xx.2021-ci il tarixində cəmi-16.056.07 manat (o cümlədən xidmət haqqı-13.606.8 manat, ƏDV–2.449.23 manat) vəsait ödənilmişdir. Beləliklə, hazırda Sifarişçinin İcraçıya ödənilməli olan 26.043.93 manat (o cümlədən xidmət haqqı-22.071.13 manat, ƏDV3.972.8 manat) borcu qalmışdır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2015-ci il 28 oktyabr tarixli 11 saylı Qərarı ilə müəyyən edilmiş qiymətlər nəzərə alınmaqla, eləcə də Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”na və sözügedən Müqavilə şərtlərinə uyğun olaraq İcraçı Sifarişçiyə ekspertiza xidmətləri göstərmiş və hazırki iddianın əsasını da göstərilmiş xidmətlər müqabilində ödənilməmiş 26.043.93 manat (o cümlədən, xidmət haqqı-13.606.8 manat, ƏDV-2.449.23 manat) pul tələbi təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Heydər Əliyev adına X6 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 09 yanvar 2017-ci il tarixli 05 nömrəli “Xidmət göstərilməsi haqqında müqavilə” bağlanmışdır. Müqaviləyə əsasən icraçı (“X2 Mərkəzi” MMC) sifarişçinin (Heydər Əliyev adına X8) müraciətinə əsasən ixrac edəcəyi neft məhsulları və kimya sənayesi mallarının mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsini və nəticələrini təsdiq edən sənədlərin verilməsini, sifarişçi isə ekspertiza xidmətləri dəyərinin İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Həmçinin işin müəyyən edilmiş digər halları ondan ibarətdir ki, 213 saylı İnvoys əsasında 5000 ton neft koksunun ixarcı üçün onun mənşə ölkəsinin müəyyən edilməsi məqsədi ilə Heydər Əliyev adına X8 tərəfindən xx.xx.2021-ci il tarixdə müraciət edilmiş və “X2 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə bu barədə 042386 saylı ekspertiza aktı tərtib edilmişdir, 214 saylı İnvoys əsasında 5000 ton neft koksunun ixarcı üçün onun mənşə ölkəsinin müəyyən edilməsi məqsədi ilə Heydər Əliyev adına X8 tərəfindən xx.xx.2021-ci il tarixdə müraciət edilmiş və “X2 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə bu barədə 046012 saylı ekspertiza aktı tərtib edilmişdir,215 və 216 saylı İnvoys əsasında 1100+20000 ton neft koksunun ixarcı üçün onun mənşə ölkəsinin müəyyən edilməsi məqsədi ilə Heydər Əliyev adına X8 tərəfindən xx.xx.2021-ci il tarixdə müraciət edilmiş və “X2 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə bu barədə 046190 saylı ekspertiza aktı tərtib edilmişdir, 217 və 218 saylı İnvoys əsasında 6500+4500 ton neft koksunun ixarcı üçün onun mənşə ölkəsinin müəyyən edilməsi məqsədi ilə Heydər Əliyev adına X8 tərəfindən xx.xx.2021-ci il tarixdə müraciət edilmiş və “X2 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə bu barədə 046536 saylı ekspertiza aktı tərtib edilmişdir. İddiaçı tərəf göstərilmiş xidmətlərin dəyərinin 42.100 manat olduğunu, cavabdeh tərəfindən cəmi 16.056.07 manat ödənildiyini bildirərək ödənilməmiş 26.043.93 manat pulu tələb edir. Cavabdeh tərəf isə ekspertiza aktlarının verilməsi üçün həqiqətən iddiaçıya müraciət edildiyini, iddiaçı tərəfindən ekspertiza aktlarının verildiyini, ancaq həmin aktlar verildikdən sonra Heydər Əliyev adına X6 məhsul satmaq səlahiyyətinin Dövlət Neft Şirkətinin Marketinq İdarəsinə verildiyindən həmin aktlar əsasında məhsulların ixrac olunmadığını bildirmiş və ona görə də pulun ödənilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə icraçı müvafiq rəyin verilməsini və göstərmiş olduğu xidmətə görə xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Göründüyü kimi, Heydər Əliyev adına X8 tərəfindən müvafiq sifarişlər verilmiş və “X2 Mərkəzi” MMC tərəfindən verilmiş sifarişə uyğun olaraq ekspertiza aktları tərtib edilmiş və Heydər Əliyev adına X7 təqdim edilmişdir. Ekspertiza Aktlarından da göründüyü kimi 213, 214, 215, 216, 217, 218 saylı İnvoyslar əsasında Heydər Əliyev adına X8 tərəfindən malların mənşə ölkəsinin müəyyən edilməsi məqsədi ilə sifariş məktubları göndərilmiş və “X2 Mərkəzi” MMC tərəfindən verilmiş sifarişə uyğun olaraq ümumilikdə 42.200 ton məmulata dair Ekspertiza Aktları verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin malları ixrac edə bilməməsi və malların ixrac səlahiyyətinin Azərbaycan Dövlət Neft Şirkətinin başqa İdarəsinə verilməsi, Heydər Əliyev adına X6 sifarişi əsasında keçirilmiş ekspertizalara görə pulun ödənilməsindən onu azad etmir. Belə ki, “X2 Mərkəzi” MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş və onun qarşı tərəfdən də, öz öhdəliyinin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2015-ci il 28 oktyabr tarixli 11 saylı, “X2 Mərkəzi” MMC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Qərarının 2.4-cü bəndindən görünür ki, kimya sənayesi və neft məhsullarının hər tonu üçün 1 manat pulun ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, göstərilmiş 42.100 manat xidmətə görə ödənilmiş 16.056.07 manat nəzərə alınmaqla, ödənilməmiş 26.043.93 manat borc qalmışdır. Ona görə də, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 26.043.93 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26.043 (iyirmi altı min qırx üç) manat, 93 (doxsan üç) qəpik məbləğində pul Heydər Əliyev adına X5 tutularaq “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar